Mətbuatımızın "Füyuzat" zirvəsi
Şair, publisist, mütəfəkkir, ideoloq,
rəssam,
təbabət alimi,
türkçülüyün atası
Əli bəy Hüseynzadə
ulusumuza,
məmləkətimizə
bir
çox xidmətdə və
hizmətdə bulunur.
Ondan nəsillərə böyük bir miras qalıb. Sovet ədəbiyyatşünaslığında Əli bəy Hüseynzadənin
ünvanına böhtanlar,
hədyanlar yağdırılsa da,
müstəqilliyimizi bərpa etdikdən sonra bu nadidə ziyalımızın irsi
öyrənilməyə başladı və onun mübarək şəxsiyyətinə çoxlu sayda məqalələr, yazılar həsr olundu. Rəfiq Zəkanın, Azər Turanın, Şamil Vəliyevin monoqrafiyaları, elmi-kütləvi məqalələri böyük Turan yolçusunun həyat və
yaradıcılığına işıq tutdu.
Fikrimcə,
Əli bəydən bizə ərməğan qalan
"Füyuzat"
ədəbi məktəbi ən böyük dəyərlərimizdəndir.
Bu dəyərlərimizin anlamını, müstəsnalığını bütün vücudumla dərk edir, Əli bəyin "Füyuzat"ına sonsuz rəğbətimi izhar edərək, "Mətbuatımızın "Füyuzat"
zirvəsi"
adlı
məqaləmi "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.
Turan Uğur
"Həyat Füyuzatdır" demirik, "Həyat Füyuzata meyildir" deyirdi Əli bəy Hüseynzadə. Mən də həyata meyil edib, bu sitatın müəllifi Əli bəyin timsalında XX əsrin əvvəllərində yaranmış "Füyuzat" jurnalının tarixçəsini səhifələmək niyyətindəyəm. "Niyyətin hara - mənzilin ora" demiş atalarımız. Nə yaxşı ki, hürriyyət mənzilinə, səadət ünvanına bizi yönləndirən münəvvərlərdən biri məhz Əli bəy Hüseynzadə, yəni Əli Hüseyn Turandır. Ömrü boyu millət uğrunda yazmaqdan, şanlı ulusumuz üçün çaba göstərməkdən feyz alan Əli bəy Hüseynzadə və onun ən böyük mirası olan "Füyuzat" jurnalı bugünkü yazımın baş qəhrəmanıdır. Gəlin, lap başdan başlayaq, yəni Bakıdan vur-tut, 129 km aralı Salyandan:
Turan yolçusu Əli bəyin ilk addımları Salyandan keçməli, keçib də onun həyat çeşməsindən dönə-dönə içməliyik. Şairin yaşam illərinə varıb nələr görəcəyik, mən deyim sizə:
- Atası Hüseyn Hüseynzadə Kazım bəy Hüseynzadənin dörd oğlunun sonbeşiyi, anası Xədicə xanım isə Qafqaz şeyxülislamı Şeyx Əhmədin qızı idi. Həyat yoldaşını erkən itirmək vardı Hüseyn Hüseynzadənin taleyində. Əlinin atası təhsil almaq üçün oğlanlarını özü ilə götürüb Salyandan gedəcəkdi . "Elm Çində də olsa, onun ardınca gedin" - deyən peyğəmbər əfəndimiz
Hz.Məhəmmədin (ə.s.) tövsiyəsinə əməl edəcəkdi Hüseyn kişi, amma onları Çin yox, Tiflis həyatı gözləyirdi.
Tiflisdə rus gimnaziyası, sonra Peterburqda təhsil həyatı, ardınca Osmanlı Türkiyəsində hərbi-tibb məktəbində oxumaq;
"Turan" imzası ilə əsərlər yazmaq;
İstanbulda "Haydarpaşa" hərbi xəstəxanasında
dəri-zöhrəvi xəstəlikləri
kafedrasına assistent təyin olunmaq;
XX əsrin əvvəllərində
ölkəmizə qayıdıb
"Həyat" qəzetinin
redaktoru kimi fəaliyyət göstərmək;
- ehhhh feilin məsdər
formasında daha neçə-neçə "maq"lar
və "mək"lər.
Əli bəy Hüseynzadə hələ
çocuq yaşlarından
millət sevdalısı
kimi böyüyür,
babasından eşitdiyi
söhbətlər onun
dünyagörüşünü formalaşdırırdı. Hilmi
Ziyanın da dediyi kimi:
"Əli bəy Hüseynzadə doğma vətənində türkçülük
və hürriyyət
mücadiləsinə çarələr
arayırdı". Türkləşmək,
islamlaşmaq və avropalaşmaq devizi dərdlərimizə əsl
ilac idi.
...Və nəhayət...
Nəhayət, öyünməyə dəyər: 1906-cı il noyabr
ayının 1-də "Füyuzat"
jurnalı təsis olunur. Feyz, bolluq,
rifah, bərəkət
mənasını verən
"füyuzat" sözü
Əli bəyin təsisçisi və baş redaktoru olduğu jurnalın adına ad edilir.
Bir də başqa cür feyz almaq
var bu həyatda, ona da məfkurə adamı Əli bəy Hüseynzadənin təbiri ilə desək, "səadəti-mənəviyyə"
deyilir. "Mənəvi
səadətə elmlə
çatmaq olar" düşüncəsinə sahib olanların ən böyük amacı özünü, özünün
timsalında millətini
tanımaq, haradan gəlib hara gedəcəyini
anlamaq dururdu. Ünvan birdir, o ünvana yetməyin yolları bir olmasa belə. Tərəzinin bir gözü "Molla Nəsrəddin", "Kəlniyyət",
"Bəhlul" idisə,
digər gözü
"Ziya" idi, "Kəşkül"
idi, "Füyuzat"
idi. Fədailərin yaratdığı bu qəzet və jurnallar düşmənlə
öcəşirdi. Daha
doğrusu, düşmənlərlə,
yəni cəhalətlə,
elmsizliklə, irtica ilə, müstəmləkəçiliklə.
Göründüyü kimi,
yağı çox, fədai az.
Əli bəyə həmin o "az"dan lazım idi, yəni fədaidən; əlbəttə,
türk hissiyyatlı,
islam etiqadlı və Avropa qiyafəli. Təkcə Əli bəyə deyil, onun ətrafında
birləşən "Füyuzat"çılara
belə əqidəli,
tərəqqiyə meyil
edən yurddaşlar göydəndüşmə olardı.
Lakin belə ideyalar göydən düşmürdü
axı. Elmi əsaslarla işlənilir,
təkmilləşir, düstur
halına gətirilirdi.
Nəticəsi isə
belə oldu: türkləşmək, islamlaşmaq
və müasirləşmək,
qısa desək, azərbaycanlı olmaq.
Həqiqəti bilmək nə
qədər böyük
işdirsə, onu ifadə eləmək də bir o qədər
zəruridir. Nə yazıq ki, haqqı dilə gətirmək bəzən insanın dili, bəzən də həyatı bahasına başa gəlir. Əli bəyin indi söyləyəcəyim
misraları necə də dövlət, xalq naminə kəfən geyənlərin
marşına bənzəyir.
Ucundadır dilimin həqiqətin
böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
"Təzə həyat",
"İrşad", "Yeni Füyuzat", "Tərəqqi",
"Şəlalə" və
s. mətbuat orqanlarında
da Əli bəy Hüseynzadə və onun qələmdaşlarının
fikirləri inkişaf
etdirilirdi. Onun məfkurəsi məmləkətimizin
sınırlarını, hüdudlarını
tədricən aşır,
Türkiyə, İran kimi
ölkələrə də
sirayət edirdi.
Əli bəy Hüseynzadənin ətrafında kimlər cəm olmuşdu? Maarifpərvər, millət
fədailəri: Hüseyn
Cavid, Abdulla Şaiq,
Abdulla Sur, Məhəmməd Hadi, Səid Səlmasi və başqaları. Bu səbəbdən
"Füyuzat"ın dili
sanballı, xarakteri isə elmi-fəlsəfi idi.
Cəmi
bir il fəaliyyətdə
olan jurnal həm publisistikamızda, həm ədəbiyyatımızda,
həm də milli məfkurəmizdə böyük
iz qoydu. "Fələk birini dağıdanda birini də qurar" - deyiblər. "Füyuzat"
nəşr olunduğu
birillik dönəmdə
yeni dərgilər, qəzetlər
üçün nəfəslik
rolunu oynadı. 70 illik sovet dövründən
sonra yenə fikir babalarımızın
ideyaları bir yerdə dayanmadı, daim intiqalda bulundu. Günlər yerini aylara verdi,
aylar isə illərə. Yenə
"Füyuzat" jurnalı
işıq üzü
gördü. Həm də qaldığı yerdən davam eləmək şərti ilə. 100 ildən sonra 2007-ci ildə
33-cü nömrəsi ilə,
dübarə, oxucularına
qovuşdu.
18 ildir ki, "Füyuzat"
jurnalı yenidən nəşr olunur, yenidən oxucularına feyz və nailiyyət diləyir. Yarımçıq
qalan işləri davam etdirir bu
dərgi. Bu jurnal həyata 2-ci dəfə vəsiqə alanda ünlü şairimiz Bəxtiyar Vahabzadə də sevincini gizlətməmiş,
qürur hissindən qəlbi uçunmuş və gözlərində
bir-iki damla yaş gilələnmişdi.
Bu ondan xəbər verir ki, Füyuzat irsi işıqlı yarınlara ötürülmək
üçündür. Bu ondan
xəbər verir ki, Əli bəy Hüseynzadə bu gün də yazır-yaradır, ulusuna əvəzsiz hizmətdə
və misilsiz xidmətdə bulunur. Bu həm də ona nişanədir ki, Turan yolçuluğuna gedən
yolun ən böyük bəşarətçisi
"Füyuzat"dır.
Bu jurnalı vərəqləyən
yurddaşlarımızın könüllərində Vətən
sevdası yenidən körüklənir, - desək,
yanılmarıq. "Füyuzat"
və "Füyuzatçı"ların sayəsində
düşmənə nifrət,
dosta məhəbbət
kükrəyirik. Qarabağ,
Təbriz eşqi güneyli-quzeyli vətəndaşlarımızın
əbədi muradı
olduğu müddətcə
"Füyuzat" da lüzumlu
və gərəkli olacaq. O zaman bu jurnalı ərsəyə
gətirənlərin - Milli İrsi Mədəni Tarixi Araşdırmalar
(MİMTA) Fondunun bu yöndə olan zəhmətini qeyd etməyə dəyər!
Atalarımız necə də yerində deyib: "Ad adamı bəzəməz,
adam adı bəzəyər". Bu atalar
sözünü lap bugünkü
yazımın qəhrəmanı
"Füyuzat"a yaraşdırdım.
Bəndənizə isə
adı və adamlığı ilə ucalarda dayanan Əli Hüseyn Turana və onun "Füyuzat" ədəbi məktəbinə
bu sözləri demək düşər:
Məqamın və məramın
mübarək!
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.7.