Can Azərbaycanın dost səsi.
Abbas Zamanov
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana Hörmətli Azər müəllim, Sevindirici haldır ki, son vaxtlar
İraqda yaşayan soydaşlarımızla ədəbi-mədəni, elmi əlaqələrimiz yeni vüsət alır. Bunu Prof.Dr. Süphi
Saatçının əziyyət çəkib göndərdiyi
"Füzuli" dərgisinin sentyabr-oktyabr sayından da
görmək olur. İstanbulda çap olunan dərginin sonuncu
sayında gözəl şair və görkəmli alim,
akademik Aslan Aslanovun "Lalələr" şeiri verilmiş
və şeirə Telman Hacıyevin musiqi bəstələdiyi
göstərilir (Rəşid Behbudovun ifasında səslənən
"Lalələr" mahnısını bütün
iraqlı dost və tanışlara göndərdim - Q.P.). Dərgidə
Prof.Dr.Süphi Saatçının görkəmli ədəbiyyatşünas
alimimiz Abbas Zamanov haqqında "Can Azərbaycanın dost səsi
Abbas Zamanov" məqaləsi (s.10-11) çap olunmuşdur.
Burada Abbas müəllimin Sinan Səidlə və ayrıca
şəkli, Səməd Vurğun və heykəlinin şəkli
verilmişdir. Dərginin 12 və 13-cü səhifələrində
isə Abbas müəllimin Süphi Saatçıya
ünvanladığı iki məktubu və bir neçə
açıqcası verilmişdir. Abbas müəllim məktubları
və açıqcaları ərəb əlifbasında
göndərmişdi. Süphi Saatçı məktubları ərəb
əlifbasında olduğu kimi verib və latın əlifbasına
çevirib. Ədəbi əlaqələrin bariz nümunəsi
olan, Abbas müəllim haqqında Süphi bəyin
yazısını (müəllif məqaləni yazarkən
Yavuz Akpınarın, Elçinin, İsa Həbibbəylinin,
Fatma Özkanın əsərlərindən bəhrələndiyini
xüsusi qeyd edir) oxuculara təqdim edirəm.
Qəzənfər Paşayev
Kəndisini
heç vaxt görmədiyim halda candan bir sevgi ilə
bağlandığım gözəl bir insan və
böyük bir Kərkük sevdalısı, rəhmətlik
professor Abbas Zamanovdan söz etmək istəyirəm.
Qiymətli ədəbiyyatşünas alim Abbas
Zamanovdan mənə ilk kəz söz edən rəhmətlik
xocamız Əta Tərzibaşı idi. Əta Tərzibaşı
mənə "Azərbaycanda yayımlanan hər kitabı
ondan istəyə bilərsən. Çox səmimi və
çalışqan, Azərbaycan
kültürünü və ədəbiyyatını
dış dünyaya tanıdan Zamanovun adresini al və hər
istədiyini ona yaz, o sənə hər türlü kitab və
məqalələr göndərər. Kəndisilə əski
hərflərlə yazışa bilərsən" -
demişdi.
Mən də ona İstanbuldan
məktublar və açıqcalar göndərməyə başladım.
Türkiyədəki çağdaş ədəbiyyat
adamlarını, yazar və romançılarını
çox iyi təqib edən birisi olduğunu, məndən istədiyi
kitablardan anladım. Məndən ardıcıl olaraq Türk ədəbiyyatının
təməl kültür və ədəbiyyat
kitablarını istəyir və onlar haqqında
çalışmalar yapdığı
anlaşılırdı. Daha sonralar anladım ki, o, sadəcə
bir yazar deyil, eyni zamanda qəzetəçi, tədqiqatçı,
ədəbiyyatçıdır. Filologiya üzrə elmlər
doktoru, professordur. O, elm dəryası imiş.
Abbas Zamanovun həyatı və fəaliyyəti barədə qısa da
olsa, oxuculara söz açmaq istəyirəm.
Zamanov kimdir?
Abbas Zamanov 1911-ci ilin oktyabr
ayının 10-da Naxçıvanın Maxta kəndində
anadan olmuşdur. 1939-cu ildə Bakı Ədəbiyyat
İnstitutunun ədəbiyyat bölümünü
bitirmişdir. Çeşidli qəzetələrdə
çalışmış və müxtəlif yerlərdə
müəllimlik etmişdir. Xalq Təhsil Komissiyasında
baş mütəxəssis (1937-1938) və "Azərnəşr"də
bədii ədəbiyyat şöbəsinin müdiri
(1939-1940), Opera və Balet Teatrının və
Filarmoniyanın müdiri (1940-1941) olmuşdur. Azərbaycan
Dövlət Universitetində (1948-1960) müəllim, Azərbaycan
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
Muzeyinin direktoru (1968-1971), Azərbaycan Yazıçılar
Birliyinin üzvü (1982) seçilmişdir. Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü (1983)
seçilmişdir. Daha sonra Azərbaycan Dövlət
Universitetinin ədəbiyyat fakültəsində professor və
kafedra müdiri (1979-1993) işləmişdir. Türk Dil
Qurumunun fəxri üzvü (1971) və Səlcuq Universitetinin
fəxri doktoru (1989) seçilən Abbas Zamanov 1993-cü il
aprel ayının 1-də Bakıda vəfat etmiş və
İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ədəbi və elmi fəaliyyətinə 1930-cu illərdə ədəbi
tənqid, məqalə və araşdırmalarla başlayan
Zamanovun bir çox çap olunmuş əsərləri
vardır.
Azərbaycanın görkəmli şairi
Mirzə Ələkbər Sabir (1862-1911)
haqqında doktora yazan Abbas Zamanovun əsərləri
Bolqarıstan, İran, Türkiyə, İraq və Azərbaycan
kimi ölkələrdə yayımlanmışdır.
Kəndisinə yazdığım məktublarıma
hər zaman cavab verər, qısa və mənalı
cümlələrlə düşüncələrini ifadə
edərdi. Pınar (bulaq) kimi qaynayaraq axan, bilgilərini hər
kəslə paylaşan bir ürək sahibi idi.
Kərkük deyincə, sevgi
və həyəcan dolu sözlərlə
şaqraq səslə oxuyan bir bülbülə
dönürdü.
İraqda
siyasi rejimin təzyiqi altında olan türkman
aydınlarının yurt dışına
çıxmaları bir yana, ölkə dışından
dostlarına belə məktub yazmaları böyük bir
suç sayılırdı. Zamanovun can dostu olan Tərzibaşıdan
xəbər və məktub ala bilməməsi onu çox kədərləndirirdi.
Buna görə də hər məktubunda və
açıqcasında "Əta bəydən mənə bir
xəbər ver" - deyə sorurdu. Mən də Əta bəyin
xəbərlərini və salamlarını ona
çatdırırdım.
Kərkükdən Azərbaycana gedən
və orada İraq türkman mətbuatına
dair dissertasiya yazan Sinan Səidlə dostluq etmiş və hətta
ona dəstək və yardımçı olmuşdur.
Abbas Xocadan istədiyim kitablar müntəzəm olaraq gəlməyə
başlamışdı. Mənə Azərbaycanda
yayımlanmış, bilmədiyim gözəl kitablar da
göndərirdi. Kərkükün uşaq folkloru üzərində
çalışdığım zaman mənə Azərbaycanda
yayımlanan, Türkiyədə bilinməyən laylalar,
tapmacalar, oxşamalar, çocuqlar haqqında şeirləri və
çox qiymətli kitablar da göndərirdi.
Abbas Zamanovda Azərbaycan sevgisi hədsiz idi. Onun gözündə Azərbaycanın
yetişdirdiyi sənətçi, şair, yazar, siyasətçi,
kültür və dövlət adamı kimi dəyərlər
vətənin bir simvolu idi. Mənə göndərdiyi
açıqcaların birində böyük şair Səməd
Vurğunun (1906-1956) heykəlinin şəkli vardı.
Açıqcanın arxasında isə Abbas Xocamız
yazmışdı: "Səməd Vurğunun vətənindən
salamlar olsun!"
Qısaca,
Abbas Zamanov kültür
və ədəbiyyat vurğunu, ziyalı bir dəyərdir.
Aşağıda Abbas Xocamızın mənə
ünvanlanan açıqca və məktublarını
oxuculara təqdim edir, xatirəsi önündə
sayğıyla baş əyir, rəhmətlər diləyirəm.
İlk
açıqca
18.11.1978
Bakı
Süphi
bəy,
Məktubunuzu aldım. Təşəkkür edirəm.
Kitablar çoxdan çatmışdır. Bu həftə sizə
göndərmiş olduğum məktub geri gəldi.
Görünür, o zaman Kərkükdə olubsunuz.
Kitabların o biri cildlərini gözləyirəm. Əta bəy
necədir? Sizə yeni kitablar göndərəcəyəm.
Alanda xəbər versəniz, şad olaram.
Hörmətlə, A.Zamanov
İkinci
açıqca
9.12.1978
Bakı
Dostum Süphi bəy,
Yeni iliniz mübarək olsun!
Salam və ehtiramla, A.Zamanov
Üçüncü
açıqca
13.01.1980
Bakı
Səməd Vurğunun vətənindən
salamlar olsun!
A.Zamanov
Dördüncü
açıqca
5.12.1980
Bakı
Dostum Süphi bəy,
Yeni iliniz mübarək! Yeni
ildə sizə yeni uğurlar diləyirəm.
Hörmətlə, A.Zamanov
Qeyd:
17.11.1980 tarixli məktubunu
bu gün aldım.
İkinci
bağlama çatdı.
Rəsimli Ədəbiyyat Tarixinin 14-cü cildi paketdən
çıxmadı. Əta bəydən mənə bir xəbər.
A.Z.
Birinci məktub
25.01.1985
Canım,
gözüm Süphi,
Sənə atəşin dostluq
salamları göndərir, Yeni ilini təbrik
edirəm. Yeni ildə sənə yeni uğurlar diləyirəm.
Niyə gərəksiz acığım tutsun? Mümkün
deyil. Mən sizi görməsəm də, sizə dərin
hörmət bəsləyirəm. Siz mənə
yazmışdınız ki, daimi ünvanınızı bildirəcəksiniz.
Mən ona görə məktub yazmırdım. İşləriniz,
səhhətiniz necədir? Sizə yeni kitablar göndərəcəyəm.
Göndərdiyiniz kitablar hələ çatmayıb. Alan kimi
sahiblərinə çatdıraram. Orada çıxan
kitablardan mənə göndərsəniz, sizə minnətdar
olar, mən də borclu qalmaram. İmkan olsa, məndən
Əta bəyə salam yazın. Əgər ona kitab göndərsəm
necə olar? Zərər-didə olmaz ki?
Ən dərin, xoş diləklərimlə əllərinizi
sıxıram.
Salam və ehtiramla, A.Zamanov
İkinci
məktub
20.IV.1985
Bakı
Süphi,
salam!
Kərkük Çocuq Folkloru
kitabınızdan göndərdiyiniz
nüsxələri alıb
sahiblərinə çatdırdım.
Məktubunuzun cavabı
ona görə gecikdi ki, kitabınız haqqında dostunuz Qəzənfərin məqaləsinin
çıxmasını gözləyirdim.
Əhvalınız necədir?
Əta bəydən bir xəbər varmı? Rica edirəm, bu barədə (xüsusda) mənə bir şey yazasınız.
Biz Əta bəydən
nigaranıq. Qəzənfər
sənə bol salam göndərir.
Qəzənfərin adresi belədir:
Bakı
- 3700037
Süren
Osepyan küçəsi,
¹60, mənzil 4
Q.Paşayev
Qəzənfər
sənə iki kitab göndərmişdir. "İraq Kərkük Bayatıları"
və "Kərkük
tapmacaları". Bu kitablardan
həmkarların Əta
bəy, Sinan Səid və İbrahim Daquqlu üçün də göndərilmişdir. Görəsən
çatdımı? Qəzənfərin
məqaləsini göndərirəm.
Hörmətlə, Abbas Zamanov
Süphi SAATÇI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.9.