Təndir qoxulu hekayələr...
Məhəbbət qapının
ağzında kirimişcə dayanmışdı. Heç kim
bu böyük bəlanı götürmək istəmirdi. Dəlinin
biri qapını açdı, bəla Məcnunu
tanıdı...
Təranə Vahid
Təranə
Vahid çox sayda hekayə və esselərin müəllifidir.
Əsərlərinin əsas mövzusu insan və cəmiyyət
münasibətləri, Qarabağ müharibəsi, vətən
həsrəti, yaddaş və kimlik haqqındadır. Təranə
Vahidin əsərlərinin əksər qəhrəmanları
xoşbəxt olmayan, taledən yarımayan insanlardır.
Onları cəmiyyət, cəmiyyətin çərçivəli
münasibətləri, çərçivədən boylanan
baxışlar xoşbəxt olmağa qoymur. Zamanı,
ümidi, xəyalı, incəsənəti çərçivəyə
salan adamlar xoşbəxtliyi də çərçivəyə
salırlar. İnsanların kədərini kətana
köçürüb, çərçivəyə
salıb, adını "Monokədər" qoyub bir milyona
satışa çıxarırlar.
Yaxud
"Xırda bəhanələr"
hekayəsində daxmaları kəndin kənarında
yerləşən nənə ilə nəvə ikilikdə
çox xoşbəxt yaşayırlar. Xırda bəhanələr:
günəşin doğması, yazın gəlişi,
yağışın yağması, təzə bişmiş
südün ətri də onları xoşbəxt edə bilir.
Nənənin qurduğu dünyada xoşbəxt olmaq elə
asan idi ki, "xoşbəxtlik üçün padşah-zad
olmaq gərək deyildi, xoşbəxtlik üçün sevgi
bəs edirdi. Bu köhnə, taxtapuşu əyilmiş daxmada o
qədər sevgi, istək, şəfqət vardı ki,
bütün dünyaya bəs edərdi". Amma bu xoşbəxtlik
uzun sürmür, nəvə cəmiyyət
içinə - kənd mərkəzinə gedəndə
yaşıdları anasının onu atıb getdiyini söyləyirlər.
Beləliklə, evdən xoşbəxt çıxan nəvə
geriyə dünyası dağılmış kimi
qayıdır. İnsanlar başqalarının həyatında
baş vermiş hadisələri qəbul etməyə, özlərinə
rahatlıq tapa biləcəyi dünyanı qurmağa əngəl
yaradırlar.
Təranənin hekayələrində Qarabağdan, elindən-obasından
məcburən köçkün düşmüş
insanların faciəli və ağır həyatları, Vətən
həsrətinin acı yaşantıları var.
Yazıçı əsərlərində
köçkünlük həyatı yaşayanların daxili
və zahiri portretini dəqiqliklə, canlı, təbii
detallarla əks etdirmiş, onların bədii və tutumlu
obrazlarını yarada bilmişdir. Qəhrəmanlarının
psixoloji yaşantılarını, mənəvi əzablarını,
sosial çətinliklərini olduqca canlı ifadə etməsi
təkcə özü də içində olduğu həyatı
müşahidə qabiliyyətindən deyil, həm də o
ruhi ağrıları içdən yaşadığı,
eyni ovqata kökləndiyi üçündür. O obrazların içində ahıl
yaşında el-obasını itirmiş, məcburən şəhərə
- oğlunun darısqal evinə sığınan ananın xəcalət
içində keçən ömrü, əsir
düşüb həmkəndlilərinin yerini demədiyi
üçün ermənilər tərəfindən
ulamağa məcbur edilən, həmin travmanın nəticəsi
olaraq azadlıqda da ulayan, elə ələ vermədiyi yerliləri
tərəfindən JEK-ə şikayət edilən, ruhi xəstəxanaya
yerləşdirilən yeniyetmənin faciəsi, qaçqın
olduğu üçün hər gün qonşuların tənəli
baxışlarıyla rastlaşan, yumağa dönən
Kübra nənənin, sinəsindəki dərdlərin
kürəyində donqar əmələ gətirdiyi
Cahanın həyat hekayələri fonunda müharibənin
insan həyatında açdığı yaralar, qoyduğu dərin
izlər öz əksini tapır.
Hər səhər evdən çıxıb vağzala - "vətəni
axtarmağa gedən", axşam dispetçerin sonuncu
qatarı elan etməsindən sonra ayaqlarını
sürüyə-sürüyə geri qayıdan, Ağdama yola
düşən qatarı gözləməkdən usanmayan
yaşlı qadın "Vağzaldakı qarı" hekayəsinin
qəhrəmanıdır.
"Boz sərçə, müharibə
və nənə" hekayəsindəki
nənənin həyat yoldaşı və oğlu
torpaqlarımız uğrunda şəhid olublar.
Sığındıqları evin eyvanında hər gün sərçələri
yemləyən nənə boz sərçədən bir
xahiş edir: "Bax, səni and verirəm balalarının
canına, qanadlarını bərkit, uç get mənim Vətənimə.
Dağların, meşələrin, gül-çiçəyin
arasında balaca bir kənd görəcəksən. Ermənidən
qorxub eləmə, Allah vurmuşdu onları, o kənd bizim kəndimizdir.
O kəndin üstündə bir dövrə vur, doyunca nəfəs
al, imkanın olsa, bulaqların birindən bir dimdik də su
iç, de ki, Nənə bütün dərdlərini unutdu,
amma o torpağı unuda bilmədi". Şəhid olmuş
övladını, ömür-gün yoldaşını,
evsizlik dərdini, çətin güzəranı
"unudan" nənə yurd həsrətini ovuda bilmir. Vətən,
ocaq yeri, yurd yeri bu insanlar üçün bütün müqəddəslərin
ən müqəddəsidir. Onların içində vətəni
itirəndə ağlını itirən də var, xoşbəxtliyini
itirən də, həyatını itirən də, amma
yaddaşları həmişə diridir, ümidləri də.
Təranənin əsərlərində nə qədər acı,
yaralanmış talelərdən bəhs olunsa da, sonda mütləq
bir ümid işığı közərir. Əlil
arabasında olan Birinci Qarabağ savaşının
iştirakçısı oxucunu vətənə
qayıdacağı gün başını torpağa
basdırıb yenidən diriləcəyinə
inandırır. Hər gün qatar yoluna çıxan nənə
də mütləq o qatarın gələcəyinə
ümid oyadır. Yaxud gəlininin tənəsindən bezib evdən
çıxan, yolu itirib parkda axşamlayan nənə heç
vaxt evi, hətta qəbrinin olmayacağının dərdini
çəkir. Amma oğlu nəvəsiylə birlikdə onu
tapıb, çiyinləri üstünə alıb evə
aparanda ürəyində nə vaxtsa gözəl evinin
olacağına ümidlənib için-için
ağlayır; o ev son mənzil olsa belə. Bəzən, hətta
ölüm belə, Təranənin hekayələrində
ümidverici məqamdır. "Qarışqa təqvimi"
hekayəsində başqa tayfanın qarışqaları
içinə düşən, bütün vaxtı kölə
kimi işlədilən və elə adı da kölə, deyə
çağırılan sarı qarışqa əsirlikdən
qaçıb öz nəslinə mənsub yuvanı tapır.
Amma əsir düşdüyü üçün öz
doğmaları tərəfindən edamına fərman verilən
qarışqa ölümə xilaskarı kimi baxır. Həyatın
yazılmamış və ağır qanunları körpə
qarışqanı tez haqlamış olur. Ölümün hələ
nə olduğunu bilməyən bala qarışqa onun sayəsində
köləlikdən qurtulacağına sevinir. "Yuva onu qəbul etməsə də,
müdrik ölüm onu doğması kimi qarşıladı.
Axı köləlikdən azadlığa can atmağın
başqa adı qəhrəmanlıqdır..."
Qarışqa qəhrəman ola bildiyi üçün, bunda
özünə cəsarət tapdığı
üçün sevinirdi. Təranə Vahidin əsərlərində
milli koloritin ifadəsi çox güclüdür, ailə
münasibətləri: nənə-nəvə, gəlin-qayınana,
qadının həyat yoldaşına olan münasibəti və
s.
"Müharibə, nənəm
və itən
vaxt" hekayəsində düşmən kəndin girəcəyinəcən
gəlib çıxıb, əhali, nə qədər çətin
olsa da, yurd yerini tərk etməlidir. Bu arzuolunmaz
köçün bütün ağrı və
yaşantılarını təbiiliklə ifadə edən
yazıçı sakinlərin köç vaxtı
"kurzavoy" maşının arxasında dərdlərinə
ağı deyə-deyə kəndi tərk etmələrini təsvir
edir. Hekayədə diqqətçəkən bir epizod da nənənin
həyatda olmayan yoldaşından icazə istəməsidir.
"Nənəm özünü itirmişdi. Başıalovlu
qapını açıb içəri keçdi. Mən də
kölgə kimi nənəmi izlədim. Nənəm
babamın divardan asılmış şəklinin
qarşısında dayanıb dodağının altında nə
isə mızıldandı. Bilmirəm, dua edirdi, yoxsa babamla
halallaşırdı, Allah bilir; bəlkə də babamdan, həmişəki
kimi "a kişi, gedim, getməyim?" - deyə, icazə istəyirdi".
Bu kiçik epizodda yazıçı həyat
yoldaşına, müqəddəs dəyərlərə həmişə
sədaqətli olan Azərbaycan xanımının
obrazını yaratmışdır. Evini məcburən tərk
edən qadın çörək təknəsini həyətdən
yol qapısının qarşısına qoyur, sadəlövhlüklə
düşmənin onun üstündən adlamayacağına
inanır.
Təranə xanımın əsərlərində
təbiət lövhələri,
peyzajın təsviri də olduqca canlı və təbiidir. Təbiət
hadisəsinin canlı və detallı təsviri məzmunun güclənməsinə
xidmət etməklə yanaşı, yazıçının
müşahidə qabiliyyətini də ifadə edir.
Təranə Vahidin həyat müşahidələrindən, təhlil və
şəxsi yanaşmasından doğan qısa aforizm xarakterli
deyimləri var. Bu deyimlər onu bir yazıçı kimi
oxucularına daha yaxından tanıdır. Məsələn:
Bütün insanların buynuzu var, amma hamı İsgəndərə
baxıb sirrini gizlədir. Yaxud, şəhər onu
işıqları ilə cəlb edirdi, doğulduğu torpaq səhərləri
ilə və s. Bu qısa deyimlərə onun hər hekayəsi
üçün verdiyi epiqrafda da rast gəlirik.
Təranə xanımın "Mədəniyyət
yazıları silsiləsi" adlı
doxsan imza kitabında ədəbiyyat və sənət
adamları haqqında maraqlı yazıları,
araşdırmaları və müsahibələri
toplanmışdır. İncəsənətin müxtəlif
sahələrinin yaradıcıları, söz adamları
haqqında bu nümunələrdə Adil İsgəndərov,
Cabbar Qaryağdıoğlu, Niyazi, Ramiz Mirişli, Eldar Quliyev,
Xəyyam Mirzəzadə, Sabit Rəhman, Əli Tudə, Ağ
Aşıq, Aşıq Pərinin portret-oçerkləri
yaradılmışdır.
Təranə Vahid öz fəaliyyəti
və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin inkişafına xidmət edən,
hekayələri ilə janrın tarixi ənənələrini
davam etdirən, eyni zamanda ona doğulduğu məkanın
koloritini əlavə edən bir müəllifdir. Onun əsərlərindəki
müsbət məziyyətlərdən söz açanlar
yazıçının mətn dilinin gözəllik və
sadəliyindən, təhkiyə və dialoqlarının səmimiliyindən,
ağır mövzulara toxunsa da, həmişə təlqin
etdiyi işıqdan müəllifin uğuru kimi
danışıblar.
Aygün
BAĞIRLI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.11.