Nofəl Tahirzadənin Azərbaycanı
"Azərbaycanın gənc nəsli
öz parçalanmış
vətənini birləşdirəcək"
1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini
işğal etməsindən
sonra istiqlalçı
gənclik mücadiləni
həm mühacirətdə,
həm də gizli şəkildə ölkə daxilində davam etdirdi. Mühacirətdə tanınmış
ictimai-siyasi xadimlərin
ətrafında yer alan bu gənclər,
daxildə "İstiqlal"
adlı qəzet yaratdılar, təşkilatlanaraq
Azərbaycanın yenidən
azadlığı uğrunda
çalışdılar. Bu proses II Dünya müharibəsinə
qədər daha planlı və peşəkar şəkildə
davam etdirildi. Hətta almanların
SSRİ-yə hücumu
zamanı Bakı kəndlərinin bir çoxunda müsavatçı
adı ilə bəzi insanlar həbs olundu. Bu, onu göstərir ki, azı 25 il Azərbaycan xalqı rus işğalı ilə barışmayıb. Təsadüfi
deyil ki, Məhəmməd
Əmin Rəsulzadə
Avropada qələmə
aldığı "Azərbaycan
istiqlal uğrunda mübarizədə" adlı
əsərində 1930-cu illərdə
ölkəmizin hər
yerində baş verən üsyanların təhlilini apararaq Qərb oxucusuna azərbaycanlıların bu
istilanı qəbul etmədiyini göstərib.
SSRİ-nin müharibədə qələbə qazananlar cərgəsində olması
keçmiş siyasi xadimlərin uzun illərdir apardıqları
mücadiləni səngitsə
də, sovet Azərbaycanında yetişən
gənclik mülayimləşmə
dönəmində milli hissləri
yenidən canlandırmaq
üçün mümkün
vasitələrdən istifadə
etməyə başladılar.
Nəzərə alsaq
ki, Stalinin ölümündən
sonra yaranan yumşalma dönəmi dövrün ziyalılarının
ehtiyatlı da olsa, gənclərə milli fikirlər
aşılamaları bu
prosesin qırılmamasına
səbəb olub.
Dissident mühit Azərbaycanda
da müəyyən qədər
özünü göstərib.
Həmin
gənclərdən biri
də Nofəl Tahirzadə idi. Bu gün onun doğumunun
70-ci ildönümüdür.
Nofəl Tahirzadə kimdir?
Nofəl
Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-ci
ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində doğulub. Beşinci babası Məhəmmədtahir ağa
Nəzirməhəmməd oğlundan
(XIX yüzilin başlanğıcı)
üzübəri bütün
babaları din xadimi və müəllim kimi fəaliyyət göstəriblər. Ata babası
Molla Yusif Baba oğlu (1899-1962) müdrik
el ağsaqqalıydı,
ana babası Molla Çərkəz əfəndiyə
isə (1882-1970) təkcə
Qəbələ mahalında
yox, ətraf bölgələrdə də
sonsuz ehtiram vardı. Atası - "Xalq maarifi əlaçısı"
Şərif Tahirli
(1929-2020) 42 il müəllimlik edib. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, 11 kitabın
müəllifi olan Şərif müəllim
respublikada daha çox satirik şair kimi tanınıb. Anası Ruqiyyə xanım
(1929-1992) yüksək təhsil
almasa da, övladlarının
oxuması üçün
çalışıb. Nofəl
Şərif müəllimin
4 övladından ikincisiydi.
1972-ci ildə Xırxatala kənd orta məktəbini əla qiymətlərlə bitirən
Nofəl ozamankı Əcəmi adına Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
memarlıq fakültəsinə
qəbul olunub. 1977-ci ildə diplomunu alan kimi təyinatla
Rusiyaya - Mordoviyanın
mərkəzi Saransk şəhərinə
göndərilib və
"Mordovskqrajdanproyekt" ("Mordoviyamülkilayihə") Layihə
İnstitutunda işləməyə
başlayıb. Məzuniyyət
götürüb evə
gəlməyinə bir
neçə gün qalmış - 6 avqust
1978-ci ildə Saranskda
bir göldə çimərkən müəmmalı
şəkildə boğularaq
həlak olub. Cənazəsi avqustun 11-də
ata yurduna gətirilərək dədə-baba
məzarlığında torpağa
tapşırılıb.
Rəssam, memar, şair
Nofəl
Tahirzadənin ailə
üzvləri bu hadisəni sovet DTK-sının törətdiyinə
dair ciddi gümanlar olduğunu bildirib. Bunu isbat etmək hələlik mümkün
olmasa da, onun fəaliyyətinə baxdığımız
zaman tamamilə milli hisslərlə
alışıb yanan
bir şəxsiyyət
olduğunu görürük.
O, 1975-ci ildən etibarən
qələmini müxtəlif
sahələrdə sınamağa
başlayıb, "Babək"
adlı tarixi povest qələmə alıb. Qafqazdakı erməni və gürcülərin özlərinəməxsus
əlifbalarının olduğunu
göstərərək bir
əlifba yaradıb, öz qeydlərini də həmin hərflərlə yazıb.
1977-ci ildə yaratdığı
bu əlifba 33 hərfdən ibarət idi.
Arzusundakı Azərbaycanı təsəvvür
etmək üçün
o, müstəqil dövlətin
əsas simvollarının
təsvirlərini də
yaradıb. Hərb tarixini dərindən öyrənən Tahirzadə
1975-ci ildə Azərbaycan
Ordusunun qərargahının
sxemini hazırlayıb,
eləcə də Azərbaycan bayrağı
və gerbinin eskizini çəkib. Şübhəsiz ki, Nofəl
bəy ilk Azərbaycan
Respublikasının simvollarından
xəbərsizdi, ona görə də özünün təsəvvür
etdiyi şəkildə
eskizlər hazırlayıb.
Onun hazırladığı
bayrağın forması
bu şəkildə idi: Ortada dairə
içərisində "A" hərfi ("Azərbaycan"
sözünün ilk hərfi")
yazılıb, dairə
günəş şüaları
ilə əhatələnib.
Yuxarı sol küncdə
isə Azərbaycanın
gerbi verilib. Gerb isə 3 hissədən ibarətdir:
1) Yuxarı hissə -
"A" hərfi, iki
tərəfində od. 2) Orta
hissə - kitab - yarı
açılmış formada.
3) Aşağı hissə
- yarımgünəş (yuxarı
hissənin əksi formasında) və qırağı haşiyə
(xətlə).
Bu eskizlər arasında müstəqil olması arzulanan Azərbaycan zabitinin, əsgərinin hərbi geyimlərinin hansı formada olacağı da vardır.
Həmçinin o, bir
sıra hərbi terminlərin Azərbaycan dilindəki qarşılığını
hazırlayıb, özü
də bəzi ifadələri yaradıb.
O, ordu ilə bağlı eskizlərində
sovetin beşguşəli
ulduz sxemindən imtina edib, üçbucaq
ulduz formalarından yararlanıb.
Eləcə də rəssamlıqla
məşğul olan Nofəl Tahirzadə "Tələbə otağı"
(1973), "Memar Əcəmi",
"Otçalan oğlan"
(1974), "Azadlıq!!!" (1975), "Gözəllik" (1976) kimi
tabloların müəllifi
olub. Ədalət Tahirzadə onun rəssamlıq fəaliyyəti
ilə bağlı yazıb: "Həmişə
qürurla deyirdi ki, mən Mürsəl Nəcəfovun tələbəsiyəm.
Rəssamlığa o, uşaqlıqdan
başlayıb. Karandaşla,
sulu və yağlı
boya ilə çəkdiyi irili-xırdalı
yüzlərlə rəsmi,
rəsm topluları
var. İlk çağlar çəkilmişi
çəkməyə (əsasən
portretləri) üstünlük
versə də, get-gedə sərbəst mövzular üzərində
işləyib və öz üslubunu yaratmağa can atıb. Tarixi mövzulara və döyüş səhnələrinə daha
geniş yer verib".
İxtisasca memar olan Tahirzadə bu sahəyə 800 yerlik kinoteatr binasını layihələndirməklə başlayıb.
Deyilənlərə görə,
Saranks şəhərində
onun layihəsi üzrə bir neçə memarlıq işi istifadəyə verilib.
Xəritəçiliyə də böyük marağı olan Nofəl bəy 1976-cı ildə
"Azərbaycan Səfəvilər
imperiyası" adlı
xəritə çəkib.
Bununla da o, Azərbaycanın
tarixi keçmişinə
olan münasibətini
ifadə edib. Yenə həmin il bütöv Azərbaycanın
xəritəsini çəkən
Tahirzadə arzusunda olduğu ölkənin sərhədlərini göstərib.
Nofəl
bəy 1969-cu ildə
SSRİ ilə Çin
arasında Damansk adası uğrunda gedən müharibə zamanı orada həlak olmuş azərbaycanlı qəhrəman
hərbçi Tofiq Abbasovun büstünü yaradıb. Eləcə də tələbəlik illərində mişar daşından atası Şərif Tahirlinin, ana babası Molla Çərkəz əfəndinin
və başqalarının
büstlərini hazırlayıb.
Nofəl Tahirzadənin düşüncələri
Nofəl
bəyin Azərbaycanın
azadlığına dair
arzuları onun qeydlərində də əks olunub. 1975-ci ildə yazdığı
"Müstəqillik - bu,
yalandır!" adlı
qeydlərində yazıb:
"Azadlıq insana verilmir, onu zorla
qazanırlar. Biz öz
azadlığımızı, müstəqilliyimizi özümüz
qazanacağıq". Yenə
həmin qeydlərində
ana dili ilə bağlı konkret ifadələr işlədib:
""Partiyamızın mehriban atalıq qayğısı sayəsində"
rus dili azərbaycanlıların "ikinci
ana dili" olmuşdur!
Mənə belə gəlir ki, ana dili yeganə olur və mənimki Azərbaycan dilidir!".
"28 tayfa və Azərbaycan"
adlı qeydlərində
yenə eyni düşüncələrini bölüşüb:
"Azərbaycan öz
dilini, mədəniyyətini
qoruyur. Azərbaycan yaşayır! O, diz çökməyəcək! Artıq
Azərbaycanın yeni nəsli
öz dostunu və düşmənini tanıyır. Artıq onu köhnəlib çeynənmiş, sərsəm
ideyalarla tovlamaq, diqqətini yayındırmaq
mümkün deyildir. Azərbaycanın bu gənc nəsli öz parçalanmış
vətənini birləşdirəcək
və yeni, müstəqil
Azərbaycan yaradacaq. Azadlıq verilmir, onu qazanırlar!"
Nofəl
Tahirzadənin fəaliyyəti
haqqında qardaşı,
professor Ədalət Tahirzadə
"Nofəl Tahirzadə
- Müstəqil Azərbaycan
Dövləti uğrunda
mücahid" adlı
kitab ərsəyə gətirib.
2016-cı ildə İstiqlal
Muzeyində həm kitabın təqdimatı olub, həm də Nofəl bəyin əsərləri
sərgilənib.
Nofəl
Tahirzadənin daxili dünyası, əsərləri
müasirlərinə geniş
bələd olmasa da, onun yazdığı əsərlər, çəkdiyi
təsvirlər dövrün
Azərbaycan gəncliyinin
milli hisslərə sahib olmaları,
SSRİ-nin ittifaq deyil, istiladan doğan imperiya olduğunu anlamaları baxımından əhəmiyyətlidir.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.15.