"Erməni doktorun gündəliyi..." romanına
sözardı
"Bayaq
ağzımı yalayan it dayanıb yazıq-yazıq mənə
baxırdı. Baxıb-baxıb tanıdım onu. Haqverdi
idi" cümləsində bir yazıçının
yaradıcılığını xarakterizə edəcək
hər şey var; onun üslubu, yaradıcılıq yolu, təhkiyə
orijinallığı, mistikası, "izm" polifonikliyi. Bu,
Azad Qaradərəlinin "Morq çiçəkləri"
romanındandır. Yazıçı bu romanında "morq
havasında" yaşamağa məhkum edilən insanların
həyatından, güzəranından yazır, cəmiyyətin
iç düzənini sərt bədii dillə açır.
Bəlkə də, belə demək mümkünsə, milli
qaçqınlığın faciəsini bu şəkildə
sərt realizmlə təsvir etmək bir yazıçı
kimi ona nəsib olub. Hər halda əfqan
yazıçısı Xalid Hüseyni haqqında bir
müsahibəmdə əfqan xalqının gerçəkliklərini
dünya arenasına onun romanları ilə bu şəkildə
çıxardığını təqdir etmişdim. Azad
Qaradərəli də bu romanında
qaçqınlığın cəmiyyətə gətirdiyi
fəlakətlərdən, faciələrdən doğan
iztirabları mistikaqarışıq həqiqətlərlə
çatdırır. Lakin biz burada Azad Qaradərəlinin
"Morq çiçəkləri"ndən yox, "Əsərləri"nin
10 cildindən söhbət açmaq fikrindəyik. Müəyyən
epoxa yaşamış, əsərləri ilə dövrün
ədəbi mənzərəsini zənginləşdirmiş
bir yazıçının çoxcildlik əsərlərinin
mövcudluğu yalnız həmin yazıçının
yox, həm də ədəbiyyatımızın hadisəsidir.
Ayrıca, bədii sözünün gücünü xalq
qaynaqlarından, ruhundan alan Azad Qaradərəlinin polifonik nəsr
yaradıcılığı özü haqqında çox
şey deyir. Onun qəhrəmanlarının hər biri
özü, mənsub olduğu nəsil, zümrə, malik
olduğu ideya, tapındığı həqiqəti ifadə
edir. Azad Qaradərəli nəsrinin özünəməxsus
poetikası var; nağılvari ruh, mistika, gerçəklik,
realizm, yumor... Bu nəsr ifadə imkanlarının zənginliyi,
polifonikliyi, müxtəlifliyi və təsvir
orijinallığı ilə fərqlənir. Onun
yaratdığı hər bir bədii mətn ciddi olduğu
kimi, uzunömürlüdür, əminliklə deyə bilərəm
ki, çağdaş ədəbiyyat tariximizi yaradan
sütunların bir parçasıdır.
Azad Qaradərəlinin "Əsərləri"nin
10-cu cildində "Erməni doktorun gündəliyi və
Qarabağın qara hekayətləri" romanı, bir
neçə müharibə ağrılarını əks
etdirən hekayələri (bunlar da romanla səsləşir!),
esse və məqalələri yer alır. Bəri başdan
deyim ki, romanı qısaca olaraq "Erməni doktorun gündəliyi..."
adlandırmaq da olar, fikrimcə, "və Qarabağın qara
hekayətləri" əlavəsi adı bir qədər
ağırlaşdırır, romandakıları sanki izah edir.
Bəlkə də mənə elə gəlir... Hər halda
müəllifin öz işidir. Məsələ bunda deyil, məsələ
romanın müharibə gerçəkliklərini, savaş
insanlarının obrazını bu qədər canlı, bənzərsiz
yaratmaqda, bizi yenidən müharibənin içərisinə
aparmaqda, cəmiyyət kataklizmlərini yüksək sənətkarlıqla
göstərməkdədir. Bəzən hər hansı bir
tarixi hadisə haqqında yazılan bədii əsər əhəmiyyətini
tez itirir, bəzən isə əksinə.... Bu,
yazıçının hadisəyə yanaşmasından
asılıdır. Bu mənada Azad Qaradərəlinin "Erməni
doktorun gündəliyi..." romanı 44 günlük
müharibədən əvvəl yazılsa da, bədii dəyərini
zərrəcə itirməyib. Baxmayaraq ki, sonuncu müharibə
ictimai, siyasi, ədəbi-mədəni status-kvonu kökündən
dəyişdirdi. Son hadisələrə rəğmən,
roman bədii dəyərini zərrə qədər də
itirməyib. Bilmək olmaz, sabah sülh sazişindən sonra
siyasi ab-hava necə olacaq. Ancaq bu əsər heç zaman bədii
dəyərini itirməyəcək. Bu, yazıçı
üçün böyük dividentdir və bu fikri təkcə
yazıçının bu romanına yox, bütün
yaradıcılığına aid edirəm. Bunun da müəyyən
nədənləri var...
Maraqlıdır ki, 44 günlük Vətən
müharibəsi başlayar-başlamaz, yazıçılardan
qol-biləyini çırmayıb ilk qələbə hekayələri
və romanı yazan da Azad Qaradərəli oldu. Onun "Cəbrayıl
əfsanəsi" romanı və "Sevgilim Vətən"
hekayələr kitabı ədəbi tənqidin diqqətini dərhal
çəkmiş, çoxlu sayda məqalələrin
yazılmasına səbəb olmuşdur. Belə
görünür ki, bu mövzu yazıçının
bitib-tükənmək bilməyən bədii təxəyyülünü
bundan sonra da məşğul edəcək.
"Erməni doktorun gündəliyi..." romanında
yazıçı mümkün olduğu qədər ədəbi
priyomlardan, forma zənginliklərindən istifadə edir.
Romanın mürəkkəb konstruksiyasında (gündəlik
içində tətikçi Zaranın gündəliyi,
müəllif əlavəsi, ayrı-ayrı hekayələr və
s.) yazıçının zəngin nəsr
texnologiyalarından istifadə edərək həqiqətləri
təsvir etməsinə imkan verir. Bu üsul və yollar romanda
siyasi düşüncəni bir kənara atır, sadəcə
hadisələrin, insanın düşdüyü ağır,
iztirablı vəziyyətlərin izinə düşür.
Erməni doktorun önə çıxarılması,
bir-birindən fərqli kontekstlərdə (erməni və
bizim tərəfdə) baş verən hadisələrin birləşdirilməsi
(müəllif əlavəsi, şahidlərin dedikləri və
s.) müəllifin müharibənin anatomiyasını
detallı şəkildə açmasına imkan verir. Son Vətən
savaşına qədər belə bir əsərin
yazılmasını tənqidçilər mətbuatda tez-tez
yazıblar. Məncə, tənqidçilərin
"müharibə haqqında yaxşı əsər
yoxdur" tezisi artıq, necə deyərlər, öz qüvvəsini
itirib. O da məlumdur ki, hər hansı bir əsər
yazılarkən dövrün konteksti mütləq nəzərə
alınır. Bu cəhətdən düşünürəm
ki, A.Qaradərəlinin "Erməni doktorun gündəliyi..."
romanı yaxşı ki, müharibədən əvvəl
yazılıb. "Niyə"sini izah etməkdə bir qədər
çətinlik çəkərəm; belə əsaslandıraram
ki, yazıçı sanki bu əsəri ilə işğal
altda qalan yurd yerlərini azad etməyin yolunu romandakı həqiqətləri
ifadə etməkdə görür. Romanda yazıçı
bütün bədii və üslub potensialından, bədii təxəyyül
və təfəkkürün ifadə vasitələrindən
maksimum istifadə etməyə çalışıb və
buna nail olub. Düşünüb, ola bilməz, belə bir
roman dünya arenasına çıxmasın və burada
yazılanların Qarabağ həqiqətlərini ifadə etməkdə
xeyri olmasın. Bu gün, yəni Qarabağın azad
olmasından sonra bu cür imkanlar yazıçının
qarşısında durmayacaqdı. Hər
halda mən belə düşünürəm...
Aydın
məsələdir ki, Qarabağ
problemi dünya miqyasında tanınsa da, onun mahiyyəti haqqında siyasi mövqedə müxtəlifliklər
var idi. Ermənilərin
dünyaya yaydığı
yalançı, saxta
"həqiqət"lə bizim yaya bilmədiyimiz gerçək həqiqət
tərs mütənasib
idi. Ona görə də bu qədər
mürəkkəb mahiyyətli
problemi, müharibəni
bədii əsərdə
bütün gerçəklikləri
ilə anlatmaq yazıçıdan yüksək
bədii təxəyyül,
çevik bədii struktur, inandırıcı
təsvir metodları,
modern yanaşma tələb
edirdi. Azad Qaradərəli
erməni doktorun gündəliyi məsələsini
ortaya atmaqla sanki onu sənədləşdirir.
Erməni doktor Avanes Minasyan Qarabağ müharibəsinə dünyanın
hər yerində
"Böyük Ermənistan"
ideyası uğrunda qatılan on minlərlə
ermənidən biridir.
Ancaq onlardan fərqli olaraq, o, döyüşçü deyil,
həkimdir. Onun həkim olması müəllifə bir çox həqiqətləri
açmağa imkan verir. Digər erməni döyüşçülərindən
fərqli olaraq erməni doktor burada müharibə adı altında nə baş verdiyini dərk edir və onu
gündəliyində qeyd
edir. Gündəliyin erməni doktora məxsus sənəd olması üçün
yazıçı erməni
düşüncəsinin keçmişini
ifadə edən, çox zaman təftiş
edən uğurlu bir mətn qurur.
Hər şey də bu mətndən
başlayır. Bu mətn
üzərində gələcək
tədqiqatçılar yəqin
ki, elə müəllifin
özü kimi səliqəli şəkildə
işləyəcək, bədii
mətnin şifrələrini
üzə çıxaracaqlar.
"Harada çörək varsa, ora vətəndir"
- məşhur erməni
atalar sözündə
deyildiyi kimi, ayağımız tutduqca bu dünyanı gəzmişik. Bir xalq olaraq özümüzü
daim axtarmışıq.
Bizim də aid olduğumuz homo sapiens narahat
məxluqdur. Ona verilən
rahat ömrü təklif olunan kimi deyil, özü
bildiyi kimi yaşamaq istəyir. Macəra, yenilik həvəsi, daimi axtarışlar onun yelkənsiz gəmisini dalğaların ağzına
atıb bilinməz dərinliklərə aparır.
Özüm bilmədən
mən də belə bir macəranın
yolunu tutdum".
Yazıçı erməni doktorun
gündəliyini təqdim
edərkən buradakı
bir çox detallara izah verməklə oxucunu bir qədər də inandırır. Onun Suriyada indi
bir adamın da yaşamadığı Keboda
kəndinin adını
verərkən "(Bu sözü
düzgün oxuya bilmədim. Üstünə
nəsə düşdüyündən
aydın oxunmurdu: Kebo idi, yoxsa Kedo?
Ya Kezo? Bilə bilmədim. - Müəllif.)", - əlavəsi
bu detallardan yalnız ilkidir. Gündəlikdə qarşılaşdığı
bəzi ziddiyyətli məqamlar üzə çıxdıqda belə
bir izahlar verilir. Buna təkcə izah kimi baxmaq
doğru olmaz, həm də bir üslub, yaxud forma kimi mənalanır: "Artıq
dediyim kimi, mən bu gündəliklə
Türkiyə türkcəsində
tanış olmuşam.
Tərcüməçinin müdaxilələrini bilmirəm,
amma yer adlarında onun üslubunu olduğu kimi saxladım. Məsələn, o Artsaxa
Arçax, Şuşaya
Şuşik, İrəvana
Erivan, Zəngilana Kovsakan
deyir və sair (Bu və bundan sonra gedən
ətək yazıları
müəllifiə aiddir)".
Azad Qaradərəli erməni doktorun gündəliyi sayəsində indiyədək
müxtəlif tədbirlərdə,
konfranslarda sübut edə bilmədiyimiz bir çox cinayətləri sənədləşdirir,
faktlaşdırır, bir-bir
təkzibolunmaz şəkildə
aktlaşdırır. Bu cəhətdən
bədii əsərin
erməni doktorun dilindən söylənən
həyat həqiqətləri
onun mövcudluq formasıdır və gələcəyə göndərilmiş
həqiqətlərdir. Bu həqiqətlər
istənilən vaxt erməni xəstəliyinin
iç üzünü
açmağa hesablanıb.
Yazıçı erməni hiyləgərliyinin
şifrələrini təkcə
erməni doktorun valideynlərinə yazdığı
məktublarda, xatirələrində,
komandirlə, "Fransadan
gəlib Hayestan davası aparan" tibb bacısı Alita ilə münasibətlərində
deyil, həm də Qarabağda baş verən hadisələrin tərəfsiz
təsvirində verir.
"Emalatxana" adı
verdikləri yerdə əsirlərin başına
gətirilən oyunlar,
zorlamalar, qadınların
ən çətin vaxtda belə namusunu qorumaları erməni prizmasından verildiyindən əhəmiyyəti
artır. Doktorun tutduğu mövqe, peşəsindən irəli
gələn vəzifələr
onu müharibə cinayətlərinin mərkəzinə
salır. Bəzən
o, həkim olduğuna
görə sentimentallığa
qapılsa da, əhatəsi
onu bu atmosferdə
çox saxlamır:
"Belə sentimentallığa
görə özümü
danlayıram və buradakı erməni döyüşçülərinin fikrini ürəyimdə təkrarlayıram: "Türk
insan deyil!" Çağdaş erməni
düşüncəsini bundan
yaxşı açmaq
çətindir...
Romanın sonuna qədər
yazıçı strukturunda
mürəkkəbliyi və
modelləşməni qoruyub
saxlayır; müəllif
əlavəsi azmış
kimi, "İt qucağı"
və bir neçə hekayəsini də bura daxil
edir. Bu mini hekayələrin
(əhvalatların) hər
biri gündəlikdəki
gerçəklikləri təsdiq
edir. Bu iki komponent arasında paradoksallıq yox, assosiativlik var. Düşünürəm
ki, yazıçının ən böyük uğurlarından biri də sona qədər
bu uyuşmanı davam etdirməsidir.
Erməni
doktorun gündəliyi,
əlbəttə, yazıçının
ustalıqla düşündüyü
strukturun bir hissəsidir; bədii əsəri bir tam kimi düşünsək,
digər komponentlərin
də effektivliyini qeyd etməliyik. Gündəlik gah Şuşikdə
(gündəlikdə belədir),
gah Martunidə, gah Stepanakertdə
əvvəlcə tarixsiz,
bəzən isə tarixli yazılır. Yazıçının birinci
uğuru strukturun mükəmməl qurulması
(bu, romanda ən vacib komponentlərdən
biridir!), daha sonra isə bu struktura uyğun
obrazlar vasitəsilə
özünü ifadə
etməsidir. Romanın
bədii strukturunda
"Müəllif əlavəsi"
təkcə süjetə
əlavə kimi daxil olmur, zəruri
bir bədii mətnə çevrilir. Elə bir mətnə
ki, bunsuz roman kasıb
görünərdi. Erməni
doktorun gündəliyində
özünün soyuqqanlılığını
qoruyan (hətta ən dəhşətli hadisələrdə belə!)
müəllif "Müəllif
əlavəsi"ndə emosional
hərəkət edir.
Bu da bədii konsepsiyaya
uyğundur, gündəliyi
oxuduqca yazıçı
həmvətənlərinin başına gətirilən
fəlakətləri erməninin
özündən eşitmiş
olur. Yazıçı
burada həm də bir obraz
kimi çıxış
edir, gündəlikdə
doğulduğu Zəngilanı,
indiyədək itkin düşmüş dostlarını
axtarır: "Akifin öz ailəsi Bakıda ağır şəraitdə yaşayır...
Həyat yoldaşı
Nailə mən bu sətirləri yazan günlərdə ağır xəstəlikdən
vəfat etdi...
Nə bilim, bəlkə həmin on beş nəfər güllələnən
əsirin içərisində
Akif də olub?!
Qırmızı Xaçın, BMT-nin
əsirlərə dair
hesabatında gözüm
həmişə Cabbarov
Akif İsmayıl oğlunu
arayıb. Burda da yazdım: cəbhə yoldaşlarından tanıyan,
bilən varsa, xəbər versin..."
"Erməni doktorun gündəliyi..." romanının
struktur modelləşməsi
bununla bitmir. Yazıçı romanın
bədii məntiqi və süjeti ilə üst-üstə düşən hekayələr
də verir. Belə hekayələrdən
biri "Əminənin
hekayəsi"dir. Universitet
tələbələrinə mühazirə oxuduqdan sonra dəniz kənarına gedən yazıçı-təhkiyəçi burada vaxtilə Zəngilan orta məktəbində dərs
dediyi şagirdinə rast gəlir. Keçmiş şagirdi ona universitet tələbəsi qarabağlı
bir qızın dəftərçəsindən söz açır. Birinci kursdan sonra qız Türkiyəyə gedib geri dönməyib və əlaqə kəsilib. İki gündən sonra yazıçının stolunun
üstündə olan
"Əminənin hekayəsi"
erməni doktorun gündəliyi qədər
sənədlilik daşıyır.
Yazıçı, əslində
bu mətni erməni doktorun mətninə alternativ olaraq daxil etmir,
onun dediklərini təsdiqləmək üçün
verir. Bədii əsərin obrazlar sistemindən ibarət olduğunu nəzərə
alsaq, Əminə obrazının romandakı
mahiyyətini aydın
görmək mümkündür.
Əminənin dilindən
verilən həyat hekayəti romanın estetik qanunauyğunluğundan
irəli gəlir. Hekayədə ermənilərin
əsirləri toplu şəkildə xəndəyə
atmaları və burada 13 yaşlı qızın təsadüfən
sağ qalıb başına gələn hadisələr təsvir edilir. Əgər roman başdan-başa erməni
doktorun gündəliyindən
ibarət olsaydı, effektivliyi, etki gücü bu qədər olmazdı. Süjetin gedişi, romanın modeli oxucunu inadla özünə çəkir,
onun həqiqətlər
zəncirindən ayrılmamasını
saxlayır. Əminə
hekayəti ilə yazıçı erməni
doktorun yazdığı
həqiqətləri bir
daha təsdiq etmiş olur. Yəni iki həqiqət
bədii həqiqətəbənzərliyi
gerçəkliyə çevirir.
Bu, yazıçının həyatın həqiqətəbənzər
obrazını yaratması
deyil, həqiqətin,
gerçəkliyin özünü
əks etdirməsdir. Yazıçının da əsas
məqsədi budur.
Erməni
doktor obrazı estetik yüklüdür, çoxmənalıdır; onun
dilində deyilən həqiqətlər hər
hansı Azərbaycan türkünün dilindən
verilərsə, eyni effekti verməz. Onun yazdıqları xalqımızın apardığı
haqq savaşını
anlatmağa xidmət edir. Bu obraz müxtəlif hədəfləri
vura bilən bir raketə bənzəyir; obrazın daxili məntiqindən çıxış edərək
yazıçı erməni
xəstəliyinin iç
üzünü açmaqla,
müharibə gerçəkliklərini
də açır. Erməni doktor obrazının romandakı
görəvi əks cəbhədə duran həyat və müharibə məntiqini
ortaya qoyur. Onun funksiyası çoxgedişli və çoxmənalıdır. Fikrimcə,
bu əsərdən bir neçə parça dərsliklərə
salınmalıdır. Burada
əzabkeş erməni
obrazı ilə "Böyük Ermənistan"
xülyasının necə
bir-birinə tərs mütənasib olduğunun
bədii məntiqi verilmişdir.
Romanda erməni doktor obrazının önə
çıxarılması, əslində bir vitrindir; əslində, biz
onun gündəliyində
çeşidli türk
obrazları ilə qarşılaşırıq. Bu obrazların hər biri təbiidir, canlıdır. Əsir türk qadınının
obrazı da belələrindəndir.
Alita həkimə "Miatsium"
fəallarından olan
Yaquar adlı podpolkovnik Arakelyana kömək etməsini istəyir : "- Nə olub, Alita?! O adam nə istəyir?! Arakelyan kimdir?!
Alita siqaretini odladı və acı-acı güldü:
- Babalarımız havayı yerə deməyib ki, türkün qadınından qorxun... bayaq bura gələn polkovnik Arakelyandır, ləqəbi Yaquar... Vaxtilə "Miatsum"un fəallarından olub... İndi pullanıb... yanında saxladığı türk gözəlçəsi onu içirdib yatağına salıb, sonra da bıçaqla penisini kəsib, ya nə bilim, bəlkə dişi ilə qırıb?!."
Yaxud, skripkaçı türk əsir düşdükdən sonra "Sarı gəlin" mahnısını oxuyarkən başına tapança dirəyərək mahnının kimə məxsus olduğunu soruşduqda qorxmadan azərbaycanlıların olduğunu söyləyir və baş barmağından olur. Yazıçı davamlı olaraq doktorun gündəliyində rast gəldiyi hadisələrlə həyat müşahidəsi arasında paralellər aparır. Skripkaçı azərbaycanlı əsir haqqında gündəlikdəki qeydlərdən sonra belə bir müəllif əlavəsi verir: "Düzü, bilmirəm, indi oxuyacağınız hekayənin qəhrəmanı ilə doktorun gündəliyindəki musiqiçi eyni adamdırmı? Ya bu, bir təsadüfi oxşarlıqdır. Hər nədirsə, Allahın dolaşdırmasıdır. Mən bunu illər öncə yazmışdım. Radioda işləyəndə bir pianoçu oğlan gəlmişdi studiyaya. Müharibədə iştirak etmiş, kontuziya almışdı. Gözəl musiqiçi olsa da, müharibə nitqində iz buraxmışdı - rabitəsiz və kəkələyərək danışırdı. Bu əhvalatı da ondan eşitdim". Bu cür bağlantılar hər hansı bir obrazın mənəvi, daxili aləminin açılmasında əlavə izahedici funksiya daşıyır.
Romanda daxili, psixoloji ayrıntılar, sarsıntılar çoxdur; oxucu burada müharibə həqiqətlərinin hər üzü ilə tanış olur; ölümlər, qəddarlıqlar, işgəncələr... Romanda sanki iki bir-birinə zidd etnik düşüncə yer alır; bir tərəfdə işğalçı "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün etdiyi vəhşiliklər, digər tərəfdə torpağını qorumaq üçün erməni vandalizmi qarşısında məğlub duruma düşən bizlər. Oxucu erməni doktorun gündəliyi ilə ona əlavə olunan izahları müqayisə edərək mümkün nəticələr çıxarır.
Hər hansı bir bədii əsərdə ciddi sosial, bəşəri mesajlar olmalı, yazıçı əsərdə qoyduğu ideyanın cəmiyyətdəki formulunun bədii düsturunu verməlidir. Bizim ədəbiyyatımızda çox zaman bu xüsusiyyət, ya çatışmır, ya da zəif olur. Ernest Hemenquey "Qoca və dəniz" əsəri ilə bağlı verilən suala cavab olaraq demişdi: "Mən əsl qocanı və əsl oğlanı, əsl dənizi, əsl balığı və əsl akulanı göstərməyə çalışmışam". Mənə elə gəlir ki, eyni bədii məntiq "Erməni doktorun gündəliyi..." romanında da baş verir. Yazıçı bir çox həqiqətləri kifayət qədər, hətta bizim gözlədiyimizdən də üstün və maksimum inandırıcılıqla ifadə edir. Azad Qaradərəli bu romanda əsil ermənini, əsil müharibəni və əsil bizi göstərmişdir...
"Erməni doktorun gündəliyi..." romanında təkcə müharibənin yox, 30 illik Azərbaycanın da obrazı yaradılır. Yazıçı şüur axını ilə hadisələri irəli-geri gətirərək xalqın bu məğlubiyyətdən qurtulmasının yollarını arayır. Hətta romanın sonunda vəcdə gələrək hamımızı silahlanmağa, torpaqlarımızı hansı yolla olur-olsun, nə qədər pafosla səslənsə də (ancaq qeyd edim ki, bu pafos və ya publisistik çağırış romanın sonunda - müəllif əlavəsində cəmi bir-iki cümlədə səslənir!), azad etməyə çağırır. Amma özü də yaxşı bilir ki, yazıçının silahı sözdür. Məncə, elə bu Söz də ünvanına çatdı və romanın yazılışının bitdiyi il yazıçının sözü eşidildi...
Çağdaş nəsrimizin görkəmli nümayəndəsi Azad Qaradərəlinin bu kitabına bir neçə hekayəsi və Türkçülük çalışmaları simpoziumunda etdiyi məruzə də daxil edilib. İnanıram ki, digər cildləri kimi, yazıçının bu cildi də xalqın bədii və milli düşüncəsini zənginləşdirəcək və oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Bədirxan
ƏHMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.26-27.