Dahi insan
Dünyasını dəyişənlərin
həyatı sağ qalanların həyatı ilə davam edir.
Siseron
Atalarımız təsadüfən deməyib ki, alim olmaq olar, adam olmaq çətindir. Bu mənada, Üzeyir bəy Hacıbəyli təkcə bəstəkar kimi deyil, həm də şəxsiyyətinə, nəcibliyinə, əliaçıqlığına, xeyirxahlığına, uzaqgörənliyinə, mənəvi kamilliyinə görə də dahi İNSANDIR. Mən elə bir gün olmayıb ki, Üzeyir bəyi minnətdarlıq hissi ilə anmayım, həyatından, insani keyfiyyətlərindən, xeyirxahlıqlarından, danılmaz xidmətlərindən, səhnə əsərlərindən, publisistikasından məqalələrimdə, dost-tanışla söhbət əsnasında məsəl çəkməyim, sitat gətirməyim.
Üzeyir bəy Hacıbəylinin ən layiqli yetirmələrindən olan dahi bəstəkarımız Fikrət Əmirov ustadı haqqında yazdığı xatirə-məqaləsində gəldiyi qənaət diqqətçəkəndir: “Şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda, əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu.”
Mən bu yazımda Üzeyir bəyin nəcibliyindən, insanlığından danışmaq istəyirəm. Bu dahi bəstəkar hələ iyirmi iki yaşında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”u yazıb səhnəyə qoyan gündən şöhrətlənməyə başlamışdı. Amma ömürboyu bir dəfə də özünü öyməmiş, təkəbbürlü davranmamış, əksinə, özündən əvvəlki yaradıcı insanlara həmişə hörmətlə yanaşmışdır. Hələ iyirmi səkkiz yaşında, gənc ikən yazmışdır: “Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, inkar edərsə, yuxarıda dayana bilməz”. Üzeyir bəy sadədən sadə, həssas, təvazökar bir insan olmuşdur. 18 may 1912-ci ildə iyirmi səkkiz yaşlı Üzeyir bəyin “Əsli və Kərəm” operası Mayılov teatrında səhnəyə qoyulmuşdu. O gecədə tamaşaçı coşqunluğu o həddə çatmışdı ki, aktyorlar gənc Üzeyir bəyi çiyinlərində səhnəyə gətirmişdilər. Sonralar xalq artisti Hacıağa Abbasov o gecəki tamaşanı xatırlayaraq yazırdı: “Mən o zaman “Əsli və Kərəm”də Sofi rolunu oynayırdım. Yaxşı yadımdadır ki, “Əsli və Kərəm” oynanan gecə Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski Üzeyiri səhnəyə çıxarıb tamaşaçılara təqdim edəndə zalda gurultulu alqış qopdu və səhnəyə çoxlu gül-çiçək atdılar. Tamaşaçılar: “Sağ olsun, Üzeyir bəy”, “Əhsən, Üzeyir bəyə”, “Yaşasın bəstəkarımız”, – deyə qışqırmağa başladılar.”
Üzeyir bəy “Koroğlu” operasının librettosunu yazmağı yazıçı, dramaturq, şair Məmməd Səid Ordubadidən xahiş etmişdi. Operanın librettosu üzərində işlərkən hər gün görüşürdülər. Bu müddətdə Məmməd Səid Ordubadinin bir yaradıcı şəxsiyyət kimi bəstəkarı daha yaxından müşayiət etmək imkanı olmuşdur. Məmməd Səid Ordubadi bəstəkarın vəfatından sonra Üzeyir bəy haqqında yazırdı:
“Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım. Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq idi.
...Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: “Dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir”.
...Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir.” Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm”, – deyirdi.”
“İlk” sözü Üzeyir Hacıbəylinin adı qarşısında yazılan ən mübarək sözdür. İlk operanın, ilk operettanın banisi, ilk dövlət himnimizin bəstəçisi də Üzeyir bəydir. İlk türk musiqi məktəbinin (1922), ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət xorunun, qəzəl-romansın, sazçı qızlar ansamblının yaradıcısı, 1940-cı ildə filarmoniyada fəaliyyət göstərən Dövlət xoru ilə rəqs ansamblını birləşdirib mahnı və rəqs ansamblının yaradılmasının təşəbbüskarı da Üzeyir bəydir. Azərbaycanda Milli Konservatoriyanın təşkili və onun ilk rektoru olmaq şərəfi də Üzeyir bəyə qismət olub. Üzeyir bəy özü bu sahədəki xidmətini belə xarakterizə edirdi: “Mən Azərbaycan Dövlət Konservatoriyasının yenidən təşkili ilə məşğul oldum, ilk türk musiqi məktəbinin əsasını qoydum. Bu məktəb üç ildən sonra musiqi texnikumu adlandı və müdirliyi mənə tapşırıldı.”
“Azərbaycan xalq musiqisinin əsasları” adlı ilk fundamental bir əsərin müəllifi də məhz Üzeyir Hacıbəylidir. Onun bu yeniliklərini, ilkinliyini, orijinallığını dahi bəstəkarımız Qara Qarayev çox dəqiq ifadə etmişdir. O yazır: “Üzeyir Hacıbəyov haqqında düşünəndə istər-istəməz intibah dövrü sənətkarlarının çoxşaxəli yaradıcılıqları yada düşür. Mənə elə gəlir ki, həmin sənətkarlar öz dövrləri üçün rəssamlıq, heykəltəraşlıq və s. sahələrə gətirdikləri yeniliklərdə necə böyük rol oynayıblarsa, Üzeyir Hacıbəyov da Azərbaycan musiqisində, milli opera, operetta janrlarının inkişafında, dramaturgiyasında, publisistikasında elə böyük bir şəxsiyyətdir.”
Üzeyir bəy arzu edirdi ki, “Şərq musiqisi, nəhayət, Avropa musiqisi ilə yanaşı, layiq olduğu şərəfli yeri tutsun və bütün bəşəriyyətin inkişafına kömək edən qüdrətli vasitələrdən birinə çevrilsin”. Üzeyir bəyin 1922-ci ildə yaratdığı ilk türk musiqi məktəbi 1925-ci ildə texnikuma çevrildi. Aradan bir il keçmiş, 1926-cı ildə musiqi texnikumu əsasında Dövlət Konservatoriyası yaradıldı. Konservatoriyanın rektoru vəzifəsinə Üzeyir bəy təyin olundu və ömrünün sonuna qədər, başqa yaradıcılıq işləri ilə yanaşı öz vəzifəsində çalışdı.
Üzeyir bəyin ömür yoluna nəzər saldıqca insan bu dahi bəstəkarın çalışqanlığına, təşəbbüskarlığına, həm də yaradıcılıqla məşğul olmağa necə macal tapmağına heyrətlənməyə bilmir. Təkcə Konservatoriyanı professional musiqi ocağına çevirməyə, yüksək ixtisaslı musiqiçi kadrların hazırlanmasına nə qədər əmək sərf etmişdi. Bununla yanaşı pedaqoji fəaliyyət də göstərirdi. Bu barədə xalq artisti, bəstəkar Səid Rüstəmov ustadını “Böyük bəstəkar” adlı xatirəsində yad edərək yazır:
“Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində “İbtidai not savadı” adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının “çox maraqlı”, qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb misallar göstərirdi. Bu “söhbətlər” get-gedə təkmilləşərək, indi hamımızın bildiyi “Azərbaycan xalq musiqisinin əsasları” adlı müstəqil bir musiqi fənninə cevrildi.
Asəf Zeynallının “Ölkəm” romansı həmin illər Üzeyir bəyin sinfində muğamlar haqqındakı “söhbət”lərinin məhsuludur.”
Üzeyir bəy yaradılması vacib olan hər bir işin təməlini qoyarkən onun sabahını da düşünmüşdü. O, 1926-cı ildə rektoru olduğu Konservatoriyada tələbə gəncləri toplayaraq ilk Azərbaycan çoxsəsli xorunu yaratmışdı. Lakin təəssüf ki, bədxahlar “Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir”, – deyərək öz mənfi təsirini göstərmiş, “nəticədə böyük zəhmətlə yaradılmış xor dağılmışdır” (Ü.Hacıbəyli).
Üzeyir bəy həyatda da, yaradıcılığında da xalq musiqisinə çox böyük dəyər verirdi. Uzun illərin zəhmətinin bəhrəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri də bu vurğunluğun bariz nümunəsidir. Bu böyük bəstəkar, musiqişünas alim zamanı dəyərləndirməkdə də müstəsna şəxsiyyətlərdən idi. O, vaxtında muğam bilicilərini – Əbdülbaqi Zülalovu, Cabbar Qaryağdı oğlunu, Keçəçi oğlu Məhəmmədi, Məşədi Məmməd Hüseynovu, Mirzə Mənsuru, Mirzə Fərəci, Əhmədxan Bakıxanovu əvvəl musiqi texnikumuna, sonra rektoru olduğu Konservatoriyada pedaqoji fəaliyyətə cəlb etmişdi.
Üzeyir bəy həm də onların muğamlar haqqında fikirlərini öyrənib muğamların tədris proqramını hazırlayırdı. O, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişdi ki, hər hansı bir işin təməlini qoymaq ücün peşəkarlarla çiyinə-çiyinə çalışmaq gərəkdir. Üzeyir bəyin dövrünü, həyat və yaradıcılığını göz önünə gətirəndə onun qədər istedadlı adamları görüb qiymətləndirən başqa bir şəxsi xatırlamaqda çətinlik çəkirik.
Bu böyük bəstəkar hər bir tələbəsinin insani keyfiyyətlərilə yanaşı, istedadının hansı sahədə uğur qazanacağını da öncədən dəyərləndirə bilirdi. Görkəmli bəstəkar Soltan Hacıbəyov unudulmaz müəlliminin bu kimi örnək olası keyfiyyətlərini yüksək qiymətləndirərək yazır: “Mən Üzeyir Hacıbəyov kimi bu qədər səmimi olmağı bacaran, bilavasitə başqalarının nailiyyətləri ilə bu qədər sevinən, yeni-yeni sənət zirvələrinin fəthinə bu cür həvəsləndirən ikinci şəxsiyyət tanımırdım”.
O, hər kəsin, o cümlədən, tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırır, sabah etimadını doğruldacaqları işə cəlb edirdi. Bəstəkar Müslüm Maqomayev Azərbaycan Radio Verilişləri Komitəsində musiqi şöbəsinin rəhbəri işləyərkən yaxın dostu, bacanağı Üzeyir bəyə təklif edir ki, notlu xalq çalğı alətləri orkestri yaratsın. Üzeyir bəy dostunun təklifini qəbul edir. Üzeyir bəy, baxmayaraq Konservatoriyanın rektoru idi, bununla yanaşı dərs də deyirdi, işi başından aşırdı, ancaq dostunun təklifinə sayğı ilə yanaşmışdı. Çünki musiqiçi tələbə gənclərin not bilmələrini vacib hesab edirdi. Hələ musiqi texnikumunu yaradanda Avropa alətləri ilə yanaşı xalq musiqisinə də önəm verərək tar, kamança, xanəndə sinifləri də açmışdı. O, eyni zamanda xalq çalğı alətlərində notla çalmağı da tədris proqramına salmışdı. Tələbəsi Qılman Salahov musiqi texnikumunu kamança ixtisası üzrə bitirəndə təklif etmişdi ki, texnikumda qalıb notlu kamança sinfi açsın. Qılman Salahov müəlliminin təklifini qəbul edib notlu kamança sinfi açır və 1932-ci ildən 1952-ci ilə qədər Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbində dərs deyir və tədris proqramı hazırlayır.
İlk notlu Xalq Çalğı Alətləri Orkestri Üzeyir bəyin bədii rəhbərliyi və dirijorluğu ilə 1932-ci ilin oktyabrında 24 nəfərlə fəaliyyətə başlayır. Bu iyirmi dörd nəfərin çoxu Üzeyir bəyin öz tələbələri idi. Qılman Salahov, Səid Rüstəmov, Xosrov Məlikov, Tutu Həmidova, Ruqiyyə Rzayeva (kamançada ifa edirdi. Ağabacı Rzayevanın bacısı) və başqaları orkestrin ilk üzvləriydilər. Üzvlərin sayı getdikcə artan orkestrin dirijoru Üzeyir bəy, köməkçisi iyirmi dörd yaşlı tələbəsi, gələcəyin böyük bəstəkarı Səid Rüstəmov idi. Musiqişünas Elmira Abbasova ilk notlu Xalq Çalğı Alətləri Orkestri haqqında bəhs edərkən xatırladır ki, “Üzeyir Hacıbəyovun qarşısında böyük çətinliklər dururdu. Hər şeydən əvvəl xalq çalğı alətlərinin ifaçılıq imkanları barəsində möhkəm kök salmış təsəvvürü aradan qaldırmaq lazım idi. Notu bilən musiqiçilərin az olması da böyük bir maneə idi”.
Üzeyir bəy hər bir işdə səbirli və ardıcıl çalışan şəxslərdən idi. Başladığı işi yarımçıq qoymaq şakəri yoxdu. Elmira Abbasova yazır: “Orkestrin məşqləri olduqca orijinal idi. Musiqiçilər həm birlikdə çalmaq vərdişləri əldə edir, həm də musiqi tarixi və nəzəriyyəsinə dair biliklərə yiyələnirdilər. Dörd il beləcə keçdi. Orkestr lazımınca möhkəmləndikdən sonra Üzeyir Hacıbəyov ona rəhbərlik etməyi öz etibarlı köməkçisi Səid Rüstəmova tapşırdı".
Bu dörd ildə orkestrdə çalğıçıların sayı kifayət qədər artmışdı. 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüyündə orkestrin üzvlərinin sayı artıq 75 nəfər idi. Bu orkestr ongünlükdə Üzeyir bəyin “Arşın mal alan" musiqili komediyasının tamaşalarında iştirak etmişdi.
Üzeyir bəy 1935-ci ildə işinin hədsiz çoxluğunu nəzərə alıb orkestrə rəhbərliyi köməkçisi Səid Rüstəmova etibar etdi. Güman etmək olardı ki, bundan sonra bu böyük bəstəkarın asudə vaxtı daha çox olacaq. Ancaq belə düşünmək sadəlövhlük olardı. Əslində işi çoxdu. Konservatoriyanın rektoruydu, eyni zamanda notla tar çalmağı və həm də harmoniyadan dərs keçirdi, “Koroğlu" operası üzərində işləyirdi. Digər tərəfdən, Üzeyir bəy ürəyində daim Fransada mühacir həyatı yaşayan, çox sevdiyi kiçik qardaşı Ceyhun bəyin nigarançılığını çəkirdi. Şəxsi söhbətlərdə müasirləri etiraf edirdilər ki, Ceyhun bəyin mühacir həyatı yaşamağı yolverilməz hal kimi yeri düşdükcə Üzeyir bəyə xatırladılırmış.
Üzeyir bəyin asudəliyi çox çəkmədi. Böyük bəstəkarın qismətində yenə də bir ilkə imza atmaq, vacib bir sənət sahəsinin təməl daşını qoymaq varmış. 25 may 1936-cı ildə Dövlət filarmoniyası yarandı. Üzeyir bəy burada ilk dəfə Dövlət xorunu yaratdı. Az bir müddətdə xorun üzvlərinin sayı 80 nəfərə çatdı. “Yaratmaq” sözü yaradıcı adamın yuxusuz gecələrini, axtarışlarını, istedadlı gənclərin üzə çıxarılıb işə cəlb edilməsini, öyrədilməsini və i.və s. çoxsaylı əngəllərin qarşısının alınmasını, nəhayət, xalqın, hakimiyyət adamlarının qarşısına hazır bir kollektiv kimi çıxmağı tam əks etdirmir. Artıq bu yaşanmış, tarixə qovuşmuş, ancaq təqvimə düşmüş, xatirələrdə əbədiləşmiş günlərdən birinə çevrilmişdir. Üzeyir bəy o zaman təkcə Dövlət xorunu yaradıb ona dirijorluq etməklə işini bitmiş sanmamışdı. O günlərin canlı şahidi olmuş xalq artisti Leyla Bədirbəyli xatırlayırdı ki, “filarmoniyanın, o cümlədən, mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır”.
Üzeyir bəyin yaratdığı Dövlət xorunun ilk solistlərindən Şövkət Ələkbərovanın, Qüdrət Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məmmədbəylinin, Cahangir Cahangirovun və bir çox başqalarının adları mədəniyyət, incəsənət tarixində şərəfli yer tutur.
Qabaqdan 1937-ci ilin məşəqqətli günləri gəlirdi. Hələ ki, ilin əvvəlləri sakit keçirdi. 30 aprel 1937-ci il Üzeyir bəyin həyatında ən əlamətdar, tarixləşəcək bir gün idi. Həmin günün axşamı Üzeyir bəyin “Koroğlu” operasının ilk tamaşası oynanılırdı. Koroğlu rolunda Bülbül çıxış edirdi. İlk dəfə idi ki, Üzeyir bəyin uzaqgörənliyi sayəsində tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ qazanırdı. Təəssüf doğuran hal o idi ki, Cümhuriyyətdən əvvəlki və Cümhuriyyət dövründəki məsləkdaşları “Koroğlu”nun ilk tamaşaçıları sırasında deyildilər. İlk operasına dirijorluq etmiş Əbdürrəhim bəy dörd il idi ki, dünyasını dəyişmişdi, Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmüşdü, sevimli qardaşı Ceyhun bəy Əlimərdan bəy Topçubaşovla Parisdə keçiriləcək sülh konfransına getmiş, 28 aprel 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldiyi üçün vətənə dönməmişdi. Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə də mühacirət həyatı yaşayırdı. Yanvar ayının ilk günlərindən 37-nin tuthatutu başlamışdı. Folklorşünas Hənəfi Zeynallı, professor Bəkir Çobanzadə həbs olunmuşdu, növbədə “Allah bilir, daha kimlər vardı”. Amma Hüseyn Cavid əfəndi hələ həbs olunmayıb, “Koroğlu”nun tamaşaçıları arasındadır. Sabahkı qəzetlərdə onun da fikirləri yerə alacaqdır: “Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə son dərəcə yüksək bir yer tutmaqdadır”.
Dövlət filarmoniyasında böyük canlanma vardı. Bu da səbəbsiz deyildi. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçiriləcəkdi. Bununla yanaşı, 37-nin məşəqqətli günləri başlamışdı. Belə təlatümlü vaxtda onun deputatlığa namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilmişdi. Elə bir vaxtda ki, xalqımızın milli ruhuna, əxlaqına yad-yabançı olan, “türkəm” deyənin qanına susayan Şerin, Qriqoriyanın, Markariyanın, Qalıstyanın, Ohanesiyanın, Avanesiyanın müstəntiqliyi ilə yüzlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələnirdilər, sürgün edilirdilər. Erməni olan kəs belə bir fürsəti əldən qaçırardımı?! Belə bir vaxtda Üzeyir bəylə rastlaşanda üzünə yaltaqcasına irişən filarmoniyanın yerli komitəsinin sədri Akopiyan niyə sakit oturmalıydı?! Bu zatıqırıq eləməyib tənbəllik, 22 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki mərkəzi seçki komissiyasına, NKVD-yə iftira dolu bir məktub göndərmişdi. Yazırdı ki, “Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim ücün qaranlıqdı, qardaşı Parisə qaçıb ...himayə etdiyi sinfi dostları var”. Axırda da yazırdı ki, “Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm”. Akopiyan unudurdu ki, Üzeyir bəyin bir üzü var.
Mənim bu olaylar barədə belə geniş söz açmağım da Üzeyir bəyin yüksək insani keyfiyyətlərinə görədir. Həqiqətən, çuğulçu erməni Akopiyanın yazdığı kimi, Üzeyir bəy iri neft sənayeçisi Nəcəf Əmiraslanovun qızı Qüdrət Əmiraslanovanı, qardaşı Nəsir Əmiraslanovun 1937-ci ildə həbs edilməyinə baxmayaraq Dövlət xoruna solist götürmüşdü. Eləcə də sovet hökuməti qurularkən güllələnmiş polkovnikin qızı Sima Məmmədbəylini. Əlbəttə, Üzeyir bəy onları Dövlət xoruna atalarına görə yox, məlahətli səslərinə görə qəbul etmişdi. Amma şübhə etmək olmaz ki, Üzeyir bəy bu gənc xanımların kimlərin övladları olmasından xəbərsiz olub. Şübhəsiz ki, olubdur. Ancaq mərhəmət hissi ehtiyatkarlığa qalib gəlib.
1988-ci ildə çuğulçu Akopiyanın cızmaqarasında adı hallanan milyonçu Nəcəf Əmiraslanovun qızı Qüdrət xanımla görüşüb söhbət etmişdim. O, mənə Üzeyir bəyin xeyirxahlıqlarından danışmışdı. Akopiyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ona görə ölkə başçısı M.C. Bağırov sükutla keçmişdi ki, o zaman öz sahəsində yeganə şəxsiyyət idi.
1938-ci ildə Moskvada keçirilən ongünlükdə Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyası, “Koroğlu” operası böyük tamaşaçı məhəbbəti qazanmışdı. “Koroğlu” operasına dövlət adamları ilə yanaşı, ölkənin birinci şəxsi Stalin də baxmışdı və operadan çox xoşu gəlmişdi. O, hətta Üzeyir bəyə xüsusi diqqət göstərmişdi. Beləliklə, Üzeyir bəy o günə qədər başı üstündə hazır dayanan Damokl qılıncından xilas olmuşdu. Yaradanın lütfü ilə 37-nin gedər-gəlməzindən xilas olmuşdu.
Üzeyir bəy ürəyi geniş şəxs idi. Tələbələrini, istedadına bələd olduğu adamları işləməyə, yazıb-yaratmağa ruhlandırırdı. 1931-ci ildə ana dilimizdə nəşr olunan “Not savadı” dərsliyinin tərtibçilərindən biri də (dərsliyin tərtibində A. Zeynallı, F. Əfəndivev, Ə. Həsənov da iştirak etmişlər) Səid Rüstəmov idi. Əgər o zaman Üzeyir bəyin göstərişilə tələbələri notu öyrənməsəydilər, notlu orkestrin repertuarında Avropa bəstəkarlarının əsərləri səslənə bilməzdi.
Bu gün yüzlərlə mahnısı dillər əzbəri olan bəstəkar Səid Rüstəmov gənclik illərində not sisteminə bələd olmasaydı, 1935-ci ildə “Tar məktəbi” adlı qiymətli dərsliyi yazıb çap etdirə bilməzdi. Bu il 90 ildir ki, respublikanın bütün musiqi məktəblərində Səid Rüstəmovun “Tar məktəbi”ndən dərslik kimi istifadə olunur. Bu yerdə Üzeyir bəyin istedadlı tələbələrindən Adil Gəraya olan münasibətindən də danışmaq istəyirəm. Adil Gərayın özündən böyük qardaşı Əmrulla Məmmədbəyli musiqi texnikumunda şöbə müdiri idi, notdan dərs deyirdi. Adil Gəray da 1940-ci ildə musiqi texnikumunu bitirəndə onu qabiliyyətli musiqiçi kimi texnikumda saxlamışdılar. Tar müəllimi kimi notdan dərs deyirdi, mahnılar bəstələyirdi. Bəstələdiyi nəğmələri ilk öncə müəllimi Üzeyir bəyə göstərirdi. O, həm də Üzeyir bəyin yaratdığı notlu Xalq Çalğı Alətləri Orkestrində tar çalırdı. Notu yaxşı bilən Adil Gəray “Muğam etüdləri" adlı məcmuəsini 1943-cü ildə müəllimi Üzeyir Hacıbəylinin redaktəsi ilə çap etdirmişdir. Adil Gəray məcmuəsinin Ön sözündə yazır: “Kitab Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilmişdir. Buna müvafiq olaraq xalqımızın musiqi xəzinəsindən yeddi muğam – “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-hindi”, “Segah”, “Şüştər” və “Şur” burada etüd şəklində yazılmışdır”.
Yeri gəlmişkən, deyim ki, Adil Gərayın “Muğam etüdləri" məcmuəsinin ilk nəşrindən 55 il sonra Üzeyir bəyin redaktorluğunu saxlamaqla 1998-ci ildə mənim şəxsi təşəbbüsümlə “Gənclik” nəşriyyatında çap olunmuşdur. “Muğam etüdləri”ndən bu gün də musiqi məktəblərində dərs vəsaiti kimi istifadə olunur.
Xatırladım ki, Adil Gərayın atası Heybətqulu bəy də 1937-ci ildə güllələnən günahsızlardan olmuşdur.
Üzeyir bəy sanki xeyirxahlıq mücəssəməsi idi. Xalq artisti Əhmədxan Bakıxanov 1926-cı ildə Üzeyir bəylə tanış olur. Bəstəkar növbəti dəfə onunla rastlaşanda Əhmədxan Bakıxanovdan soruşur:
– Mir Möhsün Nəvvab “Vüzuhül-əqram” kitabında “Nəva-Nişapur” muğamı barədə yazıb, eşitdiyimə görə, bu muğamı yaxşı bilirsiniz.
Əhmədxan müəllim cavab verir:
– Bəli, bilirəm, ürəyiniz istəyirsə, sizin üçün çalım.
Üzeyir
bəy deyir:
– Buyur, çal.
Əhmədxan müəllim “Nəva-Nişapur”
muğamını çalır.
Üzeyir bəy:
– Mən axtardığımı
tapdım, – deyir.
Bu böyük bəstəkarın
gözündən heç
nə yayınmırdı,
mütləq istedadlı
adamı nə iləsə qiymətləndirirdi.
1929-cu ildə Üzeyir
bəy Əhmədxan
Bakıxanova zəng vurub Konservatoriyaya, yanına gəlməyi tapşırır. Deyilən
vaxtda Əhmədxan müəllim Üzeyir bəyin yanına gəlir. Üzeyir bəy vaxt itirmədən
deyir ki, Əhmədxan,
bu gündən tar sinfində muğamlardan dərs deyəcəksən.
Bizim sənin kimi muğam ustasına ehtiyacımız
var.
Əhmədxan Bakıxanov bəstəkarın
sözünü yerə
salmır. Elə o gündən başlayaraq uzun illər muğamatdan dərs deyir, çoxlu tarzənlər yetişdirir.
Sonralar Əhmədxan Bakıxanov
“Ömrün sarı
simi” adlı xatirələr
kitabında dahi bəstəkarı yad edərək
yazır:
“1941-ci ildə Üzeyir bəy mənə dedi:
- Mirzə, nə üçün tək çalırsan? Yaxşı
ansambl təşkil
et. Mən də sənə kömək edərəm.
Doğrudan da, həmən il xalq
çalğı alətləri
ansamblını təşkil
edərkən Üzeyir
Hacıbəyov öz
yardımını bizdən
əsirgəmədi”.
Əhmədxan Bakıxanov Üzeyir
bəyin təklifi ilə yaratdığı
ansambla ömrünün
axırına kimi rəhbərlik etdi. Çoxlu müğənnilər
yetişdirdi, ansambl üçün bir-birindən
gözəl rənglər,
dəramədlər bəstələdi.
Üzeyir
bəyin Əhmədxan
Bakıxanovla bağlı
unudulmaz, hər kəsə örnək olası bir xatirəni də yad etmək istərdim.
1938-ci ildə Moskvada keçiriləcək ongünlükdə
Əhmədxan Bakıxanov
da iştirak etməliymiş,
amma gözlənilmədən
bir axşam onu və qardaşı
tarzən Məmmədxan
Bakıxanovu aparıb
həbs edirlər. Onları İran şahının
agentləri kimi sorğu-suala tuturlar. Ancaq belə bir fakt ortaya
çıxmır. Sonra daha
cəfəng bir ittiham irəli sürürlər: bu qardaşlar xan nəslindəndirlər, deməli,
bolşevik cəmiyyətinin
düşmənləridirlər. Beləcə, onlar üç ay dustaq həyatı yaşayırlar.
Bir gün təsadüfən
Üzeyir bəy Əhmədxan Bakıxanovun
arvadı Məsumə
xanımla rastlaşır,
ona neçə vaxtdır tarzəni görmədiyini söyləyir.
Məsumə xanım
Üzeyir bəyə başlarına gələnləri
danışır.
Moskvada uğurla başa çatan ongünlükdən
Bakıya qayıdarkən
Üzeyir bəy fürsət tapıb M.C.Bağırova Bakıxanovların
nahaqdan həbs olunduqlarını çatdırır.
M.C.Bağırov bu işdən xəbərsiz
olduğunu deyir və diqqətdə saxlayacağını bildirir.
Doğrudan da, bir neçə gündən
sonra Üzeyir bəyin xeyirxahlığı
nəticəsində Bakıxanov
qardaşları azadlığa
çıxıb ailələrinə
qovuşurlar.
Üzeyir
bəy tələbələrinin
hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa
ruhlandırırdı. Bəstəkar
Ədilə Hüseynzadə
“Qayğıkeş ata”
sərlövhəli xatirəsində
unudulmaz müəlliminin
ona xas xarakterik
bir xüsusiyyətini
xatırlayaraq yazır:
“Üzeyir bəy tək-tək tələbələrlə
bəstəkarlıq dərsləri
keçirdi. Bu dərslər
çox maraqlı olurdu. Öyrəndiyimiz muğam üzərində
əsərlər bəstələməliydik.
Yadımdadır, Üzeyir
bəy dərslərin
birində mənə
Nigar Rəfibəylinin
sual-cavab şəklində
yazılmış bir
şeirini verdi və tapşırdı
ki, suallar bir muğamda bəstələnməli,
cavablar isə başqa-başqa muğamlara
modulyasiya edilməlidir.
Dedi ki, birinci bəndin sual və cavabını “Segah”da, ikinci bəndin cavabını “Bayatı-Şiraz”da, üçüncü
bəndin cavabını
isə “Rast” muğamında bəstələyim.
Mən çox çalışdım və
əsəri qurtarıb
Üzeyir bəyə göstərdim. Üzeyir bəy elə mənim yanımdaca Bülbülə zəng vurub, bu əsəri
– “Vətən haqqında
nəğmə”ni oxumasını
xahiş etdi, beləliklə, əsər
çox konsertlərdə,
ongünlükdə səsləndi”.
Adamı
nə qədər duyğulandıran bir həssaslıqdır. Üzeyir
bəy, hətta mahnının mətnini də özü tapıb tələbəsinə
təqdim edir. Hansı tələbə bu cür insani
münasibəti, humanistliyi
unuda bilər? Ədilə xanım da unutmamışdı, xatirələrini
səmimi bir sonluqla bitirmişdi: “Qayğıkeş ata Üzeyir bəyə biz tələbələr “Üzeyir
əmi” deyə müraciət edərdik. Üzeyir əmi böyük insanlara xas olan sadəliyi,
nəvazişkarlığı, bəzən, hətta sərt rəftarı, fəqət, prinsipiallığı
ilə gözlərim
önündə durur.”
Hamının doğması, atası,
əmisi olmaq şərəfi hər “sənətkaram” deyənə
qismət olmayan bir xoşbəxtlikdir.
Üzeyir
bəyin portretini yaratmış SSRİ Xalq
rəssamı Mikayıl
Abdullayev müşahidələrinə əsaslanaraq yazır: “Üzeyir bəy öz tələbələrini
ata məhəbbəti
ilə diqqətlə
dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər
verirdi. Gənc bəstəkar qızları
– Ağabacını, Ədiləni,
Şəfiqəni öz
doğma qızları
kimi mehribanlıqla dinləyərdi.”
Mən
1985-ci ildə Üzeyir
bəyin 100 illik yubileyi münasibətilə
onun haqqında musiqili radiopyes yazmağa hazırlaşanda
bəstəkar haqqında
kitablara düşməyən
faktlar sorağı ilə bir çox
qapılar döymüşdüm.
Yubiley ərəfəsində
Üzeyir bəyin
1939-cu ildə dünyasını
dəyişmiş bacanağı
Pənah Qasımovun qızları Adilə və Nigar xanımla
da görüşmüşdüm. Atalarını vaxtsız itirmiş kimya elmləri namizədləri
bu bacılar bir binada, eyni
mənzildə yaşayırdılar.
Adilə və Nigar xanım müharibə illərində
Üzeyir bəygildə
yaşadıqları günlərdən
danışmışdılar. Doğrusu, bugünkü insanlarla müqayisədə
o söhbətlər adama
nağıl kimi gəlir. Bacılar söyləyirdilər ki, Üzeyir
bəy olduqca həssas, mehriban bir insan idi.
Bir dəfə də olsun onun səsinin
tonunu qaldırdığını
eşitmədik. Nigar xanım dedi ki, müharibə illərində
Nizami Gəncəvinin
yubileyi ərəfəsində
Üzeyir bəy şairin qəzəllər
kitabını bizə
verdi ki, bəstələmək
üçün qəzəl
seçək. Üzeyir
bəy şairin “Yeddi gözəl” poemasındakı yeddi gözəlin şərəfinə
yeddi romans yazmaq fikrindəydi. Ancaq yeddi romansdan ikisini – “Sənsiz” və “Sevgili canan”ı yazdı.
Bacılar mənə danışırdılar
ki, müharibə vaxtı
Üzeyir bəy işə özü ilə normadan artıq xörək aparırdı. Məleykə
xanım maraqlananda ki,
bir belə xörəyi, çörəyi
neyləyirsən? Üzeyir
bəy – imkansız tələbələrim var, onları
qonaq edirəm, – deyirdi. Üzeyir bəy o qədər rəhmli, həssas idi ki, öz donluğundan tələbələri
üçün aylıq
təqaüd ayırmışdı.
Mən elə o ərəfədə
bəstəkarın tələbələrindən
olan görkəmli bəstəkarımız Şəfiqə
xanımla da görüşmüşdüm.
Şəfiqə xanım
da ustadı barədə
səmimi etiraflar etmişdi. Danışırdı
ki, müharibənin ağır
günləri idi. Bir gün dərsdə Üzeyir bəy rəng-rufumu solğun görüb soruşdu: –Şəfiqə,
bəlkə acsan? Xeyr, ac deyiləm, – deyib, utanıb üzümü yana çevirdim. Üzeyir bəy gətirdiyi yağ-çörəyi çıxarıb
mənə verdi. Əgər çörək
yeməsəm, otaqdan çıxmayacağımı söylədi. O, belə qayğıkeş adamdı.
Şəfiqə xanım Üzeyir
bəyi minnətdarlıqla
yad edirdi. Deyirdi ki, Üzeyir bəy mənim səsimi çox bəyənirdi. O
deyirdi ki, Şəfiqə,
səndən yaxşı
Gülçöhrə olar.
Amma mən bəstəkarlıq
yolunu seçdim. Müharibə illərində
maddi cəhətdən
əziyyət çəkdiyimiz
üçün Üzeyir
bəy Ağabacı Rzayeva ilə mənə öz donluğundan aylıq təqaüd ayırmışdı.
Dünyasını çoxdan dəyişmiş
Üzeyir bəyin bizim tərifimizə heç bir ehtiyacı yoxdur. Burada xalq şairi
Rəsul Rzanın bəstəkar haqqında söylədiyi bir fikri oxuculara xatırlatmaq istərdim: “Üzeyir bəy elə sənətkardır
ki, onun adı tərif yükü götürmür, o hər
hansı tərif pilləsinin yuxarıda duran bir simasıdır.”
Çox dəqiq müşahidədir. Ancaq
Üzeyir bəyin bütün nəsillər
üçün örnək
olası humanistliyindən,
həssaslığından, nəcibliyindən danışmamaq
laqeydlik, biganəlik olardı. Xalq artisti Şəfiqə Axundova xatirə-məqaləsində
bir daha ustadının humanistliyini
yad edərək yazır:
“...1944-cü ildə Zaqafqaziya
musiqi ongünlüyünə
getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Bizi görən
kimi o, göstəriş
verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün də atelyeyə göstəriş
verildi və hətta tapşırıldı
ki, kostyumun fasonunu Şövkət Məmmədova
seçsin.”
O zaman bəstəkarlıq sahəsində
ilk addımlarını atan
və illər sonra müəllimlərinin
ümidlərini doğruldacaq
Ağabacı Rzayeva ilə Şəfiqə Axundovanın sevinc və fərəhini bu gün də
təsəvvür etmək
çətin deyildir.
Bu sevinci onlara bəxş edən böyük ürək sahibi Üzeyir bəy idi.
1993-cü
ildə Azərbaycan Dövlət Filarmoniyasında
xalq artisti Şövkət Ələkbərovanın
xatirə gecəsi keçirilirdi. Mən həmən gecənin aparıcısıydım. Gecəyə
xalq artisti Leyla Bədirbəyli də dəvət olunmuşdu. Mən Leyla xanımla həmin xatirə gecəsində tanış
olmuşdum. Bundan sonra Keşlədə Şövkət xanımın
adını daşıyan
sarayda onun xatirə gecəsinə xalq artisti Əminə
Dilbazi ilə Leyla xanımı da dəvət
etmişdim. Hər iki xanım sənətkar dəvətimi
qəbul etmişdilər.
Onların qəlbi bir-birindən dəyərli
xatirələrlə dolu
idi. Nə yaxşı ki, Leyla xanım
bu görüşdən
az sonra olub-bitənləri qələmə
almışdı. O, bir
müddətdən sonra
“Ömrümün nağılları”
adlı xatirələrinin
əlyazmasını mənim
Baş redaktoru olduğum “Gənclik” nəşriyyatına təqdim
etmişdi. Leyla xanımın
xatirələr kitabı
1998-ci ildə işıq
üzü gördü.
Leyla xanım “Ömrümün
nağılları” kitabında
Üzeyir bəyi çox səmimi duyğularla anıbdır:
“Mahnı və rəqs qrupunda olanda bu mehriban
insanın nurani siması bizi heyran edərdi. Hər gün onun məşqlərində
olmaq, onun səsini, məsləhətini
eşitmək səadət
idi. Mən hələ elə bir insan tanımıram
ki, Üzeyir bəyi tanıyıb, ona məftun olmasın. O, uşaq kimi sadə, müdrik, xeyirxah, qayğıkeş,
fədakar və mərd bir insan
idi. Onu da qeyd edim ki, filarmoniyanın
nəzdində olan bütün kollektivlərin,
o cümlədən, mahnı
və rəqs ansamblının təşkili
və fəaliyyəti
Üzeyir bəyin əməyi və şəxsi iştirakı
ilə bağlıdır”.
Üzeyir
bəy xalqına, onun adət-ənənəsinə,
musiqisinə, geyim mədəniyyətinə daim
ehtiram bəsləyirdi.
Leyla xanım Bədirbəyli
o günləri xatırlayaraq
yazır: “Üzeyir bəy mahnı və rəqs ansamblının təşkili
işlərinə rəhbərlik
edən komissiyanın
sədri idi. O, rəqqasələr üçün
tikilmiş milli paltarların
forma, naxış, biçim
və bəzəyinə
çox diqqət yetirir, hətta başımızdakı cütqabağının
silsiləsini düzəldir,
necə taxmaq lazım olduğunu da göstərir, fərəh
və qürur hissi ilə Azərbaycan milli geyimlərinin
qorunmasını tələb
edirdi.”
Müasirlərindən Üzeyir bəyi tanıyan elə bir şəxs
olmayıb ki, ona güvənməsin. Əvvəldə
dediyim kimi, gənclik illərimdə Üzeyir bəyi yaxından tanıyan simsarları, tələbələri
ilə görüşüb
söhbət etmişdim.
İndi o günlərdəki görüşləri, söhbətləri
yada salaraq tam inamla deyə bilərəm ki, Üzeyir bəyin ürəyigenişliyinə, əliaçıqlığına,
xeyirxahlıqlarına ömür-gün
yoldaşı Məleykə
xanım Həsənağa
qızı da ömürboyu
sayğı ilə yanaşmışdır.
Mən
1975-ci ildə ilk Azərbaycan
rəqs ansamblının
yaradıcısı Əşrəf
Səfərovla görüşmüşdüm.
Ondan rəqs ansamblının ilk üzvlərinin
adlarını öyrəndikdən
sonra bir çoxu ilə görüşmüşdüm. Görüşünə getdiyim
sənətkarlardan biri
də xalq artisti Əminə Dilbazi idi. Əminə
xanım çox dilli-dilavər xanım idi. O, keçdiyi həyat yolundan, sənət yoldaşlarından
həvəslə danışardı.
Təbii ki, Üzeyir bəyi də minnətdarlıq hissi ilə yad edərdi. Üzeyir bəyin nəcibliyindən, xeyirxahlığından
danışaraq deyirdi
ki, 1941-ci il iyun ayının
21-də Qılman Salahovun
rəhbərliyi ilə
mahnı və rəqs ansamblımız Yaltaya qastrola getmişdi. Səhər ayın 22-də müharibənin
başlanması xəbərini
eşitdik. Oğlanlarımızı
dərhal Bakıya, hərbi komissarlığa
qaytardılar. İyirmi
beş nəfər qız qaldıq Yaltada. Pulumuz olmadığı üçün
Bakıya qayıda bilmirdik. Qərara gəldik ki, Üzeyir bəyə teleqram vurub düşdüyümüz
vəziyyəti bildirək.
Belə də etdik. Üzeyir bəy xeyirxahlıq, nəciblik göstərib iki gün dalbadal
5 min-5 min pul göndərdi.
Biz də sağ-salamat
Bakıya qayıtdıq.
Üzeyir
bəyin əl tutduğu, xeyirxahlıq etdiyi, ömürlük ruzi verdiyi adamlar bir deyil, iki
deyil... Üzeyir bəy musiqi məktəblərinə, tələbələrinə
royal, piano bağışlamağı da çox sevirmiş.
2016-cı ildə Üzeyir
bəyin doğmaca xalası oğlu, XX əsrin əvvəllərində
bəstəkarın musiqili
komediyalarında qadın
rollarının fədakar
ifaçısı, müğənni-aktyor,
Əməkdar incəsənət
xadimi Əhməd Ağdamski haqqında kitab
üzərində işləyirdim.
Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Ağdama köçən Əhməd
Ağdamski 1935-ci ildən
ömrünün sonuna
kimi Ağdaşda yaşayıb pedaqoji fəaliyyət göstərmişdi.
Əhməd bəyin xahişilə Üzeyir bəy müxtəlif təşkilatlara müraciət
edərək Ağdaşda
musiqi məktəbi açdırmışdı. Əhməd
Ağdamski bu məktəbdə tar müəllimi
işləyirdi, həm
də tədris/hissə müdiri vəzifəsində çalışırdı.
Kitab üzərində işləyərkən,
vaxtı ilə Ağdaşda çıxan
“Əmək” qəzeti
əlimə keçdi.
Vahid Zamin adlı yerli jurnalistin “Üzeyir bəyin hədiyyəsi” yazısı
diqqətimi cəlb etdi. Xatirə yazısından aydın oldu ki, Ağdaş musiqi məktəbində şagirdlərin təlim keçməsi üçün
royal yoxmuş. Məktəbin
direktoru Bilal Muradov Əhməd
bəyə deyir ki, bəlkə royala görə Üzeyir bəyə müraciət
edək. Əhməd bəy Bilal müəllimlə
razılaşır. Beləcə,
illər sonra “Üzeyir bəyin hədiyyəsi” haqqında
kiçik, amma dəyərli bir xatirə “Əmək” qəzetində yer alır. Bilal müəllim
söyləyir ki, “onda
Kürqırağı meşələrdə
çoxlu turac, qırqovul, Türyançay
tərəfdə, dağların
döşündə isə
kəklik olurdu. Ovçulara bir neçə turac, qırqovul və kəklik ovlatdıq. Onları da götürüb
Bakıya yola düşdük.
O, vaxt Üzeyir bəy Konservatoriyanın rektoru idi. Biz evə getdik. Qapını həyat yoldaşı Məleykə
xanım açdı.
Əhməd əmi ilə görüşdülər.
Mənə də “xoş gəldin!” – dedi. Üzeyir bəyi soruşduq. Səsimizi eşidib iş otağından qarşımıza çıxdı.
Əhməd
əmi ilə zarafatlaşdı və elə səmimi görüşdü ki, mən
ürəkləndim, qəlbimdə
ümid çırağı
yandı. Bizi içəri dəvət
elədi. Əhməd
əminin “Qohumluq olmasa da, mümkün olan şeyi əsirgəməz. Onun ürəyi genişdir” sözlərini xatırladım.
Söhbətimiz uzun çəkdi.
Dərdimizi bilincə,
sabah Konservatoriyaya gəlməyi tapşırdı.
Səhərki görüşümüz
bizi sevindirdi. Royalı məktəbə
necə aparmaq barədə məsləhət
verdi. Xudahafizləşəndə
stolun üstünə
1000 manat pul qoydu:
– Götürün, – dedi, –
sizinkidir. Quşların
puludur.
– Biz onları pay gətirmişik,
– deyib çox bərkidik, pulu götürmək istəmədik.
Belə olduqda Üzeyir bəy üzünü Əhməd
əmiyə tutdu:
– Heç gözləməzdim.
Mənim heç nəyə ehtiyacım yoxdur. Götürün, yolda lazım olar, axı royal aparırsınız, – dedi”.
Beləcə, Üzeyir bəyin
həssas qəlbindən
adları bizə bəlli olan və olmayan nə qədər insanlar gəlib keçib. Bu insanların Üzeyir bəyin nəcibliyindən,
həssaslığından soraq verən xatirələrdən mətbuat
səhifələrində, kitablarda əbədiləşənlər
də var, ağızdan-ağıza,
nəsillərdən-nəsillərə ötürülənlər də,
unudulanlar da. Amma laqeyd
olmamaq gərəkdir
ki, nəciblikdən soraq
verən dəyərli
xatirələr unudulmasın.
Masallının İsi kəndində dünyaya göz açmış Mir Kazım
Aslanlı Tibb İnstitutunu bitirib bir qədər həkim işləyəndən
sonra Azərbaycan Dövlət Tibb İnstitutunda ömrünün
axırına kimi pedaqoji fəaliyyət göstərmişdi. Onun həm də şairlik, bəstəkarlıq
istedadı vardı.
Mir Kazım Aslanlının
musiqiyə olan marağı 1938-ci ildə
onu Konservatoriyaya, Üzeyir bəyin yanına gətirib çıxarmışdı. Əlbəttə,
onu repressiya dövründə Üzeyir
bəyin yanına təkcə musiqi istedadını tam üzə
çıxarmaq arzusu
deyil, həm də bir bəy
balası olaraq onun ölkədəki nüfuzuna sığınmaq,
ona güvənmək
istəyi gətirmişdi.
Üzeyir bəy də bu istedadlı
gənci fitnə-fəsadlardan
qorumuşdu. Üzeyir
bəy 1948-ci il 23 noyabrda
dünyasını dəyişmişdi.
Xalqın vidalaşması
üçün onun cənazəsi “İsmailiyyə”
binasının (indiki
İstiqlal küçəsində)
böyük salonunda qoyulmuşdu. O günlərin
şahidi və iştirakçısı, xalq
yazıçısı Mirzə
İbrahimov yazır: “Dəfn
mərasimi görünməmiş
bir nümayişə
çevrildi. Akademiyanın
qabağından tutmuş,
fəxri simalar məqbərəsinə qədər,
bütün yaxın küçələr, evlərin
balkonları, damların
üstü adamlarla dolu idi. Bakı
öz sevimli övladı ilə görünməmiş məhəbbət
və hörmətlə
vidalaşırdı.”
Heç
şübhəsiz, Üzeyir
bəyi son mənzilə
yola salanların sırasında Mir Kazım
Aslanlı da vardı.
O, Üzeyir bəy şəxsiyyətinə sevgisini
həmin gündə yazdığı “Bu sabah”
rədifli qəzəlində
izhar eləmişdi:
Yenə
heybətli buludlar doluxub ağlamağa,
Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.
Üzeyir
– xalqımızın dahi,
böyük bəstəkarı,
Saralan çöhrəsini çən-qubar
almış bu sabah.
Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində hər
həftənin cümə
günü Fəxri Xiyabana gəlir, bəstəkarın məzarı
önündə dayanır,
skripkasında Üzeyir
bəyin romanslarını,
opera və operettalarından
sevdiyi ariyaları çalıb, Allahdan ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk eləyərdi.
Üzeyir
bəy məhz bu cür ehtirama,
diqqətəlayiq şəxsiyyətdir.
Bakı Musiqi Texnikumunu tar ixtisası üzrə bitirmiş, 20
il Seyid Şuşinskinin
muğam sinfində müşayiətçi tarzən
işləmiş, muğam
bilicisi, Əməkdar
mədəniyyət işçisi
Kamil Əhmədovla vaxtaşırı
görüşüb muğamlarımız,
görkəmli xanəndələr
haqqında söhbətlər
edərdik. Yetmişini
arxada qoymuş bu muğam nəfəsli
kişi mənə deyirdi ki, Üzeyir bəylə Seyid Şuşinskinin çörəyini
yeyirəm. Elə bir Novruz bayramı
yadıma gəlmir ki,
qəbirləri üstündə
şam yandırıb
səməni qoymayam.
İllər, qərinələr, əsrlər ötsə belə, Üzeyir bəy Hacıbəyli hər zaman ehtirama, diqqətəlayiq olacaq. Çünki o, yalnız böyük bəstəkar,
dramaturq, publisist, musiqişünas alim deyil,
həm də təkrarı olmayan dahi bir İNSANDIR. Dahilər isə hər zaman yetişmir!
12 avqust 2025-ci il
Mustafa
ÇƏMƏNLİ
Ədəbiyyat qəzeti.- 2025.-
19 sentyabr, ¹34.- S.6-8.