Bir axşam
Axşamın gözlərində küçə
işıqları yerə
dağılır,
kölgəmi dəyişir sənin
addımların...
Təbəssümünü üzümə
çırpır yağışlar.
Əllərim ağacların sonbeşiyidir,
barmaqlarım bahar gətirir sənə...
Qaranlığın içində
üşüyən bir körpə kimi baxıram sənə.
İndi səni sevmək,
yağışlı
günlərə can yandırmaqdır.
Yerişin küçələrin ürəyini tapdalayır,
ayaqlarını məsciddən asır
müəzzin divarlar
Bu axşam yolunda.
Bəlkə də şam işığında xoşbəxt
bir şöləydik.
Heyif, işıq selinə vurulduq.
Bax, bu yay gecəsi
əlləri sevişir çiçəklərin,
Gecənin rəngini dəyişir
bənövşələr.
Gecənin kənarında
sənin
gözəlliyin yarasalara
kordur...
Göyün çiyinlərində ayrılıq bitər,
Qanadlarını doğmaqdan əl
çəkər göy
üzü...
arşı küçədən gələn səsdə
ürəyimin hərifləridir ayrılıq
oxuyan nəğmə.
Sinənin qabarında saçları
yatır küləklərin,
Qollarım körpə uşaqdır.
Bağışla, qucağımı ata
bilmədim yoluna!
Boz küçələr sevdiyini
intihar iplərində
əzizləyir.
Gedişinin içində su
içir bir it,
dili qanayır sözlərimin,
Hər anım doğrayır buludların əsarətini...
Heyif, başını hər daşın
üstünə
qoydu ayaqlarımız...
Bir ağacın yuxusunu yarıda buraxdıq...
Qayıt.
Bir uşaq oyuncağını
böyütsün...
***
Hər səhər küçələr
bozumtul sifətini gizləyib,
günəş libasını geyinir
pəncərələrin...
Ağaclar həmişə xəyanət
eyləyir kölgəsinə,
axı hər bahar öldürür çiçəyini.
Axı tək qalmaq,-
kölgələrə ləpir salmaqdır...
Rəsmləri qəhər daşıyır
divarların,
qırmızı yağışlar gizləyir
çiyinlərinin
qovuşduğunu...
Sənin
kədərini
Azan səsi oxuyur müti küçələrə.
Ayaqlarının kölgəsində böyüyür
kor arzular...
Ay işığı örtür
ucaboy gecələri,
təkgözlü pərdələr
səndən
ötrü yaşayır
məhbusluğunu...
Ölü buludların içində
yaşayır göylərin evi.
Zamanın iplərini meh əsdirir,
küləkdən qopmuş musiqi
intihar nəğməsi oxuyur...
Ovuclarında gizlənən dəniz
üzlü küçələrdə
bir qadın yağışdan
qorxur,
bir kişi çətirində...
Daha sevilmək
əsarət çiçəklərində yaşayır.
Sevmək
isə
azadlıq bəstələrində!
Gözəlliyini şəkillər doğrayır,
taleyini çörək çirkinləşdirir
fağır küçələrdə, qızım...
Xoşbəxt rəsmi varmı
ağacların?
Hansı
payızı göstərsən,
ürəyi ölü yarpaqdır...
Tanrı,
sirr deyilsə,
sən də göstər cırıq şəkillərini,
qorxma,
çünki hara ağlasan,
divara dönür göz yaşın.
Cavid Fərzəli
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.17.