"Dostoyevski cəsur
yazıçıdır"
"Dostoyevski haqqında ikinci söhbət...
"Dostoyevski "cəsur"
yazıçıdır", - deyir həmsöhbətim... Gülümsəyirəm.
Çünki Dostoyevskini oxumağın tələb etdiyi cəsarətin
ölçüsünə bələdəm. Oxumaq nədir
ey?! Anlamaq daha çox şey tələb edir. Bəlkə mənim
Kəmalə xanım Umudova (Bakı Slavyan Universitetinin dosenti)
ilə Dostoyevskidən danışmağım tapdığım
ən asan çıxış yoludur: ədibin
yaradıcılıq döngələrinin qaranlıq künclərinə
işıq tutacaq dəyərli Kəmalə xanım, mən
də rahatca o döngələrdə nə var-nə yox,
öyrənəcəyəm... İşıq yandıran
olanda qaranlıqdan niyə qorxum ki?!
-
Dostoyevski yaradıcılığının cazibəsi nədədir?
-
Dostoyevski cəsur yazıçıdır. Bu təşbehin
tez-tez istifadə olunan və oxucuya heç bir məlumat
ötürməyən "möhtəşəm",
"dahi" və s. bu kimi sözlərin sırasında yer
almasını istəməzdim. Bunun üçün
"Dostoyevski romanında forma və məzmun vəhdəti
necə yaranır?" sualına cavab tapmalıyıq.
Süjet quruluşuna görə (!) cani haqqında
yazılmış "Cinayət və cəza"
romanının bu qədər estetik cazibəyə malik
olmasının sirrini axtarmalıyıq... Yeri gəlmişkən,
çox zaman estetika mücərrəd qavrayış olaraq
anlaşılır. Hamı unudur ki, estetika
"hissolunan"dır, "hiss etmək" feilindən gəlir.
Ümumiyyətlə, ədəbiyyat haqqında
danışarkən estetikanı daxili bağlılıqdan,
cazibədənkənar, mücərrəd qavrayış kimi
görmək doğru deyil. Dünya ədəbiyyatının
böyük müəlliflərinin məqsədi oxucuya
dünyanın ilkin gözəlliyini, yəni Tanrıya aid
olmasını, sevginin ilahi mahiyyətini göstərməkdir,
təcrübədən yararlanması üçün ona
yardım əlini uzatmaq və onu yenilənməyə, fərqliliyə
götürməkdir. "İdiot" romanını nəinki
günlərə, saatlara belə, ara vermədən oxuyanlar
dünyagörüşlərinin dəyişdiyini, uzun
müddət divanə, "səy" kimi
dolaşdıqlarını qeyd edirlər. Tanrı ilə
bağlılığını itirmiş rus zadəgan cəmiyyətinin
ona öyüd vermək əqidəsi ilə şərti
uzaqlardan, İsveçrədən, cənnət kimi yerlərdən,
qeyb dünyasından gələn Mışkini anlamağa, qəbul
etməyə gücü, ruhu yetmədi. Dostoyevski
Mışkin obrazını rus xalqının sevgi
yaddaşının, mənəvi mahiyyətinin qoruyucusu, ən
çətin tarixi dönəmdə xilaskar missiyasının
daşıyıcısı kimi yaratdı.
"Öyüd"süz yetişmiş cəmiyyətdə
peyğəmbərlik etmək özünüfədadır,
diri-diri çarmıxa çəkilməkdir, diri-diri dərisi
soyulmaqdır - bəlli nümunələrdən
danışırıq: İsa Məsihdən, Nəsimidən...
Böyük dostoyevskişünas, filosof Tatyana Kasatkina on bir
yaşında oxuduğu ilk romanın ("İdiot") onun həyat
seçimini, yolunu təyin etdiyini qeyd edir müsahibələrində.
On bir yaşlı uşaq qəlbindəki
işığın, cənnətin bədii əsərdə
əks olunduğunu görür və o görüşün
üzərindən yarım əsrdən artıq vaxt
keçdikdən sonra da Dostoyevskini xilas yeri, pənah gətirdiyi
yazıçı adlandırır. Qeyd etməliyəm ki, Qulu
Ağsəs poeziyası da başdan-başa ruhun Tanrı ilə
bağlılıq təcrübəsini ehtiva edir:
"Şükür, o göydəki ismin halına",
"Sevgi bol, dərd də, namxuda...", "Sənsən hər
yer", "Bir də baş qoşan deyiləm", "Sizə
kimdən deyim?", "Az qalıb" və digər
şeirləri teoloji kontekstdən baxılmadıqda
anlaşılmayan, çətin mətn olaraq qalır.
- Belə
deyə bilərikmi: Dostoyevskinin inancı
yaradıcılığının "işıq gələn
tərəf"idir?
-
Dostoyevski real zaman, tarix, insan münasibətlərini xristian inancı,
İncil motivləri, peyğəmbərliyin, müqəddəsliyin
varlığı müstəvisinə gətirərək yeni
roman forması yaradır. İncildə
yazıldığı kimi: "Çünki elə gizli bir
şey yoxdur ki, aşkara çıxmayacaq və elə
örtülü bir şey yoxdur ki, bilinib aydın
olmayacaq" (Luka 8:17). Fomanın İncilində İsanın
dilindən söylənilən bu vəhy yer üzündə
baş verənlərin İlahi təcəlla olduğunu ifadə
edir, bu dünyadakı təzahürlərdə Yaradanın
Müjdəsini, İlahi mənanı görmək istəyini,
yerdən göyə ucalma məqamını ifadə edir.
Vəhy
müqəddəs kitablarda yazılsa da, Yaradanın Həqiqəti
hər yerdədir. İnsanın vəzifəsi ona məlum
olmayanı axtarmaqdır, möcüzə ilə, Tanrı
Müjdəsi ilə görüşə can atmaqdır.
Dostoyevski ruhun qanunlarını araşdıran
yazıçıdır. "Zavallılar" əsərində
Makar Devuşkin obrazı ilə o, insanın daxilində
peyğəmbər həqiqətinin gizləndiyindən əmin
ilahiyyatçı yazar missiyasını yerinə yetirir.
Dostoyevski artıq ilk əsərində onun
yaradıcılığını təyin edən xristian
antropologiyasının əsaslarını qoymuşdur.
-
Dostoyevskinin "Zavallıları"ı kimlərdir?
-
"Zavallılar"da (1846) Dostoyevskinin son dövr
romanlarına xas olduğu irəli sürülən mövzu
ikiləşməsi ilə qarşılaşırıq. Bu
ikiləşmə onun əsərinin interpretasiyasında və
adının dilimizə fərqli tərcüməsində də
özünü göstərir. "Yoxsul insanlar" (Məmməd
Qocayev) başlığı oxucuları pulsuz insanların
sosial problemlərini önə çəkən
yazıçı "humanizm"indən danışmağa
sövq edirsə, "Zavallılar" (Etimad
Başkeçid) adı bu konsepti içəridən
dağıdır və agah olanlar üçün fərqli
dil, semantika yaradır.
Dostoyevski
ilk əsərini "Zavallılar" adlandırarkən,
özünü tam şüurlu şəkildə Karamzin ənənəsinin
təsir dairəsinə aid edirdi, baxmayaraq ki, onu
yanlışlıqla Belinskinin sosial tənqid məktəbinə
aid edirdilər. Təsadüfi deyildir ki, romanın əsasında
isməti ləkələnmiş və atılmış
qızın hekayəsi dayanır. Romanın adının
("Bednıye lyudi") mahiyyət etibarilə, tavtoloji
olduğu qeyd olunur. Çünki Dostoyevskinin ədəbiyyata
geri gətirdiyi sözə verdiyi anlama görə,
bütün insanlar zavallıdırlar. Romanda qeyd olunur ki,
söhbət yalnız və o qədər də maddi
çatışmazlıqdan getmir, baxmayaraq ki, əsərdə
mövzu həm də budur. Maraqlı odur ki, bütün
insanların zavallı adlandırılması romanda əksini
tapan ədəbi süjetlərlə bağlıdır. Makar
Devuşkinin təsəvvüründə Puşkin
"Stansiya gözətçisi" əsərində
hamı üçün ümumi fəlakəti, bəlanı,
insanın öz doğmasını itirməsi ilə
bağlı məqamı ifadə edir, başqa sözlə,
zavallılar - unudulmuşlar, tərk edilmişlərdir.
-
Zavallı olmaq Dostoyevskinin qəhrəmanlarının
taleyidir, yoxsa seçimi?
-
Zavallı Samson Vırin haqqında danışarkən,
Devuşkin fikrini bu cür tamamlayır: "Olan işdir, anam,
bizim də başımıza gələ bilər. Nevskidə,
yaxud sahil küçəsində yaşayan qrafın da
başına gələ bilər. Başqa adam kimi
görünə bilər, çünki onlarda hər şey
özünəməxsus şəkildə dəbdəbəlidir,
lakin o da eyni şeyi yaşayır, hər şey ola bilər.
Mənim də başıma eyni şey gələ bilər"
(tərcümə mənə aiddir - U.K.). Bir məqamı da
nəzərdən qaçırmaq olmaz: Dostoyevski "Stansiya
gözətçisi" povestinin sonluğunu
"Zavallılar"a köçürür. "Zavallı
Varya"nın hekayəsi onu yoldan çıxarmış cənab
Bıkovla rəsmi nikahla bitir. Qorxduğu Makarın
başına gəlir, gözlədiyi kimi, "bəxtsiz,
başıbəlalı" "zavallı Samson
Vırin"in vəziyyətinə düşür. Lakin
sözün əsl mənasında hamı tərəfindən
tərk edilən, qəlbən bağlandığı
insanlardan ayrı düşən yalnız Makar deyil, həm də
Varvaradır. Tərk edildikdə, Karamzinin təbirincə,
"zavallı", çarəsiz vəziyyətə
düşdükdə, məhz bu insan (və digərləri)
onun yanında peyda olmuşdular, böyük fədakarlıq
göstərmiş, ona sahib
çıxmışdılar.
Qoqolun "Şinel"i Makarı pərişan edir, qəlbini
ağrıdır. Qoqolun ifadə etdiyi "zaval"- yoxsul
insanın alçaldılması və alçalması
"Zavallılar"da hamının başına gələ
biləcək mənəvi yoxsulluq anlamında təzahür
edir.
Makarın
"çəkmələr"lə bağlı ifadə
etdiyi düşüncəsi bu haqdadır. Pinəçinin
ehtiyatsızlıq üzündən altını kəsdiyi
çəkmələr onun yuxusuna girir. Çəkmələr
kasıbın da, varlının da maddi ehtiyacıdır, hər
ikisinin yuxusuna girə bilər, varlının çəkməsinin
"fasonu" fərqli ola bilər, amma nəticə etibarilə
eyni istəkdir, eyni yuxudur. "Demək istədiyim odur ki,
anam, belə çıxır, biz hamımız, əzizim, bir
az çəkməçiyik. Eybi yoxdur, olan işdir, amma məsələnin
pis tərəfi odur ki, o varlının yanında elə bir
adam yoxdur qulağına pıçıldasın: "Belə
şeylər haqqında fikirləşmək, yalnız
özünü düşünmək, tək özün
üçün yaşamaq olmaz, sən axı çəkməçi
deyilsən, uşaqların sapsağlam, arvadın da səndən
yemək istəmir; bir dön, yan-yörənə bax, başa
düşdük, çəkmələrin fikrini eləyirsən,
amma bəyəm başqa dərd-sər yoxdur?"
"Şinel" povesti ilə bir çox tellərlə
bağlı bu mülahizədə başlıca məqam
insana, onun mənəvi varlığına verilən yüksək
dəyərdir.
- Belə
deyə bilərikmi ki, Dostoyevski mətləbi uzaqdan
dolandırıb gətirir? Yəni bunu birbaşa da deyə bilər
ki, "filankəs zavallıdır". Amma o, obrazın daxili
həyəcanları, davranışı, düşüncələri
ilə anladır: Bu, zavallıdır.
- Makar
"çəkmələr"lə bağlı
düşüncəsini "dolayısı ilə" ifadə
edir. Və qəhrəman bunu mətndə açıq
söyləyir, "məcaz dilində danaşacağam"
deyir. İsanın həvarilərinə söylədiyi:
"Aranızda birinci olmaq istəyən hamıdan
axırıncı olmalı və hamıya xidmət etməlidir"
(Mark 9:35) fikri və digər "İncil" motivləri
üzərindən qurulan bədii obraz və mətn, əlbəttə
ki, çoxölçülüdür və xüsusi anlam,
xüsusi təhlil tələb edir. Peyğəmbərləri
öz ölkələrində qəbul etdilərmi müasirləri!?
"Doğru söyləyəni yeddi kənddən
qovarlar" ifadəsi hamıya bəllidir. Dostoyevski əbədi
həyat haqqında həqiqəti birbaşa, ehkamlarla
çatdırmır. O, insanın günahlarını
görməzdən gəlməkdən uzaqdır, insanın
daxilində baş verən bütün ziddiyyətlər,
qorxular, şübhələr, əcaib düşüncələr
və hərəkətlər dünyanın doğru mənzərəsini
yaratmağa xidmət edir. Dostoyevski düşündüklərini
birbaşa söyləsə, dünya dağılar, qan
düşər. Bir də ki, müəllif müəllim
roluna düşər. Biz Tolstoyda nəyin etik, nəyin
qeyri-etik olduğunu yazıçının dilindən
eşidə bilərik. Məsələn, "Dirilmə"
romanının müəllifinə görə, Nexlyudov gənc
Katyuşaya qarşı etdiyi hərəkətdən
"utanmalı idi". Dostoyevskidə isə gizli müəllif
strategiyası mövcuddur. O, heç zaman heç bir situasiya
üçün qısa həll yolu, təcili
çıxış göstərmir, çünki gəldiyi
və oxucunu gətirmək istədiyi məqam ruhla, Tanrıya
qovuşmaqla bağlıdır və qaranlıqda yaşayan
işığın təsdiqi təcrübəsidir.
Dostoyevski insanın üzərinə böyük yük qoyur
- İsanın daşıdığı çarmıx
yükünü. Bütün məsələ Tanrı
sevgisini görməkdən, İsa kimi sevgiyə
bağlılıqdan gedir ki, bu da metafizika hadisəsidir. Bu,
ölümdən öncə və sonrakı həyatı
görməkdir, qaranlıqda ağı seçməkdir;
özündən öncə başqasını sevə bilməkdir.
Tanrının mərtəbəsində olub heyran qalmaqdır
("gözü ayağının altını görməməkdir"
- insan dünyaya dörd gözlə baxsa belə) və ya
"sevdiyini biryolluq sevməkdir ən çətin
iş" (Qulu Ağsəs sevgi formulunu belə ifadə edir).
Allaha dost olmağın nəşəsidir, büsatıdır.
İnam, iman - bunlar azad seçimidir insanın. Birbaşa deyilə
bilməyən, sadəcə qəbul olunan və
yaşanılan Həqiqətdir. O, ən əlçatmaz
görünə bilər, amma insanı Özünə və
özünə ən etibarlı, sədaqətli dost edən
də Odur.
- Ümid
edirəm, "Zavallılar"ı oxumaq istəyənlər
üçün bu söhbətimiz əsl səmt
ağacı olacaq...
- "Zavallılar" ("Bednıye lyudi") yalnız o qədər də və ya heç də maddi imkansızlıq, kasıblıq haqqında roman deyil. "Pinəçinin zarıldayan uşaqları və ac arvadından danışmazdım", - deyir Makar ("Bu, boş şeydir və bu haqda heç yazmağa dəyməzdi də, lakin burda belə bir məsələ var, anam") və daha sonra maddi yoxsulluq mövzusunu dilə gətirməkdə məqsədini izah edir. İzah mətndə açıq şəkildə görünür. Maddi ehtiyac insanın və insanlığın miqyasını təyin etmir. Meyar başqadır, kim olmasından asılı olmayaraq, insan dünya malına bağlı qala bilməməlidir, faniliyə uymamalıdır. Bu mənəvi yoxsulluq mənimsənilən malın, mülkün, əşyanın üzərində bərqərar olan "sevgi"dir, eqoizmdir. Bu mənada, "zavallı" və "zalım" sözləri bir-biri ilə qarşılaşdırıla bilər. İnsanlar bir-birini tərk etməklə və unutmaqla özlərini bədbəxt edirlər. "Zavallılar" ("Bednıye lyudi") ona görə tavtologiyadır ki, Tanrıya, Yaradana qarşı nankorluq edən, Ondan üz döndərən və tez bir zamanda özlərini atılmış, Tanrı tərəfindən tərk edilmiş hiss edən bütün insanlar "zavallıdır"lar.
Kəmalə UMUDOVA
Söhbətləşdi: Şəfa
VƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.26-27.