Gecənin aldanan qadını
Federiko
Fellini "Yol" filmində
bizə Censaminanın
timsalında sadəlövhlərin
həyatda qurban olduğunu əks etdirdi. Ondan üç il sonra, 1957-ci ildə çəkdiyi
"Kabiriyanın gecələri"
ekran əsərində
isə bu qurban obrazlarına bir etiraz edildi.
F.Fellini bu dəfə fahişələrin timsalında
həyatda gedən mübarizənin amansızlığını
tamaşaçılara təqdim
elədi.
"Kabiriyanın gecələri"
mahiyyət etibarı ilə aldanma haqqında ekran əsəridir. Kabiriya (Cülyetta Mazina) güvəndiyi, sevmək istədiyi Giorgio (Franko Fabrizi)
tərəfindən aldanılır.
40 min liret pulu oğurlanıb özü
suya atılan Kabiriya ölümdən bir göz qırpımında
xilas olur. Giorgio bu əməli törədərkən gözündə
qara eynək olur. Biz sonradan qara eynəyin zülmət daşıyıcısı
kimi Kabiriyanı müşayiət edəcəyini
görəcəyik. Düşdüyü
göldə üzə
bilməyən Kabiriya
həyatın real dalğalarına
da müqavimət göstərə
bilmir. O, bir müddət özünü
aldadır, ona qəsd etməsi fikrini qəbullanmaq istəmir. Lakin bir an sonra Kabiriya Giorgionun paltarlarını
və şəkillərini
oda otaraq qisas almağa başlayır. Alov dilimlərinin Kabiriyanın
üzündəki əksi
yeni həyata başlamaq
diləyindən xəbər
verir.
Yeni həyata başlamaq lazımdı, lakin necə, Ortada dilək var, lakin dua və əməl
məqamı yetişməyib.
Bu baxmdan Kabiriya özünü fahişələrin
yığışdığı meydana atır. Bir aylıq Giorgio macərası
yerini yeni axtarışlara
verir. Kabiriya yenə də sadəlövhdür. Biz bunu
kiçik qəhrəmanın
dəlisov rəqsində
görürük. O sanki
həyatdan acıq çıxmaq üçün
başqa fahişələrin
qarşısında rəqs
ifa edir. Lakin yaşlı fahişənin
ona Giorgionu xatırlatması Kabiriyanı
yenidən cin atına mindirir. Həssas ruhlu Kabiriya dava edərək
həmin məkandan uzaqlaşır.
Kabiriyanın dərdi nədir?
F.Fellini bu dəfə sosial amili qabardır.
Məşhur aktyor
Alberto Lazzari (Amadeo Nazzari)
sevgilisi Cessidən
(Doran Qrey) müvəqqəti
ayrılıb. Biz gecənin
qaranlığında Cessinin
gözündə gün
eynəyini görürük.
Albertoya özünü
möhtac olduğunu göstərən Cessi bu qaranlıq içində gözlərini
gizləməsi yuxarıların
mənəvi həyatındakı
düşkünlüyü əks etdirir. Cessinin müvəqqəti
əldən çıxması
Alberto üçün yeni şans yaradır. O bu dəfə hadisələri seyr edən Kabiriyanı maşınına mindirir.
Kabiriya bu dəfə çöldəki
qadınlara: "Ey, baxın, mən kimləyəm?!" deməklə
özünə təsəlli
verməyə çalışır.
Bu müvəqqəti gecə
macərasında Kabiriyanın
yerinin Alberto olmamasını
onun maşının
oturacağında saz vəziyyətdə otura bilməməsində görürük.
O maşının oturacaqlarında
güclə oturur. Daha sonra cütlük
gecə klubuna gəlir. Kabiriya bu məkana gələndə, az qala, pərdələr arasında dolaşır, oradan çıxa bilmir. Varlı təbəqənin toplaşdığı
məkan da Kabiriyaya görə deyil. Gecə barında qaradərili yarımçılpaq
qadınların rəqsi
quldarlığın müasir
formasını xatırladır.
F.Fellini bizə, sadəcə, bir yozum təklif
edir. Kabiriyanın bu durumuna səbəb
sosial bərabərsizlikdirmi?
Bu sual XX əsr tarixi boyu insanlığın
əsas maraqlandığı
məsələlərdən olmuşdu.
Alberto Kabiriyanı müvəqqəti
həmdəm kimi öz malikanəsinə aparır. Kabiriya məşhur kino ulduzla söhbət vaxtı ayaqsız, əlsiz, başsız qadın heykəli fonunda əyləşir. Albertonun
nəzərindəki qadın
modeli bundan ibarətdir. Ona Cessi kimi, sadəcə yalandan naz satan
qadınlar gərəklidi.
Belə də olur. Cessi yenidən
Albertonun yanına qayıdır. Bu dəfə
mətbəxdə gizlədilən
Kabiriya cütlüyü
qapı dalından görəndə üzünə
işıq düşür.
Demək, Kabiriyanın
üzünə tale gülə
bilər.
Varlı
kinoulduzun malikanəsindən
ayrılması Kabiriyanı
dua məqamına yaxınlaşdırır. Lakin həyatın ziddiyyəti
hələ də göz önündədi.
O, fahişələrin toplaşdığı
küçədə dua
ayini keçirən dəstəni görən
vaxt onlara bir qədər həsrətlə baxır.
Kabiriyaya görə bu məqamda dua edən ruhani
sinfi daha xoşbəxt və qurtulmuş kimsələrdi.
Lakin elə bu məqamda yük maşını sürücüsü
Kabiriyanı "xidmət
etmək" üçün
çağırır. İçində
qurtulma diləyi daşımağa başlayan
Kabiriya son dəfə
özünün köhnə
peşəsini icra eləməli olur.
İçindəki yaxşı niyyət Kabiriyanı xeyirxah bir insanla
qarşılaşdırır. Mağaralarda məskunlaşan
yoxsul insanlara paltar, ərzaq paylayan bu insanla
qarşılaşan Kabiriya
onu gecələr heç vaxt görmədiyini deyir. Biz burada niyyətin yaxşıya dəyişməsini
görürük. Kabiriyanın
xeyirxah kişiylə qarşılaşması onun
katarsiz keçirməsinə
səbəb olur. Məhz bundan sonra o kilsədəki ayinə qatılır. Kabiriya dua ayinində
Məryəmə səmimi
qəlblə dua edən yeganə şəxsdir. Biz əvvəlcə
kilsənin çölündəki
qoyun sürüsünü
görürük. Bu, bir
yandan peyğəmbərlərin
ilk məsləki olan çobanlığı xatırlatsa
da, digər yandan qeyri-səmimi edilən kütləvi dualara ironiyanı da əks etdirir. Kabiriya səmimi qəlblə Məryəmdən həyatını
dəyişməsi üçün
dua edir. Lakin kilsədəki qeyri-səmimi
əhval-ruhiyyə ironik
münasibəti gücləndirir.
Kabiriya kilsədən
kənara çıxan
kimi dua ayini keçirən ruhanilərə "Məryəm
sizi əfv etdimi?" sualını verir. Bu sual özlüyündə mühüm
mesaj daşıyır.
İnsanlıq tarixində
ruhani sinfi zaman-zaman özünü qurtulmuş
zümrə kimi təqdim edib. Kabiriyanın ironik sualı bizə kilsə hegemonluğuna müxalif intibah düşüncəsini xatırladır.
İnsanların səmimiyyətsizliyi sanki Kabiriyanın duasına da mənfi təsir edir. O qurtulmaq istəyir, lakin yenə də rastına aruolunmaz insanlar çıxır. Bir gecə
Kabiriya illüziya nömrəsinə qatılır.
Sehrbaz onu şeytanı xatırladan
qiyafədə səhnəyə
dəvət edir. Demək, şər gücünü, qüvvəsini
asanlıqla itirmək
istəmir. Kabiriya sehrbaz tərəfindən
hipnoz olunur. İllüziya səhnəsində
müvəqqəti səadət
yaşayan Kabiriya öz diləklərini tamaşaçılarla bölüşür.
Sehrbaz Kabiriyanı inandırır ki, Oskar adlı
kişi onu xoşbəxt edə bilər. Bu nömrədən
sonra Kabiriyaya səadət gətirəcək
Oskar (Françöz Periyer)
onun qarşısında
peyda olur. O özünü mühasib
kimi təqdim edərək, pula ehtiyacı
olmayan, ailə qurmaq istəyən şəxs olaraq Kabiriyaya tanıdır. Sehrbaz fənd növbəsini real kələyə
verir. Oskar, ilk növbədə,
özünü Kabiriyanı
avaralardan qoruyan kişi kimi göstərir.
Oskar Kabiriyanın həssas ruhundan xəbərdar olduğundan özünü
ona əmisi tərəfindən aldanılmış
şəxs kimi təqdim edir. O əmisi tərəfindən
pullarının əlindən
alınmasını deyən
vaxt gözünü gizlətmək üçün
eynək taxır, həmçinin kameraya arxasını çevirir.
Oskarın timsalında
insanların riyakarlığa
sapması faktı tamaşaçılara belə
təqdim edilir.
Oskar Kabiriyanı bir cümləylə aldadır
- "Sən gün batmasının gözəlliyini
görəcəksən". Kabiriya, əslində, bütün gecələri
əzab çəkmişdi.
Oskar onun bu zəif cəhətindən
xəbərdar olduğundan
bu fəndə əl atır. Məqam gəlib yetişir. Gün batımında bir dağ uçurumu. Oskarın niyyəti Kabiriyanı bu uçurumdan yuvarladıb pul dolu çantasını
əlindən almaqdır.
Üzündəki tər
damcıları Oskarın
mənəvi böhranından
xəbər verir. Bəlkə də onun içindəki vicdanın qırıntısı
"bunu etmə" deyir. Lakin nəfsin böyük təzyiqi bu qırıntıya üstün gəlir. Kabiriyanın "sənə
pul lazımdı götür, get", deyərək,
fəryad etməsi bütövlükdə riyakarlığa
qarşı üsyandan
xəbər verir.
Oskar da Girogio kimi pulları götürərək
qaçır.
Kabiriyanı biz sıradan aldanan,
axmaq insan kimi qəbul edə bilmərik. O, əslində təmizlik, məhəbbət axtaran bir insandır. Filmin sonunda Kabiriyanın bir gözünün ağlaması
fonunda, o birisinin gülümsəməsi onun
mənəvi qələbəsindən
soraq verir.
"Kabiriyanın gecələri"
Amerikada nümayiş
olunanda kino tənqidçisi
Bosli Krouter filmin süjetdən daha çox, mövzunu inkişaf etdirdiyini qeyd eləmişdi. Baş rol ifaçısı Cülyetta Mazina isə Kann film festivalında ən yaxşı aktrisa oyununa görə mükafat qazanmışdı.
Ceyhun MİRZƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.32.