Nisida Kitaro. Yapon fəlsəfəsində
Qərb-Şərq
"körpüsünün" memarı
Nisida
Kitaro (19 aprel 1870-7 iyul 1945) Yaponiyanın görkəmli idealist
filosofu və Kioto fəlsəfi məktəbinin banisidir. O,
1894-cü ildə Tokio Universitetinin fəlsəfə fakültəsini
bitirmişdir. Kitaro 1899-cu ildə İşikava
prefekturasında yerləşən Dördüncü Ali Məktəbdə,
daha sonra Kioto Universitetində fəlsəfə professoru
olmuşdur. Nisida 1927-ci ildə təqaüdə
çıxmış, 1940-cı ildə Mədəniyyət
Ordeni ilə təltif edilmişdir. O, 1940-cı ildən etibarən
Çiba Texnologiya İnstitutunun yaradılmasında iştirak
etmişdir.
Filosof 75
yaşında dünyasını dəyişmişdir.
Nisidanın
mumiyalanmış nəşi üç yerə
bölünmüş və üç yerdə dəfn
olunmuşdur. Belə ki nəşin dəfn olunduğu birinci
yer: onun doğulduğu yerdə, Unookedə, İşikava
prefekturasında ailə qəbiristanlığında.
İkinci yer: Tokey-ci məbədində, dostu Suzuki tərəfindən
təşkil edilən mərasimlə dəfn edilmişdir.
Suzuki özü də sonradan bu məbəddə torpağa
tapşırılmışdır. Üçüncü yer
isə Myosin-ji məbədinin Reiunin bölməsindədir.
Haşiyə.
Xatırlatmaq istəyirəm ki, Buddanın nəşi də tələbələri
tərəfindən bir neçə yerə bölünərək
dəfn olunmuşdur. Bu ritual, görünür ki,
hind-çin ənənəsində müəyyən bir yer
tutur.
Nisida
Kitaro müasir yapon fəlsəfəsinin formalaşmasına
mühüm təsir göstərmişdir. Onun Qərb
metodologiyası və terminologiyasını Şərq
ideyaları ilə birləşdirmək cəhdi bu gün də
aktualdır. Qərbi Avropa fəlsəfəsinə, xüsusən,
klassik alman fəlsəfəsinə marağının
kökündə Husserlin fenomenologiyasının mühüm
təsiri olmuşdur. O, həmçinin Qərbin
ilahiyyatçı mütəfəkkirlərinin apofatik
(apofatizm - inkar vasitəsilə dərketmə - F.M.)
baxışlarına, habelə ekzistensializmə yaxından bələd
olmuşdur. Kitaro yalnız ənənəvi səciyyə
daşıyan mənəvi və fəlsəfi praktikalara
deyil, həm də Qərb fəlsəfi düşüncəsinə
əsaslanaraq, həqiqətən, ilk dəfə sistemli yapon fəlsəfi
təlimini yaratmışdır. Kitaroya ekzistensializm,
neokantçılar və intuisiyaya əsaslanan yanaşmalar
güclü təsir etmişdir.
Nisida
öz fəlsəfi sistemini 1920-30-cu illərdə meydana gəlmiş
aşağıdakı əsərlərində təqdim
etmişdir: "Ümumi özünüdərketmə
sistemi" (1929), "Özünüdərketmədə heçliyin
tərifi" (1931), "Fəlsəfədə əsas məsələ"
(1933).
Nisida
Kitaro nəzəriyyələrinin universallığı hər
şeydən əvvəl onun yunan fəlsəfəsinə
(Aristotel, Platon, Demokrit) müraciət etməsi ilə səciyyələnir.
Müqayisəli dəyər baxımından yanaşsaq,
Kitaronun təlimi fəlsəfənin hüdudlarından kənara
çıxır və vahid dünya fəlsəfəsinin bir
hissəsi kimi dəyərləndirilir. Qərb nəzəriyyələrinin
əsas ziddiyyətləri, Kitaro tərəfindən Zen fəlsəfəsindən
gətirilmiş xüsusi məntiq və fəlsəfi
paradiqmaya uyğun olaraq aradan qaldırılır. Beləliklə,
Nisida Kitaro təliminin tədqiqi dünya fəlsəfi
diskursunun inkişafı üçün də
aktualdır.
Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, hazırda yapon fəlsəfəsi
lazımi səviyyədə araşdırılmayıb.
Müasir dövrdə bu fəlsəfə, adətən Zen
meditativ praktikaları və yapon döyüş sənətlərinin
estetik-mənəvi əsasları ilə eyniləşdirilir.
Yapon məişətinin populyarlığı sayəsində
məşhurlaşmış "vabi" və "sabi"
kateqoriyaları özündə daha çox tam fəlsəfi
anlayışları deyil, yaponların empirik təcrübəsinin
kvintessensiyasını təmsil edir. Yaponların orijinal və
unikal düşüncə tərzi müxtəlif tədqiqatçıların
diqqətini çoxdan cəlb edib. Zen buddistlərin
dünyagörüşünün paradoksallığı,
onların xətti düşüncəni və rasional
intellekti inkar etməsi də maraq doğurur. Lakin həm yerli,
həm də Qərb şərqşünasları yapon ənənəsini
şərti olaraq Şərq paradiqmasına daxil etmiş və
onu ayrıca öyrənməmişlər.
Nisida
Kitaro Qərb düşüncəsinə tənqidi yanaşsa
da, onun dəyərini, xüsusən, forma və
yaradıcılıq anlayışını qəbul edirdi.
Nisidanın orijinal və yaradıcı fəlsəfəsi Zen
buddizmi ilə Qərb fəlsəfəsinin ideyalarını
birləşdirərək Şərq ilə Qərbi
yaxınlaşdırmağa
çalışmışdır. Kitaro
"Yaxşılığın
araşdırılması" və "Heçliyin məntiqi
və dini dünyagörüş" kimi əsərlərində,
habelə bir çox kitab və esselərində bu məsələlərə
öz münasibətini bildirmişdir.
Nisida
Şərq və Qərb fəlsəfəsi arasında əlaqələrdən
danışarkən bu iki fenomen arasındakı əsaslı
fərqləri də göstərməyə
çalışmışdır. Nisida mədəniyyətin
özəlliyini "heçlik" anlayışında
görmüşdür. O, Zen buddizminin prinsiplərinə əsaslanaraq
heçliyi hər şeyi əhatə edən bir kainat kimi təqdim
etmişdir: "o, hər şey olmaqla yanaşı, heç
nədir", "o, hərəkətsiz hərəkət
edir", "o, şərtsiz müəyyən edir". Bununla
belə, Nisida öz fəlsəfəsini Şərq buddist baxışlarından
qaynaqlandığını iddia etsə də, onun fikirləri
Qərb idealist fəlsəfəsi və xüsusən,
ekzistensializm ilə yaxınlıq təşkil edir.
Nisida
Kitaro, həmçinin komparativ fəlsəfəni inkişaf
etdirərək Şərq və Qərb fəlsəfi
düşüncələri arasında müqayisəni də
dərinləşdirdi. O, yalnız Hind və Çin fəlsəfə
ənənələrinə deyil, həmçinin yapon fəlsəfi
fikirlərinə də yeni dəyər qazandırdı.
Nisida, fərqli fəlsəfi paradiqmaları sintez edərək
özünəməxsus və bütöv bir yanaşma
nümayiş etdirdi. Bu tədqiqatın dəyəri, Nisida Kitaro
irsinin müasir fəlsəfə kontekstində təhlili və
Şərq-Qərb fəlsəfəsi arasındakı əlaqələrin
araşdırılmasına daha geniş perspektivlər
açmasında dayanır.
Nisida
Kitaro fəlsəfəsinin öyrənilməsi qədim və
müasir Yaponiyanın fəlsəfi düşüncə dünyasına
daha dərindən nüfuz etməyə imkan verir. Onun tədqiqatları
fəlsəfənin eklektik və vahid bir proses kimi qəbul
edilməsini təmin edir. Bu yanaşma fəlsəfə
tarixinin həm Şərq, həm də Qərb inkişaf
istiqamətlərini birləşdirən universal bir sistem kimi
təqdim olunmasına şərait yaradır. Sadə şəkildə
desək, əslində filosof öz tədqiqat əsərlərində
Qərb rasionalizmini Şərq mənəviyyatı ilə
birləşdirməyin yolunu axtarırdı.
Nisida
buddist baxışa uyğun olaraq, əslində "mən"
deyilən bir şeyin olmadığını qəbul edir. O,
bunu "mütləq yoxluğun
özünüoyanışı" ilə əlaqələndirir.
Bu oyanış, "həqiqi yoxluğun
oyanışı"dır. Mütləq yoxluq fəaliyyətdə
özünü göstərir və substansial "mən"in
inkarı ilə onun təsdiqini ehtiva edir.
Nisida əmin
idi ki, həqiqətə çatmaq üçün fəlsəfə
və din məsələlərini birgə nəzərdən
keçirmək lazımdır. Bunun üçün hind və
antik yunan fəlsəfələrini nümunələr gətirirdi.
Nisidanın
əsas fəlsəfi konsepsiyası, bəzən
"antinteellektualizm" adlanır. Burada həqiqi varlıq
xüsusi bir vasitə ilə - "şeylərə
baxış tərzi" və ya "özünüdərketmə
yolu" vasitəsilə, intuisiya ilə əldə edilir. Bu,
obyektiv və subyektiv fərqi aradan qaldırmağa imkan verir.
Nisida cəmiyyətin inkişafını ümumi -
heçlik və xüsusi - insan fərdləri
arasındakı qarşılıqlı təsirin nəticəsi
kimi təsvir edir. Bu qarşılıqlı münasibət
"Mən" və "Sən" arasında kommunikasiyada
öz ifadəsini tapır.
Nisidaya
görə, din, incəsənət, əxlaq və elm tarixi
dünyada varlığın ideal formalarıdır. Alim və
ya rəssamın fəaliyyəti insanın formalaşdırıcı
fəaliyyətinin təzahürüdür. Tarixi dünya
"mütləq yoxluq sahəsi" kimi, "yoxluğ"un
özünümüşahidəsinin son nöqtəsidir.
Yoxluq və
ya "boşluq" Uzaq Şərq ənənəsində
daha dinamik bir ölçüyə malikdir. Bu, insan hissləri
ilə dərk edilməyən və intellektual olaraq
anlaşıla bilməyən insanlarla kosmos, təbiət
arasındakı münasibətlərdir. Nisida Yaponiyanın
autentik olan (autentik - gerçək - F.M.) milli mədəniyyətinin
əsaslarını Çin və hind təsirlərindən
ayırmağa çalışmış və onları
estetik sahədə, ənənəvi poeziya nəzəriyyəsində
tapmışdır.
Nisidanın
fəlsəfəsi yapon intellektual ənənəsinin unikal
interpretasiyası olub, onu müasir fəlsəfə ilə
birləşdirərək dünya fəlsəfi diskursuna daxil
etmişdir. Zen paradokslarını fəlsəfə müstəvisinə
çıxaran Nisida öz müstəqil təlimində Qərb
və Şərq fəlsəfi ənənələrinin
güclü tərəflərini sintez etməyi
bacarmışdır. O, müstəqil filosof olaraq, dünya fəlsəfi
irsinə orijinal töhfə vermişdir.
Nisida
Kitaro yaxşı təhsil almış, Şimali Amerika və
Avropa düşüncə sistemlərini diqqətlə
öyrənmişdir. O, elmi karyerası boyunca müxtəlif fəlsəfi
istiqamətlərə dərindən nüfuz edərək,
daim müasir idealist nəzəriyyələrə
marağını saxlamışdır. Bu kontekstdə onun
ekzistensial yönümlü tədqiqatları təsadüfi
deyildi. Nisida, ekzistensializmi klassik fəlsəfi
düşüncənin əsas ziddiyyətlərini və
çıxılmazlıqlarını aşmağa
çalışan bir cəhd kimi qiymətləndirdi. Lakin
onun fikrincə, ekzistensializm bu problemləri yalnız aşkar
etmiş, onların həllinə nail ola bilməmişdir.
Məkan
və zaman anlayışı mədəniyyətin müəyyənedici
xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətlər
gündəlik həyat tərzində, incəsənətdə,
ədəbiyyatda və fəlsəfədə təzahür
edir. Kitaro Nisidanın əsərlərində məkan və
zaman konseptualizasiyası və ya "məkan" və ya
"topos" məntiqi əsas yer tutur.
Bu,
Aristotelin subyekt məntiqi və Kantın predikat məntiqinin
subyekt-obyekt fərqini aradan qaldırmaq üçün dinamik
qarşıdurmaların həlli deyil, onların
qarşılıqlı təsirində həqiqəti
tapmağa yönəlmiş bir baxışdır.
Nisida,
"heçlik", "özünüoyanış" və
"məkan məntiqi" kimi anlayışlar
formalaşdıraraq şüur, "Mən"in dərk
edilməsi və ekzistensial problemlərə yeni baxış
bucağı gətirdi. Onun tədqiqatları Qərb təfəkkürünün
sərhədlərini aşaraq fəlsəfi düşüncənin
ümumi inkişafında növbəti addımın məntiqiliyini
və zəruriliyini nümayiş etdirdi. Nisidanın təqdim
etdiyi "özidentiklik" anlayışı subyekt və
obyekt, "Mən" və "qeyri-Mən", varlıq və
heçlik arasındakı qarşıdurmanı aradan
qaldırmaq üçün yeni bir yanaşma idi.
Fəlsəfə
tarixində ilk dəfə olaraq bu cür dixotomiyalar digər
dünyagörüş mədəniyyətlərinə və
təfəkkür məntiqinə müraciət əsasında
aradan qaldırıldı (Dixotomiya - vahidin bir-birini inkar edən
iki hissəyə bölünməsi - F.M.). Bu, Qərb və
Şərq paradiqmalarının birləşməsi əsasında
ziddiyyətlərin aradan qaldırılmasında unikal təcrübə
kimi özünü doğrultdu. Nisida Qərb və Şərq
fəlsəfəsi arasında sərhəd qoymadan fəlsəfəni
vahid bir proses kimi qəbul edirdi.
Nisida
Kitaro yaradıcılığı - Kioto fəlsəfi məktəbinin
banisi - ekzistensial fəlsəfə, fəlsəfi fenomenologiya,
mistik buddizm praktikası və xristian etikasının elementlərini
özündə birləşdirən sintezi təmsil edir.
Nisida Kitaronun sintez fəlsəfəsi Şərq mədəniyyəti
və xristian dünyasının dünyagörüşlərinin
qarşılıqlı təsiri olmadan mümkün deyildir.
Nisida Kitaronun "Xeyrin araşdırılması" əsərindəki
"saf təcrübə" birbaşa təcrübə həm
fərdi subyektiv həqiqi bilginin əsası, həm də
Tanrıda təcəssüm edən ali reallıqdır. Bu
cür təcrübənin şərti və imkanı fərd
daxilində faktiki, intellektual, iradi və intuitiv
başlanğıcların birliyindədir. Bu cür fərdi və
təcrübəni başa düşmək Nisidanın fəlsəfəsini
xristian insan anlayışı ilə
yaxınlaşdırır.
Kitaro
Nisida, unikal ideyaları və "məkan"
konsepsiyasını təklif etməsi ilə məşhur olan
görkəmli yapon filosofudur. Onun fəlsəfəsi Qərb və
Şərq ənənələrini birləşdirməyə
çalışaraq yapon düşüncəsinə əhəmiyyətli
təsir göstərmişdir.
Nisidanın
əsas ideyalarını belə xarakterizə etmək olar:
1.Subyekt və obyekt dualizminin aradan qaldırılması. Nisida
hesab edirdi ki, Aristotel və Kantın məntiqinə əsaslanan
Qərb fəlsəfəsi dünyanı subyekt və obyektə
bölür ki, bu da reallığın anlanması
üçün qeyri-adekvatdır. O, bu ikilikdən əvvəl
gələn və onları birləşdirən "məkan"
(başo) konsepsiyasını təklif etmişdir. 2."Məkan"
(başo). Bu onun fəlsəfəsinin əsas
anlayışıdır və sadəcə məkan deyil, əksinə,
varlığın əsasını təşkil edir, burada hər
şey bir-biri ilə bağlıdır. 3.Başonun məntiqi.
Nisida, subyekt-obyekt münasibətlərinə əsaslanan məntiqin
məhdudiyyətlərini aradan qaldırmaq üçün
başo anlayışına əsaslanan spesifik məntiq
inkişaf etdirmişdir. 4.Zen-buddizm təsiri. Onun fəlsəfəsi
Zen-buddizm ənənələri ilə sıx
bağlıdır və bu, formasız və səssiz
olanı dərk etməyə, həmçinin
özünüdərk axtarışına yönəlib.
5.Şərq və Qərb fəlsəfəsinin sintezi. Nisida
Şərq dünyagörüşü ilə
uyğunlaşdıraraq Qərb fəlsəfəsinin,
xüsusən də alman və fransız fəlsəfəsinin
metodologiyasını istifadə etməyə
çalışmışdır.
6.Özünüreallaşdırma və
yaradıcılıq. Onun fəlsəfəsi daxili intuisiya və
kamilliyə canatma əsasında
özünüreallaşdırma və yaradıcılıq
axtarışına çağırır. 7.Yeniliyə
açıqlıq. Nisida, dəyişən şəraitə
uyğunlaşaraq fəlsəfəsini daim inkişaf etdirməyə
can atırdı.
Onun
"Müasirlik və tarix", "Xeyir haqqında",
"Mahiyyətin araşdırılması" kimi əsərlərində
ifadə olunan bu ideyalar müasir filosof və tədqiqatçılara
təsir göstərir.
Nisidanın
əsas mövzularını isə belə səciyyələndirmək
olar: Qərb fəlsəfi ənənəsinin tədqiqi və
tənqidi. Nisida "yoxluq" ideyasını Buddizm ənənəsi
və Haydeggerin fəlsəfəsindən ilham alaraq
"mütləq boşluq" kimi təqdim edir. Bu konsepsiya
ümumi və fərdi arasındakı ziddiyyətləri həll
etmək və azadlığın imkanlarını
araşdırmaq üçün istifadə olunur.
Haydeggerlə
paralellər. Haydeggerin "Heç nə"
anlayışı ilə Nisidanın "yoxluq"
konsepsiyası arasında əlaqə mövcuddur. Nisida
üçün yoxluq insan azadlığının əsas
şərtidir.
"Başo"
və azadlıq. Nisida azadlığı daxili iradənin
müstəqilliyi kimi təsvir edir və bu, həm mühiti
müəyyənləşdirir, həm də onunla müəyyən
olunur.
Nisidanın
fəlsəfəsi, Haydeggerin "Dasein"
anlayışı və uzaq Şərq buddizmindəki "həqiqi
Mən" konsepsiyası ilə bağlı olan
özünüdərk və insan azadlığı məsələlərini
əhatə edir. Ümumiyyətlə, Kitaro fəlsəfəsində
əsas anlayışlardan biri özünüdərk hesab
olunur. Bu, intuisiyanın və refleksiyanın
qarşılıqlı əlaqəsi vasitəsilə əldə
edilir.
Nisida
Kitaronun fəlsəfi evolyusiya yolu onun hər bir əsərinin
təhlili və bu əsərlərin onun
yaradıcılığına təsiri kontekstində öyrənilməlidir.
Onun Kyoto məktəbinin yaranmasındakı rolu, həmçinin
müasir yapon fəlsəfəsinin formalaşmasında
oynadığı mühüm rola xüsusi diqqət yetirilməlidir.
Nisida
Kitaronun estetik fikirləri də maraq doğurur. Filosof belə
hesab edirdi ki, ənənəvi poeziya da daxil olmaqla, yapon
estetikası, yapon ruhunu və mentalitetini anlamaq
üçün əsas açardır.
Nisida Qərb
sivilizasiyasının, xüsusən, forma və
yaradıcılığa canatma anlayışlarının təsirini
qəbul edirdi.
Budda fəlsəfəsində
inkar və təsdiq "qoşa qanaddır". Nisida Kitaro
"boşluq" kimi buddist anlayışlarını fəlsəfi
müzakirələrinə gətirərək, həqiqi
varlığın "həqiqi yoxluğun
oyanışı" ilə bağlı olduğunu
bildirirdi.
Nəticə
etibarilə, Nisida Kitaro irsi müasir fəlsəfə tarixində
özünəməxsus yer tutaraq, fəlsəfi
düşüncənin yeni sərhədlərini müəyyən
etmişdir.
Ümumiyyətlə,
Nisida Kitaro özündən sonra zəngin fəlsəfi irs
qoymuşdur və bu irs yapon mədəniyyətinin və onun
dünya səhnəsindəki yerinin anlaşılmasında
müstəsna rol oynamışdır.
Firuz
MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.30-31.