Keçmiş tarix haqda
təzə qeydlər
Kiçik taleyilə fəxr eyləyənlər
Böyük taleləri dərk edə
bilməz.
N.Həsənzadə
1
Köhnə zamanlarda köhnə
kişilərdən qalma
əşyaları saxlayarmışlar,
adamlar bəzilərini
öz üstlərində
gəzdirərmişlər ki, nədi, nədi, tilsimlidi bunlar. Belədə adama bata bilmirlərmiş, adama, hətta güllə də dəymirmiş.
Məncə, böyük şairlərin
sözü, ulu ozan-aşıqların
sazı da bir tilsimdir. Nə qədər ki, ürəyimizdədir,
bağrımızın başındadır,
bizə zaval yoxdu!
İstərdim ki, bu tilsimdən
hamı yararlana bilsin. Bütövlükdə
nəticədə xalq,
millət özü tilsimlənsin!
Xalq, millət özü tilsim olsun!
2
...Faşistlər Ziqmund Freydi də öldürmək istəyirmişlər.
Bunu eşidən II Napoleonun nəvəsi, yunan şahzadəsinin arvadı Mariya Bonapart müəlliminə
görə (Z.Freyd onu müalicə etdiyi üçün) ölüm hökmünün
ləğvi müqabilində
istənilən məbləği
ödəməyə hazır
olduğunu bildirib.
Himler konkret qiymət kəsib:
"Knyaginyanın möhtəşəm
sarayı açarlarıyla
birgə!"
M.Bonapart
nifrətlə: "Allaha
şükür ki, mənim
babamın da familiyasını
ala bilmirsiniz", deyib
kağıza qol çəkib.
...Biz də hansısa kağıza qol çəkə bilərik
müəllimimizin yolunda!
Təki bizdən əxlaqımızı, mənəviyyatımızı,
Üzeyirimizi, Bülbülümüzü,
bizi xalq, millət edən milli ruhumuzu almağa cəhd etməsinlər.
3
Nizami İsgəndərə "Rum papaqlı
Türk" deyib. Nizamiyə görə insan 2 dəfə cam içir:
1) Əzəl camı.
2) Əcəl camı.
Nizami İsgəndərin ölüm
ayağındakı vəziyyəti,
sonrakı səfəri
haqda yazırdı:
Dolanıb görmüşdü o bir çox yeri,
Başqa
bir yerəydi indi səfəri.
Altaylıların təsəvvürünə görə, bizim məşkunlaşdığımız yerdən başqa da bir yer var. Orda
əbədi zülmət
hökm sürür.
O yerin adına "Altıncı orda" - altıncı yer və ya "Alış diyer - "Uzaq yer" deyirlər.
...Xaqani şeirlərinin birində "Yeddibaşlı
ilan" sözünü
işlətmişdir. Mənası
insanları udan yer - qəbir, ölüm deməkmiş.
İsa Muğanna həyat yoldaşı Firuzə xanıma ölümündən
bir az əvvəl
deyib ki, "Orda (guya o biri otaqda)
bir yer var, ora dəyib gəlirəm". Divandan
ayağa qalxdığı
ilə keçindiyi bir olub.
4
Qazaxlı aşıq Saqif
Məzəmli danışır
ki: "Babam ağır
taxtalı, azman boy-buxunlu bir kişi
olub. Həccə də gedib-gəlibmiş.
Dəyirmançıymış. El içində halallığıyla
ad çıxarıbmış.
Həmişə imkansız
adamları qabağa salıb dənini üyüdür, yola salırmış.
Bir gün bir arvad
dəyirmana dən gətirib deyir ki, məni hamıdan qabaq yola salsan,
bir gecə səni qonaq edərəm.
Kişi
dərhal dəyirmanı
bağlayıb evə
qaçır. Qarısına
deyir ki, "Tez ol, su qoy, məni
çimizdir. Məni filan həyasız sözüylə murdarladı...
Aman Allah!
Necə
abırlı kişilər
olub.
Başsız, abırsız bir
arvadın özüylə
yatmaqdan yox, dediyi həyasız sözdən murdarlanıbmış...
5
Adətən, ağbirçəklərimiz biz uşaq olanda Allaha dua edərdilər
ki, "Balamı bədnəzərdən,
pis nəfəsdən
qoru, Allahım!"
Molla Pənah Vaqifsə görün, nədən ötrü dua edərmiş:
Vaqif bir şeydadır, dolanır bağı,
Xəstədi, dərmanı dilbər
dodağı.
O büllur buxağı,
alma yanağı,
Allah, bədnəzərdən səlamət
eylə!
Yəni
ki, gözəli və
gözəlliyi hifz eylə, deyirmiş!
Göründüyü kimi, bu dualar fərqli-fərqli
şeylərdi. Öz
gözəl balan üçün etdiyin duayla bütün gözəl və gözəlliklər üçün
edilən duanın fərqi göz qabağındadır.
Bu fərqliliyinə və vaqifliyinə görə M.P.Vaqif böyük Azərbaycan şairi ola bilmişdi.
6
Dini kitablarda və mənbələrdə dönə-dönə
deyilir və xatırladılır ki, Adəm
cənnəti bir buğdaya satıb cənnətdən qovuldu.
Məni bir sual düşündürür:
Adəmmi
buğdanı yedi, yoxsa buğdamı Adəmi yedi?!
Çoxlarına bəllidir ki, burda
"buğda" sözü
məcazi anlamdadır,
əslində nəfsin
daşıyıcısıdır. Adəm nəfsinə hakim
olmağa çağırılmışdı.
O, bu çağırışa
məhəl qoymadı.
Odur ki Adəm buğdanı yox, buğda (nəfs) Adəmi yedi.
Və hələ də yeyir...
Bu fikir Nəsimidə belədir: "Buğdayam,
həm asiyabəm",
yəni "həm yeyənəm, həm yeyilən".
7
"6 yaşında durmadan qaçdım insanlardan"
deyib Ə.Yəsəvi
öz "Divanı"nda.
"İnsanlardan uzaqlaşdım"
- bu fikir də "Türküstan
Pir"inə aiddir.
Xaqani axmaqdan qaçmağı
tövsiyə edirdi.
Lakin o, təkcə axmaqdan
yox, öz-özündən
də qaçmaq istəyirmiş.
Çünki o da yaxşı bilirdi
ki, "Quran"ın son surəsində
belə buyurulur:
"De ki, qaçıram şeytan
vəsvəsəsindən, qadın şərindən,
cinlərdən, insanlardan...
Sənə sığınıram".
İnsan
qaçmağa məhkummuş.
Ömrü də, günü
də, yerişi də, duruşu da qaçışmış.
Lakin iki cür qaçış
varmış; bir var
ki şeytandan, axmaqdan,
nakəsdən, ilandan,
çayandan, itdən,
qurddan (bir sözlə, təhlükədən,
təhlükəli şeydən)
qaçasan, bir də var ki, səni Yaradana - Onun qucağına, onun lütfünə doğru
qaçasan, biryolluq hər cür təhlükədən, qorxudan
qurtarasan.
Bunu
İmam Qəzali belə
deyir.
8
Mikayıl Müşfiq "Yenə
o bağ olaydı"
şeirini 1937-ci ildə
yazıb və deyib: "Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur..."
Səməd Vurğun isə
həmin ildə belə yazıbmış:
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala,
duyğuya qol-qanad verir.
Hər ikisi qarşıdan gələn repressiyadan xəbərsizmiş...
9
Meracda Həzrəti Məhəmmədə
izn verilib ki, ayaqqabısını soyunmadan
Ərşə ayaq bassın. (Halbuki Tur dağında, Tuva (Eymən)
vadisində Musaya deyilmişdi ki, "Nəleyini
çıxart!"
Niyə,
bilirsinizmi?!
Ayaqqabısı eşşək dərisindənmiş.
O gözəl vadi murdarlanmasın deyə belə buyurulmuşdu...
10
Xalq arasında Rusiyaya "Uruset" desələr də, bir adı
da belədir: "Ər
Əs Ey."
Məhşərin digər adı
"Ərəsət"dir. Məhşər gününü
xatırladan bir hadisə olanda xalq deyir: "Hər şey, hamı bir-birinə qarışmışdı, elə
bil Ərəsət ayağıydı".
Hər iki söz Odərcədir.
Demək,
belə çıxır
ki, xalq İ.Muğannanın
dediyi Odər dilindən ondan əvvəl, bəlkə də lap çoxdan xəbərdarmış.
Yaxşı, deyək ki, böyük
yazıçımız elə
bir dildən söz açıb danışanda ona inanmaq istəmirdilər.
Bəs onda bu dil
olmayıbsa, xalq hardan bilirdi onu?!
11
Yol bir dakka mikdarında,
Gediyorum
gündüz-gecə.
Aşıq Veysələ görə
bizə bir dəqiqəlik yol (vaxt, ömür) verilib.
Di yola çıx, yolçu ol, yaşa, görüm, gecə yaşayırsan?!
12
"Tanrılar tanrısı insandır, insan!" deyən, "Gözəl
qız, mənə söylə, sən deyilmisən, Allah?!" söyləyən
Mikayıl Müşfiq
bu misraları
1923-cü ildə Azərbaycanda
"Allahsızlar cəmiyyəti"
yaratmış sovetlərin
ideoloji təsiri altındamı yazmışdı
yoxsa?!
Əlbəttə ki, ruhunda ruhu çırpınan Nəsiminin
təsirilə yazmışdı!
Müşfiq "Dindən
təbiətə" adlanan
şeirində, hətta
"Oturalım özümüz
Nəbilərin yerində"
mesajını da açıq-aşkar
verməkdən çəkinməmişdi.
Beləliklə, onun poeziyasında
Müşfiqin Nəsimiliyi,
Nəsiminin Müşfiqliyi
beləcə başlamışdı.
Nakam taleyi də bir daha göstərir
ki, düşünməyə əsas verir ki, əslində Müşfiqin
də evini Nəsimiliyi yıxıbmış.
...Nəsimininsə əsrlər
öncə müşfiqliyi
də varmış?!
"Allahlıq" etmək istəyən daha bir şairdən qorxdular.
Fürsəti bu dəfə də fövtə vermədilər.
Bu dəfə onu 48-49 yaşında yox, 28-29 yaşlarındaca boğdular...
13
Pablo
Neruda Nobel nitqində deyib:
"Son zamanlar çoxlu şair və şairələr yetişib.
Onlar tezliklə tanınacaqlar. Oxucu isə onlarla hesablaşmaq məcburiyyətində
qalacaq.
Bu halda oxucunu gerçək
poeziya axtarışı
ilə dəvə belində səhraya, ya da ulduzlara ekspedisiyaya göndərmək
ehtiyacı yaranacaq".
P.Neruda doğru düşünürmüş.
...Bu gün öz poeziyasından geri qalan şair küçənin və kütlənin verdiyi "şöhrət"ə doğru
gedir.
Barat
VÜSAL
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.27.