Almas İldırımın
mühacirət
həyatından fraqmentlər
Almas
İldırım haqqında araşdırmaların müəllifləri onun həyatının mühacirətəqədərki dövrünə nisbətən çox yer vermiş, mühacirət dövrü
həyatı
barədə təqdim etdikləri bilgilər isə zaman-zaman cüzi fərqlərlə
bir-birini təkrarlamışdır. Şairin
ilk ətraflı bioqrafiyası Feyzi Ağüzümün Almas İldırımın “Seçilmiş şeirləri” kitabında yer almış – “Almas İldırımın hal-tərcüməsi” adlı
yazısıdır. Bu yazı özündən sonrakı
araşdırmalar üçün dəyərli bir mənbə rolunu oynamışdır.
Belə ki, şair haqqında ilk sistemli monoqrafiyanın müəllifi
akademik Bəkir Nəbiyev yazır:
“... F.Ağüzümün bioqrafik yazısından indiyədək A.İldırım haqqında Bakıda nəşr edilmiş istisnasız olaraq bütün məqalələrin müəllifləri faydalanmışlar. Şairin
həyat yolu barədə bəzi əlavələri çıxmaq
şərtilə, bütün
müəlliflər A.İldırımın tərcümeyi-halına
dair faktları təkrar etmişlər” (Didərgin şair (ikinci nəşr), s.19).
Biz də F.Ağüzümün
şairin mühacirət
dönəmi həyatına
dair təqdim etdiyi faktların sonrakı araşdırmalar
üçün faydalı
olduğunu qeyd etməklə yanaşı,
B.Nəbiyev və Ənvər Arasın da bu yöndəki tədqiqatlarının önəmini
vurğulamağı özümüzə
borc bilirik. Lakin zaman keçdikcə A.İldırımın
mühacirət həyatına
dair yeni faktların meydana çıxması onun elmi tərcümeyi-halının
bu yöndən daha ətraflı araşdırılmasını zəruri edir. Biz bu məqaləmizdə şairin Türkiyədəki
həyatının həm
məlum, lakin səthi
toxunulan, həm də az bilinən
və elmi araşdırmalardan kənarda
qalan bəzi məqamları barədə
bəhs edəcəyik.
A.İldırım Türkiyədə
yaşadığı müddət
ərzində yalnız
dövlət işlərində
çalışmaqla və
bədii-publisistik yaradıcılığını
davam etdirməklə qalmamış, sosial çevrələrə qatılaraq
bölgənin mədəni-maarif
işlərində də
fəallıq göstərmişdir.
Bu barədə Ənvər
Arasın “Xəzərdən
Xəzərə Almas İldırım”
kitabında bəzi
bilgilər yer almaqdadır. O, qeydlərində
Elazığdan olan
Mehmet Ərgönül adlı
bir şairə istinadən, A.İldırımın
müxtəlif təmsillər
(burada: tamaşa –
H.C.) tərtib etdiyini,
hətta onun özünün də bu təmsillərdə rol aldığını vurğulamışdır (s.65-66). Həmçinin müəllif
şairin oğlu Azər Almasdan alınmış reportaja əsasən qeyd edir: “Almas İldırımın
oğlu Azər bəyin ifadəsinə görə, Ağında Azərbaycanın dünya
çapında məşhur
olan bəstəkarı,
dramaturqu Üzeyir Hacıbəylinin “O olmasın,
bu olsun” adlı tiyatro əsərini səhnəyə
qoyar, öyrənci və öyrətmənlərlə
birlikdə oyunda iştirak edər” (s.66).
Biz bu barədə araşdırmaları daha
da genişləndirərək deyə bilərik ki, A.İldırım
1934-cü ildə Elazığda
açılmış Xalq
evinin fəaliyyətində
yaxından iştirak etmiş, bölgənin əhalisinin sosial-mədəni
yönümdən inkişafına
öz töhfəsini
vermişdir. Təkcə
Elazığda deyil, ölkənin bir sıra digər bölgələrində də
açılan bu Xalq evləri əhalinin maariflənməsini,
mədəni səviyyəsinin,
dünyagörüşünün artırılmasını, cəmiyyətin
daha faydalı fərdlərinə çevrilməsini
hədəfləmişdir. Elazığ
Xalq evinin tərkibində müxtəlif (dil, ədəbiyyat,
tarix, təmsil, idman, nəşriyyat, kitabxana və s.)
şöbələrin fəaliyyəti isə bu hədəflərə
çatmağa xidmət edən əsas vasitələrdən
olmuşdur. Belə ki, Yavuz Haykır yazır: “Təmsil
şöbəsi Elazığ və çevrəsindəki
bölgə qadın və qızlarının sosial
qalxınmalarını təmin üçün təmsillərə
böyük önəm vermiş, 5 pyesi ikişər dəfədən
on dəfə təmsil etmiş və 5000-dən fazla
yurddaş bu təmsilləri izləmişdir” (Türk
Dünyası Araştırmaları Dergisi. 2007, sayı 171,
s.125.). A.İldırımın da
iştirakçısı olduğu bu tip fəaliyyətlər,
quruluş verdiyi əsərlər, müxtəlif
tamaşalarda ifa etdiyi rollar Elazığın gənc türk
nəslinin tərbiyələnməsi və maariflənməsi
yolunda təqdirəlayiq bir addım olmuşdur. Bütün
bunlar onun teatral istedada malik olduğunu da təsdiq edən
faktlar kimi diqqəti çəkir.
Elazığ Xalq evi yaradılmasından 1 il sonra “Altan” adında dərgi
buraxmağa başlamışdır. Dərginin əsas fəaliyyət
istiqamətləri Elazığın ədəbi-mədəni,
tarixi-coğrafi özəlliklərini əks etdirməklə
yanaşı, bu bölgələrin zəngin və rəngarəng
şifahi xalq yaradıcılığı incilərini
tanıtmaq olmuşdur. Dərginin yazar heyəti içərisində
Elazığda qısa müddətdə
sayılıb-seçilən ziyalı kimi tanınmış A.İldırım da olmuşdur. Onun
sözügedən yayım orqanında “İrəliləyən
Elazizə”, “Tunceli dağlarına”, “Uzaqdakı soydaşlara
çağırış” kimi şeirləri çap olunmuşdur
ki, bu şeirlərdən sonuncusu Türkiyənin Cümhuriyyət
bayramı münasibəti ilə
yazılmışdır.
Qeyd edək ki, A.İldırım
Türkiyədə yaşadığı zaman İkinci
Dünya müharibəsi başlamışdı.
Dövrün türkçüləri müharibənin tərəflərindən
biri olan Almaniyaya xilaskar gözü ilə baxır,
almanların sovetlər üzərində qələbə
çalacağı təqdirdə, türk xalqlarının
da yenidən öz müstəqilliklərinə
qovuşacaqlarına, hər birinin öz hürr dövlətini
quracaqlarına inam bəsləyirdilər. Mühacirətşünas
alim N.Cabbarlının da doğru qənaətinə
görə, “...II Dünya müharibəsi dövründə
azərbaycanlı
döyüşçülərin bir qismi
könüllü olaraq almanların ruslara qarşı
vuruşmaq üçün təşkil etdikləri milli
birliklərə (legionlara) daxil olmuş və bu birliklərin
tərkibində rus əsarətinə, bolşevizmə,
totalitar sovet rejiminə qarşı rəşadətlə
vuruşmuşlar. Milli birliklərə qoşulmuş
soydaşlarımızın nəzərində düşmən
faşist Almaniyası deyil, onların vətənini
işğal edərək, üçrəngli
bayrağını endirmiş, millətini əsarət
altına almış bolşevik Rusiyası idi” (Azərbaycan mühacirət
nəsri, s.55). A.İldırım da öz
mübarizəsini almanların mövqeyində durmaqla
aparırdı. Xeyli diqqətçəkən fakta nəzər
yetirək. “Yeni Konya” qəzetinin yazarlarından, 1934-cü ildə
Elazığa müəllim kimi təyinat alan, şairlə
burada tanış olub dostlaşan Ramiz Arda “Xatirələrimin
acı bir yarpağı: Bir dava adamı Almas
İldırım” adlı xatirələrində
A.İldırımın ona dediklərini çatdırır:
“Almanların Rusyaya saldırıb bir sel gibi irəlilədikləri
zaman bir gün bana açıldı: Rusya gediyor,
parçalanıyor, dedi, Almanyada, İstanbulda, İranda bulunan
Azərbaycan türkləri hərəkətə keçdilər,
həpimiz birlikdə Rusyaya sızaraq yurdumuza gedəcəyiz.
Almanların hərəkətlərini təqib edəcək və
içdən-içə çalışaraq müstəqil
türk yurdları qurularkən işin başında
bulunacağız, bən bu gün-yarın məktub bəkliyorum
İstanbuldakı təşkilatımızdan”
(Hatıralarımın acı bir yaprağı: Bir dâva
adamı «Elmas Yıldırım». “Yeni Konya” gaz., 5 ocak 1962, sayı 4436, s.3). A.İldırım bütün bunlardan R.Ardaya
gizli şəkildə bəhs etmiş, övladlarını və
yoldaşını özü ilə aparmağın ilk
başda mümkün olmayacağını, onları Ardaya
tapşırdığını, daha sonra ailəsini
yanına aldıracağını demişdir. R.Ardaya
görə, şairin söylədikləri sadəcə,
boş vədlər deyildi; o, Məhəmməd Əmin Rəsulzadə
və Mirzə Bala Məhəmmədzadəyə güvənirdi.
Lakin təəssüf ki, 2 fevral 1943-cü il Stalinqrad
döyüşündə almanların sovet qoşunlarına
məğlubiyyəti ilə bir çox istiqlal mücahidi
kimi, Almasın da Vətənin tezliklə əsarətdən
qurtulub azadlığa qovuşacağı ilə bağlı
gözləntiləri puç oldu. Baş verən bu olaydan bir
müddət ciddi mənəvi sarsıntı keçirməsinə
baxmayaraq, möhkəm iradəyə malik olan şair
özünü toparlayıb gücünü səfərbər
etmiş və yenidən qutsal mücadiləsini
yürütmüşdü.
A.İldırımın “İstanbuldakı
təşkilatımız” deyə
söz açdığı, zənnimizcə, M.Ə.Rəsulzadənin
rəhbərlik etdiyi, qayəsi
sovet hakimiyyətini çökdürərək yenidən vətənimizi
müstəqilliyinə qovuşdurmaq olan Azərbaycan Milli Mərkəzidir.
Bu qurum öz ətrafında Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu ilə fərqli-fərqli ölkələrdə
mühacir həyatı sürməyə məhkum olmuş
istiqlalçı soydaşlarımızı
toplamışdı. Sözügedən zamanda Rumıniyada
yaşayıb-fəaliyyət göstərən M.Ə.Rəsulzadənin İstanbuldakı təmsilçisi
Müsavat Partiyasının Xarici Ölkələr
Bürosunun üzvü Mirzə Bala Məhəmmədzadə
idi (İkinci Dünya savaşının gizli belgeleri. Almanya
Dışişleri Bakanlığı Arşivinden Hitler
Almanyası’nın Türkiye politikası. 1941-1943,
Eskişehir, 2022, s.33.). Bu məqamı əsas götürərək,
Mirzə Balanı hələ Bakıdan, uşaqlıq illərindən
yaxşı tanıyan A.İldırımın
həmin təşkilatla onun vasitəsilə əlaqə
saxladığını ehtimal edə bilərik.
Xatirədə A.İldırımın
dilindən verilmiş
bu tarixi faktlara, İstanbuldakı təşkilat məsələsinə
və s. göstərdiyimiz mənbədən başqa
heç bir yerdə rast gəlməmişik. Qeyd etdiklərimiz
bir türkçü şair kimi, A.İldırımın
başında ilk növbədə, M.Ə.Rəsulzadənin
durmuş olduğu Azərbaycan Milli Hərəkatının ̶
Azərbaycan davasının bu və ya digər dərəcədə
bir parçası olduğunun göstəricisidir. Şairin M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə
kimi mühacirlərimizdən başqa, Ə.Cəfəroğlu
ilə də əlaqəsi olduğunu A.Almasdan alınan
müsahibələrin birindən öyrənirik. Ona
atasının Azərbaycandan kimlərlə əlaqə
qurduğu, məktublaşdığı barədə sual
ünvanlanır. A.Almasın cavabı isə
belədir: “M.Ə.Rəsulzadə, Mirzə Bala, Ə.Cəfəroğlu.
Mənim ağlımda qalan bunlar. Bunlar nədən
ağlımda qaldı? Atam öldükdən sonra bən
İstanbula oxumağa gəldiyimdə bunlar bana ikinci ata
oldular” (https://video.azertag.az/video/52724 ).
A.İldırımın epistolyar
irsindən yalnız
Azərbaycan milli hərəkatının öncül
simalarından Mirzə Bala Məhəmmədzadəyə
22.08.1940-cı ildə əski əlifba ilə türkcə
yazdığı bir cavab məktubu son dövrlərdə
aşkara çıxarılmışdır. Öncə, Mirzə
Baladan məktub almasından dolayı çox sevindiyini, həyəcanlandığını
ifadə edən şair daha sonra Malatyadakı həyat şəraiti,
dolanışığının bir qədər çətin
olması, səhhətinin pozulması, yeni vəzifəyə
təyin olunmasının ailəsinin yaşamına müsbət
təsirləri və s. haqqında məlumat verir. Bu
baxımdan da, şairin öz qələmi ilə
yazılmış sözügedən məktub onun mühacirət
həyatının müəyyən məqamlarına
işıq salan əhəmiyyətli
bir mənbədir. A.İldırımın
“Sizə vətəndən nasıl
ayrıldığımız və
qürbət ellərdə keçirdiyimiz günlər
haqqında ayrıca yazacağım” (D.Əhməd. Almas
İldırımın məktubu aşkarlandı. “Birlik”
jurnalı, 2016, № 1-2 (24), s.20-21.) deməsindən aydın
olur ki, şair məktublarına davam edəcək və
öz həyatı, başına gələn olaylar barədə
daha təfsilatlı məlumat vermək fikrindədir.
A.İldırımın mühacirət
dönəmi həyatına
dair daha bir önəmli fakt onun Türk Milliyyətçilər
Dərnəyi ilə bağlılığıdır. Qeyd etmək
lazımdır ki, 1951-ci ildə ilk olaraq Ankarada qurulan bu Dərnəyin
15 ay ərzində Türkiyənin müxtəlif bölgələrində
60 şöbəsi fəaliyyətə başlamış, A.İldırım da Dərnəyin Malatya
şöbəsində vəzifə tutmuşdur. Bununla
bağlı olaraq, “Demokrat Malatya” qəzetinin 1951-ci ilə aid
198-ci sayında Dərnəyin Malatya şöbəsinin
açılış mərasimi ilə bağlı bir xəbər
paylaşılmışdır. Həmin xəbərdə dərnək
başqanının nitqindən sonra milli şeirlər
oxunduğu, xüsusilə A.İldırımın
“Kremlini yakacağım” şeirinin böyük alqışa səbəb
olduğu ifadə edilmişdir (Türk Milliyetçiler
Derneğinin açılış merasimi. “Demokrat Malatya” gaz.,
23 ekim 1951, s.1.). Onu da qeyd edək ki, şair TMD-nin Malatya
şöbəsində Heysiyyət divanı üzvlərindən
biri kimi fəaliyyət göstərmiş, dərnəyin
ölkə ərazisində təşkilatlanmasına öz
xidmətlərini göstərmişdir. Onun həmin vəzifəyə
seçilməsi xəbərini “Məfkurə” qəzetindəki
“Dərnəyimizin Malatya və Kırıkkale Şöbələri
Ümumi Heyət Toplantıları: Malatya” adlı xəbərdən
öyrənirik. Bu toplantı 25.11.1951-ci il tarixində
keçirilsə də, xəbəri 02.02.1952-ci il tarixində
dərc edilmişdir. Qəzetdən oxuyuruq: “Heysiyyət divanına Almas
İldırım, Musa Diltəmiz, Zülfikar İnanç,
Əkrəm Kağızmanlı, İsmail Yardım, Mövlud
Oğuz seçildilər” (Derneğimizin Malatya ve
Kırıkkale şubeleri umumi heyet toplantıları.
“Mefkûre” gaz., 26 ocak 1952, s.2).
Türk milliyyətçiliyini
yüksək səviyyəyə qaldırmaq, türk milliyyətçilərini
təşkilatlandıraraq onları vahid bir çevrədə
toplamaq, türklər arasında milli birlik ideyalarını
yaymaq, cəmiyyətdə baş verən haqsızlıqlara
qarşı mübarizə aparmaq, yeni nəsil türk gənclərini
əsl türk milliyyətçiləri kimi görə bilmək
Türk Milliyyətçilər Dərnəyinin qurulma məqsədlərindəndir.
Belə bir mühüm amal uğrunda fəaliyyət və
mübarizəsinə baxmayaraq, TMD çox qısa bir müddət
sonra – 1953-cü ildə qapadılmışdır.
A.İldırımın həyatı
ilə bağlı
daha bir əhəmiyyətli məsələ onun 3 may
1944-cü il “İrqçilik–Turançılıq” davası
adlanan siyasi olaydakı rolu ilə bağlıdır ki, biz həmin
məsələyə ayrıca müstəqil bir məqalə
həsr etdiyimizdən bu araşdırmamızda
toxunmağı məqsədəuyğun saymadıq.
A.İldırımın Türkiyənin
Elazığ, Tunceli,
Malatya vilayətlərinin bir sıra ilçə və nahiyələrinin
dövlət idarələrində müxtəlif məsul vəzifələrdə
çalışması bəlli faktlardır. Onun həmin vəzifələrin
icrasına vicdanla yanaşması isə R.Ardanın
yuxarıda bəhsi keçən xatirə yazısında
xüsusi vurğulanır. Bu yazı A.İldırımın
mücadiləsinin qayəsini düzgün müəyyən
etməsi və onun bir sıra şəxsi keyfiyyətlərini
əks etdirməsi, dövlət qulluqçusu kimi sənədli
obrazını yaratması baxımından çox əhəmiyyətlidir
və oxuculara şairi daha yaxından tanıdır. O,
doğru qənaətə gələrək, şairin yeganə
və müqəddəs qayəsinin Azərbaycanı müstəqil
görmək olduğunu qeyd edir: “Yer üzündə onun qədər
çocuq, ailə, yiyəcək, giyəcək, istiqbal əndişəsindən
uzada bir insana rastlamadım. Bir tək şey var: sadəcə,
vətənin hürriyyətə qovuşması. Müstəqil
Azərbaycan!...” (6 ocak 1962, sayı 4437,
s.3.). R.Arda daha sonra A.İldırımın
Ağında nahiyə müdiri vəzifəsinə təyin
edilməsinin yerli əhali arasında birmənalı
qarşılanmadığını, barəsində müxtəlif
fikirlər yürüdüldüyünü, söz-söhbətlər
gəzdiyini bildirir, ardınca
bunları da əlavə edir: “Yalnız şu cəhəti kəsin
olaraq bəlirtmək faydalı olur ki, o, Ağın’da
qaldığı dörd il içində heç kimsənin
könlünü qırmadı, kimsəyi incitmədi. Bunun da
səbəbi bəsit: O, bir idarə adamı olmaq için
yaradılmamışdı, kimsəyə
bağırmadığı gibi, qaşını belə
çatmazdı. O sadəcə qayə adamıydı; kəndi
qayəsinin adamı; ondan ötəsi onu bəlki iligləndirməzdi
belə!...” (6 ocak 1962, sayı 4437, s.3.).
Bəli,
R.Ardanın xatirələri bir daha onu
təsdiq edir ki, A.İldırımdan ötrü tutduğu məsul
vəzifə şəxsi firavanlığını təminetmə,
şöhrət, rəyasət vasitəsi deyil, özünə
ikinci vətən bildiyi Türkiyəyə xidmət vasitəsi
idi. O bir dava adamı idi, “Azərbaycan davası”nın,
türklük mücadiləsinin adamı... Bu qayə
uğrunda da yaşayıb-yaratdı, mücadiləsini
sürdürüb əbədiyyətə qovuşdu. Bəzilərindən
fərqli olaraq, heç zaman heç bir vəzifəsindən
sui-istifadə etmədi. Dövlətə və onun vətəndaşlarına
sədaqətlə xidmət etdi. Bu yoldan sapan məmurları
da ifşa və rüsvay etməkdən çəkinmədi. Onun “Demokrat Malatya” qəzetində
çap olunmuş tənqidi mahiyyətli şeirləri və
publisistik yazıları da bu fikirlərimizin birər
sübutudur. A.İldırım son dərəcə
həssas, duyğusal, hər kəsə qarşı nəzakətli
və diqqətli bir ziyalı olmuşdur. O təkcə
yaradıcılığında deyil, gündəlik həyatda
da, dövlət qulluğunda da bu məziyyətlərə,
sabit duruşa sadiq bir insan idi.
A.İldırım 14 yanvar
1952-ci ildə Malatyada vəfat etmişdir. Şairin İran sərhədində
saxlanılan zaman yaşadığı işgəncələrin
böyrəklərində qalıcı fəsadlar yaratması
çox erkən – heç 45 yaşına
çatmamış ölümünə səbəb
olmuşdur. A.İldırımın
vaxtsız vəfatı Azərbaycan mühacirətinin, onu
yaxından tanıyan türkiyəli soydaşlarının,
dostlarının dərin kədərinə səbəb
olmuş, şairin dəfn mərasiminə bölgə əhalisinin müxtəlif
təbəqələrini təmsil edən insanlar, sənətinin
pərəstişkarları, habelə Malatya valisi başda
olmaqla, vilayətin dövlət idarələrinin
qulluqçuları da qatılmışlar. O, Malatyada –
Sancaqdar qəbiristanlığında böyük bir
izdihamın müşayiəti ilə torpağa verilsə də,
məzarı sonradan itib-batmış, axtarışlara
baxmayaraq tapılmamışdır. A.Almas
bir müsahibəsində atasının qəbrinin
dağıdılaraq üzərindən yol çəkildiyini
söyləmişdir. Şairin nəvəsi, A.Almasın
oğlu İldırım Rutil Almas isə babasının məzarının
tapılması üçün Azərbaycan tərəfindən
yardımlar edilərək Türkiyəyə heyət göndərildiyini,
buna baxmayaraq məzarın yerinin müəyyənləşdirilə
bilinmədiyini təəssüflə qeyd edir: “Azərbaycan
dövləti Almas İldırımın məzarının
tapılması ilə bağlı böyük işlər
gördü. Azərbaycandan Türkiyəyə heyət
göndərildi, Türkiyə hökumətinin də dəstəyilə
axtarış aparıldı. Amma ovaxtkı qəbiristanlığın
ərazisindən yol çəkiləndə bir çox məzar
düzgün daşınmadı, itib-batdı. Sonra da
güclü sel yuyub apardı. Nəticədə məzarlığın
yarısı məhv olub. Biz Almas İldırımın məzarının
tapılmamasının qəribə bir tilsiminin olduğuna
inanırıq” (D. Əhməd. Almas İldırım xatirələrdə,
s.80).
Araşdırmamızda A.İldırımın
həyatının mühacirət
dövrü barədə təqdim etdiyimiz faktlar onun Türkiyədə
sadəcə, bədii yaradıcılıqla məşğul
olmaqla qalmayıb, bir sıra sosial-mədəni, ictimai-siyasi fəaliyyətlərin
də iştirakçısı olduğunu göstərdi.
Lakin bunu da qeyd edək ki, şairin sözügedən fəaliyyətləri
onun bədii-publisistik yaradıcılığında təbliğ
və tərənnüm etdiyi ideyalarla səsləşmiş,
biri digərini tamamlamışdır. Məsələn,
tamaşalarda yer almasında, pyeslər səhnələşdirməsindəki
bacarığında onun ədəbiyyat adamı olması da,
təbii ki, rol oynamışdır. Elazığ əhalisinin
maariflənməsi üçün sərf etdiyi səylər
isə türkiyəli qardaşlarımıza göstərdiyi
diqqət və qayğının təcəssümü
sayıla bilər. Digər tərəfdən,
A.İldırımın II Dünya müharibəsində
Almaniyanın zəfərinə bəslədiyi ümid, bu zəfəri
vətəni Azərbaycanın yenidən istiqlala
qovuşması vasitəsi kimi görməsi, siyasi mühacirətimizin
öndər simalarından M.B.Məhəmmədzadəyə
yazdığı məktub, Türk Milliyyətçilər Dərnəyində
önəmli vəzifə tutması, adının
“İrqçilik-Turançılıq” olaylarında
hallanması və s. məqamlar şairin həyatının
mühacirət dövrü barədə təsəvvürlərimizi
daha da genişləndirir, onu sadəcə ədəbiyyat
adamı kimi deyil, fəal ictimai-siyasi mövqeyi olan milliyyətçi
ziyalı kimi təqdim etməyə əsas verir.
Hülya CƏBİYEVA
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.30.