2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü
Əzimli
(Əzimov) Ələddin Qüdrət oğlu
1955-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Alar kəndində
anadan olub. 1978-ci ildə
BDU-nun filologiya fakültəsini bitirib. 1978-2000-ci illərdə
müəllim işləyib. 2000-2013-cü illərdə
"ANS" Müstəqil Media və
Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olub. Kiçik yaşlarından
şeir və
publisistik yazılarla mətbuatda
çıxış edir.
1969-cu ildə VII sinifdə oxuyarkən şairin
"Bulaq"
adlı
ilk mətbu
şeiri
"Azərbaycan pioneri" qəzetində dərc edilib.
"Yarımçılıq yuxular" adlı ilk şeirlər kitabı 2004-cü ildə
nəşr olunub. Müəllif 60 yaşının ərəfəsində
oxucuların görüşünə "Altımışa doğru"
adlı
kitabı ilə gəlib.
2014-cü ildə şairin tələbə yoldaşlarına həsr etdiyi "Elə yaşayaq ki,
unudulmayaq"
adlı
poeması
ayrıca kitab şəklində çap olunub.
Son dövrdə
çox fəal çalışan Ələddin
Əzimlinin
"Üç şairin bir kitabı" adlı
şeirlər toplusu , eləcə də "Sən" adlı
kitabı 2015-ci ildə
işıq üzü görüb.
2016-cı ildə "Varis", 2019-cu ildə
isə "Susamış
dəniz"
adlı
kitabı
çap olunub. Şairin sayca 8-ci kitabı olan
"Şeir yazmıram ki" şeirlər toplusu
2022-ci ildə nəşr olunub.
Onun
"Əllərini ver mənə" kitabı isə 2024-cü ildə
işıq üzü görüb.
Sənin xatirinə
Bu günün
Günəşli gündüzünü
yola saldım,
gecəsini əzizlədim,
ulduzunu, Ayını da.
Oturub ağac altda
dinlədım
həzin-həzin axıb gedən
rahat,
şüşə kimi çayını da.
Gecə
keçdi bilinmədən,
asta-asta,
məni
dara çəkə-çəkə.
Ay da batdı suda,
ulduzlar
da.
Qəmgin-qəmgin
qaranlığı vəsf elədim
bu şeirin
yarımçıq son sətri ilə,
yalnız
sənin
xatirinə...
Epizodlar
Örtüldü, açıldı qapı,
ancaq
gözə dəyən olmadı.
Qapının nə o üzündə,
nə də ki, bu üzündə
görünən olmadı.
Qışqırdı kimsə ucadan,
lap ucadan.
Boğuldu səsi,
bir anlıq kəsildi nəfəsi.
Hayına-harayına
yetən
olmadı.
Əl-ələ tutdu uşaqlar,
səs-səsə verərək
həyətdə
o ki var oynadılar.
Yorulub çəkildilər kənara,
sakitlik axtara-axtara.
Dənizdən bir balığı
dalğalar atdı sahilə.
Qumluqda çırpınan
balıq
can atsa da geriyə -
dənizə,
yetmədi istəyinə.
Gəlişi-gedişi
budurmu dünyanın?
...Dan yeri söküldü,
nurlu bir səhərdir.
İnsanlar, ayılın, oyanın,
görün bu nə xəbərdir?..
Bir anlıq düşüncə
Ürəyində tutduğun,
kefin istəyəndə unutduğun,
ağlayanda ovutduğun
bir adi adamam.
Qəribədir,
özüm-özümə yadam.
Bu bürkülü yay günü
gedəcəyim yerim yox,
dönəcəyim məkanım.
Qarışıb ürəyimdə
səsim,
sözüm, gümanım.
Söylə,
nə istəyirsən?!
Gah gözümə görünüb,
gah da gözdən itirsən.
Unutma,
səndən asılı deyiləm.
Həyatdan gileyliyəm,
bəxtimdən narazıyam.
Darıxır, sıxılıram taleyimdən.
Heç
nə,
heç
nə ummuram
kimsədən,
lap elə səndən.
...Dan yeri söküləndə
uzaqlara çəkilmək,
səfər etməyim gəlir.
Üz tutub boşluqlara,
baş alıb getməyim gəlir...
Sənli günlərim
Gedər,
gedər
bu qatar
üzü qürbətə tərəf.
Həzin
duyğularımı, ürəyimi,
uzun illərin sevgisini,
sənli
günlərimi aparar.
Əsər,
əsər, bu külək
qatıb-qarışdırar buludları.
Günəşli yaz öncəsi
yolub tökər
budaqları çiçək-çiçək.
Yağar,
yağar
bu yağış
naz sata-sata üzgün ləçəklərə.
Qoymaz daşı daş üstə,
dağ çəkər
yorğun,
qəmli ürəklərə.
Axar,
axar bu çay.
üzü dənizə, gündoğana.
Sığmaz məcrasına,
doğma
sahillərinə,
köpüklənər dalğalana-dalğalana...
Sükut
Sükut
-
göylərin fəryadı.
Barmaqlarının ucunda yeriyən
qadın.
Sükut
-
bir daş parçası,
içində ağlayan,
boğulan
qarışqa nəfəsi.
Sükut
-
dodaqların, dişlərin arasında
oğrun-oğrun gizlənən dil.
Sükut
-
yaxamdan yapışan,
məni
harasa sürükləyən
möhkəm bir əl.
Qardaş,
gəl burax yaxamı,
bacarırsansa,
qışqır,
ucadan qışqır,
poz sükutu.
Çalış,
qurtar məni bu məhbəsdən!..
Bəşər övladı
Bəşər övladı,
bir çöllükdə, səhrada
təngənəfəs olmaq,
yoxsa,
yandırıcı, boğucu bu istidə
yaşıl bir ağacın
kölgəsində
mürgüləyə-mürgüləyə
xəyala
dalmaq yaxşıdır?
Bəşər övladı,
bir çox mətləbləri
anlamayanlar da,
gecə-gündüz yol gedib
ömrün sonuna
daha tez çatmaq istəyənlər də
az deyil dünyada.
Susuzluqdan,
aclıqdan qabırğaları sananan uşaqları,
can verən
yüz minlərlə insanı demirəm hələ.
Bəşər övladı,
deyirlər, qalaktikadan
uşaq
yumruğu boyda görünür Yer kürəsi.
Sahibsiz
Afrika isə böyükdür,
öz dərd-sərindən də
böyük.
Can üstə olanların
dodaqları çat-çat,
istəkləri, ümidləri bölük-bölük.
Bir düşün,
bu çarəsiz insanları
necə
qoruyaq, sakitləşdirək?!.
Doğuluş
Doğuldu
axşamkı gecənin səhəri.
Sərin
bir meh oxşadı
yenicə
açılan çiçəkləri,
dənizin mürgülü ləpələrini.
Göylərdən mavi donlu, yaraşıqlı buludlar
həsrətlə boylandı bu mənzərəyə
başıaşağı.
Küçəmizin kənarından
keçən arx
buruldu bağçamıza.
Salamladı
bağçanı, ağacları, körpə
yarpaqları.
Bir gecəlik ayrılıqdan,
ötəri qürubdan sıyrılıb
doğuldu,
yenidən geri döndü
hərarətli Günəş...
Səs
Dərələrdən, düzdən keçdim,
Gecədən, gündüzdən keçdim,
Dəryadan, dənizdən keçdim,
Sözündən keçə bilmədim.
Vaxt oldu yolum bağlandı,
Ayağım, qolum bağlandı,
Dərdim
dəryatək çalxandı,
İzindən keçə bilmədim.
Haqqın
nuruyla çəkilən
Ürəyimdədir o şəklin.
Hər
an yoluma dikilən,
Gözündən keçə bilmədim.
Haqq demək özümə qaldı,
Ağrılar dözümə qaldı,
Tanrıdan bizə nə qaldı?
Düzündən keçə bilmədim.
Kimsə
dedi: - tələs, tələs,
Axır
oldum təngənəfəs.
Göydən endi qəfil bir səs,
Səsindən keçə bilmədim...
Kövrək can
De, kim oyatdı yuxudan,
Ağrılı, titrək canımı?
Çırpdı sərt qayaya, daşa
İnsafsız külək canımı.
Xoşbəxt sanma hər güləni,
Ayaq bilməz baş biləni.
Yaşadacaq zaman məni,
Saf arzu, dilək canımı.
Sözdən minarəm, tacım
var,
Saysız
qardaşım, bacım
var.
Dünya,
sənə bir borcum var,
Gəl
apar kövrək canımı...
Təsəlli
Misra-misra,
sətir-sətir gələn söz,
dilimin ucundan
varaqlara
səpilən söz
yadigardır bu gündən
sabaha.
Dostlar, nəvələr üçün,
söz qədri bilənlər üçün.
Qələmim
qulağımın dibindədir,
səs gözləyir,
söz gözləyir.
Ey ümmanlar,
deyin, yazım,
görüm
ağdır, ya qaradır -
nə rəngdədir
bu sözlər, bu deyimlər.
Bəlkə,
ağrılı qəlbimə kömək,
təsəllidir,
görüm, axı bunlar nədir?..
Qorxu
Yüzün içində birəm,
birin içində yüz.
Mən sahiləm,
sən çılğın dəniz.
Milyonların içində
tənhayam, kimsəsiz.
Xoşdurmu sənə,
dillənsənə...
Sağım-solum adam,
nəinki
onlara,
hətta
özüm özümə
yadam.
Səhərə az qalır,
hələ oyağam.
Bir parça şüşədir
dünya
əlimdə.
Sürüşüb düşəcəyindən
qorxuram.
Bu hissi çilikləyən,
sındıran gərək.
Unutmadın ki,
tənhayam, dedim bir az öncə.
Bu müdhiş mənzərəyə
yarı
qorxu,
yarı
gözüyumulu baxıram.
Haçansa,
qeybdən kimsə,
köməyimə çatınca...
Ələddin Əzimli
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.28.