Miryaqub Mirmehdizadə
alim və mühərrir
kimi
Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında de-fakto tanıdan heyətin üzvlərindən
Miryaqub Mirmehdizadə siyasi kimliyi ilə yanaşı, alim və mühərrir kimliyi ilə də bilinməkdədir. Xüsusən də, mühacirət dövründə
yazdığı kitablar,
məqalələr, oxuduğu
mühazirələr onun
zəngin biliyə və dünyagörüşünə
sahib olduğunu göstərməkdədir.
Miryaqub bəyin diplomu
1891-ci ildə Bakının Xırdalan qəsəbəsində
doğulan Miryaqub bəy 1 sentyabr 1908-ci ildən 1 iyun 1909-cu ilədək Aleksandropol Kommersiya Məktəbində
oxuyaraq tam orta təhsilini başa vurub. Sankt-Peterburq Politexnik İnstitutunun İqtisad Fakültəsində
ali təhsil alıb. 1913-cü ildə
Kiyevdə gizli şəkildə fəaliyyət
göstərən rusiyalı
müsəlman tələbələrin
toplantısında iştirak
etdiyi üçün
həbs olunub, buna görə də institutdan qeydiyyatı silinib. Qısa zaman sonra instituta bərpa edilib, 1915-ci ildə məzun olub. Ali məktəbi iqtisad elmləri namizədi dərəcəsi
ilə bitirib.
Cümhuriyyətin işğalından sonra
digər heyət üzvləri kimi, Avropada yaşayan Mirmehdizadə Prometey təşkilatında təmsil
olunub, eyni zamanda heyət üzvü kimi fəaliyyətini davam etdirib. M.Rəsulzadənin
Avropada nəşr etdirdiyi jurnallara məqalələr yazan Miryaqub bəyin 90-a yaxın yazısı işıq üzü görüb. O, Parisdə olduğu müddətdə
Montpellier Universitetində hüquq
üzrə doktorluq işi də müdafiə edib. Həmin universitetdən Miryaqub bəyə verilən diplomun surətini əldə etmişik. Belə ki, türk mühacirətşünas
Ömər Özcan Miryaqub bəyin Əhməd Cəfəroğlu
ilə yaxın dostluğunun olduğunu, arxivinin bir qisminin
onun ailəsində
ola biləcəyini söyləmişdi.
Türkiyədə elmi
fəaliyyət göstərən
həmyerlimiz Dos. Dr. Zaur
Qasımovun vasitəsilə
Cəfəroğlunun qızı
Nazan Ölçer xanımın arxivindən
həmin diplomun surətini ala bildik. Diplomdakı məlumatlara görə, Montpellier Universitetinin
professorları 15 dekabr
1926-cı ildə verilən
hüquq doktorluğu yetərlilik sənədini
gördükdən sonra
1891-ci ildə Azərbaycanın
Bakı şəhərində
doğulan Miryaqub Mirəziz oğlu Mehdiyevə siyasi və iqtisadi elmlər üzrə hüquq doktoru ünvanı veriblər. Diplom 18 may 1928-ci ildə
nazir Herriot tərəfindən imzalanıb, 7 iyun 1928-ci ildə universitetin rektorluğu tərəfindən
təqdim olunub. Miryaqub bəy Türkiyəyə gəldikdən
sonra diplomunun təsdiqlənməsi üçün
Maarif Vəkalətinə
müraciət edib, 27
dekabr 1946-cı ildə
bu ölkədə elmi dərəcəsi qəbul edilib.
Miryaqub bəyin əsərləri
Miryaqub bəy mühacirətdə
5 kitab qələmə alıb:
"Sovet rejimi. Qaynaqlar və mahiyyəti" (Paris, 1926), "Beynəlmiləl siyasətdə
petrol" (İstanbul, 1928), "Qafqaz problemi" (Paris, 1933), "Beynəlxalq
vəziyyət və
SSRİ-də milli problem" (Paris, 1934),
"Avropa və Asiyada siyasi vəziyyət" (Paris, 1936). Kitablardan
ilk üçü şəxsi
arxivimizdə mövcuddur.
Miryaqub bəyin "Beynəlmiləl
siyasətdə petrol" əsəri
əvvəlcə "Azəri
Türk" jurnalında
hissə-hissə dərc
olunub, 1928-ci ildə isə Milli Azərbaycan Nəşriyyatının 9-cu kitabı
olaraq işıq üzü görüb. Kitaba Məhəmməd Əmin Rəsulzadə müqəddimə yazıb
və müəllifin
uğurunu bu şəkildə dəyərləndirib:
"Milli mücadiləmiz nöqteyi-nəzərindən
təhlil və təmiqinə son dərəcədə
möhtac olduğumuz bu məsələnin əhəmiyyəti üzərinə
mətbuatımızda ilk dəfə
nəzər-diqqət cəlb
etmək şərəfi
dostumuz Miryaqub bəyə nəsib olur". O, bu kitabın Türkiyə və İran mətbuatında
da əks-səda doğurduğunu
bildirib.
Kitab haqqında "Odlu yurd" jurnalında elan verilib. Yenə həmin jurnalda verilən məlumata görə, bu əsər N.Mahundao
tərəfindən Çin
dilinə tərcümə
edilib, Nankində Çan-Kay Şekin baş redaktorluğu ilə çıxan "Santral" məcmuəsində
işıq üzü
görüb. 1994-cü ildə
əsər Bakıda Səfər İbrahimli tərəfindən transliterasiya
edilərək çap
olunub.
2024-cü
ildə Murat Baz adlı
türk tələbə
"Mir Yakup Mehdiyev'in
Beynelmilel Siyasette
Petrol isimli kitabının
tercümesi ve değerlendirilmesi" adlı
magistr işi qələmə alıb.
Miryaqub bəyin 1933-cü ildə
Parisdə çap etdiyi "Qafqaz problemi" adlı əsərini Əhməd
Cəfəroğlu "Azərbaycan
yurd bilgisi" məcmuəsinin həmin
il çıxan 23-cü sayında
təhlil edib. Cəfəroğlu haqlı
olaraq Miryaqub bəyin tədqiqatçılıq
fəaliyyətini yüksək
qiymətləndirib: "Rus, fransız, ingilis, İran lisanlarına aşinalığı,
on beş ildən artıq Fransada yaşayaraq Qafqaz məsələlərini yaxından
təqibə imkan tapan Dr. Miryaqub bəyin əsərləri,
şübhəsiz ki, Paris kitabxanalarındakı
araşdırmalardan əldə
edilən nəticələri
xülasə edən və bildiyimizi təkrar edən bir müəllifin əsərləri deyildir.
Əksinə, özünün
də iştirak etdiyi Qafqaz millətlərinin
həyatında beynəlmiləl
siyasətin yaratdığı
vəziyyətləri tənvir
və tədqiq edən siyasi bir Azərbaycan istiqlal mücahidinin araşdırmalarıdır".
Göründüyü kimi, Cəfəroğlu Miryaqub
bəyin həm dil, həm də
Fransa kitabxanalarında
tədqiqat aparmaq imkanları ilə yanaşı, tədqiq etdiyi mövzunun birbaşa iştirakçılarından
biri olması nüansını qabardıb.
Qeyd edək ki, bu əsərin bir nüsxəsini mərhum yazıçı
Əzizə Cəfərzadə
vaxtilə Nazan xanımdan almış və 1996-cı ildə Bakıda Əziz Gözəlsoyun tərcüməsində
nəşr edilib.
M.Ə.Rəsulzadə Berlində
nəşr etdiyi
"İstiqlal" qəzetinin
1933-cü ildə çıxan
44-cü sayında kitabla
bağlı "Qafqaz
məsələsi" adlı
məqalə qələmə
alıb. Rəsulzadəyə
görə, bu əsərdə Qafqaz millətlərindəki milli intibah,
siyasi fəaliyyət və istiqlal mücadilələri haqqında
müxtəsər məlumatlar
verilib, eləcə də Qafqaz cümhuriyyətləri arasındakı
tarixi anlar təqdim edilib.
Miryaqub bəyin digər əsərləri isə Parisdə rus dilində çap olunub.
Mirmehdizadənin "Azəri Türk",
"Odlu yurd",
"İstiqlal", "Qurtuluş",
"Şimali Qafqaz",
"Prometey", "Yaş
Türküstan" kimi
dərgi və qəzetlərdə məqalələri
işıq üzü
görüb. Onun yazılarının mövzusu
daha çox Qafqaz və Rusiya məsələləri,
eləcə də beynəlxalq siyasətlə
bağlıdır. "Prometey"
dərgisində Şah
İsmayıl və
Atatürk haqqında da yazı
qələmə alıb.
Miryaqub bəyin mühazirələri
1933-cü
ildə Miryaqub bəy Parisdə "Prometey" məcmuəsinin
idarəxanasında "Milli hərəkatlar və milliyyət məsələsi"
mövzusunda mühazirə
oxuyub. O, çıxışında
milliyyət məsələsinin
tarixi təkamülü
və Sovet Rusiyasının işğalı
altında yaşayan qeyri-rus millətlərin
milli hərəkatları haqqında
bəhs edib. Tədbirdə azərbaycanlılarla
yanaşı türküstanlı,
şimali qafqazlı və gürcü nümayəndələr iştirak
ediblər. Bu mühazirənin
mətni 1932-1933-cü illərdə
"İstiqlal" qəzetində
silsilə şəklində
bir neçə sayda dərc olunub.
1934-cü
ildə Miryaqub bəy Parisdə Qafqazı Öyrənmə
Cəmiyyəti tərəfindən
tərtib olunan yığıncaqda "Klassik
Azərbaycan ədəbiyyatı"
adlı mühazirə
oxuyub. O, çıxışında
Şah İsmayıl Xətai, Həqiqi, Füzuli kimi şairlərin həyatı
və əsərləri
haqqında məlumat verib, onların irsindən bəzi hissələri tərcümə
edərək xarici və qafqazlı qonaqları təsirləndirib.
1935-ci il fevral ayının əvvəlində Mirmehdizadə
Parisdə "Sosyete Savan" salonunda Qafqazı Öyrənmə
Cəmiyyətinin təşəbbüsü
ilə "Firdovsi və yaradıcılığı"
mövzusunda mühazirə
oxuyub. "Qurtuluş"
jurnalı tədbirin əhəmiyyəti haqqında
yazıb: "Salonu ağzına qədər dolduran dinləyicilər Miryaqub bəyin Şərqin bu böyük dahisi və İranın əzəmətli vətənçi
şairi haqqında çox canlı olaraq verdiyi təfsilat və etdiyi təhlilləri böyük bir maraq və diqqətlə
dinləyərək nəticədə
dəqiqələrlə davam
edən alqışlarla
xətibə təşəkkürünü
bildirdi".
Bu tədbir Firdovsinin doğumunun mininci ildönümü münasibətilə
baş tutub.
1935-ci il
may ayının 20-də Qafqaz,
Türküstan və
Ukrayna Dostları cəmiyyətinin salonunda Polşa lideri Jozef Pilsudskinin xatirəsinə ithaf edilən yığıncaq
keçirilib. Tədbirdə
Azərbaycan adına cəmiyyətin üzvü
Miryaqub bəy iştirak edib, Lenin ilə Pilsudskini müqayisə edib. Mirmehdizadəyə görə,
Lenin dağıdıcı, nifrətəlayiq biri olduğu halda, Pilsudski qurucu və sevgiyəlayiq bir şəxsiyyətdir.
1936-cı
ilin aprel ayında "Sosyete Savan" binasında yenə həmin cəmiyyətin təşəbbüsü
ilə Miryaqub bəy "Asiya məsələləri" adlı
sovetlərin beynəlmiləl
vəziyyətinə dair
bir mühazirə oxuyub. İki saat davam edən
mühazirədə Mirmehdizadə
Şərqdə inkişaf
edən Yaponiya, Qərbdə isə Almaniya arasında qalan Rusiyanın bu prosesdən qorxduğunu bildirib, mövcud vəziyyəti geniş şəkildə
təhlil edib. O, Şərqdən və Qərbdən qalxan bu tufanların qırmızı Rusiya imperiyasını devirəcəyini
bildirib, ona görə də məhkum xalqların bu prosesə hazır olmasını qeyd edib. Tədbirdə
cəmiyyətin sədri
A.Şulgin, Ş.Balinov, J.Qvaza və azərbaycanlı
Abbas bəy Atamalıbəyov
da çıxış ediblər.
İstanbulda rus dili müəllimi
Böyük ehtimalla Miryaqub bəy 1941-ci ildə Türkiyəyə gəlib.
İstanbulda İdil-Ural
türklərinin lideri
Ayaz İshaqi ilə yaxın dostluq münasibətində olub.
1946-cı ildən etibarən
o, İstanbul Hərb Akademiyasında
rus dilindən dərslər deyib. Ömər Özcan A.İshaqinin məktublarına əsasən,
Miryaqub bəyin fərdi şəkildə
də rus dilindən dərslər verdiyini yazıb. Miryaqub bəyin son elmi fəaliyyəti haqqında "Hürriyet"
qəzetində vəfatı
ilə bağlı dərc edilən nekroloqda da bildirilib:
"Milli Azərbaycan Cümhuriyyətinin
Avropa nümayəndəsi,
İstanbul Hərb Akademiyasının
rus dili müəllimi, Heybəli
Ali Dəniz Məktəbi
İqtisad Professoru, Hüquq Doktoru Miryaqub Mehdier 7.11.1949 sabahı infarktdan vəfat etmişdir. Cənazəsi bu gün 8.11.1949 tarixində
günorta namazı ərəfəsində Teşvikiyə
məscidində cənazə
namazı qılındıqdan
sonra Fəriköy məzarlığında dəfn
ediləcəkdir".
Vəfatı ilə bağlı
"Ulus" qəzetində də bir nekroloq
verilib. Təəssüf
ki, 1949-cu ildə Türkiyədə
Azərbaycan mühacirlərinə
aid mətbu orqan olmadığı üçün
Miryaqub bəyin dəfnində kimlərin iştirak etdiyinə dair məlumatımız yoxdur. O, İstanbulda Feriköy İslam məzarlığında
Əbdüləli bəy
Əmircanın məzarının
yanında dəfn edilib. Vəfat edərkən nişanlı
olub.
Türkiyə mətbuatından əldə
etdiyimiz məlumata görə, 19 noyabr 1949-cu
ildə Azərbaycan Kültür Dərnəyi
Miryaqub bəyə anım mərasimi keçirib. Ehtimal ki, həmin mərasimdə M.Ə.Rəsulzadə silahdaşı haqqında
geniş nitq söyləyib. Elanda Miryaqub bəy sabiq Azərbaycan Milli Şurasının üzvü,
iqtisad doktoru və Azərbaycanın sabiq London təmsilçisi
kimi təqdim olunub.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.25.