Adəmin lüğəti
Hekayə
Tək
olanda öz-özümə hələ də mənşəyini
tapa bilmədiyim yad bir dildə danışıram. Məsələn,
dünən bəstəkar dostuma zəng edəndə ki gəl
bizim evin yanındakı parkda gəzək, dostum: "Nə
yaxşı zəng etdin, elə mən də səni
yığacaqdım. Mənə təcili min manat
lazımdır. Borca deyirəm. Gələndə gətir ki, mən
də həvəslə gəzim, bu gün on min addım məsafə
qət edərik" deyib güldü. Özü də bunu elə
tərzdə dedi ki, yəni min manatı gətirmirsənsə,
gəzməyə də gəlmirəm. Ona borc söz verib
telefonu qapadan kimi qışqırdım: "Takama sasa
tuta!" - mənasını anlamadığım bu sözləri
sanki içimdən bu dildə danışan başqa birisi
dedi, "tərcüməsi" də həmin situasiyaya
uyğun olaraq yəqin ki, belə idi: "Mənim
ağılsız başım, sən heç bir müğənninin
ifa etmək istəmədiyi kutumatların (yəqin ki, tərcüməsi
"bayağı mahnı" deməkdir) müəllifi olan
bu şumuttaya (eqoistə) niyə zəng edirsən axı, min
manatının başı ağrıyır?" Qışqırığımı
eşidən həyat yoldaşım mətbəxdən gəlib
soruşdu ki, yenə nə olub öz dilində
danışırsan? Mən yenə "öz dilim"də
ona cavab verdim: Amada takama sasa tuta. Kxı mataka. Yamasa kasa mitita,
yamasa kosa mota, yamasa kutumat.
Sən
demə, həyat yoldaşım uzun müddətdir ki,
özümlə danışdığım bu dili
eşitdiyindən bəzi sözlərin "mənası"nı
artıq bilir. Çünki mənə:
"Ağılsız adamlara niyə zəng edirsən
ki?" deyib getdi.
Mənasını
bilmədən, fərqində olmadan sərbəst
danışdığım bu mövcud olmayan dil mənə
haradan, necə bəllidir, mənimçün sadəcə,
sirri-xuda, çözümsüz tapmacadır. Məsələn,
yaxın dostlarım bilir ki, mən çox xoşuma gələn
bir şey gördükdə, "superdir" demirəm,
"superauzadır" deyirəm. Görünür, mənim
danışdığım dildə də "super" tipli
xarici sözlərdən istifadə olunur, "auza" da yəqin
ki, çox mənasını verir, yəni çox superdir.
Bir dəfə filoloq qızım soruşdu ki, ata, sən
danışdığın, görəsən, hansı
xalqın dilidir? Cavab verdim ki, hansı xalqın dili olduğunu
bilmirəm, amma hiss edirəm ki, nəsə qədim dildir. Hələliksə
mənim ömrüm belə keçir, öz dilimdə
danışa-danışa.
Son
zamanlar mən bu dildə çox inandığım
dostlarımın yanında da danışıram.
Düzünü deyim ki, bu artıq məndən asılı
deyil... Bir dostum var, dünyanı gəzir, Bakıya da ildə
bir-iki dəfə gəlir. Gələn kimi də zəng edir
ki, gəl İçərişəhərdə xəngəl
yeyək. Bir dəfə o, Mərkəzi Klinik Xəstəxanadan
zəng vurdu ki, qardaşım, üstünə sağlıq,
Tanzaniyada məni ekzotik cücü dişləyib,
qızdırmam düşmür, dünyanın işlərini
bilmək olmaz, bəlkə, gələsən. Həyatsevər
dostumun belə bədbinləşməsi məni kədərləndirdi
və xəstəxanaya yollandım. Dostuma fasiləsiz olaraq
sistem köçürülür, həkimlər əllərindən
gələni edirdilər. Mən isə səhərdən
axşama kimi onun yatdığı palatadakı kresloda oturub,
tez-tez deyirdim ki, yəqin sabaha sağalacaq və biz onunla gedib
İçərişəhərdə xəngəl yeyəcəyik.
Bilirdim ki, xəngəl sevgisindən başqa heç nə
onu belə tez sağaltmaz. Hər dəfə palataya
girib-çıxan tibb bacısı ciy-ciy səsiylə
dostuma, mənə o qədər sual verirdi ki, sonda o getdikdən
sonra dözməyib yenə də öz dilimdə dedim:
"Strenka". Dostum sözün mənasını bilməsə
də, anladı ki, bu həmin çoxdanışan, zəhlətökən
tibb bacısına aiddir. Mənsə, tibb bacısı barədə
dediyim sözün mənasını heç özüm də
bilmirdim.
Şükürlər
olsun ki, dostum tez bir zamanda sağaldı və biz onunla
İçərişəhərdə xəngəl yemək
arzumuzu reallaşdırdıq. Kafenin önündə dilimdən
yenə o məchul dildə bir söz çıxdı:
"Ninakupenda" (məncə, mənası "bu xəmir
xörəkləri bizi öldürəcək" demək
idi). Həmin xəngəldən sonra dostum bu dəfə Cənubi
Amerikaya səyahət edəcəyini deyib getdi. Dostumun
arxasınca "kata susapa" dedim (yəqin ki, "yolun
açıq olsun" demək idi).
Bir
müddət sonra vatsapa görüntülü zəng edib
salam-kəlamdan sonra: - Cənubi Amerikada Surinamdayam, sənə
gözəl xəbərim var, - sifətindəki şillə
yerini göstərib dedi: - Düzdür, bu mənə asan
başa gəlmədi, amma dostum, mən müəyyən etdim
ki, sən işlətdiyin bir söz surinamlıların sranan
tonqo dilindədir. Sən dediyin sözlərin çoxu beynimdən
çıxmır, ona görə də ara-sıra
küçədə, oteldə, okeanın kənarında tək
darıxanda danışdığın dildəki sözlərdən
öz-özümə deyirəm. Bu gün də oteldən
okean sahilinə çimərliyə gələrkən səni
yadıma saldım və bərkdən dedim "strenka".
Qabaqda gedən qadın çevrilib sifətimə bir şillə
çəkdi. Polisdə məlum oldu ki, bu surinamlıların
dilində "cırcırama" deməkdir. Qadından
üzr istədikdən sonra cərimə ödətdirib məni
buraxdılar. Amma heç də peşman deyiləm. Sonra
üzümdəki şillənin ağrısını unutmaq
üçün otelin restoranında əyləşib bir
şeylər içmək istəyəndə ürəyimdən
xəngəl keçdi və "ninakupenda" dedim. Xidmətçi
qız gülümsəyib "siz suxaili dilini bilirsiniz?"
soruşdu. Sən demə, qız konqoluymuş və bura
surinamlıya ərə gəlibmiş. Suxaili dilində
"ninakupenda" - "mən səni sevirəm" deməkdir.
Orda xəngəlxananın qarşısında sən xəngəli
sevdiyini demək istəmisən.
Dostumun
dedikləri o qədər ağlıma batmasa da, gülümsəyib
telefonu qapatdım. Mən hara, Surinam hara, mən hara suxaililər
hara...
Dostumun bu
zəngindən xeyli müddət keçmişdi. Bakıya
qar yağırdı. Yaxşı xəngəl havası
vardı. Səyahətçi dostum yadıma düşdü,
telefonda onu aradım. Dostum çox ciddi
görünürdü:
-
Qardaşım, mən sənin naməlum dildə dediyin
sözləri eşitdikcə dəftərçəmə
yazırdım. Bir araşdırma apardım. Məsələn,
tez-tez işlətdiyin "superauza"dakı "auza" qədim
latış dilindədir. Sən danışdığın o
dildə dünyanın bütün xalqlarının, millətlərinin
sözləri var. Bir çox alimlərlə də
danışdım. Belə qərara gəldilər ki, sənin
danışdığın dil Adəmin
danışdığı dildir. Təbrik edirəm! Həmin
alimlər tezliklə mənimlə birlikdə sənin görüşünə
gələcəklər. Sən demə, hər bir xalq Adəm
babamızın danışdığı dildən bir söz
götürüb, öz dillərini yaradıb. Sənə də
halaldı, kişinin genləri çox
güclüymüş, Adəmin genləri səndə yenidən
təzahür edib...
Dostumun
dedikləri mənə fantastik görünsə də, ağlıma
batdı. Axı deyirlər, Allah insanlarla yalnız bir dəfə
- dünyanın başlanğıcında danışıb.
O səs buludların arasından gəlirmiş. Sözlər
də eynən mənim işlətdiyim kimi -
bütövlükdə heç kimin, ayrı-ayrılıqda
hamının anladığı sözlər...
Vahid
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.17.