Yaddaşın intəhasızlığı
"Təbiət
sənətin yanında
səssizliyə
qərq olur".
Benedetto
Kroçe
"Bir
neçə saatlıq iztirabdan sonra gənc şair yavaş-yavaş
ananın
bədənindən
sürüşüb dünyanın
yaş mələfəsinin
üstünə düşdü...
Yeri gəlmişkən,
şairin kiməsə şair
deməsi,
mühəndisin mühəndisə
mühəndis,
kəndlinin kəndliyə kəndli deməsiylə eyni deyil. Kəndli
torpağı əkib-becərən adamdır, şair isə
şeir yazan deyil, şeir yazmaq üçün seçilən
adamdır. Digər şairdə Allahın bu
lütfünü
görə bilən ancaq və ancaq şairdir. Rembonun məktubunu
xatırlayaq
- bütün şairlər
qardaşdırlar
və onlarda şairlər
nəslinin
gizli əlamətləri vardır. Onları yalnız
qardaşları tanıya bilərlər".
Milan
Kundera
"Bakir
şairin sinəsinə gözəl bir qız
qısılıb.
Cavan oğlanın ruhu da,
bədəni
də dadmadığı hisslərə bələnib. Bu,
Milan Kunderanın "Həyat başqa yerdədir" romanının
şair qəhrəmanı Yaromilə oxşayır. Bəlkə
də, heç
Yaromil də
deyil. Süheyil ulduzu və Günəşin eşqidir.
Süheyil ulduzu
doğarkən
üzüm yetişir. Eşq fizikadan metafizikaya keçid edir.
İlk toxunuşdur. İlk qucuşdur. Bəlkə də,
M.Lermontovdur, A.Puşkindir,
Ş.Bodlerdir, O.Pazdır, P.Nerudadır, L.Araqondur,
V.Səmədoğludur.
Bəs bu qədər həyəcanlı hissləri yaşamaq
bir şairəmi xasdır? Əlbəttə ki, Yaromilin
şair olması
emosiya və
ehtirasın dozasını artırır.
Sevgilisi
başını Yaromilin sinəsinə sıxdıqca şair
oğlan ekstaz halı
yaşayır.
Yaromilin keçirdiyi (və ilk dəfə kəşf etdiyi)
hiss və duyğular ən böyük cinsi doyum və həzz
nöqtəsindən, orqazm halından daha təsirlidir.
Hər
hansı erotik pozadan da. Şairin yaşadıqları
erotikasız erotikadır".
Sənət
və estetika yaddaşın məhsuludur. Şeir isə ruh və
şüura bütöv bir effektlə nüfuz edə bilir.
Şeirdə ruh da, şüur da sərbəstdir. Əslində
fizika da, metafizika da şeirdə estetikləşir. Vaqif Səmədoğlunun
şeirlərində hər şeydən əvvəl
düşüncə azaddır, sərbəstdir. Estetik
düşüncədir bu. Bəzən maksimal dərəcədə
prozaiklik var Səmədoğlu şeirlərində. Prozaik
düşüncə və görkəmdə belə şeir
adamdır Vaqif Səmədoğlu. Onun prozasını
poeziyaya, poeziyasını prozaya çevirmək mümkün
deyil. Çevrilən kimi tilsim qırılır. Bu da insan
düşüncəsinin ilkinliyində yalnız və
yalnız şeir dilinin aparıcı olduğunu göstərir.
Gündəlik danışıq dilində olduğu kimi. Proza
və poeziyanın sərhədləri itir Vaqif Səmədoğlu
şeirlərində.
Şair
kimi yox,
şeir
kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla
yaşayıram,
əvvəldən
axıra
kimi
oxunmaq...
Əzbər
qalmaq istəyirəm
kiminsə
yadında.
Bəyənilmək,
sevilmək istəyirəm,
İstəyirəm,
dəlicəsinə -
Şair
kimi yox,
Yaddan
çıxmayacaq bir şeir kimi...
Bu
şeirə bircə şərh verilib və veriləcək.
Yəni hamının şərhi eynidir. Şeir kimi yadda
qalmaq istəyib və şeirləri ilə də yadda
qalıb. Şeir kimi yadda qalan bir şairin avtoportretinə hər
kəs heyrandır. Hər bir misranı ayrıca duymaq
üçün şairin bioqrafiyasını bilmək
lazımdır. Şairin bioqrafiyası heç vaxt
bağlanmır. Şeir kimi yaşamaq da budur. Vaqif Səmədoğlunun
bioqrafiyası xanımı Nüşabə Vəkilovanın
"Mən sənin yuxunam" xatirələr kitabında da
davam edir. Nüşabə xanım Vaqif Səmədoğlunun
uşaqlığını təsvir edir, Xəzəri,
qağayıları, çərpələngləri. Bax, o
uşaqlıqda və gənclikdə Nüşabə
xanım da var. Buna "yoxluğ"un varlığı demək
olar. "Mən sənin yuxunam"dan bir passaj: "Mən o
oğlanla Ləhişdəki bağımızda tanış
oldum. Sənin içində yaşayan o dəcəl
oğlanla. Velosiped sürəndə, çərpələng
uçuranda, dənizdə, hovuzda
üzəndə, masaüstü futbol, xokkey oynayan
oğlanı mən lap çox istədim. Uduzanda
cığallıq edən, küsərək, "Mən bir də
səninlə oynamayacam" deyən
"oğlan"ı". Şair heç vaxt
"böyüməyən" insandır. Şeir kimi yadda
qalmaq bunun üçündür. Estetikanın şeirdə və
həyatda əksidir Vaqif Səmədoğlu zərifliyi. Hər
bir şairin həyatında qadınlar rol oynayıb.
"Yesenin və Mayakovskinin bacıları, Blokun xalaları,
Hölderlin və Lermontovun nənəsi, Puşkinin dayəsi
və xüsusilə, analar, ata kölgəsinin
üstünü örtən şair anaları. Xanım Uayld
oğlu Oskarı qız kimi geyindirərdi. Uşağın
güzgüdə özünü həyəcanla seyr etdiyini təsəvvür
edə bilirsinizmi? Şair ömrü boyu simasında
kişiliyin cizgilərini axtaracaqdı". Nüşabə
xanım da Vaqif Səmədoğlunun qapanmayan, həmişə
dövrə vuran yaradıcılığının ürəyində
məskən salıb.
Bu
dünya, bir də sən olmasaydınız,
Harada,
kiminlə mən tək qalardım?
Başqa
bir yalqızın sığınmağıyçün
Yəqin
ki, həm dünya, həm sən olardım...
Nüşabə
xanım şairin özüdür. Canının və
dünyasının bədii proyeksiyasıdır. Təkliyin
cütlük adıdır. Salamat sahilidir. Güvən yeridir.
Vəfa borcudur.
Kant
estetikaya həm təcrübə, həm də fəlsəfə
kontekstində tərif verir. Estetikada təbii gözəllik də
əsas yer tutur. Hegel estetika deyəndə, yalnız sənəti
əsas götürür. Natural gözəllik Hegelin vecinə
belə deyil. Hegelin gözəllik anlayışı bir qədər
məhduddur. Ona görə, estetika sənət fəlsəfəsində
üzə çıxır. Kantın gözəllik fəlsəfəsi
dərketmə və hissetmə proseslərinə istinad edir.
Hegelin estetika fəlsəfəsi isə bilik və rasional
düşüncəyə söykənir. Vaqif Səmədoğluda isə
estetikaya verilən bütün məhdud təriflərin sərhədləri
dağıdılır. Ən ciddi sənət manifestləri bir şeirin içində əriyir:
İçimə
həsrət yazır,
yazır,
yazır, yazır həyat.
Günəşli
gündüzlər,
köksü
məsafəylə dolu düzlər,
gecətək
qaranlıq,
gündüz
kimi aydın üzlər
yazılır
içimə,
içimdə
qalır...
Sevdiklərim
də,
sevmədiklərim
də
yazılır
içimə,
qalır
içimin
qalın
səbir dəftərində...
Dostum,
mən
öləndən sonra
basarsan bu
maqnitofonun
səs
qaytarmaq düyməsini,
bir dəfə
də eşidərsən
artıq
döyünməyən
qəlbimin
səsini...
Şeirdə
əvvəlcə subyektiv, daha sonra obyektiv yaddaşın izləri
görünür. Ancaq bu yaddaş "Günəşli
günlər" kimi aydın, işıqlı deyil, bir qədər
dumanlıdır. Buradakı hisslər də, həyat da,
"döyünməyən qəlbin səsi" də
dumanda itib-batır. Azaddır. Və bu azadlıq dumanda olmaq qədər
həsrətlidir və payızvaridir.
Ömrümə
duman gəlib,
Heç
kəsə demə!
Deyəsən,
yaman gəlib,
Heç
kəsə demə!
Çıraq
yanıb bu axşam,
Yanıb-sönüb
bu axşam.
Bu dumana
qapımdan
Çıxan
kimi azmışam.
Daş
evlər arasında
Duman neyləyər
mənə?
Gülüm,
diriyəm yenə,
Heç
kəsə demə!!!
Kamal
Abdulla bənzərsiz romanı "Unutmağa kimsə
yox"da yazır: "Bir də ki... necə idi o?! - "Bir axşam taksidən
düşüb payıza..." Bundan daha
sızıltılı misra tanımıram. Şahanədi! Mənim
qəti fikrim belədir: Azərbaycan ədəbiyyat tarixini
yazıçıdan-yazıçıya, şairdən-şairə
yox, misradan-misraya, şeirdən-şeirə yazmaq
lazımdır. "Bir axşam..." Hər şey ola bilər
bir axşam. Xüsusilə, taksidən düşən yerdə.
Özü də payızın içinə düşə
bilərsən. Başqa hara düşəcəksən ki?! Sən
bu misranın şahanə sayıldığı dünyada
taksidən yaya, yaza, qışa düşə bilməzsən,
özü də... "bir axşam". Sən burada bir
axşam ancaq payıza düşə bilərsən, başqa
heç hara". Duman İçərişəhərin,
"biçarə şəhər"in içərisində
azdırar adamı. Zamanı saxlaya bilməməyin lənətini
ömrün payızında duyarsan. Kamal Abdullanın (daha
doğrusu, qəhrəmanı F.Q.-nin) təsnifatı olduqca
orijinal və maraqlıdır. Məncə,
ədəbiyyat tarixini diaxron bir ardıcıllıqla izləmək
bir qədər darıxdırıcıdır. Bəzən
müasir dövrdən qədim çağlara səyahət
etmək olar. Bir şərtlə ki, F.Q.-nin dediyi kimi, mətndən-mətnə,
misradan-misraya keçidlər edə bilək.
Vaqif Səmədoğlunun
şeirlərində obrazların, şəkillərin, səslərin
insan yaddaşının dərinliklərindən gələn
reaksiyaların intəhasızlığı yatır. Necə?
Belə:
Tez ol xəbər
ver, görüm necəsən,
Gözlərin
necədi, yerişin necə?
Yaman
darıxmışam, mən səndən ötrü,
Barı,
bir soraq ver özün gəlincə.
Yerini
bilmirəm, bilsəm, gələrəm,
Könlünü
alaram, sevərəm yenə.
Xəzərin
köksündən qalxan dumana
Qara
şanı büküb gətirrəm sənə...
Bəlkə
də, dünya poeziyasında yoxdur bədii yaddaşın bu
cür intəhasızlığı. Şairin poetik enerji və
təxəyyülü nə qədər geniş
olmalıdır ki, belə bir misra yazsın: "Xəzərin
köksündən qalxan dumana Qara şanı büküb gətirrəm
sənə".
Mümkünsüzlüyün obrazı mümkünləşir.
Bu misra dumanın içində olan şairin sərbəstliyindəki
enerjidir. Kinetik enerjinin bədii güc və gözəlliyə
çevrilməsidir. "Uzaq, yaşıl ada" nəğməsində
gözəllik və bənzərsizlik fikrin duyğusal
vizuallığıdır. Fikir formaya girir. Uzaq, yaşıl
adaya çevrilir. Vaqif Səmədoğlu fikri metafizikadan
çəkib çıxarır. Ona fiziki bir libas geyindirir.
Bilirsiz, qantel
nədir?
Çuqundan
tökülmüş,
Uzun bel səkkizə
bənzər
əzələ
bərkidən.
Mən
bir dəfə
dünyanın
ən ağır
qantelini
qaldırdım:
telefon
çağırdı məni,
götürdüm
dəstəyi,
səs gəldi:
-
Özünü ələ al,
öldü...
Qüvvəm
çatmadı,
düşdü
əlimdən
dünyanın
ən ağır qanteli...
Şeiri
oxuayn kəs millətindən və dinindən asılı
olmayaraq, öz itkiləri ilə empatiya edir bu vəziyyəti.
Vaqif Səmədoğlu ilə Azərbaycan şeiri daha
geniş və bəşəri obraz qazanır. Bu obrazda məna
və mənanın ifadə forması paralel şəkildə
təsir edir oxucuya. Əvvəla, fikir və mövzu daimidir.
Daha sonra duyğusal və poetikdir.
Vaqif Səmədoğlu
70-ci illərin şairi hesab olunur. Ancaq o, dünya ədəbiyyatında
altımışıncı illərin böyük mədəni
partlayışının yaradıcılarındandır. Kino
sənətində fransız yeni dalğa hərəkatı,
Fransa, Kanada və Meksikadakı tələbə hərəkatları,
İhab Hassanın "Orfeyin parçalanışı",
Lesli Fidlerin "Sərhədləri keçin, xəndəkləri
doldurun" manifestləri, Liotarın "Postmodern vəziyyət"i,
İv Kleinin "Dolu", Armanın "Boşluq" sərgiləri,
İqor Stravinski və Vaqif Mustafazadənin musiqi sənətindəki
estetik inqilabları, Elvis Presli və "Bitlz" qrupunun
mahnılarındakı "minimum ərazidə maksimum
çoxsəslilik" elementləri Vaqif Səmədoğlunun
bəşəri poeziyasının yaranması ilə eyni estetik
məkanı bölüşür; şüuri və ya
qeyri-şüuri aspektdən.
Hər
hansı bir varlığın obrazlı ifadəsi onun
özü deyil, ancaq özündən də təsirli ola bilər.
Vaqif Səmədoğlunun yaratdığı obrazlar həmin əşya
və varlıqların özündən təsirlidir. Hər
bir sənətin özünə aid olan obrazlı ifadə tərzi
və təsiri var. Memarlıqda fiziki və struktural ifadə tərzi
əsasdır. Özü də maksimum həddə. Heykəltəraşlıq
abstrakt sənətdir, ancaq onu konkretləşdirir istifadə
etdiyi bədii elementlərlə. Rəssamlıq və kino sənətlərinin
obrazları fiziki varlıqlardır. Təsir mexanizmləri
metafizikidir. Xüsusən,
işıq və səs effektləri ilə maddi olmayan sənət
fenomeni yaradırlar. Musiqidə isə fiziki forma əsas deyil,
ancaq fizikada var olan təcili cəzbetmə effektinə malikdir.
Musiqinin bu mənada dili yoxdur. Yəni bütün dil sərhədlərini
aşır. Vaqif Səmədoğlu şeirlərində
musiqi özünə yuva qurur. Sənətin təbiətində
köhnəlmə və yaxud da öz estetika
dövrünü başa vurma reallığı mövcuddur.
Vaqif Səmədoğlunun şeir-nəğmələrindəki
ritm, musiqi və forma tandemindəki ahəng köhnəliyi
deyil, yeninin estetikasını aktual olmayan aktuallıqda
saxlayır. Bu şeirlər caz musiqisi kimi heç vaxt dəbdə
olmur ki, dəbdən düşsün.
Payız
rəngli baharları,
Kölgən
düşən divarları
Ürəyimdən
qopar, qopar,
Özünlə
apar!
Burada
fikirlərin hamısı antitezadır. "Özünlə
apar" deyərkən, "aparma", deyir şair.
Aparmamağın bədii proyeksiyası aparla ifadə edilir.
Ayrılığın obrazı ayrılığın
özü deyil. Allahın bədii obrazı Allahın
özü olmadığı kimi. Vaqif Səmədoğlu
mümkünsüzlüyün ruhunu və bədənini yaradır. O, gözəlliyi rənglər,
sözlər və obrazlarla yenidən kəşf edir. Gözəlliyi
kəşf etmək bizi məhdud, sərhədli var olmaqdan
azad edir.
7 yanvar
2025
Ülvi
BABASOY
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.22-23.