Həyatın əbədi təkrarı
"Yalnız bir vacib fəlsəfi problem
var - intihar.
Həyat
yaşamağa dəyər,
yoxsa, yox? Fəlsəfənin əsas
problemi bu suala cavab axtarmaqdan
ibarətdir.
Qalan məsələlər: dünyanın
üçölçülü olub-olmaması, düşüncənin
doqquz, yoxsa, on iki qat olması bundan sonra gəlir".
Bu iddialı cümlələr
Alber Kamyunun "Sizif haqqında mif" essesinin girişindəndir.
Ekzistensialist yazıçı və
filosof Kamyu həm "Sizif haqqında mif"də, həm də "Yad",
"Baş qaldıran
insan" kimi əsərlərində "həyatın
mənası nədir,
absurd bir dünyada yaşamağa dəyərmi?"
- kimi sorğulara cavab axtarmağa çalışır. Kamyuya
görə, həyat və onun qanunları
absurddur. Yaxşı insanların başına pis işlərin gəlməsi, pis adamların qarşısına
yaxşı şeylərin
çıxması, erkən
ölümlər, xəstəliklər
və s. kimi olaylar yaşamın absurdluğundan xəbər
verir. O zaman ortaya belə suallar çıxır: Həyat
qanunları absurddursa,
insan bu absurdlarla necə dolanmalıdır? Təsadüflərin
diktəsi ilə irəliləyən bu qeyri-şüuri axında
boğularaq hər şeyə son verməli, yoxsa, iztirablara sinə gərərək axıracan üzməli?
Kamyu
"Sizif haqqında mif" yazısında bu problemi önə
çəkir.
Yarıhekayə, yarıesse janrında
yazdığı Sizif
əhvalatında Kamyu
nihilizmin çarəsizliyini
yox, gerçəkliyin
qaçılmazlığını göstərir. Ümumiyyətlə,
Kamyuya görə, insan öz varlığını
kainatın mərkəzinə
qoymaqla, özünü
yer üzünün əşrəfi saymaqla səhv edir.
Əslində insan öz yaşam mübarizəsi, həyatda qalma instinkti ilə bir qarışqadan və ya bir
tülküdən heç
nə ilə fərqlənmir.
İnsanın fikri soruşulmadan
ona verilən həyatın bir müddət sonra icazəsiz əlindən alınması yaşam deyilən bu müvəqqəti mövcudluğu
absurd və tragedik bir hala salır.
İnsan bu faciədən xilas olmaq üçün suallarına cavab axtarmağa başlayır.
Bütün suallarınsa
yeganə bir cavabı var: ölüm!
Bu cavab insanı psixoloji tupikə dirəyir. Ona görə də sağ qalmaq instinkti ilə ölüm gerçəkliyi məsafəsində
yaşanan atüstü
ömür Kamyuya görə absurd məna qazanır.
Bəzi
tənqidçilərə görə, bütün bunlara baxmayaraq, Kamyu həyatı müsbət hadisə kimi qiymətləndirir. Yəni, həyat özlüyündə anlamsız
olsa da, yaşamağa
dəyər. Başqa
sözlə desək,
var olmaq yox olmaqdan yaxşıdır.
Bunu da nəzərə
almaq lazımdır
ki, Kamyu 46 illik ömründə iki dünya müharibəsinin
ağrı-acısını yaşamalı olub. Əlbəttə, böyük
yazıçını məşğul
edən bu əbədi suallar, əsərlərini bürüyən
ekzistensial böhran həm də amansız müharibələrin
törətdiyi psixoloji
katastrofun nəticələri
idi.
Əsərlərində həyatın absurdluğu, yaşamın
anlamsızlığı üzərindəki
düşüncələrə çox qapılan Kamyu çox zaman ekzistensializmdən absurdizmə
keçir və əksər tənqidçilər
onu "absurdist yazıçı"
adlandırırlar.
Ekzistensializm fəlsəfəsi həyatın
mənasını axtarır.
Bu cərəyanın yaradıcısı
hesab edilən Kierkeqor Sörenə görə, həyatın
mənasızlığından və absurdluğundan xilas olmaq istəyən
insanın iki seçimi var: ya Tanrıya inam, ya da intihar.
Tanrı
bu amansız, qorxunc dünyaya sürgün edilmiş insanın psixoloji sığınacağıdır. Əslinə baxsaq, doğrudan da, milyonlarla insan "bu düzənin bir yaradıcısı, bu kainatın bir memarı var" düşüncəsinin
çarxında fırlanır,
bu şirin yalana aldanmaqla ömür sürürlər.
Acı həqiqətlə
müqayisədə şirin
yalan insana daha cazibəli görünür. Bu da təbiidir.
Acı gerçək
seçkin (psixikası
güclü) fərdlərin
menyusuna aiddir, kütlələri (zəif
və emosional psixika sahiblərini) yemləmək üçünsə
şirin yalan lazımdır. Və min illərdir ki, dinlər bu şirin yalanın
hesabına öz populyarlığını qoruyub
saxlaya bilir.
Yunan mifologiyasının ən
gözəl nümunələrindən
olan "Sizif" əhvalatı Azərbaycan
ədəbiyyatının da diqqətini cəlb edib. Murad Köhnəqalanın
şair dostu Səfər Rzasoyluya həsr etdiyi "Azərbaycanlı Sizif"
(2001) hekayəsi lakonik
tərzi, obrazlı təhkiyəsi və fəlsəfi-psixoloji qatları
ilə ədəbiyyatımızda
ekzistensial nəsrin uğurlu örnəklərindəndir.
Süjetin gərgin dramatizmi, müəllifin dörd fəslə sığdırdığı ömür proqramının
bədii xronikası hekayəni "sıxılmış
roman" adlandırmağa imkan verir. Postmodern üslubun ekzistensialist fəlsəfə ilə birləşdiyi "Azərbaycanlı
Sizif" hər bir oxucunun özünü
görə biləcəyi
bir həyat hekayəsidir.
Köhnəqalanın Sizifi Kamyunun Sizifindən daha realdır, daha dəqiq insani cizgilərə malikdir.
Kamyunun Sizifi (insanların) siziflərin ümumiləşmiş
obrazı, Köhnəqalanın
Sizifi isə həm xüsusiləşmiş
- azərbaycanlı Sizif,
həm də ümumiləşən insani
Sizifdir. Köhnəqala
bu hekayəsində sizifləşmənin milli və
bəşəri modelini
sintezləşdirib. Murad mifi
dekonstruksiya edib. Kamyu isə mifin orijinal versiyasını olduğu
kimi saxlayaraq ona heç bir bədii müdaxilə etməyib.
Mifin məzmunu belədir: tanrıların qəzəbinə
gələn Sizif əbədi cəzaya - ağır bir daşı dağın başına qaldırmağa
məhkum edilib. Sizif min bir əzab-əziyyətlə
daşı dağın
zirvəsinə itələyir,
daş zirvəyə çatandan sonra yenidən dığırlanıb
dağın dibinə
düşür. Taleyin
hökmü belədir:
Sizif yenidən bu daşı yuxarı qaldırmalı,
daş isə daim zirvədən yerə yuvarlanmalıdır.
Köhnəqala yaratdığı neomifdə
həyatın əbədi
təkrarının irsi
yolla ötürüldüyünü
incə ştrixlə
vurğulayır və
hekayəni tamamlayır:
"Payız girmişdi. Sizifin də yarpağı saralırdı.
Bütün bunlara baxmayaraq o, xoşbəxt olmaqda ümidli idi. Sizif Daşı
itələyirdi. Ancaq
elə bil, Daş əvvəlkindən
xeyli ağır olmuşdu. Payızın hökmü ilə hər yan bozarırdı.
"Görəsən, atam
yaşadığı dövr
qəddar olub, yoxsa, mənim dövrüm?.."
Daşı itələdikcə Sizifin
həyatının hər
yeri ağrıyırdı.
"Dünyanın ayrı
yerlərində də
ömrü beləmi yaşayırlar? Yoxsa, bədbəxt bircə bizim torpaqda doğulanlardı?.."
Əvvəlki vaxta baxanda Sizif çox ləng qalxırdı. Vaxt isə ox kimi uçurdu. O, Daşın ağırlığına,
yolun uzaqlığına,
ömrünün qalan
yerinə baxır, götür-qoy edirdi. Bu yerlərdə xoşbəxt
olmağın mümkünsüzlüyünü
duyurdu...
Ömrə qış gəlir,
təbiətə qar yağırdı. Sizif qarlı yolla Daşı itələməyində
idi. Bir gün sakit bir səs
onu aşağıya səslədi: "Sizif, gəl, artıq vaxtdır!" Sizif Daşı buraxıb aşağı endi. Bir də baxdı ki, ölüm yatağında
uzanıb. Qoca Sizif xəcalətindən
vəsiyyət eləmək
istəmirdi. Ancaq fikirləşdi ki, burada xoşbəxt olmağın
yolunu mütləq övladına deməlidi.
Nəhayət, Sizif gənc oğlunu yanına çağırıb
Daşın yerini ona pıçıldadı..."
Beləliklə, Daş (həyat)
əbədi, Siziflər
(insanlar) isə gəldi-gedərdir. Daş
ölümsüz, Siziflər
ölümlüdür.
Nitsşenin "Tanrı öldü"
şüarı "insan
özü tanrı olmalıdır" hipotezini
doğurdu. Dostoyevskinin
"Cinlər" romanının
personajlarından olan
Kirillov məhz bu ideyanı gerçəkləşdirməyə
çalışırdı. O, həyatın absurdluğundan
xilas olmağın yolunu tanrıya çevrilməkdə görür.
İnsanın tanrı
olması üçün
o, düşüncəsindəki ən böyük qorxuya -ölüm qorxusuna qalib gəlməlidir. Ölüm
qorxusunu yenmək, ölümü məğlub
etmək deməkdir. Dostoyevskinin qəhrəmanı
bütün gücünü
toplayıb ölüm
qorxusunu aşır, öz iradəsini fövqəlqüvvə səviyyəsinə
qaldırır və...intihar edir.
Kamyu qəhrəmanını tale ilə
barışdırır, Dostoyevski
öldürür, Köhnəqala
isə həyatın ixtiyarına buraxır.
Şəlalə Göytürk
NİAQARA
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.23.