Həyatın qadınca izahının səsi:
Zemfira Məhərrəmlinin
əsərləri haqqında
İctimai fikrin başqa sahələri kimi,
ədəbiyyatın da öz bəşəri qayəsi insan mənəviyyatını gözəlləşdirmək, Qorkinin sözlərilə
desək, "insana özünü dərk etməkdə
kömək etməkdir".
Müasir qadın nəsrinin
mərkəzində qadın durur. Onun problemləri,
yaşadığı çətinliklər, fəlakətlərlə
üzləşən zaman həyata yenidən adaptasiyası
kimi mövzular bu nəsri formalaşdıran, ona yön verən
əsas amillərdir.
Zemfira Məhərrəmlinin mövzusu
daha çox qadının cəmiyyətdəki
vəziyyəti məsələsi üzərində qurulan əsərlərində
müəllif insanı bütün zəif və güclü
tərəflərilə təsvir etmişdir.
Yazıçının qadınların həyatına dair qələmə
aldığı həm bədii, həm də publisistik əsərlər
onların təkcə məişətdəki rolunu deyil, həm
də bir çox ictimai mövzulardakı mövqeyini əks
etdirir. Müəllifin yaradıcılıq refleksi bədii ədəbiyyat
və publisistikada sosial inflyasiyanın zonalarını görməyə
də imkan yaradır.
Yazıçının hekayələri
nəqletmə dili sadə
olmaqla bərabər, eyni zamanda qadınların həyatına
dair bir çox problemləri özündə ehtiva edir. Bu əsərlərdə
qadın obrazlarını daha çox ağıllı, cəsur
qadın, öz ərlərinə sadiq həyat yoldaşı,
saf duyğularla sevən gənc qız, qayğıkeş ana
olmaqla bərabər, bəzən də başqasının
xoşbəxtliyinə göz dikən, ona qənim olmağa
çalışan mənfi qadın obrazı olaraq da görə
bilirik. Yazıçının hekayələri müasir
dünyanın rəngli qadın palitrasını ən
müxtəlif rakurslardan oxucuya təqdim edir, hər dəqiqənin
əhval-ruhiyyəsini özündə əks etdirir.
S.Vasilenko qadın
nəsrində obyekt
seçimini izah edərkən qeyd edir ki, müasir
dünyanın bütün ağrı-acısını
özündən keçirən tragik fiqur qadını hesab
edir. Bir qadın nasir kimi Zemfira Məhərrəmlinin də
hekayələrində məkan olaraq xəstəxananın
seçilməsi də təsadüfi deyildir. Özünü
dünyanın sərt reallığında görərkən,
xəstəxana elə bir yer olur ki, orada qadın özü
kimiləri ilə ağrılı dərdlərini müzakirə
edə bilir. Bu, bəzən də şüuraltı hisslərin
təkidi ilə də baş verə bilir. "Anam niyə gəlmədi?"
hekayəsində hadisələrə məkan olaraq məhz xəstəxana
seçilmişdir. Əsər dünyanı
çulğamış virusdan dolayı həkimlərin həyatının
necə məşəqqətli yollardan keçməli
olduğunu təsvir edir. Xüsusən də, bu həkim ailəsinə,
övladına da vaxt ayırmaq, maraqlanmaq, qayğısına
qalıb nəvaziş göstərməli olan anadırsa, vəziyyət
daha da dramatikləşir. Hər gün virus yoluxması nəticəsində
dünyasını dəyişən insanları görmək
qadını mənəvi cəhətdən daha da zəiflətmişdi.
Azyaşlı qızına məktub yazıb işinin çətinliyini,
ancaq bu məşəqqətli günlərin geridə
qalması üçün həkimlərin səylə
çalışdığını anladaraq az da olsa, vicdan əzabından
xilas olmağa çalışırdı. Bir müddət
sonra o özü də bu amansız virusun cənginə
düşsə də, qəlbindəki inam və
övladına duyduğu sonsuz sevgi, qızının ona olan
ehtiyacını hiss etməsinin verdiyi güclə xəstəlikdən
yaxa qurtarıb yenidən ailəsinə qovuşur.
Müəllifin "Analıq haqqı"
hekayəsində həyat yoldaşı vəfat
etdiyi üçün iki övladı ilə tənha
qalmış kişinin sonrakı evliliyindən bəhs edilir.
Bu əsərdə də əsas motivi qadın və onun
taleyi məsələsi təşkil edir. Başqasının
uşaqlarına onların anası kimi davranmaq, qayğı və
şəfqətlə böyütmək elə də asan
deyil. "Bu savab işi görəcək, sığala, tumara
möhtac nisgilli balaların qəlbini ovunduracaq qadın,
görəsən, kim olacaqdı? Belə məsuliyyətli,
çətin işə qol qoyan, razılıq verən kəs
dünyanın ən əməlisaleh, nəcib bir insanı ola
bilərdi." Xoşbəxtlikdən uşaqlar onları
anaları qədər sevəcək qayğıkeş və
mehriban qadına rast gəlirlər. Ailədə əmin-amanlıq
yaranır və yenidən sevgi dolu yuvaya çevrilir. Bununla
belə, qadının yenə də "- Görəsən,
analıq haqqını qazana bilmişəm?" -
düşüncəsi ilə özünü
sorğulaması onun nəcib xarakterinin əsərdəki
inikasıdır.
Xüsusən, qadınlar özlərini
təhlükədən uzaq hiss etdikləri
evdə xoşbəxt olduqlarını düşünürlər.
Lakin rahat və dinc hiss etdikləri bu məkan bəzən də
onlar üçün ən ağır işgəncələrə
məruz qaldıqları yerə də çevrilə bilir. Hər
insan sevdiyi şəxsdən sədaqət gözləyir.
Qadınların ən böyük qorxularından biri də
onların ailəni təmsil edən bu evdəki xoşbəxtliyinə
xələl gətirə biləcək başqa bir
qadının ortaya çıxmasıdır. "Qisas qiyamətə
qalmaz" hekayəsində ömrünü həyat yoldaşına
və övladlarına həsr etmiş qadının ailəsi
başqa bir qadın tərəfindən dağılma təhlükəsi
qarşısında qalır. O, yaşadığı emosional
vəziyyət, keçirdiyi stress və ağrılı
düşüncələrə görə digər qadına
fiziki xəsarət yetirərək həbsə düşsə
də, sonradan həyatı öz axarına düşür və
ailəsi yenidən xoşbəxt günlərinə geri
dönür. Müəllifin bu hekayədə məkan olaraq
müraciət etdiyi əsas yer evdir ki, buradan qadının əbədi
və sarsılmaz varlığının zaman və məkan
koordinatları keçir. Hekayədə qadının ailəyə
bağlılığı, onu qorumaq üçün hər
şeyi edə biləcəyinə inam güclüdür.
Tamamilə qadına xas fiziki xüsusiyyətlərdən biri də
hamilə olmaq və dünyaya uşaq gətirməkdir. Bu
baxımdan ana ilə övlad arasında olan mənəvi
duyğusal bağ daha güclü olur və analar çox vaxt
öz övladının başına gəlmiş, ya da gələcək
olan pis hadisələri də fəhmlə duyma qabiliyyətinə
malik olurlar. "Yuxunu suya danış" hekayəsində Mədinənin
qəlbindəki analıq duyğusunun gücündən və
övladını gözləyən fəlakəti hiss etməsindən
söz açılır. Ana hər şeydən əvvəl,
instinkt olaraq öz balasını qorumalı olduğunu hiss
edir və onun başına gəlmiş hər hansı təhlükə
yuxuda da vaqe ola bilir. Bu motivə şifahi xalq ədəbiyyatı
nümunələrində də rast gəlmək
mümkündür.
Müəllifin "Bir qaranlıq gecədə"
hekayəsi də əri vəfat etdikdən sonra başsız
qalmış ailədəki qadının övladlarına həm
ata, həm də ana olma yolundakı çətinliklərdən
bəhs edir. Əsərdə Güldəstə
balalarını bütün təhlükələrdən
uzaq, yalnız öz himayəsində böyütməyə
çalışan fədakar ana obrazıdır.
Mənfi
qadın obrazları hər nə qədər müəllifin
yaradıcılığı üçün səciyyəvi
olmasa da, "Heç kimi qınama" hekayəsində hadisələrin
mərkəzində məhz bu tip qadın dayanır. Belə
ki, başqasının başına gəlmiş bədbəxt
hadisəyə görə onu xor görən, həmin ailə
ilə qohum olmağa razı olmayıb gənclərin qəlbini
qıran ana obrazı təsvir olunmuşdur: "Qardaşı
"türemşik" olan qızı ala bilmərik.
Anası alverçi olan qız da bizə heç gərək
deyil" deyən "Anasının çılğın hərəkətindən
qəlbi qırılmış, qarşısıalınmaz
arzunun üstündən qara xətt çəkilmişdi."
Fəqət, nə yazıq ki, o, yaşadığı həyatın
bəzi mübhəm qanunlarından bixəbərdir. Müəllif
bu kiçik hekayə ilə insanların
qınadığı, yuxarıdan aşağı
baxdığı, empatiya qurmağa
çalışmadığı hadisələri oxucunun diqqətinə
çatdırır. Sonda isə qadının
qınadığı hadisənin öz başına gəlməsi
ilə nəticələnir.
Yazıçının "Nöqtə
boyda həyat
işığı" hekayəsi Türkiyədəki dəhşətli
zəlzələ qurbanlarının xatirəsinə həsr
olunmuşdur. Yenicə övlad sahibi olmuş gənc ailənin
sevinci çox davam etmir. Bir sübh çağı onlar
amansız fəlakətə düçar olaraq, digər
bütün qurbanlar kimi zəlzələ nəticəsində
meydana gəlmiş dağıntıların altında
qalırlar. Bu hekayədə də iradəli, öz
canından daha çox, balasını qorumaq üçün
sağ qalmağa çalışan ana obrazı təsvir
olunmuşdur.
Müəllifin "Dünya gör
necə dardır..." hekayəsində
qayğıkeş və mehriban qadın olan Ağgülün
Moskvada yaşayan ailəsi, onların vətən həsrəti,
evlərinə usta kimi gəlmiş adamın da təsadüfən
vətənlərində böyüməsi və xatirələrinin
olduğunu biləndə səmimi bir qəlblə onu dinləmələrindən
söz açılır.
Yazıçının "Oyuncaq" adlı povestində isə
iki gəncin saf məhəbbətindən, onların bir-birinə
qovuşma yolunda qarşılarına çıxan maneələrdən,
sosial və ictimai problemlərin fonunda insanların bir-birinə
olan hisslərinin necə dəyişilib korlana biləcəyindən
bəhs edilir.
Povestdə əsas obrazlardan
biri də qayğıkeş anadır. O, ərinin
vəfat etməsinə baxmayaraq yenidən ailə
qurmamış, ömrünü övladlarını
böyüdüb "bir tərəfə
çıxartmaq" üçün sərf etmişdi:
"Adına güldən ağır söz deyilməyən,
ağır oturub batman gələn Simuzərin
evdarlığına, səliqə-sahmanına, necə deyərlər,
bir göz lazım idi ki, tamaşa eləsin.
Biş-düşünə, ev-eşiyi təmiz saxlamasına,
yır-yığışına söz ola bilməzdi.
Uşaqlarını da erkən yaşlarından zəhmətə,
işə-gücə alışdırmışdı."
Əsərdə Nərgiz adlı
saf qəlbli, sevdiyi oğlana bütün
məhəbbəti ilə bağlı olan qızın əksinə,
Səmayə deyə nalayiq, əxlaqi cəhətdən mənfi
xüsusiyyətlərə sahib qızın da obrazı
yaradılmışdır.
Nəticə olaraq qeyd etməliyəm ki, Zemfira Məhərrəmlinin
əsərləri insan psixologiyasını, gündəlik həyatın
incəliklərini və ictimai-sosial problemləri dərin
müşahidə qabiliyyəti ilə əks etdirir və
müasir Azərbaycan nəsrinin inkişafına töhfə
verir.
İlahə
SƏFƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.20.