Furkan Çalışqan:
"Ölçülə bilən məsafə ilə ölçülməyən
yaxınlıq arasında bir yer var və şairlər oradan bəhs edir"
Modern Türkiyə
ədəbiyyatının maraqlı
imzalarından biri də Furkan Çalışqandır. "Ölçülə bilən məsafə
ilə ölçülməyən yaxınlıq arasında
bir yer var və şairlər oradan bəhs edir" - deyən
şairin əsərləri gerçəkdən də qeyd
etdiyi o məkandan bir səsdir. İstədik ki, Azərbaycan
oxucusu Furkan Çalışqanı lap yaxından
tanısın.
İstanbulda "KETEBE" yayınlarında şairi ziyarət etdik.
- Furkan
bəy, sizi
salamlayıram. Bu gün sizə bir neçə sual
ünvanlayaraq, modern Türkiyədə nəşriyyatçılıq
məsələlərinə dair fikir sahibi olmaq
arzusundayıq. Bir yayın evi olaraq "KETEBE"
yayınları ədəbiyyat kontekstindən Türkiyənin
gələcəyinə nə verməyi planlayır?
- Nargis, xoş gəlmisiniz
İstanbula və "KETEBE" yayınlarına. Bir yayın
evinin ana məqsədi öz planladığı gələcəyə
doğru kitabxana inşa etməkdir.Yayın evləri
dünyanı kitabxana olaraq xəyal edərlər. Bu
qapıdan girdiyinizdən etibarən hər şey kitabdır.
Başqa hər şey çöldə qalır. Girişdə
Qırmızı kitabxana var, onu mütləq
görmüsünüz. Baxın, tam olaraq məqsəd budur.
Yayınladığımız kitablar bizim həyata
baxış bucağımızdır. Və illər
keçdikcə bizim məqsədimiz daha yaxşı başa
düşüləcək. Dəmlənməsi
lazımdır öncə. İllər sonra isə biz bu
mövzunu tamamilə başqa kontekstdən danışa biləcəyik.
- Özünüzü necə
tanıdarsınız? "KETEBE"
yayın evi kimdir, nədir, haradır?
-
"KETEBE" yayınları bir qrup intellektualın qurduğu nəşriyyatdır.
Biz dərgi yayınlayan adamlar idik. Yəni bu sektora təsadüfən
gəlməmişik. "KETEBE" ilə birgə bəzi dərgilər
yayınlamağa başladıq. "Post öykü",
"Cins", "Nihayet" kimi bu dərgilər çox
vacib nəşrlərdir. Türkiyə oxucusu qeyd etdiyim dərgilərlə
hesablaşır, onları ciddi nəşr kimi qəbul edir.
Beləliklə, bu tərz yayın orqanlarının əməkdaşları
birləşib "KETEBE"ni qurduq. Böyük təcrübə
nəşriyyatçılığa çevrildi.
-
"KETEBE" yazarlarını necə seçir?
- Bu mövzuya yanaşmamız
belədir. Məsələn, bir var, külliyyat
yazarlarımız var, böyük və klassik yazarlar, yəni,
Kamal Tahir, Ülkü Tamer, Cengiz Aytmatov, Cahit Zarifoğlu kimi. Birinci
hissəni bu yeni klassiklər əhatə edir. Bir də var,
klassik yazarlar. İkinci aktual hissəni isə gənc yazarlar təşkil
edir, hansı ki, onlar yaxşı mətnlərlə yadda
qalmağı bacarırlar. Gənc hekayəçi,
romançı və şairləri türk oxucusunun daha
yaxşı tanıyacağı şəkildə təbliğ
edirik. Bizim kitabların mağazalara göndərilməsi və
yayılması yaxşı təşkil olunub. Biz bir
yazarı oxucuya təqdim ediriksə, onun arxasında dururuq. O
yazarın özü qədər onun karyerasını izləyirik.
- Yayın evləri niyə ən çox klassik əsərləri
yayınlayır? Bu, özlərini sığortalamaq və
maddi qazancı stabilləşdirmək
üçündürmü?
- Türkiyədə "İşbankası
yayınları" deyə bir reallıq
var. Daha çox bu yayın evinin klassikləri satılır.
Onların dağıtım şəbəkəsi çox
genişdir. Digər yayın evləri bu nəşriyyat qədər
klassiklərdən çox gəlir əldə etmir. Ancaq əlbəttə
ki, biz daxil, digər nəşriyyatlarda klassik ədəbiyyatın
görkəmli təmsilçilərinin əsərlərini
yayınlayırıq. Klassiklər dünya ədəbiyyatının
təməlidir. Bu baxımdan biz hər zaman onları
yayınlamalıyıq. Gündəmi təşkil edən gənc
yazarlar da klassiklərdən ilham alırlar. Dostoyevskidən,
Tolstoy, Çexovdan yolu keçməyən yazar azdır.
- Bir naşir necə
olmalıdır?
- Maraqlı, həyəcanlı,
münasibəti, əhatəsi
yaxşı olmalıdır. Ən əsası çox səbirli
olmalıdır, yolundan dönməməlidir. Bu yol çətindir...
- Bu gün Azərbaycanda kitab
nəşrində ən çox müzakirə olunan məsələ
redaktədir. Redaktorun ən önəmli xüsusiyyəti nə
olmalıdır?
- Redaktorda əsas diqqət, səliqə olmalıdır. Ən
vacibi budur. Digər vacib nüans isə bilgisidir. Əsas olaraq
dilimizi - türkcəni mükəmməl bilməlidir.
- Yaxşı əsər
hansı əsərdir?
- (Gülür). Yaxşı əsər
...insanın həyatını dəyişdirən əsərdir.
- Azərbaycan ədəbiyyatı
ilə bağlı düşüncələriniz
maraqlıdır? Kimləri tanıyır, oxuyursunuz?
- Azərbaycan
ədəbiyyatını tanımırıq.
Konkret olaraq bunu deyirəm. Bildiyimiz yazarlar var, ancaq bu qədər.
Bir ingilis, alman ədəbiyyatı qədər Azərbaycan ədəbiyyatına
hakim deyilik. Bu özümüzü tənqid etməli
olduğumuz məsələdir. "KETEBE"də Azərbaycanın
önəmli yazarı Anarı yayınlamışıq. Anar
gerçəkdən də çox yaxşı yazardır,
ancaq təəssüf ki, onu yeni tanımışıq.
- Kitabın üz qabığı kitab qədər önəmlidir?
- Şəxsən mənim üçün yox, amma satış
üçün bəli. Mən kitab üzü fetişizmini
şəxsən tənqid edirəm. Ancaq gəldiyimiz
çağda vizuallıq önəmlidir, hər şeydir. Və
bu kitab satışına yüz faiz təsir edir.
- "KETEBE"də neçə
insan çalışır?
- 70-dək
insan bizimlə
çalışır. Bir ofisimiz İngiltərədədir.
- Fukan bəy, sizə bir yazar və
naşir olaraq öz dərin təşəkkürümü
bildirirəm. Kitabla çıxılan hər yolun sonu zəfərdir.
Zəfərimiz bol olsun!
Söhbətləşdi:
NARGİS
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.19.