Həyatda həkim, nəsrdə hakim

 

Əslində, başlığa çıxardığım adda onun bir hekayəsi var. Amma başlığı ordan götürmədim, qəfil ağlıma gəldi.

Söhbət Ramiz Əkbərdən gedir. Onu çoxdan tanıyıram. Həkimdir, həm yazıçıdır. Bəlkə sözün yerin dəyişək? Ramiz Əkbər yazıçı-həkimdir. Məncə, yenə düz olmadı. Ramiz Əkbər yaxşı həkim yaxşı yazıçıdır.

Mən onun əsərlərilə çoxdan tanışam. Boynuma alım ki, dərindən oxumamışdım. Çünki başqa sahənin adamlarının yazıçı-şairlik eşqinə düşməsi mənə qəribə gəlir. Ona görə ciddi yanaşmram. Bəziləri elə bilər ki, qısqanıram. Əsla yox, əzizlərim. Mən öz sahəsində peşəkar olan adamlardan danışıram. Öz işinin ustasıdırsa, deməli, ədəbiyyat damarı zəifdir. Amma sonralar yanıldığımı gördüm. Əziz dostum, həkim Vüqar Əmrah, həkim Şahin Musaoğlu ("Cənab leytenant", "İgid əsgər, möhkəm dayan!" kimi məşhur xitlərin bəstəçisi), dövlət görəvlisi Novruz Nəcəfoğlu adını çəkmədiyim, yəni bu anda xatırlaya bilmədiyim digər peşə adamları.

Ramiz müəllimlə çoxdandır ki, görüşmürdük. Sonuncu dəfə, deyəsən, unudulmaz tərcüməçi şair Siyavuş Məmmədzadənin yanına gedəndə görmüşdüm. Həmin vaxt o, DİN-in hospitalında rəis idi Siyavuş müəllimi təmənnasız əməliyyat eləmişdi. Elə buradaca deyim ki, əksər qələm adamlarını heç bir umacağı olmadan müayinə müalicə edib.

Onun ədəbiyyata bağlılığı, yəqin gözəl təbiəti olan Yardımlı ilə bağlıdır (oradan kimlər çıxmayıb ki: xalq şairi Sabir Rüstəmxanlı, məşhur tele-jurnalist Mir Şahin, professor Telman Vəlixanlı, tələbə dostum Faiq Novruz s.), bir az da unudulmaz xalq şairimiz Qabillə qohum olmağıyla. Amma onlar sonradan qohum olublar. Qız alıb, qız veriblər.

Telefonla danışırdıq, təbii, nəsə lazım olanda soruşurduq, doktorumuz da təmkinlə peşəkarlıqla suallarımızı, narahatlığımızı cavablandırırdı.

Nəsə. Sözü uzatmayaq. Necə deyərlər, danışıq (söhbət) dananı qurda verər.

Nəhayət, bu yaxınlarda görüşəsi olduq. Xeyli söhbətdən sonra mənə bir neçə kitab verdi.

Mən Ramiz Əkbərin hekayə povestlərini təzədən oxumağa başladım (orasını da deyim ki, pyesləri var bəziləri tamaşaya da qoyulub. Yaradıcılığına xas yumoru onlarda da özünü göstərir.  Musiqili Komediya Teatrında İlham Teatrında dəfələrlə nümayiş olunub).

Birinci, "Amerikan Qulu" hekayəsindən başladım. Adı məni cəlb elədi, ona görə. Cavanlıqdan Amerikaya vurulan, hətta sürdüyü sınıq-salxaq maşının hər yerinə Amerika ilə bağlı şəkillər  yapışdıran xəyalpərvər adam. Hekayədən bir sitat gətirim, özünüz hər şeyi anlayacaqsınız: "Hələ gəncliyində Amerikaya aid fotoları, qəzet şəkillərini köhnə çemodanının qapağının içinə, üstünə xəmirlə yapışdırardı, əlinə düşən qəşəng heyvan rəsmlərini onlarla yanaşı qoyardı. Yaşıdları ilə söhbət edəndə elə şeylər quraşdırıb danışardı ki, müsahibi onu hər şeydən xəbərdar bir adam kimi qəbul edərdi. Qulu amerikan itlərini dünyanın bütün itlərindən yüksək tutar, onları əfsanəvi heyvanlarla müqayisə edərdi. Sadəlövh dostları da ağızlarını açıb böyük maraqla onu dinləyərdilər..." Xülasə. Başınızı ağrıdım, Qulu sonra küçədən tapdığı bir qəzet qırığından öyrənir ki, Amerikada 83 yaşlı Tom Cekson adlı bir adam var, ət-zad yemir, ancaq tərəvəzlə qidalanır, yəni vegetariandır. Ona görə sağlamdır. Qulu gözünə döndüyüm arvad-uşağı onun kimi böyütmək istəyir, nəhayətdə faciənin astanasından birtəhər qurtara bilir.

Sonra "Novator Əliqulu" hekayəsini oxudum orada bizim cəmiyyətimizin güzgüsünü gördüm. "Axır qəminiz olsun" hekayəsi bir başqa aləmdir. Şişirtmədən deyim ki, onu da ləzzətlə oxudum.

Yazıçı dostum Ramiz Əkbərin həm hekayələrinin strukturu, həm dinamikliyi dramaturgiyası, həm dili, xalq söz ifadələrindən yerli-yerində istifadə məni əməlli-başlı çaşdırdı. Gözləmirdim axı. Səbəbini yuxarıda demişəm. Hətta bəzi hekayələrini öz hekayələrimlə müqayisə elədim. Onların arasında sadə bir fərq var. Mən daha çox ironiyaya, Ramiz Əkbər isə xəfif yumora üstünlük verir. Mən modernist üslubun, o isə klassik tərzin tərəfdarıdır.

Onun "Görüş" hekayəsi oxuduğum ən yaxşı sevgi əsərlərindən biridir. mənə maraqlı gələn o oldu ki, yazıçı sevib-ayrılmaq, yəni hicran-vüsal məsələsini orijinal işləyib hamının oxuduğu, eşidib-bildiyi sevgi hekayələrindən fərqli yazıb. Nəyi fərqlidir? Sonda izahat vermir, açıb-ağartmır, hadisələri oxucunun öz ixtiyarına buraxır.

Ramiz Əkbərin hekayələrində Cəliləbənzərlik var. Xüsusən , "Amerikan qulu", "Novator Əliqulu", "Nuş olsun"  "Qarınqulu" hekayələrində. O tərz, o üslub, ancaq müasir, təbii.

Yazıçının hekayə povestlərinin bəziləri didaktikdir, bəziləri isə detektiv nümunəsidir. Məsələn, "Manyak" povesti gözəl bir filmin ssenarisi ola bilər. Gözlənilməz keçidlər, dramaturgiya, xarakterlər doğru-düzgün seçilib işlənilib.

Amma etiraf edim ki, onun yumorla işlənmiş hekayələri daha çox qəlbimə yatdı. Çünki mən özüm yumora meyilliyəm.

Ramiz Əkbərin povest hekayələrinin toplandığı kitabda Ön söz yerinə rəhmətlik Balasadığın bir məqaləsi verilib. Ondan bir sitat gətirməklə  mərhum şairimizin ruhunu şad edək: "Ramiz Əkbər yaxşı yazıçı-dramaturq, həkim yaxşı da insandır. Gözü-qəlbi tox adamdır. Onunla söhbət edəndə adam yaşamaq istəyir, həyata daha çox bağlanır. Sənə elə gəlir ki, bu adam qollarını açıb bütün dünyanı qucaqlaya bilər. Bu onun həm yazıçılığından, həm həkimliyindən, halal insan olmağından irəli gəlir..."

Yazıçı dostumun  əsərləri audivizualdır, yəni gözlə görünən, qulaqla eşidiləndir. Bayaq dediyim kimi, filmə çox yatır. Bir az müasirləşdirsən, yəni zamana, məkana əl gəzdirsən, hər şey öz yerini tapar.

Ramiz Əkbərin əsərlərində bir şeyi hiss etdim: yazıçı onların mövzusunu həyatdan götürür, uydurma fantaziya, yalnız yazını maraqlı etmək oxucunu yormamaq üçündür bu da təbiidir.

Onun "Manyak", "Ötən günlərimi qaytaraydılar" povestləri göstərir ki, Ramiz Əkbər bir əsəri yazmazdan əvvəl baş verən hadisənin, məkanın incəliklərini öyrənir. "Ötən günlərimi qaytarın mənə" türmə həyatından bəhs edir. Yəni yazıçı dostum heç nəyə dırnaqarası baxmır, işini peşəkarlıqla görür. Mən bunun olduğunu bilirəm. Balıq adam romanımı yazanda dalğıclarla o qədər yerli-yataqlı söhbət eləmişdim ki, əsəri oxuyanlar mənim dalğıc olduğumu düşünürdülər.

El dili ilə desək, Ramiz doxdurun sülaləsi həkimdir, bəziləri burada, bəziləri xaricdə çalışır, vətənimizi ləyaqətlə təmsil edir. Necə deyərlər, varislik məsələsi, genetika özünü göstərir.

Əlqərəz, Ramiz Əkbər maraqlı yazıçı dramaturqdur. İnanıb-inanmamağınız öz işinizdir. Amma ədəbiyyatşünas Eynulla İsmayılov ona inanır nəinki inanır, hətta "Hippokrat andlı yazıçı" adlı kitab da yazıb.

Yazıçı həmkarımın əsərləri  haqqında çoxlu qələm adamı məqalə yazıb, söz deyib. Onların arasında ədəbiyyatşünaslardan tutmuş, xalq yazıçısı, şairlərinə qədər xeyli adam var. Adlarını sadalamaqla mətni ağırlaşdırmaq istəmirəm.  Amma mərhum əbədiyaşar  Xalq yazıçımız Sabir Əhmədlinin "Özü yıxılan da ağlayar, yaxud qozbeli qəbir düzəldər" povesti ilə bağlı bir qeydini verməsəm, düz olmaz: "Ümumiyyətlə, insan mənəviyyatındakı çatışmazlıqlar, getdiyi yolun faciə ilə nəticələnə biləcəyinin fərqinə varmadan yaşamaq, adi insani keyfiyyətləri itirib, başqalarına özünə fiziki mənəvi əzablar vermək bunların əksər hallarda faciə ilə nəticələnməsi onun əsərlərinin leytmotividir..."

Sonda deyim ki, mənim təklifimlə fevral ayında Ramiz Əkbərin kitablarının AYB-nin Natəvan Klubunda təqdimatı olacaq. Gəlin, kitabları pulsuz-pənəsiz əldə edin, oxuyun mənim dediklərimə əmin olun: yaxşı həkim yaxşı yazıçı da ola bilərmiş...

 

Dekabrın sonu-yanvarın əvvəli,

 

2024-2025

 

Elçin HÜSEYNBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.14.