"Emmet
Kentli" imzası ilə yazdıqlarımdan
Ruhlar mənim
qonşumdur
Masanın bir tərəfi
soyuq divara söykənibsə,
demək,
arxasında oturanların biri
ölüb...
Sən bunu görüb
cahanın faniliyini
anlayacaqsan,
incə
bir hərəkətinlə
o masanı divardan
aralayacaqsan...
Orda mərhumların ruhunu
oturdacaqsan...
Orda
sənin
atan otururdu,
sənin
atan!
Geciksə də,
gələcək o, bir gün
o biri dünyadan...
çağıracaq bir gün səni
o biri otaqdan...
Modern Bayatı-şiraz
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox...
Dənizkənarı bulvardan yox...
Elə bil lay divarlardan
Ayrıldı, qopdu, peyda oldu bu gözəl
qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
"Tomatsız..."
Axırı lap şahanəydi: "Uzatmayasız".
Sonra qarışdı Nizami küçəsinin nizamsız
boz kütləsinə.
Tanış heykəllərinə, yad bütlərinə.
Son izlərini, "Cinema Plus" kinoafişaları
tərəfdə itirdim.
Şansızdım.
Bütün seansları, serialları
ötürmüşdüm.
Ölü divarların əlvan
film anonsları ilə
Kifayətlənməli oldum.
"Qaçdı-Tutdu" Filmi 28 noyabrdan
28 Mall Cinema-da. Axırda bir
nəfər sağ qalacaq!" afişasının
həyəcanlı elanı
deyəsən, elə
mənim barəmdəydi.
Şansızdım.
Qadınsızdım.
Kinoafişanın qaçan hərflərində
O qızın adını axtardım,
Tapdım,
hətta.
Hollivudda
da
Oxşarı vardı
Eyni
adda.
Adının son hecası
dilimdə uzandıqca
Həm savaşdım, həm sevişdim bu qızla.
Sonra, bütün radiolarda bu sevgi, bu
musiqi davam edirdi.
Eyni avazla.
Eyni cazla.
Hamı
qoşuldu
Bu bayatı-şiraza.
Toy günümdə
Toy günümdə
Özümü, üzümü qəfil
görmədim toy güzgümdə.
Sonra gördüm necə divardan silindi,
itdi
Qalın
qara kölgəm də.
Məəttəl qaldım...
Məcbur
qəzetlərə, "Yeni Müsavat"a baxdım...
Rusca qəzetləri də yoxladım...
Axır,
gördüm dünya
siyasi xəritəsindən
Silinib doğma ölkəm də!
Toy günümdə - 12 iyun
1993-cü ildə
Hökumət yoxdu Bakıda.
Ay da, günəş də sallanırdı
Dar ağacının yoğun
kəndirində
Göydə.
Toy günümdə - 12 iyun
1993-cü ildə
Taxt-tacda,
hakimiyyətdə
Bircə
məndim.
Vəzifədəydim.
Bir günlük xəlifəydim.
Zay bir ifadə donub qalmışdı hamının sifətində.
Aeroport yolunun sürət zolağı bombalan-boşdu.
Polisləri tamam sərxoşdu,
Bu mənzərə kimə xoşdu?
Qəfil
ürəkləndim.
Cürətləndim.
Bildim,
Bu qopuq qəlpələri, zərrələri,
Sınmış mənzərəni
Yenidən yığmalıyam, sığışdırmalıyam
Toy güzgümün tərkibinə!
Toy günümdə Azərbaycanı
döymüşdülər
Ölümünə...
Qəfil,
bircə fitə, fitimə
İki fərqli ünvandan, bu ölü dünyamdan
bir cüt göyərçin
qalxdı,
xeyli aralı uçub, axır birləşdilər
ən uzaq üfüqdə,
barmağımdakı üzük də
Parıldadı həmin saniyədə.
Yığdım, cəmlədim bütün
sınıqları,
Qəlpələri, zərbələri,
Sınıq mənzərələri
öz
toy güzgümdə
Dirildik qəfil
Bu came-cəmdə.
Mənim
toy günümdə.
12 iyun 1993-cü ildə.
Telegüzgüdə.
Qiymətim
1998-ci ildə
Ermənistan-Azərbaycan jurnalistlərinin
görüşünü
İrəvanda hazırlamış Kanada
hökuməti
Həyatımı 350 min dollar civarında sığortalamışdı.
Razılaşdırmışdı.
Sənədi imzalatdırmışdı
Mənə, Bakı rəsmilərinə,
Ermənilərə...
Həyatımın dəqiq qiymətini
o vaxt bildim.
Azca sevindim...
Ancaq bildirmədim,
Özümü kiçiltmədim,
Üzdə göstərmədim
bu sevincimi...
İmzaladım masadakı müqaviləni.
İndi, otuz il sonra
Həmin
rəqəmləri,
Müqaviləni,
Bir killerə göstərdim...
Dedim: öldürsən əgər
məni...
Məbləği sənlə bölüşərdim...
Dedi: həəə...o əjdahadı...
Bahadı...
Zirehli tısbağadır.
Mən isə, dükanlardakı endirimlərdən
İlhamlandım deyəsən...
Dedim: bəlkə aşağı
enəsən?
Bu Həmidi lap ucuz öldürəsən?
Killer, inanmadı sənədə...
Gözlərinə.
Dedi, bu sənsən?
Hələ özünü öldürməyibsən?
məbləği hələ bölüşdürməyibsən?
Səfehsən lap...səfehsən...
İndi sənə nə o yaşı verərsən...
Nə o
qiyməti...
Gəl imzala yeni sənədi.
Unut köhnəsini.
Endirimli
olacaq bu dəfə qiymət,
Endirimli...
Amerikalı Məlik Məmməd
Çoxseriyalıdır "Məlik Məmməd nağılı"
Bu nağılın lap axırı,
Sonadək qıcqırmış çaxırı,
Həlledici, gizli son kadrı
Amerikadakı məxfi faylları
ABŞ yazarı Stiven Kinqin
"Survivor
Type" hekayəsindədir.
Eyni sürətdədir,
eyni müqəddəs surədədir.
Yarıuçuq sərdabədədir.
Qotika xərabəliklərindədir.
Demək,
süjet belədir:
Gəmi
batıb, yeganə sərnişini - cərrah
Richard Pine Pinzetti, təkbaşına
kimsəsiz adadır.
Deyirsiz,
yamaqlı bir çadırdadır?
Yox. Buludların ağır yükü altındadır.
Acdır.
Nəyi
dişinə vurursa, görür, bərkdir,
Qupquru qaxacdır.
Bir müddət aclığa
dözür.
Yaxın
adaya tərəf uğursuzcasına
bir üzür, iki üzür...
Axır,
son həşəratları yeyib,
"Lənət şeytana!"
deyib
özündən, acı taleyindən
küsür.
Ətrafını gözləriylə yaxşı-yaxşı,
uzun-uzadı süzür...
Baldırından, Məlik Məmməd
kimi
bir parça ət qopardıb üzür...
Bütün ağrılara dözür...
Bilmirəm bu kimin beynidir.
Ancaq, süjetlər tam eynidir.
Deməzdim tam yenidir.
Hə...
"Məlik Məmməd
nağılı"nın sonu,
Bir qolu, çox vacib gizli boyu
İndi
day azərbaycanca yox...
təmiz
ingiliscədir.
Satmışıq...
Müəllif haqları
Artıq
Stiven Kinqdədir.
Hə...
Hələ uşaqlıqda
hiss etmişdim
Bu Məlik Məmməd ingiliscə də deyəsən, bilir...
Bəlkə də elə ingilisdir.
şlyapalı bir iblisdir.
Ən adi xarici turistdir.
Ağ dünya ilə qara dünyanın arasında.
Yaşayır indi okeanın o
tayında.
Amerikada.
İnterpol
axtarışındadır.
Dosyesində yazılıb: "Dərin
çapıq var baldırında".
Qətl günü
Belə
mərhumların mürdəşirləri
də
Çox
yaşamır sonra...
Üçdüyməli köynəkləri,
Andırları, soxaları
Tez götürülür üzdən,
Tez gizlədilir.
Yarımçıq əlyazmaları
da
Həmçinin.
Potoloqoanatomun imzası isə,
Oxunmur sonra.
Hətta
zərrəbinlə belə.
Hər iki mərhum - Kamil Nərimanoğlu və Arif Acalov eyni
gündə,
bir ay fasilə ilə öldülər.
Biri 16 noyabrda, digəri 16 dekabrda.
İkisi
də təxminən,
eyni peşəni, taleyi, ölümü bölüşdü.
İkisi
də Elçibəyin
müavini işləmişdi.
İkisi
də Bakıya təzəcə gəlmişdi.
İki filoloq. Semiotik.
Azca nevrotik.
Eyni 16 rəqəmi...
Serial qatil vallah, Əzrailə
oxşamır.
Daha realdır, deyəsən.
Globalinfo.az
xəbər verir ki,
Kamil Vəli xalq hərəkatında iştirak
edib. 1992-93-cü illərdə
Elçibəy hakimiyyətində
baş nazirin müavini vəzifəsini
tutub. AXC(P)də sədrin müavini olub.
Bir ay öncə Türkiyədə
yaşayan daha bir azərbaycanlı alim -
Arif Acalov da Bakıda yol-nəqliyyat qəzasında həyatını
itirdi. O da Əbülfəz
Elçibəyin müşaviri
olmuşdu.
Jurnalist,
şair Həmid Herisçi hər iki alimin ölümünü
mistik adlandırıb.
Deyib, - bu dəfə Aqata Kristi dedektivini biz yox...
Həyatın özü yazdı.
Deyib,
"Bizə bu da azdı".
Deyib,
"qənaət etdiyiniz
kağızı...
Deyib:
Hələ üçüncüsü də var.
Ancaq bu üçüncünü
Buraxıb iş-gücünü
kimsə
axtarmayacaq.
P.S. Vacib detal - Kamil Vəli Nərimanoğluya
bəzən KVN,
Yəni
"Şən və
hazırcavab" deyərdik
öz aramızda, dar çərçivədə.
Axırmacalda
Əzrayıl da
Məhz
bu adı səsləndirib,
sənədləşdirib.
Məmmədnəsir tinində
Yasamaldakı xudmani, sakit, ucuzvari "Uran" hotelində tək-tənhaydım.
Televizorumda köhnə
ağ-qara "Yeddi oğul istərəm"
kino-filminin ilk kadrları
sakitcə titrəyirdi
- bayquş ulayır, qara qarğa bir quru budaqdan
qopub, digərinə doğru qanadlanırdı.
Meyvə ağacınını
yoğun şah budağında bu dəfə armud yox... alma yox... insan cəsədi yırğalanırdı.
Düzü, nə bu qarğa uçuşunu, nə bu yetim
cəsədi axıracan
təqib edə bilmədim. Görünür,
TV-də yox...öz canlı həyatımda oxşar filmə baxmalıydım.
Canlı
rejimdə, sulu-sulu görməliydim
sonrakı oxşar həyəcanlı hadisələri.
Atışma səhnələrini.
Qədim
məzardaşları arasında
ölülərlə dirilərin
əbədi, bitib-tükənməyən
döyüşünü.
Hiss etdim - dəhlizə açılan qapının
arxasında kimsə
var.
Əlimi
silaha uzatdığım
vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi.
Eşitdiklərimə təəccübləndim.
- Həmid bəy?
- Özüdü ki, var.
- Təcili olaraq qaldığınız hoteli
tərk edin. Özünüzü elə
aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə
altındadır. Taleyiniz
tükdən asılıdır.
Telefonu sağ qulağımdan ayırıb sol qulağıma
sıxana qədər
danışıq bitdi.
Son bəzi çox vacib sözləri eşitmədim. Qulağımdan
qaçırdım.
Dedektiv
kino-filmlərin ritmi, surəti qəfil bax, bu cür
həyatıma sıçradı.
Hərəkətlərim əvvəlcədən
ölçülü-biçiliydi sanki. Astaca pəncərəni
aralayıb eyvana adladım. Su navalçalarından ehtiyatla
sallana-sallana aşağı
sürüşdüm.
Navalça qarmaqlarından hər
dəfə yapışıb
bir pillə aşağı endikcə,
son şeirimdən bir
sətiri dönə-dönə
təkrarlayırdım: "Mən navalçaları yağışa layiq yol bilməm".
Hə...
ağzım, faldı.
Bu paslı navalçalar
indi yağışa yox...mənə çox yaraşırdı.
İki-üç dəqiqədən sonra
məni artıq bu lənətəgəlmiş
hoteldə kimsə aşkarlaya bilməzdi...
Qəribə əhvalat idi
lap...
Kinoya oxşayırdı.
Endiyim yerdə kimsə hirsindən bir topa "Topaz" lotoreya biletini cırıq-cırıq
etmişdi. Hirsi soyumamışdı.
Bir qadın fotoşəklini
də, üstəlik,
didib parçalamışdı.
Küləyin bircə həmləsi
bəsdi bu biabırçılığa.
Qanrılıb geri baxanda gördüm day bu tində artıq heç kim yoxdu.
Bir həsirdi, bir də Məmmədnəsir.
P.S. Xalq yaddaşımızdakı
"Məmmədnəsir", qədim assuriya hökmdarı Novuxadonossordan
yadigardı. Yazığı
burda tutub lümlüt soyublar.
Eləyiblər bir həsir, bir də Məmmədnəsir.
Tatular diriləndə
Divardakı "Ey insanlar, qulaq asın mənə, bir əclaflıq etdim dünən yenə" şüarına bir başqa xətlə "Xəbər gedib çatsın lap MTN-ə!!!" nidası artırılmış
yerdə həəə...
dayandım. Fikirləşdim,
niyə bəziləri
ürək sözlərini
məhz kor, lay divarlara açırlar? Səbəb nədi?
Tatulu əl qəbirdənmi xortladı bu vaxt? Yoxsa, elə
mənim daxilimdən?
Özümdən? Yoxsa,
divardakı ən gözəgörünməz çatların
birindənmi?
Ovcunun
içi çox...çox
dərin idi...dünyanın bütün
nəzir pulları sanki sığardı bu dilənçi ovcuna.
Arxaya bir xeyli lal-dinməz
addımlayıb axır
soyuq divara dirəndim. Gördüm, yox eyy...divara
öz ürək sözlərimi yazmasan, bu divdi, əldi
nədi bilmirəm...məndən əlini üzən deyil.
- Əvvəl divara yazacaqsan ürəyindəkini.
Sonra öz bədəninə.
Nə?
Kim dedi bu sözləri? Bodi-art aşiqləri, həəə?
Bilinmədi. Ancaq, acı həyat etiraflarımı bir gün nağıldakı
kimi bu Məmmədnəsir
tinində əvvəl
kor divara, sonra...
Çox-çox sonra isə öz bədənimə,
lap sonunda məzar daşıma yazacağım
indidən bəlliydi.
Hə...həyatda əslində düz yox...tərs qanunlar işləkdi. Əvvəl
həkim gəlir xəstənin üstünə,
sonra Əzrayıl. Terrorçudan əvvəl
jurnalist, telekamera gəlir labüd qəza nöqtəsinə.
Sonra avara tamaşaçılar.
Polis... Sonra...lap axırda terrorçu.
Qısası, belədi.
Bizdən
sonra bir həsir qalacaq, bir də Məmmədnəsir.
Tale yükü
Anam Şölə xanım həmişə evimizdəki
köhnə ağır
kamoda kədərlə
baxardı.
Sonra hamımıza:
- Kişi, oğul istəyirəm, bu kamodu yerindən tərpətsin.
- İnşallah, Həmid böyüyüb tərpədər.
- Atam Qafarzadənin cavabı həmişə
eyniydi. Mənə tapşırmışdı o bu
ağır tale yükünü.
Evimizdə, həəəə, çoxdan, mən göz açandan köhnə Finlandiya kamodu var. Hitler zamanı istehsal edilib, deyilənə görə.
Arxasında da guya faşist
nişanı, oxunulmaz
qara-quralar var.
1945-ci ildə hərbi qənimət kimi Bakıya gətirilib.
Əldən-ələ ötürülüb.
Sahibləri sırasında
yəhudi həkimi də var, erməni taksi sürücüsü
də. Ancaq bu sahiblərindən bir xatirə nişanı belə qalmayıb həmin kamod üzərində. Hamısı silinib, itib. Bircə köhnə almanca alın yazısı pozulmazdı. Arxasındadı.
- Zəlzələ də,
Allah göstərməsin, bu
kamodu silkələyə
bilməyəcək. Zəlzələ
də! Silkələnməyini,
titrəməyini görmədim.
Atana lap oxşayır. - anam
Şölə xanım
atamla həmin kamodu həmişə eyni tərəzi gözündə görərdi.
Bir-birindən ayırmazdı.
Səthi
çox hamardı.
Bir gün dəmir pulları cibimdən çıxarıb atdım
bu kamodun üzərinə.
Pulun biri, inanmazsız, böyrü üstə dik dayandı.
Lənətəgəlmiş faşizm... gör rəndələri
nə qədər itiymiş.
Qısası, əlim itidir.
Kazinolara
mən kimiləri buraxmırlar.
Qumarbazlığım bu faşist meydançasından
qanadlanıb.
- Ana, məni yaxşı yedirt. Güclənim. Bir gün kamodumuzu mütləq divardan aralayacam. Yazısını
oxuyacam.
İlk belə fürsət
1971-ci ildə düşdü
əlimə.
Köhnə evimizdən ayırılıb
təzəsinə köçümüz
vaxtı baş verdi deşifrələmə.
Kamodun kürəklərini,
"ya Allah" deyib,
nəhayət, soyuq divarlardan ayırdıq.
Gördük...
Uzaq
siluet
Turagentliklərdən aldığım
biletlə
ən uzaq üfüqlərdəki
zəif bir siluetlə
Görmüşdüm onu nə vaxtsa baletdə...
sevişdim bir az, az-maz bu gün.
İşarəylə dedi, "Yükləmə...
telefon nömrəsi-filan istəmə
məndən".
Xoşlanırdı xəyanətlərdən,
bütün qacetlərdən,
bütün qəzetlərdən
göz vurdu mənə.
Musiqimizi
özü bəstələdi.
Qəhvəni təkcə özü
bildiyi bir üsulla dəmlədi.
Bilgisayarımın parolunu dəyişdi
hətta...
Nəfəsini hopdurdu
Bütün FB paylaşımlarıma.
Ancaq çevrilmədi, dönmədi
insana.
Hətta
Göz yaşları bütün
qacetlərdən,
qəzetlərdən
ətrafına sıçrasa da...
Uzaq siluetdi.
Bu yəqindi. Bu netdi.
Heyif, o
da
həyatımızdan çıxıb
getdi.
Məndən sonra bir"Cin"(s)
qalacaq
Kitabların, payız yarpaqlarının
bütün tirajı,
Məktəb həyətlərinin şagirdsiz peyzajı,
İnsanın ən ibtidai inancı
Mənə deyir:
"Səndən, məndən
sonra paltar şkafında
bir cüt yaralı "Cin"s şalvar asılıb qalacaq...
uzun
zaman yuyulmayacaq...
Kədərini uzadacaq...
Yarın
vəfalı olsa,
bu cinsin yaralarını yamaqlayacaq
bir gün...
ömrünü uzadacaq...
Fəqət, ancaq xəyalda.
Realda,
ilk acı sualda
yad əllər girəcək
o şalvarın cibinə...
Bir-iki saniyə keçəcək
Həyəcan içində...
Səndən, məndən sonra
Şkafda
bir "Cin"s
Uzun
zaman tək qalacaq...
Sanki dar ağacından sallanacaq.
Bir gün o səni inandıracaq
Bəs bir bank hesabının
Unudulmuş şifrəsi cibindədi.
Fəqət tilsimdədi
Azca bu şifrə.
Gedəcəksən uzun-uzadı fikrə.
Məndən sonra bir "Cin"s qalacaq...
Bir gün o səni qəflətdən oyadacaq...
Necə
ki,
Göydən sonra bir ulduz qalacaq...
Sabaha...
Tamam şod
Xəyyam rübaisinə modern nəzirə
Həqiqəti, aldanmayın, araşdırıcı
özü tapmır heç vaxt.
Həqiqət özü...özü,
gəlib tapır səni, adətən.
Həmişə.
Baxmır,
xəstəsən,
dirisən,
zibildəsən,
xaricdəsən,
ölüsən...
Özü gəlir qapına.
Ölü gəlir qapına,
Deyir:
"bəlkə məni
dirildəsən?"
***
Dünya
kriminalistika dərsliklərinə
düşmüş "Tamam
şod" cinayət
işi, müəmması
da, ancaq və ancaq bax, bu
cür deşifrələnə
bilər.
Tapmacanın qısa məzmunu
belədir.
1948-ci ildə, uzaq Avstraliyanın Adelaida şəhərində qəribə
hadisə qeydə alınır. Şəhər
çimərliyində naməlum
bir kişinin cəsədi aşkarlanır.
Mərhum
çox güclü,
gizli bir zəhərin təsiri ilə dünyasını
dəyişmişdi. Kriminalistlər
o vaxt bu işə çox diqqət verirlər. Hesab edirlər o, "Soyuq müharibə" qurbanıdır. Bəlkə
də məxfi sovet agentidir. Yaxınlıqdakı nüvə-raket
poliqonunda nəysə
axtarıb və s. və ilaxır.
Ən vacibi - cəsədin cibindən kiçik kağız parçası
çıxır. Üzərindəki
"tamam şod" yazısı bir müddət kriminalistləri
çaşbaş salır.
Axır, bəlli olur ki, bu ifadə
ölməz Xəyyama
məxsusdu.
Həyatın, faniliyini, boşluğunu
göstərən bu kağız parçası
dünya kriminalistlərini
indiyədək düşündürür.
Həlak olmuş şəxsə məxsus daha bir dəlil
- çamadan, az sonra şəhər vağzalının saxlama
məntəqəsində aşkarlandıqdan
sonra, məsələ
daha da şişir.
Qısası, cinayət işi
"Tamam şod" adını alaraq, dünyanın, kriminalistikanın
ən böyük sirrinə çevrilir.
Dedektivlər bu işi (Tamam Shud Case) kriminalistika şkalasında
ən vacibi bilərlər. Sonralar bu işlə bağlı digər dəlillər də, faktlar da aşkarlanır.
Şeirin
qoparıldığı Xəyyam
"Rübaiyyat"ı (ingiliscə)
sonradan bir başqa yerdə tapılsa da, bununla iş bitmir. Daha da qəlizləşir.
Bəlli olur ki, həmin kitabda çox məxfi bir informasiyanın şifrəqramı da mövcuddur.
1948-ci
il...Soyuq müharibə
günləri...atom, raket
sirləri...çimərlikdə
aşkarlanmış cəsəd,
bədəndəki zəhər
izləri... və...
Və ölməz Xəyyamın
"Tamam şod" rübaisi...
Hə...mənzərə gördüyümüz
kimi çox qəlizdi.
***
Bir gün televizorda məşhur sovet dramaturqu Lev Şeyninin ssenarisi ilə, 1964-cü ildə çəkilmiş
"Boy bez pravil" filminə
baxarkən, birdən barmağımı dişlədim.
Sonra Lev Şeyninin bioqrafiyasını
oxuyub lap sarsıldım.
Lev Şeynin, o vaxtkı sovet hüquq işçilərinin ən
ciddi kadrıydı.
1937-ci il repressiyalarının baş
cəlladı prokuror Vişinskinin müavini vəzifəsində çalışıb.
Kirovun qatili sayılan Nikolayevi də məhz o dindirib, biləsiz.
Gördüm, filmdə "Tamam
şod" müəmmasını
həll edəcək məqamlar az deyil.
Ssenari belədi: 1946-48-ci illər...Sovet və Amerika mütəxəssisləri raket
texnologiyaları mövzusunda
ciddi casus oyunlarına
start verirlər.
Ceyms Qreyvud adlı bir ABŞ casusu xəyyamşünas İran alimi
adı altında Moskvaya ezam edilir.
Sənəddə göstərilən
"Əli Qacar" adı saxtadır.
Moskvada keçirilən dünya xəyyamşünaslarının konqresində bu saxtakar tutularaq sovet kəşfiyyatına
təhvil verilir. Qazamata girərkən xahiş edir ki, ona Hafizin şeirlər
kitabını versinlər:
"- Po moey prosğbe,
- prodoljal Qreyvud, - mne dali v kameru
stixi Omara Xayəma i vaş
uqolovno-proüessualğnıy kodeks. Ə s interesom izuçaö to i druqoe. Statğə dvesti şestaə daёt mne pravo xodataystvovatğ o dopolnenii sledstviə".
1948-ci ildə baş tutan bu hər
iki hadisəni tutuşdurdum.
Faktlar arasında sözsüz ciddi əlaqə mövcuddu.
Görünür, Ceyms Qreyvud nisbi adı altında gizlənən bir ABŞ casusu 1947-48-ci illərdə həqiqətən,
İran alimi Əli Qacar adı altında Moskvada həbs edilib. Sonra, görünür, Avstraliyaya
göndərilib. Necə
və nə cür, niyə? - indi, buna cavab verə bilmərəm. Məqsəd, sözsüz
atom-raket texnologiyaları
ilə bağlıydı.
Ancaq, səfər əsnasında nəsə
alınmayıb. Nəticədə
casus, ya özü intihar edib, yaxud
onu öldürüblər.
Filmə
diqqətlə baxsaz, orda digər çox ciddi incəliklər, gizlinlər
də var.
Qorxulu Hollivud filmlərinin ilk rejissoru Alfred Hiçkoka
da yaxşı baxın.
Filmlərnin hər birində bir qapalı mücrü, yaxud ağzı bağlı ağır çamadan görəcəksiz.
Hiçkok buna "MacGuffin çamadanı" deyirdi.
Çamadanın açılmasını,
öz müasirlərinin
deyil, gələcək
nəsillərin ixtiyarına
buraxırdı.
Lev Şeynin də oxşar "MacGuffin çamadanı",
bağlı mücrü
atıb öz ssenarisinə. Filmdəki əməliyyatçı zabitinin
"Lartsev" adını
daşımağı da bununla
bağlıdır. "Larets"
rusca "qapalı mücrü" mənasını
verir.
***
Həqiqəti, aldanmayın, araşdırıcı
özü tapmır heç vaxt.
Həqiqət özü...özü,
gəlib tapır səni, adətən.
Həmişə.
Baxmır,
xəstəsən,
dirisən,
zibildəsən,
xaricdəsən,
ölüsən...
Özü gəlir qapına.
Ölü gəlir qapına,
Deyir:
"bəlkə məni
dirildəsən?"
P.S. Ömər Xəyyam eyniadlı rübaisinə
müasir, modern nəzirəmdir
bu mənsur şeirim.
Tək bu deyil...bütün
digər mövzuların
da nöqtəsini o - ölməz
Xəyyam qoyub.
Tamam şod.
Həmid Herisçi
Ədəbiyyat qəzeti.- 2025.- 10 yanvar, №1.- S.12-13.