Poeziya yaddaş kimi
Müstəqillik dövrü poeziyası daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub və məna çalarlarına imza atdı? Yəni bu dəyişikliklərə, fərqli düşüncə kontekstinin parametrlərinə əsaslanıb poeziyamızın tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kontekstdə fikirlərimizi izah etməyə çalışaq.
1990-cı illər poeziyasında bəzi şeirləri oxuyanda hiss edirsən ki, dəyişən sadəcə, sovet dövrünün imperativləri olub, əmək qəhrəmanlarının, gülün, bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsinə formal olaraq son qoyulub. Yəni cəmiyyətdəki ictimai-siyasi proseslərə fəal müdaxilə yolu tutmaqla deyil, əvəzində, eyni patetik formada cılız vətənpərvərlik hisslərini təsvir etməklə, gözlərimizi və qulaqlarımızı yağır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi böyük məqsədə çevirməklə. Halbuki ənənəvi ritmi və intonasiyanı özündə daşıyan köhnə şeir müəllifləri oldu ki, onların şeirlərinin təravəti əzəli poetik gücünü və siqlətini qoruyub saxladı. Firuzə Məmmədlinin müstəqillik dövrü yaradıcılığı bu qənaəti təsdiqləyir. 1990-cı illərin bioqrafik ölçüləri onun poetik qəhrəmanlarının birbaşa "mən"ində ifadə olunur. Oxuduqca, istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan:
"Desələr, şeirimin avazı köhnə,
Od kimi, su kimi
köhnəyəm, bala".
1990-cı
illərdən bəri şeirimizdə güclənən
modernist başlanğıclar, bir-birini əvəzləyən
forma axtarışları, ideya-bədii müxtəliflik nəticəsində
milli poeziyamız çoxyönlü təbəddülata
uğradı. Bütün yenilik cəhdlərinin
qarşısına Firuzə Məmmədli milli poeziyanın gələnəklərinə
sadıq qalaraq - heca şeirinin ən gözəl nümunələrini
yaradaraq çıxdı. Bu yalnız ona görə baş
vermədi ki, yeniliklərə yetməyə potensialı yox
idi, əksinə, onun 2000-ci illərdən başlayaraq
yazdığı sərbəst şeirlərdə də eyni
estetik mündəricə ehtiva olunur, şair düşüncə
kontekstini başqa vəzndə də ifadə etməyə
nail olurdu. Dəyişən forma idi, şeirdəki ruh, kolorit
onillərin o tayından süzülüb gəlirdi. Firuzə
Məmmədlinin şeirlərində müasir təfəkkür
xalq şeirindən, folklorundan gələn ovqatla, hava ilə
qaynayıb-qarışır, milli poeziyaya məxsus üslub,
daşlaşmış linqvo-poetik sintaksis, lirik-fəlsəfi
düşüncənin hakim olduğu məqamlarda belə yan
keçilməyən yaşam kredosu - ilkinliyə
bağlılıq şair fərdiyyətinin sübutu kimi mənalanırdı.
Amma bu fərdiyyət öz havasına "kökləndiyi"
məqamlarda - milli şeirin min il yol gələn bədii təcrübəsini
yaşatmaq, onu qorumaq, bu təcrübəyə inanaraq onun
sıradan çıxmasına yol verməmək mühafizəkarlığında
daha bariz üzə çıxırdı. Çünki
şeir duyumu olan bir çox şairlər kimi, Firuzə Məmmədli
də anlayırdı ki, hansı formada meydana
çıxmasından asılı olmayaraq həqiqi şeir
öz oxucusu ilə dil tapacaq, ona qovuşmağı
bacaracaqdır. N.Hikmət demiş, "Şeiri istər
qışqıraraq, istər bağıraraq yaz, istər
pıçıltıyla yaz, istər xalq şeiri üslubunda
yaz, istər hissələrə bölüb yaz, istərsə
də qədim əruzda yaz, nə fərqi, təki
ortalığa əsl sənət əsəri adlana biləcək
bir poeziya gətir".
Çəkildi
bu suların
Üzündən göy təbəssüm.
Dəniz
səni sevirmiş,
Qoy dənizə tələsim.
Sərilim
qanad-qanad
Göy suların səthinə.
Sular məni oxşasın
Elə sənin xətrinə.
Əllərini
ver mənə,
Saçlarım şanə gəzir.
Səni
oxşamaq üçün
Sular bəhanə gəzir.
Firuzə
Məmmədlinin poeziyasında dərin düşüncələrə
dalıb mücərrəd mənzərə yaratmaq, fəlsəfi
mühakimələrə getməyə ehtiyac yoxdur. Onun
yaradıcılığı hər cür mücərrədlikdən
uzaq, sadə deyim tərzinə, düşüncə ədasına
köklənən poeziyadır. Bu poeziyanın fərqliliyi də
ondadır; heç bir quramaçılığa uymadan
şeir yazmaq, qəlbinə hakim olmuş duyğuları əzib
korlamadan mətnə köçürmək.
1970-80-ci illərin poeziyasında maraqlı eksperimentləri, poetik
axtarışları ilə seçilən Firuzə Məmmədli
müstəqillik illərində poetik-bədii fikrin
inkişafında da fəal iştirak etdi. Həyata, cəmiyyət
hadisələrinə, insani münasibətlərə yeni, fərqli
baxış sistemi yaradan, onları olduğu kimi, birbaşa təsvirə
çəkməklə deyil, içindən, duyğular aləmindən
keçirdiyi kimi ifadə etməyə çalışan
şairin şeirlərində yeni poetik konstruksiyalar qurulur, ənənənin
zəminində yetişərək fərqli olmağa
çalışmaq meyli və bu yeniliyi formadan məzmun
qatına yeritmək səriştəsi hiss olunurdu.
"Ömrə ölçü-biçi
sözdü,
Çölü sözdü, içi
sözdü.
Mənə düşən iki
sözdü,
Birin dedim, biri qaldı",
- yazan
şairə Firuzə Məmmədlinin "Dərd
üzünü gizləyir" və "İki damla dəniz"
kitabları onun müstəqillik illəri
yaradıcılığının prioritet istiqamətlərini
uğurla sərgiləyir. Birinci kitabda şairənin heca,
ikincidə isə, sərbəst vəzndə
yazdığı şeirlər yer alıb. Firuzə Məmmədlinin
sərbəst vəzndə yazdığı şeirlər də
poetik cəhətdən uğurlu alınır, demək olar
ki, müəllifin hecada istila elədiyi yeri sərbəstdə
qazanmaq imkanı real görünür:
Yenə
baxışların
mavi göyləri endirdi
içimin qaranlığına;
cücərdi qəlbimdəki
ümidlərim.
İçərimin künc-bucağı
işıqlandı.
Qaldırdım
dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:
"Dünya gözəldir!"
1990-cı
illərdən başlayaraq, vətən mövzulu şeirlərdə
yanaşmaların istiqaməti dəyişir, vətən
sevdalı, kök, mənşə bağlarına sadiq, tarixə
və yaddaşa etibarlı bir sənət nümunəsi
olaraq yaranan şeir nümunələri təsəvvürün
sınırlarını aşıb sabaha, gələcəyə
doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi
qütbləri nişan verirdi. Firuzə Məmmədlinin
şeirlərində insanın, fərdin mənəvi
varlığını yaddaşla bağlayan qatlara, dəyərlərə
şair marağı öndə durur, onlar insanı yalnız
təbiətin deyil, həm də və daha çox tarixin bir
parçası kimi təsvir etməklə önəmli
görünüblər.
Firuzə Məmmədlinin şeirlərində
hər zaman yurdla, torpaqla bağlı
poetik ifadə uğurlu əksini tapıb. Bu şeirlərdəki
sızıltı, ağrı, nisgil yalnız doğma kəndlə,
doğulub boya-başa çatdığı el-oba həsrəti
ilə bitməyib. Bu ağrının ilkin ünvanı
Qarabağ olub! Bu şeirlərin fərqi nədə olub?
Onlarda Qarabağla bağlı öyrəşdiyimiz minor motivlər
- ah-zar, inilti, acizlik, rahatca bardaş qurub onu kiminsə bizə
verəcəyini gözləmək mövqeyi nəzərə
çarpmayıb. Üsyan, çağırış, qisas
yanğısı öndə qərarlaşıb,
"Haqqım Qarabağ!" deyərək döyüşə
səsləyib şair:
Ağrıdan, əzabdan yordum
özümü,
Sındırdım özümü, qırdım
özümü.
Mən çox arsızlığa
vurdum özümü,
İndi qisas, deyib kükrəyim
daha,
Bitsin, əsir ömrü sürməyim daha.
Bu
poeziyada Qarabağ dərdi, erməni məsələsi,
düşmən obrazını bədii sözün təcəssümünə
çevirmək meyilləri daim işlək olub. Həm də
təkrar çalarlara yol vermədən, yeni söz demək,
problemə fərqli rakurslardan yanaşma cəhdləri nəzərə
alınmaqla gerçəkləşdirib bu işi Firuzə Məmmədli.
Ötən illər ərzində bizim poeziyada Qarabağ dərdinə,
müharibə acılarına münasibət iki kontekstdə
özünü göstərib. Gənc nəslə bu
mövzuya münasibətdə bir ruh
düşkünlüyü, pessimist əhval-ruhiyyə hakim
olub. Orta və yaşlı nəsildə isə mübarizə
əzmi, coşqu daha mühafizəkarlıqla qorunub, problemin həlli
prosesində yaranmış gərginlikdə inamların
sarsılmasına mümkün qədər müqavimət
göstəriblər. "Düşmənə nifrətdə
səbri çox olduq", - yazan Firuzə Məmmədlinin
şeirlərində bir bezginlik olub: haqqımızın
tapdanmasına, dünyanın susduğu, göz yumduğu ədalətsizliklərə
çağırış olub; bizim olanı geri almağa,
meydanlara atılmağa. Bu poeziyada Qarabağ prosesləri
fonunda dünya işləklərinə, siyasət
oyunlarına, ictimai, mənəvi tənəzzül məqamlarına
həssas, şikayətçi olan şair mövqeyi erməniyə
münasibətdə eyni dərəcədə aqressiv və
barışmaz görünüb:
Mərkəzdə
ortaqsan "Tərəkəmə"mə,
"Vağzalı"m üstündə
gəlinin köçür.
Haçansa minmisən mənim
gəmimə,
Qəbrimdə yatmısan, ölənin
üçün.
44
günlük müharibədən sonra
qazandığımız Zəfərlə Firuzə Məmmədlinin
şeirlərinin məzmunu da başqa şəkil aldı.
Milli ruhun yeni hadisəsini mübarək bir poetik ovqatla mətnləşdirdi
şair:
Baxıb
dünyanın ovqatına,
saralmış yarpaqlar da
saplağından
asıla qalıb, -
gözü payızın yolunda.
Payız
nəfəsini içinə çəkib
uğurlu bir
yağış
gözləyir
buludların gözündən.
Buludlar
Qarabağ səmasının
gözündə
azadlığın
nəşəsindən
məst olub.
Tarixlə poeziyanın missiyası eyni niyyətdə həmişə birləşiblər:
yaddaşın oyaq qalmasına münasibətdə.
Çünki tarix kimi poeziya da meyardır. Yaddaşa, həqiqətə
qoyulan abidədir. Bu abidənin qorunması işində Firuzə
Məmmədlinin rolu müstəsnadır və tarixin
yaxınından da, uzağından da baxanda sözün
özü qədər mənəvi
ucalıqda görünür.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.4.