Firuzə Məmmədli: Şair ömrü - tənhalığın
metaforası
Firuzə
Məmmədli-85
Görkəmli şairimiz Firuzə Məmmədlinin yubileyi (bunu mənə əziz dostum Azər Turan xatırlatdı) elə yerdə məni yaxaladı ki, həmin məqamda şairin kitabları əlimin altında deyildi. Yaxşı ki, "Azərbaycan" jurnalının 9-cu sayında (2024) Firuzə xanımın silsilə şeirləri çıxmışdı - dadıma çatdı. Bu kiçik qeydlər həmin mətnlər, bir də yaddaşının küncündə qalmış bir neçə misra əsasında yazılıb.
Şübhəsiz, hər bir şairin ədəbiyyatda yerini Zaman müəyyənləşdirir. Amma mənim içimdə artıq çoxdan Firuzə xanımın bir şair obrazı formalaşıb. Bir-birimizi yaxından tanısaq da, aramızda ciddi elmi mükalimə yaradıcılıq təması, müzakirə-filan olmayıb. Ona görə də bu yazıda Firuzə Məmmədli obrazı subyektiv müşahidələrimə əsaslanır. Bəzən mənə elə gəlib ki, Firuzə xanım zamanədən, ömürdən-gündən, taleyindən şikayətlənəndə, giley-güzar edəndə susaraq söyləyib, sadəcə özünə danışıb yazı (şeirlər) sadəcə bunun dəlil-sübut işarələridir - "dərdin heroqlifləridir".
Yadlara
meyli yoxdu,
Doğmalara
həniri.
Daha yol da
gözlənir,
Öz
ömrünü gəmirir...
Susmağı
bacaran şair heç vaxt yersiz pafosa yol verməz. Hətta vətənpərvərlik
mövzusunda, çağırış ruhlu şeirlərində
belə sakit, həzin intonasiyanı eşidirsən. Azərbaycan
poeziyasında qadın şairlərimizin (Məhsəti, Natəvan,
Ağabəyim, Aşıq Pəri, M.Dilbazi, N.Rəfibəyli,
M.Gülgün...) hər biri dərdini bir cür söyləyib.
Yalnız deyim tərzi, intonasiyası ilə deyil, dərdin
miqyası ilə fərqləniblər. Və "dərd"
sözü F.Məmmədlinin ömür və şeir məkanını
elə zəbt edir ki, daha "dərd"in təzadına -
"sevinc"ə qətiyyən yer qalmır...
İçində
sevinc adda
Qığılcım
da yoxdu ta.
Söz
adında qalxanı,
Qılıncı
da yoxdu ta.
Amma
hardasa, ömür döngəsinin sonunda bir ümid
şamının da yanacağına inamını itirmir.
Mən
aza bilməzdim vaxt itkisində,
Açılar
baxtıma qapım yenidən.
Firuzə
xanımın ömür fəlsəfəsində və
poetik lüğətində "bəxt" sözü
işlək sözlərdən biridir. "Bəxt"
sözü özündə "zaman",
"ömür", "dəyər", "sevinc",
"uğur" mənalarını ehtiva edə bilir.
Yazılan
bəxt deyil, vaxta ölçüdür,
Yazılır-pozulur
məndən uzaqda.
Yaxud:
Göynəyir
ömrünün qubarı daha,
Bəxtinin
göyündən enənin yoxmu?
Ya da:
Bəxt məni
görməyə meyl etmir, meynim?
Dərdimi
bölməyə meyl etmir, neynim?
Məni
qadın şairlərin ata obrazına münasibəti həmişə
maraqlandırır (bu, ayrıca araşdırma mövzusu da
ola bilər). Klassik şairlərdə (Natəvan, Kəminə,
Heyran xanım...) bu obrazın olmamasının ədəbi-estetik
səbəbləri məlumdur. M.Dilbazidə ana obrazı daha
üstündür. M.Gülgünün poetik xatirələrində
ata obrazına inanmışam. Firuzə Məmmədlinin bir
gözəl şeiri var, atasının papağı
haqqında. Papaq, sadəcə, etnoqrafik detal deyil. "Ata
papağı" ömür hekayətinin baş personajı,
mənəvi təkamülünün simvoludur.
Çəkildiyim
küncdə
mən
oturmuşdum,
bir də
atamın papağı.
Mən
yerdə oturmuşdum,
papaq
döşəkçənin üstündə.
İstəyirdim,
durub qaçam.
bağda
tut çırpırdılar.
Həyətdə
doşab bişirmək üçün
qazanlar
asılmışdı
İstəyirdim,
durum qaçam, -
papaq gözünü
ağardırdı. ...
Onda məni
atamın
papağı
qoruyurdu.
sonra mən
atamın
papağını
qorudum.
Firuzə
xanımın şeirlərini "diri" saxlayan
"metaforik damarıdır". Cəsarətlə deyə
bilərəm: Firuzə Məmmədli qadın şairlər
arasında güclü metaforik hissiyyata malik azsaylı
şairlərimizdən biridir. Metafora varsa, üslub da var. Onun
metaforik həssaslığı mifoloji təfəkküründən
gəlir. 85 yaşında yazdığı şeirlərində
də metafora onun düşüncə tipi, poetik duyumunun
"qrammatikası" kimi təzahür edir: "Yenə
öz dərdimin izinə çıxdım";
Yaxud:
Hər
xatirə döngədə
Diz
çökür ki, ağlasın...
O, sanki
sevincin mahiyyətini özündə deyil, başqasında
arayıb dərk edir. Onda "güzgü effekti" işləyir.
Başqasının sevincində öz sevincini təsəvvür
edir və yaşayır.
Təbəssüm
gücünə, sevgi gücünə,
Tutaram
özümü dost sevincinə.
Firuzə
xanım öz ömrünü zaman hadisəsi kimi deyil, məkan
kimi dərk edir. Ömür dost-düşmənin,
yaxın-doğmaların, dərdin və sevincin, sözün
məskunlaşdığı metaforik bir məkan kimi
qavranılır. Doğma kəndin taleyi haqqında metaforik
ümumiləşdirməyə diqqət yetirin. Təəssüf
ki, yadımda bir bəndi qalıb:
Günəş
tarlasında al günün altda
Yanırdı
barmağı əl boyda kəndin.
Cəhənnəm
saçırdı sünbül sığalı,
Xırmanı
ac idi vəl boyda kəndin.
Şairin
tənhalığı nəinki bütöv şeirini, hətta
misralarının havasını, rüzgarını dəyişir
- bunu onun şüuraltı məkan obrazlarından da görmək
olar - "künc" obrazında. Ünlü fransız
filosofu Q.Başlyar yazırdı ki, künc tənhalığın
obrazıdır. Şeirlərindən örnəklər: "Küncdə
qalıb təknə - tabaq kiflənib"; "Künc
bucağı - əl havası". Son şeirində də
künc obrazı tənhalığını bizə işarə
verir:
Düşüb
bir gecənin rahat küncünə,
Qalxaram səhəri
dadım yenidən.
Və biz
də dua edirik: Firuzə xanım, yeni-yeni sabahlar
üzünüzə açılsın!
Rüstəm
KAMAL
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.5.