Bədii mətn dəhlizləri
Bədii mətndən gerçəkliyə dəhlizlər açılır, sən bu dəhlizdən gah gur işıq altında, gah da qaranlıq içindən keçirsən. Füzuliylə müqayisədə,
Seyid Əzimdə bu dəhliz keçidləri daha aydın
şəkildə görünür. Nəbatini oxuyanda
yadına, həm də bu mətnə yuxu kimi dalanda hökmən
Anri Mişo düşəcək. Bir qum dənəciyini
qaldırası olsan, bütün sahil üstünə
uçacaq. Nəbati də elə bunu deyirdi. Anri Mişonun mətnlərini
diqqətlə oxuyanda ilk və son (- ~!) kəsdirdiyin bu olur ki,
bir məqam var - o məqamda, duyğu və düşüncənin
qəlbinə çarpıb itən dalğasında hiss edirsən,
bu bir neçə mətn bir-birinin davamını gətirir.
Onun "Əlifba" şeirində bayaqkı qum dənəciyi
əhvalatı ilə bağlı əks-sədalar var; bu niyə
belədir? Bədii mətnin quruluşunda, mənanın
yaranma prosesində hər hansı deyim-ideya daim, şair əlinə
qələm alandan etibarən özünü təkmilləşdirməyə
can atır. Baxın:
Ölümü
əsdirən qışın soyuğunda donarkən
gözümün tutduğu hər
şeyə baxdım son dəfə
hərisliklə.
Bu soyuq baxışın nişangahında
nə
ki əsas deyildi, yox
olub gedirdi
bir anda.
Ancaq onları döyəcləyir,
ölümün belə
yıxa
bilmədiyi bəzi-para
şeyləri
saxlamaq istəyirdim.
Bir-bir,
Damcı-damcı
qopub gedirdilər,
nəhayət, hansısa əlifbaya
sığınıb
hərflərə çevrildilər,
elə bir əlifba ki, başqa
bir dünyada
işləyə bilərdi bəlkə.
Təskinlik tapdım beləcə,
yaşadığım dünyanın
məni
atacağı qorxusundan
azad
oldum.
Bu tutacaqdan bərk-bərk yapışıb,
qanım
ləzzətlə damarlarıma
qayıdanda
onun məğlubedilməz olduğunu
anladım bir daha,
yenidən həyatın açıq
səmasına doğru
uçduqca uçdum...
...Düşünürsən
ki, bu qənaət və poetik çarpıntılar bizim
klassiklərin gerçəkliyə açılan dəhlizlərindən
keçir. Poetik deyimin orijinallığı o qum zərrəsinin
törədəcəyi "fəlakət"
misalındadır. Klassik bədii mətnlərin, qəzəllərin
daxilindəki, bətnindəki enerji, sanki sonacan ifadə
olunmur, yəni dünyanı, hər halda yaratmaq istədiyi
dünyanı büsbütün əhatə edə bilmir, buna
səbəb, bəlkə də formanın içindəki
küyün "zərbə dalğası"dır. Klassik
qəzəl mətnində orijinal, oxucunu heyrətləndirən
deyim, söyləm həm də formanın daxili hərəkət
dalğalarıdır.
Gerçəkliklə, yox, bədii mətnlə
gerçəklik, lap dəqiqi, yazarın öz içində
gün kimi doğan gerçəklik arasındakı dəhlizlər
sirli-sehrlidir, lap Əli Kərimin "Metronun yaylı
qapıları" şeirində olduğu kimi gah bu yerin
üzünə, gah da yerin altına açılır. Nəsr
əsərlərində bu halət bir az başqa, fərqli
donda doğulur, Jalənin (Jalə İsmayıl) hekayələrində
dəhliz yazıçının öz içindən
başlanır, bu ortam, gizlinlərə açıq şəkildə
işarələr mətndə hər dalğa zərbəsində
yenidən başlamaq şansını yaradır. O hekayə və
esseləri oxuyanda bəzi boşluqlar özünü az qala
gözə soxur. Nədir bu boşluq, hə, bir də
görürsən, mətnin bu yerinə şəhərin
şərqarışan halının rəsmini qoymaq
lazımdır, yaxud dialoqların sakit axarında qayıq şəkli,
ya da gəmi fotosu, lövbər atıb sərnişinlərini
gözləyən...
Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsində
də var bu ovqat.
İçində gerçəklik doğmayan
yazar nəsə yaza, qaralaya bilməz. Bu
"qaralamalar"ın bədii mətnə çevrilməsi
böyük, hətta ağır prosesdi. Hekayə mətnində
hər şeyin, belə deyək, bütün əşyaların
yerini bəlləyən, onları olduqları yerdən
aydın göstərə bilən bir sərbəstlik var, bu gərgin
mətn deyil, qurulma prinsipi ilə. Sərdar Aminin, məsələn,
əksər hekayə mətnlərində təhkiyə maksimum
gərginliklə "hərəkət edir", həm də
"şütüyür". Bu hekayədə təhkiyə
uzaqda qoyulan bir güzgü kimidir, nə qədər
kiçik olsa da, hər bir ayrıntı orda əksini
tapır. Yuxarıda vurğuladığımız gözlənti
nəyədir? Adam uzun bir yol qət edib, Mahaçqaladan
keçib orda altı saat gözlədikdən sonra təyyarə
ilə Piterə uçur. Hər səhər açılanda
özünü eyvana atır ki, qar görsün. Bir də
ağcaqayınların gövdəsindəki qara yaralar, hətta
ağappaq qarın əhatəsində daha qabarıq
görünürlər. Belədə ağ rəng
güzgünü görünməz etdiyindən ekrandan
yalnız həmin çapıqlar görünür. Müəllif
bu "çapıqlar"ı verə bilibmi? Qismən hə.
Müəllif hekayədə lazım bildiyi ovqatı rəsm
etmək, onu sakit və sərbəst şəkildə
göstərmək istəyir, həm də kəsiklər,
fraqmentlər şəklində. Bu kəsiklərin birləşib
bir tam yaratmaq cəhdi "yalançı gedişdir". O
ovqatın rəsmində ən yararlı və uyar "alət"
məhz fraqmentlərdən görünən dünyadır.
Sonuncu cümlədə də bu metod işləkliyini itirmir, dəhlizdə keçidlər
çıxmaza dirənir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.3.