ANAR: Özümü
"Ötən ilin son gecəsi"ndəki "Həmidə"
kimi hiss edirəm, bəzən
həmsöhbət tapmıram
Xalq yazıçısı Anarın APA-ya “Ötən ilin son gecəsi” müsahibəsi
– Anar müəllim, siz yaşda adamların növbəti ildən umacağı olur?
– Umacağı təkcə həmin ilə çıxmaq olur, yəni bir il də yaşamaq istəyir.
– 2025-dən başqa nələr gözləyirsiniz?
– Vaxt umuram. Həmişə deyirəm ki, ölümdən qorxmuram. Hamı gec-tez öləcək. Allah lütf edib ki, bu yaşa çatmışam. Yəqin, Allah belə lazım bilib. Təəssüf ki, dostlarımın çoxu vaxtsız getdi həyatdan. Bircə ondan qorxuram ki, əcəl qəfil gələr, natamam qalan bəzi işlərimi tamamlaya bilmərəm.
– Hansı
işlərdi onlar?
– Beynimdə, ürəyimdə beş-altı kitab var ki, onları yazıb bitirmək istəyirəm.
– Məsələn?
– Müxtəlifdi... Aralarında bioqrafik kitablar da var. Bəziləri, demək olar, hazırdı... Gülməli də olsa, deyəcəm. “Keçən keçdi, olan oldu” adlı ailəmizin bioqrafiyasını əhatə edən kitab yazıram, bu kitabın anonsunu isə, XX əsrdə vermişdim... Bir ay lazımdı ki, tamamlayım. Çox güman, 25-ci ildə hazır olacaq.
– Digər kitablar nə barədədir?
– Dediyim kimi beş
kitab hazırlayıram, hərəsi bir janrdadır. Biri povestdir, biri memuardır, biri esselərdi.
Bir kitab da artıq nəşriyyatdadır. İki ailədə
dörd Xalq şairi, üç Xalq yazıçısı.
Səməd Vurğunla Rəsul Rzanın ailəsində
dörd Xalq şairi var: Rəsul Rza, Nigar Rəfibəyli, Səməd
Vurğun, Vaqif Səmədoğlu. Üç Xalq
yazıçısı var: Ənvər Məmmədxanlı,
Yusif Səmədoğlu və mən. Kitab bu barədədir.
–
Ən yaddaqalan Yeni il axşamınız nə vaxt olub? Həmin
Yeni ili yaddaqalan edən hadisələri
xatırlayırsızmı?
– Hadisələr
çox olub. Atam-anam sağ olanda Yeni il gecələrini onlarla
birgə qeyd edirdim. Sonra ayrı yaşayası oldum, həmişə
bayramı onlarla qeyd edə bilmədim. Buna görə təəssüflənirəm.
Yeni ilə bir gün qalmış ailəmizin həyatında
kədərli hadisə baş verdi, dekabrın 31-də
qayınatam rəhmətə getdi. Anam deyirdi ki, bundan sonra siz
Yeni ili kədərqarışıq hisslərlə
qarşılayacaqsınız. O gündən çox illər
keçməsinə baxmayaraq, hər il dekabrın 31-i onun məzarını
ziyarət edirik.
–
Atalı-analı bayramaxşamılarından yadınızda nə
qalıb?
–
Atamın bir sözünü xatırlayıram. Yeni ilin gəlişindən
beş dəqiqə keçəndən sonra deyirdi: “Ay aman,
artıq yeni ildən də beş dəqiqə keçdi”. Bir
arzusu da var idi; deyirdi, bir gün də olsa, XXI əsrdə
yaşayım. Qismət olmadı...
– Siz iki
əsr gördünüz...
– Bəli.
– XXII əsri
görməyi arzulamırsınız?
– Yox, daha
ona qalmaram...
– Yeni
ili xaricdə qarşılamısınız?
– Bəli,
Moskvada.
– Necə
xatırlayırsınız?
– Vaqif Səmədoğlu,
Maqsud İbrahimbəyov, bir neçə moskvalı dostumla birgə
qarşılamışdıq Yeni ili. Elə adi, sadə masa
arxasında...
– Həyat
yoldaşınız Zemfira xanımın səhhətində
yaranan problemlərə çox həssas
yanaşırsınız. Hətta xaricdə olanda apteklərdən
şəxsən özünüz dərman
axtarırsınız...
– Bu
xüsusi həssaslıq deyil, məncə, çox normal
haldı. Elə belə də olmalıdır... Məsələn,
Türkiyədən apteklərdən hansısa dərmanı
axtarmağım çox adi haldır. Birinci dəfə bu
söhbət Nəbi Xəzri ilə Türkiyədə səfərdəykən
olub. Aptekdən Zemfira xanım üçün bir dərman
axtarırdım. Nəbi müəllim buna çox təəccüblənmişdi.
Niyə təəccüblənmişdi? İndi də bilmirəm.
Ötən il sizinlə səfərdə olanda da eyni hal
baş verdi, hətta Ulucay Akif bunu yazmışdı... Ailəmdi,
ömür-gün yoldaşımdı, həyatımı
onunla keçirmişəm. Yeddi yaşından tanıyıram
onu...
–
Yazıçılar məişət qayğılarından
uzaqda dayanmağa çalışırlar. Amma elə hal
yaşanır, istəsən də, istəməsən də,
məişət gəlib yaxandan ikiəlli yapışır.
Maraqlıdır, yazı-pozu əhlinin də övladları
yerbəyer etmək kimi nigaranlığı var, ya onlar bu məsələyə
bir az soyuq yanaşır?
–
Valideynlik hissi peşəyə baxmır. Yazıçı da
eynilə övladlarından ötrü nigaran olur. Özü
də qəribədir, sən hamının qeydinə qala bilərsən,
amma öz balanın qeydinə qalanda deyirlər ki, niyə sən
ona xüsusi yanaşırsan?.. Bilirsən ki, oğlum da,
qızım da yazır. Hər cür
çalışıram ki, Yazıçılar Birliyi vasitəsilə
onlar heç bir imtiyazdan yararlanmasın. Nə təqaüd, nə
hansısa təltif, nə çap olunmaq, heç nə... Nə
edirlərsə, öz güclərinə edirlər. Bu halda
belə söz qoşurlar ki, Anar öz balalarına təqaüd
verir. Görün, nəsə etsəydim, nələr
danışardılar?! Onda da deyəcəkdilər ki, Anar
Yazıçılar Birliyinin binasını balalarına
bağışlayıb.
– Təsadüfən,
bu gün Yusif Səmədoğlunun doğulduğu
gündür...
– Həyatda
rast gəldiyim ən işıqlı, təmiz adamlardan biri
Yusif idi. Çox istedadlı yazıçı, incə qəlbli,
zövqlü insan idi. Daim onun yeri görünür. Həm də
çox həssas idi. Hansısa səbəblərdən
ovqatım olmayanda Yusifin xüsusi qayğısını hiss
edirdim... 93-cü ildə yeddi ay Türkiyədə dərs dedim.
Getməmişdən əvvəl Yazıçılar Birliyində
plenum çağırıldı və Yusif birliyin birinci
katibi seçildi. O vaxtlar Yusifin ölkə rəhbərliyi ilə
münasibətləri yaxşı idi və ona çox
hörmət edirdilər. Başqası olsaydı, mənim Azərbaycanda
olmamağımdan istifadə edib plenum
çağırardı və Yazıçılar Birliyinin sədri
olardı. Buna nə hökumət, nə də
yazıçılar etiraz edərdi. Sözün
açığı, mən də razı olardım. Amma
Yusif bunu etmədi. Çünki dostluq, etibar onun
üçün vəzifədən üstün idi. Qəzetlər
mənim ölkədən birdəfəlik getməyim barədə
yazanda Yusif təkzib yazırdı ki, Anar müvəqqəti
gedib. Bunu çox az adam edə bilərdi. Həmin az adamlardan
biri də Yusif idi.
–
Altmışıncılar nəsrindən
üçünüz qalmısınız: Əkrəm
Əylisli, Elçin Əfəndiyev və siz. Hərdən elə
bilirəm, gizlin hardasa görüşürsünüz. Bu, həqiqət
olmasa belə, maraqlı yalandı...
–
Elçinlə ayda bir dəfə, iki dəfə gizlin yox,
aşkar görüşürük. Ya mən zəng edirəm,
ya o zəng edir. Əkrəmlə
görüşmürük.
–
Əkrəm Əylislini görmək istəyirsiniz?
–
Açığı, yox. Çünki mən ondan çox
incimişəm. Atam haqqında, mənim haqqımda
bütün yazdıqlarına baxmayaraq, vaxtilə “Komsomolski
pravda” qəzetində onun haqqında məqalə yazdım.
Moskvada Əkrəm barədə çıxan ilk yazı idi.
Əkrəm deyir, Anar bu yazını da sifarişlə
yazıb. Halbuki öz təşəbbüsümlə
yazmışam. “Daş yuxular” haqq-hesabından sonra o təklənməsin
deyə, həmin məqaləni Azərbaycan dilinə
çevirib “Azərbaycan” jurnalında çap etdirdim. “Daş
yuxular”dan sonra Azərbaycan mətbuatında ilk dəfə idi
ki, Əkrəm haqqında müsbət yazı gedirdi. Dedim,
Əkrəm nəcabət göstərər, zəng edib deyər
ki, sağ ol, hamı məni pisikdirdiyi vaxtda sən belə
addım atmısan. Olmadı, gördüm düzələn
deyil...
– Bu
yaxınlarda Əkrəm müəllim “Tənha
çinarın nağılı” adlı yazı yazdı...
– Mənə
göstərdilər, yarısı yalan idi. Dedilər, cavab
yaz, dedim, lazım deyil.
– Yazır
ki, 87-ci ildə “Karvansara” restoranında
görüşmüsünüz, Yazıçılar
İttifaqının katibi vəzifəsini təklif etmisiniz.
Əvvəl, razı olmayıb, siz kövrəlmisiniz, sonra
razılaşıb...
– Əşi, nə kövrəlmək?!
Boş sözdü. Görüşdük, əvvəlcə,
qəbul etmədi təklifimi, sonra razılaşdı. Bilirsən,
niyə ondan inciyirəm? Çox şeyi uydurur. O
Yazıçılar İttifaqının üzvlüyündən
istefa ərizəsində yazıb ki, xahiş edirəm, məni
üzvlükdən azad edəsiniz. İndi deyir, guya, o vaxt ərizədə
yazıb ki, getdikcə daha çox iylənməkdə olan və
iyləndikcə daha çox üfunət saçan bir təşkilatın
üzvü olmağın... nə bilim nə... O ərizə
məndə qalır və belə sözlər orda yoxdu. Bax
bunu niyə yalan deyirsən, ay Əkrəm?
– Sadiqlik
məsələsini əsas tutursunuz...
– Bəli.
– Həmin
sadiq adamlardan biri sürücünüz Seyran kişi idi. Bir
neçə həftə əvvəl vəfat etdi...
– O bizim
ailə üzvümüz kimi idi. Sonuncu gün hansısa tədbirdən
gəldik. Həmişə məni liftə qədər
ötürürdü. Bu dəfə də liftin önünə
qədər gəldi. Dedim, Seyran, daha get, birinci gün gələrsən.
Dedi, yox, gözləyəcəm, lift qalxsın, sonra gedəcəm.
Sonuncu qayğısı bu oldu. Getdi, bazar ertəsi gəlməli
idi. İki gün sonra zəng gəldi ki, Seyran dünyadan
köçüb. Elə bildim, göy guruldadı. Heç
gözləməzdim... Bəziləri deyirdi ki, gözləri
zəifdir, qəza törədə bilər. Deyirdim, yox, nə
qədər işləyə biləcək, mən hər yerə
onunla gedəcəm... Yeri çox görünür...
–
“Ötən ilin son gecəsi” pyesinizdə Yeni il axşamı
tənha qalan Həmidə obrazı var. Övladları hərəsi
bir yerdə təzə ili qarşılayır, ana isə tənha
qalır, mərhum həyat yoldaşının səs
yazısını dinləyir. Günü-gündən seyrələn
ətrafınızın fonunda nə vaxtsa
özünüzü Həmidənin situasiyasında hiss
etmisiniz?
– Daim
özümü Həmidənin situasiyasında hiss edirəm.
Bəzən həmsöhbət tapmıram. Elə söhbətlər
var ki, onları ancaq öz yaşıdlarımla, həyat
yolumuz bir olan, eyni problemlərlə üzləşdiyim
adamlarla edə bilərdim. Onların çoxu qalmayıb,
bir-iki nəfər var.
–
“Ötən ilin son gecəsi” pyesiniz yeni il ab-havası
kontekstində yazılıb deyə bir neçə dəfə
rejissorların müraciət etdiyi əsər olub...
– Moskva
televiziyası iki dəfə “Ötən ilin son gecəsi”ni səhnələşdirmişdi.
Birincini televiziyadan izləmişdim, bəyənməmişdim.
Çünki Həmidə xanım obrazını
canlandıran aktrisa yüngülvari oynayırdı rolu. Təxminən,
üç-dörd ay sonra ikinci teletamaşanı çəkdilər.
O isə çox ürəyimcə oldu. Tamaşa
nümayiş ediləndən sonra Ləmbəranski mənə
teleqram vurdu, məmnuniyyətini bildirdi. Sonra “Ötən ilin
son gecəsi” radio tamaşasını hazırladılar. Həmidə
xanım obrazını Ramiz Həsənoğlunun anası
Ətayə Əliyeva ifa edirdi. Sonra əsər Gənc
Tamaşaçılar Teatrında səhnələşdirildi,
baş rolu Firəngiz Şərifova oynayırdı. Ondan bir
neçə il sonra Azərpaşa Nemətovun quruluşunda
pyesin rus dilində olan variantı səhnəyə qoyuldu, elə
həmin tamaşada da Firəngiz Şərifova Həmidə
xanım obrazını canlandırırdı. Bir müddət
sonra – 1978-ci ildə Ramiz Həsənoğlu “Ötən ilin
son gecəsi” teletamaşasını çəkdi, Zərnigar
Ağakişiyeva baş rolda idi. Nəhayət, 1983-cü ildə
Gülbəniz Əzimzadənin rejissorluğu ilə
eyniadlı film çəkildi. Həmin filmdə də Həmidə
xanım obrazını Elmira Şabanova
canlandırırdı.
– Hansı
versiyanı daha çox bəyənmisiniz?
– Moskvada
çəkilmiş ilk versiyadan başqa, hamısını bəyənmişəm.
Hərəsinin öz məziyyəti var... SSRİ xarici
işlər naziri Qromıko 83-də çəkilən filmi
izləyəndə televiziyanın sədrinə zəng edib
ki, uşaqlar evə qayıdacaqlar, ya yox? Sədr deyib,
qayıdacaqlar... Əslində, istəmirdim film o cür bitsin.
Məcbur olub dəyişdik.
–
Finalı hansı səbəblə dəyişdilər?
– Hər
şeyə müdaxilə edirdilər. İndi Rusiyanın
filmlərinə baxıram, gülmək tutur məni. Filmlərində
hamı içir. O vaxt filmdə stolun üzərində bir
rumka belə ola bilməzdi. Qəribə şeylər var idi...
Tələbləri belə idi ki, gərək, hər şey
nikbin sonluqla bitsin. Dedilər, ya çəkiləcək, ya da
çəkilməyəcək. Məcbur qaldım... Sənətə
də çox xəyanət etməməyə
çalışdıq, nisbətən, bədii final
tapdıq.
– Anar
müəllim, vəsiyyət eləmisiniz?
– “Yaşamaq
haqqı” kitabım mənim vəsiyyətimdir. Onun əvvəlində
yazmışam ki, ölməyə tələsmirəm, amma vəsiyyət
adama yüngüllük gətirir. Bu kitab xalqıma vəsiyyətimdir.
– Onu
iki-üç kəlməyə sığışdıra
bilərik?
–
Mümkün deyil... İstərəm, o kitabı bütün
azərbaycanlılar oxusun. İstərəm, cavan
yazıçılar o kitabı oxusun. “Anar nə yazıb ki?”
deyənlər də “Yaşamaq haqqı”nı oxusun. Eybi yox,
oxusun, ondan sonra desin, Anar nə yazıb ki?.. Bilirəm, elə
adamlar var ki, mən nə yazsam, deyəcəklər pisdi...
– Bu
müsahibə dekabrın 31-i axşam yayımlanacaq. 2025-ci
ilin ilk günü söhbətimizi oxuyanlar bu müsahibəni
ötən ilin son gecəsinin söhbəti, yaxud ötən
ilin son söhbəti kimi səciyyələndirəcəklər.
Elə hesab edək ki, ekran qarşısındasınız, bu
bayramaxşamı ürək sözlərinizi
xalqımızla bölüşün...
–
Bütün insanlara xoşbəxtlik, rifah arzulayıram. Nə
edim, necə edim deməsinlər. Ailə
başçıları ailələrini dolandıra bilsinlər,
balalarını böyüdə bilsinlər. Müharibə
olmasın, ölüm-itim olmasın. İnsanların fərəhli
günləri daha çox olsun. Rusiya-Ukrayna müharibəsi də
bitsin...
Anar
Söhbətləşdi:
Nadir
Yalçın
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.2-3.