Firuzə Məmmədli-85
Tanıyırmı bu ağaclar
Keçən kimdi yanından?
Bu tumurcuq ümidlərin
Nələr yatır canında?!
Yağış da ara vermir ki,
Bir hor çətirdən çıxaq.
Bulud dolu canımızı
Çevirib arxa sıxaq.
Bir-birini izləməkdə
Avtobuslar,
taksilər.
Qırmızı işıq da yanmır,
Bu vurhavur əksilə.
Yol kənarı... Piyadalar...
Gözlə ki, ha, gözlədir.
Səbrimizin işıqforu
Yaşılını gözlədir.
***
Bəli,
küy deyiləm, kələk deyiləm,
Ərkim
özümdədir, fələk
deyiləm.
Lap kin-küdurətəm, mələk
deyiləm,
Kimsədən söz çəkmir,
söz gəzdirmirəm.
Axarım-baxarım hələ ki, kordu,
Ta yol gözləmək də gözümü yordu.
Xan ol, ya sultan ol...
axırı gordu,
Odur ki, sirlərə göz gəzdirmirəm.
Şöhrət dilənmirəm, şan
dilənmirəm,
Can verib, yerimə can dilənmirəm.
Halalca haqqımdı, mən dilənmirəm,
Yük deyil... Çiynimdə naz gəzdirmirəm.
2024
Ürəyim
Ürəyim pis-pis döyünür,
İçində min hiss döyünür.
Gah kədər, gah hirs döyünür,
Elə diltəng edir məni.
Aça
bilmirəm sirrini,
Unudub, tapmır yerini.
Hərdən sarsağın birini
Yada salıb didir məni.
Bir də gördün, saxta vurur, -
Solda durub, sağda vurur.
Deyirsən bəs, taxta vurur...
Sökür sətir-sətir məni.
Bitəmmir gözləməyi də,
Tükənmir "döz" deməyi
də.
Bir ömürlük əməyi
də
Deyir, haqqa yetir məni.
Sənək deyil, suda sına,
Mən sınamsa, o da sına.
Günə həsrət odasına
Niyə
edib çətir məni?!
Nə günü, nə güzarı var,
İçində qəm bazarı
var.
Bilmirəm, nə azarı
var,
Deyir, öldür, itir məni.
2024
Yalan yaşımsan
Gözümdən işığı, dilimdən sözü,
Ömrümdən illəri alan yaşımsan.
Neynim
ki, canımı, heyimi
üzüb,
Fikrimdə, zikrimdə talan
yaşımsan?!
Səndə nələr gördüm,
özün bilirsən,
Çəkdiyim nə varsa, dözüm bilirsən.
Dünyanın hər sirrin, sözün bilirsən,
Deyən,
anam yaşım, balam yaşımsan.
Qaldım
saya-saya daş ümidləri,
Sərsəm ümidləri, çaş
ümidləri.
Əvvəldən biləydim, kaş
ümidlərin
Elə sonucuna qalan yaşımsan.
Ölüb-dirilsək də biz bu yolboyu,
Neçə il yaşadıq sənlə
qolboyun.
Çox
da qürurlanma - Tanrı
bol qoyub,
Sən də dünya kimi yalan yaşımsan.
2024
***
Bütün şirinlər turş
dadır,
Aş bişirirlər, borş dadır.
Baharı
belə qış dadır,
Bu necə dünyadı, fələk?!
Yol azıb düşmüşəm
bura,
Dərd
aşıb düşmüşəm
bura.
Mən çaşıb düşmüşəm
bura,
Bu necə dünyadı, fələk?!
Özgə bədəndəyəm daha,
Gündə bir dindəyəm
daha,
Bir, gör nə gündəyəm daha,
Bu necə dünyadı, fələk?!
Ağlamağa göz yaşı
yox,
Oynatmağa göz-qaşı yox.
Düşünməyə öz başı yox,
Bu necə dünyadı, fələk?!
2024
Yaddaşım
Yaddaşım məni aldadır,
Daş deyib yadlara atır.
Gah heç nədən ara qatır,
Gah yaddan çıxır yaddaşım.
Bilmir nədir uzaq-yaxın,
Ta andı-fəndi - bu yaxam.
Mən belə yaddaşla yoxam,
Canımı sıxır yaddaşım.
Nəyi
hara qoydum, bilmir,
Hənək bilmir, oyun bilmir.
Elin yasın, toyun bilmir,
Dəyəmi yıxır yaddaşım.
Taqət
deyil ayağıma,
Çiyin vermir dayağıma.
Görmədiyim oyağıma,
Gördüyüm yuxu yaddaşım.
2024
İtirmə
Ayağına daş dəyibsə,
çək geri,
Zaman səni təkləyibsə,
dik yeri.
Büdrədinsə, yıxıldınsa,
öp yeri,
Ümidini, inamını itirmə.
Ha çalışdıq, dedilər
ki, kələkdi,
Gözəl günlər ömür
adda ələkdi.
Ələyən də, yoğuran
da fələkdi,
Özü bilər, gümanını
itirmə.
Nə gördük ki, nə götürək dünyadan,
"Ax"la, "uf"la köks ötürək dünyada.
Bir az daha ömür
sürək dünyada,
Olan-qalan zamanını itirmə.
2024
Təzəydik
Bacım Əzifənin əziz
xatirəsinə
O zaman hər şeyin rəngi ağ idi,
O zaman hər yanda al bayraq idi,
Atamız,
anamız onda sağ idi,
Onda dünya təzə, ömür təzəydi.
Qayğılar yer-yerdən qanad
açırdı,
Hər gün buğda boyu ucalaşırdıq.
Dünyamız sevgiylə qucaqlaşırdı,
Sabaha ümidin yönü təzəydi.
Biz də bir çiçəkdik
gül bağımızda,
Demə,
naz-buz imiş şıltağımız da.
Vardı
pirimiz də, çıldağımız da,
Onda ruhumuzun dini təzəydi.
Varı
da, yoxu da onda xoş idi,
Ümidlər, arzular uçan
quş idi.
İstəklər, əməllər bəxtə
tuş idi,
Ömrün vaxtı təzə,
günü təzəydi.
Anamız
dünyadan birinci getdi,
Atamız
soyuqluq görüncə
getdi.
Getdi, qəlbində söz qılıncı getdi,
Kimdənsə incikdi, kini təzəydi.
Güldən ətir çəkdik,
tikandan silah,
Hərdən neylədiksə, sayıldı
günah.
Neynək,
yaşasaq da "Allaha
pənah",
Yenicə
doğulmuş kimi təzəydik.
2024
Hardasan?
Salam, dünyalarca əziz olanım,
Salam, istəyimlə əkiz olanım.
Ay dərdli dünyama mərkəz olanım,
Salam, yenə salam, salam, hardasan?
Töküb qaş-qabağın kin ayrılığı,
Qayıt,
üzübəri dön
ayrılığı.
Çöküb həsrətimə gün
ayrılığı,
Səsini
eşidək, balam, hardasan?
Hanı
çıraqdakı o cin,
tapınım?
O sənli günlərə
dönüm, tapınım.
Yetişsin muştuluq günü
qapımın,
Olsun ayrılığın yalan,
hardasan?
Susuram səsimdə, ünümdə
elə,
Neynim, günahım var önündə
elə.
Ay mənim ayımda, günümdə elə
Elə özüm olub qalan, hardasan?
Mənəm o beşgünlük yaşamı qalan,
Sünbülü sovrulub həşəmi
qalan.
O getdiyin günə döşənib qalan
Bir tənha, bir qərib yolam, hardasan?
Qaytar üzüyola gedişlərini,
Gəl,
ucalt ömrümün
enişlərini.
Mən elə o qəlbigenişlər
kimi
Ardınca uzanan qolam, hardasan?
Kiminləsən?
Mən necə quş olum uçum yanına?
Mən necə bilim ki, sən kiminləsən?
Çəkir içərimdən hücum yanına,
Çıxır vücudumdan can, kiminləsən?
Qırım bu yolların damarın, gəlim,
Həsrətin üzünə qabarım,
gəlim.
Ölsəm, varlığımı aparım, gəlim,
Cənazəm önündə yan,
kiminləsən?
Qoluna girəsi qola dönüm, qoy,
Arxanca gələsi yola dönüm, qoy,
Əlində bir ləçək
gülə dönüm,
qoy,
Məni
bir dəqiqə an, kiminləsən?
Ayrılıq önündə donub
sən olum,
Güzgüyə baxarsam, dönüb
sən olum.
Yox e...
Kaş elə özüm də sönüb sən olum,
Gəzim
bu sevgidən gen, kiminləsən?
Nədəndi?
Bu sükutu ayrılığa
yozaqmı? -
Aramızda söz danışmır,
nədəndi?
Barı,
bircə təbəssümü
yasaqmı?
Dodaq susur, göz danışmır, nədəndi?
Niyə
aşmır bir yol günah səddini?
Keçəmmədi o ikicə addımı.
Bilmək
olmur, doğmadımı,
yaddımı,
Əllərimiz düz danışmır,
nədəndi?
Bir baxışdan allanardı,
yanardı,
Lalə
kimi güllənərdi,
yanardı.
Səssiz,
sözsüz dillənərdi,
yanardı,
İndi dinmir, üz danışmır, nədəndi?
Ağrımadı solub gedən günlərə,
Addım-addım yolu gedən günlərə.
Allah, yaşa dolub gedən günlərə
Üsyan
olan qız danışmır, nədəndi?
Açılammır o duyğular, örtülü,
İndi daha ədalar da ütülü.
Pərtlik üzdə pörşələnib,
pörtülüb,
Ağıl mısıb, hiss danışmır,
nədəndi?
Bu sükutu ayrılığa
yozaqmı? -
Aramızda söz danışmır,
nədəndi?
Barı,
bircə təbəssümü
yasaqmı?
Dodaq susur, göz danışmır, nədəndi?
Gəl ömrümə
Gəl ömrümə, gözəl
sevgi,
Gəl
ki, yanıb külün
olum.
Gözəlliyin mənə gəlsin,
Gəl,
gözəl sevgilin olum.
Yolunda
can qıymadılar,
Səni
məntək duymadılar,
Yolkəsənlər qoymadılar
Gülşənində gülün olum.
Gözəl sevgi, gəl ömrümə,
Ol bir nağıl il ömrümə,
Gün-gün, ay-ay dol ömrümə,
Yar boynunda qolun olum.
Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi,
Ayağına düşüm, sevgi,
Ürəklərə yolun olum.
Minlərdən birinəm sənin,
Ömürlük sirrinəm sənin.
Ən gözəl dirinəm sənin,
Ən gözəl də ölün olum.
Qəlbimdə daş olmaqdansa,
Gözümdə yaş olsan, - gözəl.
Bu sevgidən ölsəm, - gözəl.
Gəl ömrümə, gözəl
sevgi.
Fırladır bizi
Hər şey yavaş-yavaş keçib gedəcək,
Ayların, illərin köçü
gedəcək,
Biri gələcəksə, üçü
gedəcək,
Dünya
öz başına fırladır bizi.
Bir əlində odsa, birində sudur,
Dünya
lap əvvəldən haqqın
dostudur.
Beşikdən-məzara bir yol üstədir,
Tutub, öz xoşuna fırladır bizi.
Kimi - şər yolunda, şeytan izində,
Kimi - namazının əli - dizində.
Mömini,
kafiri birdi gözündə,
Elə boş-boşuna fırladır
bizi.
Bəşər axardadı, cahan
axarda,
Dünya
yaranışdan - haman
axarda.
Biz də yol üstdəyik,
zaman axarda,
Keçirib dişinə, fırladır
bizi.
Haqq da öz yerini gəlib tutacaq,
Sədləri, bəndləri dəlib
tutacaq.
Əlimizdən Tanrının əli
tutacaq,
Yatmışıq döşünə, fırladır bizi.
***
Bəxt
yükündə kiçilsəm
də,
Söz yükündə iri qaldım.
Ölənlərlə ölüb getdim,
Qalanlarla
diri qaldım.
Düşdüm üzübəri gəldim,
Dərd
dolu illəri gəldim.
Nə bir bənd irəli
gəldim,
Nə bir misra geri
qaldım.
Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi
sözdü.
Mənə düşən iki
sözdü,
Birin dedim, biri qaldı.
Söz
Çapdım sözün sahilinə,
Baxıb
gördüm, dəryadı
söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı
söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım,
bişdim ocağında
Əhdim
sözün, andım
sözün.
Uzaqda yox, alnımdaydı,
Açar
oldum söz qəlbinə.
Xoş üzümlə, sərt üzümlə
Məni
saldı öz qəlbinə.
Nə sirri var, açdı, tökdü,
Mənə saldı mehrini də.
Əziz
tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım,
seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
Söz hasardı, söz divardı,
Dünyanın iç qapısıdı.
Açmadınsa, düz divardı,
Açdınsa, keç, qapısıdı.
Bu yay
da
Dayazlaşdı dərinlər,
Ümidləri aşan yox.
Mənimsə bir nəsnəyə
Ağrıyası başım yox.
Bu yay da ötdü, keçdi,
Qayğılar havayı.
Nə gördük, nə götürdük
İstisindən savayı?!
Bu yay bağçaların da
Yaşılı dəm verirdi.
Cırcırama səsində
Nəğmələr can verirdi.
Yolların hövülündə
Asfalt buxarlanırdı.
Quşlar
arxlar boyunca
Yaydan yaxalanırdı.
Dəbdəydi sərinliyi
Yaylaqların, dağların:
Əyləncə mərkəzləri...
İstirahət bağları...
Nabran, Marxal, Pirqulu,
Qızbənövşə, Şahdağı...
Varına
qol açmışdı
Şənlik, sevinc, çal-çağır.
Amma yaman istiydi,
Vay halına kasıbın:
Aparırdı fikrində
Gələn qışın hesabın:
"Bu
yay gördüyüm isti
Qalan yaşıma bəsdir.
Payızımı ötürsəm,
Bütün qışıma bəsdir".
***
Yenə
ilim təzələnir,
Qışın üç ayı
başlanır.
Bilmək
olmaz, bəlkə elə
Ömrün köç ayı
başlanır.
Ümid-ümid sözə varıb,
Yaxşı-yaman gözə varıb,
Bəlkə elə yüzə
varıb,
"Yüzü keç" ayı başlanır.
Məktub
Ayrılığın gözü də
Tutulub, dəlmək olmur.
Elə yaxındasan ki,
Yanına
gəlmək olmur,
Həsrətinin əlindən
Durub dincəlmək olmur.
Yoxluğun - diş ağrısı,
Varlığın - baş ağrısı.
Dilə
gəlib sızlayır
Qəlbimin daş ağrısı,
Səni
unutsun deyə,
O daşa diz çökmüşəm,
Keçən ömrə-günə -
Yaddaşa diz çökmüşəm.
Budur günüm-güzarım.
Yaşadığım dünyanın
Biz adda küncü yoxsa,
O küncün mücrüsündə
Sən
adda inci yoxsa,
Qismətin mənə düşən
Çınqı sevinci yoxdur.
Nazın,
buzun, qəmzənin
Ardınca daş atmışam.
Qəlbimi dilə tutub,
Birtəhər aldatmışam.
Ömür bir addımsa
da,
Sənə doğru atmışam.
Əllərimdən üzümə
Əzab
şırımı düşüb,
Ürəyimin içindən
Nəsə qırılıb düşüb.
Ta səbrimin əlində
Dözümüm yumruqlanıb,
Cırnadır gecə-gündüz
Özümü yumruqlarım.
Boyumdan,
qamətimdən
Daşlanan sədayam ta,
Bütün ayrılıqlara
Sülhəm, əlvidayam ta.
Yollar qulağa durub
Bir duyum hənirinə.
Susma,
de, hardan keçir, -
Baş qoyum hənirinə.
Firuzə Məmmədli
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.6-7.