Azərbaycan poeziyasının Firuzəsi
Firuzə
Məmmədli-85
Çatdım sözün sahilinə,
Baxıb
gördüm, dəryadı
söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı
söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım,
bişdim ocağında
Əhdim
sözün, andım
sözün.
Nə sirr var, açdı, tökdü,
Mənə saldı mehrini də.
Əziz
tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım,
seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
"Söz" adlı bu şeirin müəllifi "Azərbaycan
poeziyasının Firuzəsi"
adlandırdığım Firuzə
Məmmədlidir. İlk şeiri
- "Ay həkim" 1963-cü ildə doğulduğu Xaçmaz rayonunun "Dostluq" qəzetində
dərc edilib. Və 63 ildir ki, Firuzə Məmmədlinin
şeirləri neçə
nəsil Azərbaycan oxucuları ilə dostluq edir, onların
sevincinə şərik,
kədərinə ortaq
olur. Onun poeziyası müasir Azərbaycan ədəbiyyatının
heç vaxt solmayan, daim yaşıl qalan budaqlarından biridir. Xalq yazıçısı
Anar yazır: "Firuzə Məmmədli Azərbaycan poeziyasının
zəngin ədəbi
ənənələrini davam
və inkişaf etdirən şairlərimizdəndir:
bir az kövrəkdi,
bir az həzindi,
yeri gələndə
bir az da sərtdi... Sözə həssaslıqla və məsuliyyətlə yanaşması,
dilinin sadəliyi, gündəlik həyatın
ən adi və ən müxtəlif faktlarında,
hətta dərddə,
ölümdə şeiriyyət
tapmaq cəhdi də Firuzə Məmmədli imzasını
imzalar içində fərqləndirir".
Mərhum
ədəbiyyatşünas Şamil Salmanov isə yazırdı:
"Min, min beş yüz
illik poeziyamızın
mövcudluğu dövründə
3-4 şairə tapmaq olar ki, onların yazdıqları kişi nəhənglərinin yazdıqlarından
heç də geri qalmayıb. ... Uzun illər məktəbdə bizə
iki şairə tanıtmışdılar: Nigar
Rəfibəyli və
Mirvarid Dilbazi. İndi
şeirə çox istedadlı qadın şairlər gəlib. Onlardan biri də
mən deyərdim, klassiki Firuzə Məmmədlidir".
Filologiya
elmləri doktoru Akif Hüseynli görün nə deyib: "Bir anlığa poeziyamızı
Füzulisiz təsəvvür
edin. Mümkün deyil. Çünki Füzuli poeziyamızın
sütunu, bünövrəsidir.
Mən Firuzə xanımı Füzuli ilə müqayisə etmirəm. Söhbət həqiqi poeziyaya aid olmaqdan gedir. Füzulu bulağının
hələ də qaynamasından gedir. Şeir var, onu ürəklə oxuyursan, şeir də var ki, gözlə oxuyursan. Firuzə xanımın şeirləri ürəklə
oxuduğum şeirlərdir".
Firuzə
Məmmədli... Müasir
Azərbaycan poeziyasının
aparıcı nümayəndələrindən
biri. Şeirlərində
gözəlliyin, həyat
həqiqətlərinin, Vətən
məhəbbətinin, incə
və zərif duyğuların tərənnümçüsü.
Təkcə şair kimi deyil, nasir
və dilçi-alim kimi də tanınan,
ədəbi gəncliyin
dostu, yol göstərəni; fəal
ictimaiyyətçi. Uzun
illər təhsil aldığı Azərbaycan
Pedaqoji Universitetinin müəllimi olmuş.
Firuzə
xanımın istedadı
çoxcəhətlidir, universaldır.
Əvvəla, o, bir insan kimi, bir
qadın kimi istedadlıdır, intellektual
səviyyəsinə görə
seçilir. İkincisi,
Firuzə xanımın
bu insanlıq istedadı onun məşğul olduğu
sahələrin hər
birində sənət
istedadı şəklində
təcəssüm olunur.
Şair Firuzə Məmmədli, nasir Firuzə Məmmədli və dilçi-ədəbiyyatşünas
Firuzə Məmmədliləri
birləşdirən bütün
cəhətlərin ortaq
mərkəzi İnsan
Firuzə Məmmədlidir.
Ancaq mən Firuzə Məmmədli haqqında düşünəndə
o insanlığın ən
çox təcəssüm
olunduğu Şair Firuzə Məmmədlini xatırlayıram.
Bu qeydlərimi qələmə
alanda mən Firuzə xanımın çapdan çıxan əsərlərinin neçə
cildini qarşıma qoydum. Amma söhbətimə
o cildlərdən başlamaq
istəmədim. Şairin
"Sənin ömrün"
və "Yetkinlik"
adlı iki kitabını qarşıma
qoydum. Bunlar səksəninci illərdə
işıq üzü
görüb. Həmin
illərdə Firuzə
xanım öz yaşıdları arasında
seçilirdi. Amma səksəninci
illərin Firuzəsi poeziyada cavan nəsillə orta nəslin birgə nümayəndəsi idi,
1982-ci ildə çapdan
çıxan kitabında
Firuzə xanım hələ cavan nəslin nümayəndəsi
sayılırdı, "Yetkinlik"
kitabında isə o, artıq orta nəslin nümayəndəsi
idi. Amma hər iki kitabda F.Məmmədlinin poetik
yaşı dəyişməmişdi.
Onun şeirlərindən
nikbinlik aşıb-daşırdı
və bu, elə nikbinlik idi ki, səni də optimist olmağa, dünyada ancaq işığın ardına
yüyürməyə çağırırdı.
Bu bağçanın mehi sərin,
şehi
durudu.
Əyildim bir gülün
dərim -
əlim
qurudu.
Bu bağçanın gülü
qönçə,
tülü zərifdi.
Örpəyini səhər öncə
bura səribdi.
Bu bağçanın barı
şirin,
narı
məzədi.
Elə gəzdin - qədəmlərin
bağı bəzədi.
Bu bağçanın gülü
incə,
dili şirindi.
Dönüb baxdım - gül
içində
yerin göründü.
Bu şeir Firuzənin 70-80-ci
illərdə yazdığı
ən gözəl şeirlərdən deyil, amma onun ruhunu
ifadə edən şeirlərdən idi. O ruh yanaşdığı
hər şeydə bir işıq, bir gözəllik arayırdı. Elə düşünməyin ki, Firuzə
xanım sovet dövrünün romantikasından
təsirlənirdi və
"dəstədən geridə
qalmamaq üçün"
işıqlı şeirlər
yazırdı. Belə
deyil. Bunun səbəbi
Firuzə xanımın
öz içindəki
işığın - poetik
işığın rəngindəydi,
o rəng dünyanın
gözəlliyini özündə
əks etdirirdi. Bir başqa misal:
Bu gözəlin sevinc tutub gözünü,
Gül açıbdır yanağında
gülüşü.
Yer bu qızın ayağından üzülüb,
Bu qız göyün sinəsində sürüşür.
Qollarından qanad açıb
bu gözəl,
Hara süzür, hara uçur
istəyir.
Çöhrəyə bax, Ayla, Günlə çəkişər,
Saçlara bax, Ayı, Günü gizləyir.
O buludlar topa-topa yundumu? -
Bu qız uçur - buludları daraya.
Alça
gülü kəpənəyə
döndümü? -
Uçub
getdi oba-oba haraya.
Yazın
günü çaşıb
qaldı qaranquş,
Göyərçinlər heyrətindən
ağardı:
Uçuşa bax! Elə bircə bu qalmış,
Heç
olmasa, bizdən qanad alardı.
Bu şeirdəki nikbinlik, gözəlliyə, ülviliyə
çağırış bir yana... onun
bir şeir kimi gözəlliyinə nə söz... Mən zəriflərin poeziyasında çox
zaman qəmin, kədərin
ayaq tutub yeridiyini görmüşəm,
göz yaşlarının
səbəbli-səbəbsiz sel olub çaya
axdığını izləmişəm,
amma sevincin poeziyasını demək olar ki, hiss eləməmişəm.
Firuzə xanımın
o illərdəki şeirlərində
dünya insanın üzünə gülümsəyir,
gözəllik bütün
cilvələriylə qarşında
canlanır, sən bu səadətdən az qala başını
itirirsən. Əgər
o illərdə Firuzə
xanım ancaq sevincdən yazsaydı, deyərdik ki, bu necə şairdi, ancaq işıqdan yazır, bəs həyatın, gerçəkliyin
başqa rəngləri
yoxmu? İnsan ancaq işığa bələnə bilməz,
insan ancaq uça bilməz, qanadlana bilməz, axı, kədər də var, qüssə də var, qəm də var. Və mən həmin illərin şeirlərində
işığın başqa
rənglərini də
gördüm, tutqun rəngini, öləziyən
rəngini. Mən qəlbin kədərdən
alışıb-yandığını
da gördüm. Deməli,
poeziya da insan ürəyinə bənzəyir
və daha doğrusu, poeziya elə ürəkdir, baharı da var, qışı
da... Amma ümidsizliyin içində
də bir ümid çağlayır,
qəmdə də gizli bir sevincə
çağırış varmış...
O mən idim - zirvə yolu daşlı-tikanlı,
O mən idim - gələcəyi qarda, boranda.
Mən idimsə, aşacaqdım onu təkəlli,
Mən idimsə, ötəcəkdim
onu bir anda.
Tale özü öz hökmünü möhürləmişdi,
Yolum üstdə sərtlikləri
çapmalı idim.
Bu yol məni cadulamış,
sehrləmişdi,
bir baş ola,
yüz daş ola -
çırmalı idim.
Hər gecəmdə bir dünyalıq işığım
vardı,
Fikirlərim, xəyallarım arzuya
çapar.
Qismətimə dördayaqlı yonca
çıxardı,
O mən idim, kor-koranə ümidə çapan.
Heç
bir şair bu dünyada tək deyil, çünki mühit var,
cəmiyyət var. Amma hər
bir şair tənhadır. Mən heç bir zaman Firuzə Məmmədlini tək görməmişəm,
amma şeirlərində
onun tənhalığını
hiss etmişəm. Əslində
onun şeirlərini tənhalıq poeziyası
da adlandırmaq olar. Xüsusilə, səksəninci
illərin sonlarından
başlayaraq bu tənhalıq onun şeirlərində boy atdı,
ucaldı. Amma Əli Kərim demişkən,
"tənhalıq boşluq
deyil, əgər gözləyənin varsa",
onu işıqla, gözəlliklə doldura
bilərsən. Firuzə
xanımın şeirləri
işıqlı tənhalığın
poeziyasıdır. Elə
Azərbaycan da doxsanıncı
illərin əvvəllərində
öz dərdləriynən,
başına gələn
müsibətlərnən tənha
qalmışdı. Vaxtilə
Azərbaycan işıq
içindəydi, Firuzə
xanımın şeirləri
də işıqda üzürdü, indi bu işıqlar sönmüş kimiydi, indi Azərbaycan da böyük, gur işığa möhtac idi və Firuzə
xanım şeirlərinin
birində yazmışdı:
Üzümdə-gözümdə kölgələr
dönük,
Torpaqda,
havada bölgülər
dönük.
Uluslar, obalar, ələr dönük,
Bu işıq hayandan sızır, görəsən?
Doğrudan da, 90-cı illərdən başlayaraq F.Məmmədlinin
şeirlərində minor motivlər
çoxalır. Şair
həm öz dərdini, həm də Azərbaycanın, Qarabağın, soydaşlarının
dərdini qələmə
alır. Elə bil ki, bir dərd
o biri dərdin içindədi. Xalq şairi Fikrət Qocanın bu fikirlərinə şərik
olmamaq mümkündümü?
"Əsl şairlərin içində bir didərgin yaşayır. Özünün cənnət
deyib vəsf etdiyi dünyada da o didərgindir, cəhənnəm
deyib lənətlədiyi
dünyada da didərgindi.
Cəmiyyətdə, dostlarının
arasında da ögeydir,
tənhadır. Öz
doğma evində, ailəsinin, övladlarının
arasında da tənhadı,
qəribdi, ögeydi.
Yox! Yox! Yaxşı şairlər tək deyil, onların da yaxın qohumları var; o
da şairlər və
şairanə oxuculardır.
Qədirbilən, şairanə
oxucuların hesabına
Nizami, Füzuli yaşayır. Böyük
şairlər belə
qohumlarının hesabına
əsrlərdən-əsrlərə yaşayır, ucalır. Sağlığında tənhaların,
qəriblərin zaman keçdikcə
doğmaları, qohumları
tapılır, şairlər
və tənhalar mərtəbəsində. Firuzə
Məmmədli də bu mərtəbədə yaşayır, şairlər
və tənhalar mərtəbəsində".
Bax, bütün bu söylədiklərim Firuzə
Məmmədlinin şair
səciyyəsini təqdim
etmək üçündü.
İşıq, tənhalıq,
gözəllik və kədər dünyası
- bu dörd söz zənnimcə, Firuzə Məmmədlinin
şair dünyasının
əbədi sakinləridir.
Firuzə
Məmmədli oxucunu düşüncələr aləminə
səsləyən şairdir.
Təbii ki, bu düşüncələr çılpaq
və quru sillogizmlərlə müşayiət
olunmur, emosional çalarlara bürünür.
Onun 2024-cü ildə
"Azərbaycan" jurnalında
çap etdirdiyi şeirlərini oxudum və bu şeirlərin
hər birində fikirlərin duyğularla necə qovuşduğunun şahidi oldum.
Firuzə
xanım Azərbaycan şeirinin ənənədən
gələn gözəlliyini,
heç zaman öləziməyən
işığını söndürməyə
qoymayan şairlərdəndi.
Onun üçün şeirin hansı vəzndə yazılması
şərt deyil, necə yazılması, hansı poetik maneralarla fikrini oxucuya çatdırması
əsasdır. Mən
onu doğma Azərbaycan heca şeirinin ən yaxşı ifaçılarından
biri sayıram. Xüsusilə, 90-cı illərdən
üzü bu yana o, Azərbaycan qoşmasının, gəraylısının
ən gözəl nümunələrini yaradan
şairlərdən biri
kimi diqqəti cəlb edir. Özü də bu qoşma və
gəraylılarda XXI əsrin
bədii təfəkkürü
duyulmaqdadır. Yəni
şair, xalq şeirinin formasını,
poetexnik elementlərini
olduğu kimi saxlayır, ancaq qoşması, gəraylısı
"köhnə havalarda
təzə avaz" kimi səslənir. Diqqət edin:
Gündə bir sözə əriyir,
Gündə bir daşa bu qələm.
Salıb
məni dərdə-sərə,
Dönüb qarğışa bu
qələm.
Nə gün gördü, nə gün verdi,
Məndən qırpdı, məndən
dərdi.
Elə yudu, elə sərdi,
Gəlmədi xoşa bu qələm.
Sözdü mizan-tərəzisi,
Xeyirxahı, qərəzlisi.
Haqdan gəlibdi yazısı,
Bəladır başa bu qələm.
Gəraylıdır, amma bu günün gəraylısıdır...
"Bu gün" dedim, mən Firuzə xanımı həmişə
bu günün şairi hesab etmişəm. Müasir düşüncəyə malik və müasir həqiqətlərdən söz
açan şair. Ancaq bu günün
həqiqətlərindən söz açan hər şairi müasir adlandırmaq olmaz. Müasirlik həm də fikrin, hissin, duyğunun müasir şeir mədəniyyətilə
qaynayıb-qovuşması deməkdir.
Bax, bu şeirdə
olduğu kimi:
Hamımızın əzabı var, dərdi
var,
Hamımızı cırmaqlayır dərdivar.
Gözləyirik, arada bir pərdə var,
Kim dartacaq, kim salacaq,
bilmirik.
Çiyinlərdən baş ucalar, bəs hanı?
Ağıllılar, başıcalar bəs
hanı?
Haqq yolunda aşıqçalar
bəs hanı?
Bu zurnanı kim çalacaq, bilmirik.
Yaramıza duz tökənlər,
hardasız?
Barmaq ilə göz tökənlər, hardasız?
"Biznesmenlər", "zadəganlar",
hardasız?
Bu millətə kim qalacaq, bilmirik.
Mən əlbəttə, bu yazıda Firuzə xanımın şeir dilinin gözəlliyindən
də söz aça bilərdim. Amma açmıram, çünki
onun poeziyasından misal gətirdiyim nümunələr yetərincə
bu şairin poetik dilinin özəlliklərini nümayiş
etdirə bilər.
Firuzə
Məmmədli orijinal,
kimsəyə bənzəməyən
şairdir. O, ənənəvi
obrazlara müraciət
edəndə özünün
düşündüklərini qələmə alır. Məsələn, dünya
obrazına müraciət
edəndə... Dünya
hər bir şair üçün yaşadığı, nəfəs
aldığı, mövcud
olduğu intəhasız,
hüdudsuz, gəlimli,
gedimli, son ucu ölümlü məkandır.
Təbii ki, klassik poeziyadan üzü bəri dünya obrazının öz məlum modelləri var. Bu
modelləri yan-yana düzsək, ümumi şəkildə Dünya
şair üçün
Allahdan sonra üz tutmalı, dərd bölüşməli,
bəzən gözəllik
kredosu, bəzən də qınaq, tənə obyekti kimi seçilir. Hansı şair dünyaya şeir həsr etməyib? Dünya, görən, hansı şairin həyat, ömür, tale,
sevgi, bəxt haqqında düşüncələrinə
stimul olmayıb? Budur, Firuzə Məmmədlinin poetik anlamındakı dünya:
Ölçülər, mizanlar pozulub gedir,
Namuslar hərraca düzülüb
gedir.
Uranı,
almazı, qızılı
gedir,
Nə yaman qarışıb başı dünyanın?!
Çəkib ətəyini, susur
ədalət,
İnsafdan, mürvətdən qaçır
ədalət.
Ay küncdə-bucaqda yesir ədalət,
Dolub daşmaqdadır döşü
dünyanın.
...Bir gün ağladandı, bir gün güldürən,
Pəncərədən qaçır qapıdan girən.
Mizan-tərəziyə nə çəkir görən,
Gözünə döndüyüm kişi
dünyanın?!
Firuzə
xanım əsl ədəbiyyat adamıdır
və mən bunu sözgəlişi demirəm. Əsl ədəbiyyat adamı olmaq o deməkdir ki, ədəbiyyatla, Sözlə
nəfəs alasan. Şeir yazmaq istedadın bir parlaq yönümüdürsə,
söz demək, sənət haqqında fikir yürütmək özü də ayrı bir istedaddır.
Baxın:
"Həmişə bu fikirdə olmuşam ki, şair, söz adamı bağlı olduğu sənətin zənginləşməsinə, kamilləşməsinə, poetik
səviyyə etibarilə
daha yüksək zirvədə durmasına xidmət etməlidir. Yalnız belə şəxsiyyətlərin sənətdə
yeri görünür
və yalnız belə şəxsiyyətlər
tarixin yaddaşına
həkk olunub... Poeziya - şairin öz duyğuları ilə gizli görüşüdür. Əgər
şair günün maddi ehtiyacları içərisində itib-batıbsa?
Poeziya -
içimizdəki sakitliyin
üsyanıdır. Əgər
üsyan içərimizdən
püskürüb bizi
bürüyübsə və
içimizdəki sakitlik
daim narahatlıq və təlatümlə əvəz olunubsa?!
Poeziya -
ruhumuzun fəryadıdır.
İnanmıram ki, bu ümumi təlatümdən
yayınan şeir olsun".
Yalnız
Sözə vurğun,
Sözün ağası
və hakimi olan şair bu cür düşünə
bilər.
Mən Firuzə xanımın
"Ömrün axarı"
kitabında toplanan nəsr əsərlərini
də oxudum. Deyim ki, bunlar heç də "şairin nəsri" deyil, elə nəsr kimi doğulan yazılardır.
Firuzə xanımı
nəsr yazmağa vadar edən nə idi, deyə
bilmərəm. Görünür,
şeirdə ifadə
edə bilmədiklərini
nəsrdə ifadə
edib. Mən deyərdim ki, o, bu yolda axtarışlarını
davam etdirsin. "Sular sonası" kimi maraqlı miniatür povestlər yazsın, "Əbil",
"Oğurluq", "Məhəbbət"
kimi düşündürücü
hekayələr qələmə
alsın. Çünki
nəsrə məxsus
özəllikləri onun
yazılarında da görürəm.
Amma mənim üçün,
bütün Azərbaycan
oxucuları üçün
şair Firuzə Məmmədli obrazı daha əzizdir, doğmadır.
Bir gün heç birimiz olmayacağıq. Nə Firuzə xanım, nə mən, nə bizim dostlarımız, həmkarlarımız (Seyid
Əzim Şirvani demişkən: "Dünyaya
gəlmək getmək
üçündür, bu
nə qəmdir?")
... Amma Söz qalacaq. Əlli ildən, bəlkə yüz ildən sonra, bəlkə də min ildən sonra inanıram ki, Firuzə Məmmədlinin bu misralarını oxuyacaqlar:
Mən də o gözəl dünyanın
Gözəl yükünə girmişəm.
Baxıb
görmüşəm özüməm,
Adam kürkünə girmişəm.
Çıxmışam adam içindən,
Biri olmuşam üçündən.
Qalıb
bir fikir köçündən,
Sözə sürgünə girmişəm.
Və
lap yüz il sonra da Firuzə xanımın bu sevgi şeirini
oxuyacaqlar:
Gəl ömrümə, gözəl
sevgi,
Gəl
ki, yanıb külün
olum.
Gözəlliyin mənə gəlsin,
Gəl,
gözəl sevgilin olum.
Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi,
Ayağına düşüm, sevgi,
Ürəklərə yolun olum.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 10 yanvar, №1.- S.8-9.