Hər şeyin
düzü var xatirələrdə...
Zəlimxan
YAQUB – 75
Baxıram,
arxadan bir atlı gəlir,
Yolların
tozu var xatirələrdə...
Keçmiş
insanlara yalan danışmır,
Hər
şeyin düzü var xatirələrdə...
Zəlimxan
Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda ya onun evində,
ya bizim evdə, Borçalıda - Kəpənəkçidə
onun ata yurdunda, Neftçalada, Salyanda - mənim ata yurdumda,
Şəkidə, Gəncədə, Baskalda, Qusarda, Tiflisdə,
İstanbulda, Təbrizdə, Afyon Karahisarda... Ya Məmməd
Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə
ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox
vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil
Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil
bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı
və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın
son nəfəsinə qədər əməl etdim. Son
görüşümüz isə vəfatından bir neçə
gün əvvəl, yanvarın 4-də oldu. Əhvalı
yaxşıydı. Anası Güllü xanımla,
ömür-gün yoldaşı Sahibə xanımla birgə Zəlimxan
müəllimlə xeyli söhbət etdik. Nikbin idi. Hətta qəzetə
müsahibə vermək istədiyini dedi. Sabah
görüşmək ümidiylə ayrıldıq. Səhər
isə telefonuna zəng çatmadı... Evlərinə gəldim...
Çarpayıda
uzanmışdı. Əyilib əlindən öpdüm.
Baxırdı. Mənim mən olduğumu bildimi? Bilmirəm.
Qızı
Günay başının üstündə
dayanmışdı: "Ata, tanıdınmı?" - deyə
soruşdu. Cavab vermədi... Və bu bizim son
görüşümüz oldu... Əhvalı son şeirindəki
ovqatını da ötüb keçmişdi:
"Şükür
de, şükür de" deyirlər mənə,
Çatılan
qaşıma nə şükür deyim.
Yorğun
ürəyimə, solğun gözümə,
Ağrıyan
başıma nə şükür deyim.
Ağrı
başlama var, ağrı kəsmə var,
Canda son mənzilə
bir tələsmə var.
Başda
titrəmə var, əldə əsmə var,
Ağrılı
yaşıma nə şükür deyim.
Könül
gah sevincdə, gah da qəmdədir,
Gah kefli,
gah kefsiz bir aləmdədir.
Aş
bişib hazırdı, plov dəmdədir,
İştahsız
aşıma nə şükür deyim.
Buluddu
ağlayan, dumandı çökən,
Vaxtsız
ağrılardı qəddimi sökən.
Üzümü
yandıran, gözümü tökən,
Acı
göz yaşıma nə şükür deyim.
Buluddan nəm
yağır, göydən yaş yağır,
Yağanlar
gah yeyin, gah yavaş yağır.
Göydən
dolu yağır, göydən daş yağır,
Başımın
daşına nə şükür deyim.
2010-cu
ilin mayında Afyon-Karahisarda "Anadolu - Yunusdur" günləri
çərçivəsində bir görüş (əslində,
bir gün) Zəlimxan Yaquba həsr olunmuşdu. 4-5 saat
durmadan-dayanmadan şeirlər oxuyan Zəlimxan 500 nəfərlik
salonu əfsunlamışdı. Salonda ayaq üstə qalanlar
da vardı. Zəlimxan Yaqubun şeiri və hafizəsi salonu vəcdə
gətirib dalğalandırırdı... Rəhmətlik Məmməd
Aslan demişkən, "möhtəşəm Zəlimxan
Yaqub" gecədən keçmiş özü bu şeir gecəsini
tamamlamasaydı, inanıram, səhərə qədər bir nəfər
belə olsun o salonu tərk etməzdi... Oralarda çox məşhur
olan Ramin Qarayevin Zəlimxan sevdalı sazı da gecəyə əlavə
rəng qatmışdı... Tədbirə xanımlarıyla
birgə gəlmiş vali, kaymakam, bələdiyyə
başqanı minnətdarlıq nitqi üçün bir-bir səhnəyə
çıxdılar. Zəlimxan Yaqubun timsalında Azərbaycana
sevgilərini izhar etdilər...
Və qəfil
arxadan, adamların arasından səs:
-
Zelimhan... Zelimhan...
Bu, Bahəddin
Qaraqoç idi. Türkiyə şeirinin "ağ
qartalı" Bahəddin Qaraqoç.
- Dur,
Zelimhan. Sana diyeceklerim var.
Zəlimxan
səhnədə, iştirakçılar salonda ayaq
saxladı. 80 yaşlı Qaraqoç: - Seni çok aradım,
Zelimhan. Seni çok izledim. Sen Dedem Korkudun, Yunusun,
Karacaoğlanın damarlarında akan cevherin ta kendisisin. Sen
bizim yaşayan en büyük şairimizsin, Zelimhan - deyib Zəlimxanın əlindən
öpmək istədi. Zəlimxan Yaqub isə buna imkan vermədi
və özü Bahədin Qaraqoça təzim etdi.
Qaraqoç mikrafonun arxasına keçib bu şeiri oxudu:
Ufuklarda
at koştur,
Kür
nehrini sen coştur.
Türkü
türkle buluştur
Zelimhan
Yakup kardeş
Sana her
zaman selam!..
Basınca
izin kalsın,
Susunca
sazın kalsın.
Gökte
avazın kalsın
Zelimhan
Yakup kardeş
Sana her
zaman selam!..
Ertəsi
gün rəhmətliklər - Bahəddin Qaraqoç, Ankara
radiosunun keçmiş diktoru, Türk Ocaqlarının,
Türk Dil Qurumunun üzvü Rizvan Çongur və Zəlimxan
Yaqubla birgə Çay kəndində - Yunis Əmrə məhəlləsindəki
qəbiristanda Yunusin məzarını ziyarət etdik. Məzarlığın
qarşısındakı yaşıl seyrəngahda
uşaqlı-qocalı, qadınlı-kişili bütün
köy Zəlimxan Yaqubun tamaşasına durmuşdu. Yunus
Əmrə məhəlləsinin bütün sakinləri,
qızlı-gəlinli, gəncli-qocalı,
uşaqlı-böyüklü hamısı buradaydı.
Qadınlar ayrı səmtdə, kişilər isə əsas
meydanda toplaşmışdı. Zəlimxan
danışırdı. Buna danışmaq deməzdilər.
Qanad taxıb uçur və bütün Yunus Əmrə ziyarətçilərini
də səmalara qaldırırdı. Bu, başqa bir
dünyanın söhbətiydi. İndiyə qədər
danışılanlara bənzəmirdi. Sanki Zəlimxan Yaqub
Yunusun gerçək vətəni olan Azərbaycandan gəlib
burda Yunusun kimliyini Yunusun yurddaşlarına anladır və
onları heyrətləndirirdi... Özü də
Yunuslaşmışdı...
Nə isə...
Deməklə qurtaran deyil...
Birini də
deyib xatirələrimi bitirmək istəyirəm. Afyonda Zəlimxan
Yaqubla bir kitab dükanındayıq. Kitabçı
qızlardan biri bizə yaxınlaşır. "Siz Zəlimxan
Yaqubsunuzmu? Lütfən ikinci qata qalxın" - deyir.
İkinci qatda bizi dükanın sahibi gözləyirmiş.
Monitorla baxıb. Zəlimxanı tanıyıb.
"Borçalının bir tərəfi Axıska" -
deyib Zəlimxanı bağrına basır. Əslən
Axıska türklərindənmiş. "Sürgün"
poemasından parçaları əzbər söyləyir...
Yeri gəlmişkən,
"Sürgün" poeması Zəlimxanın
özünün ən çox bəyəndiyi əsəriydi.
On il bundan qabaq, elə bu günlərdə, Xalq
yazıçısı Anar da "Ədəbiyyat qəzeti"ində
Zəlimxanın 65 illiyinə yazdığı və
yorğun şairin nəfəsinə nəfəs qatan
"Yorulmayasan, Zəlimxan!" adlı məqaləsində
"bu əsərin açdığı mövzulara ədəbiyyatımızda
toxunan olmayıb...Qazaxıstana, Qırğızıstana
sürgün edilmiş Azəri və Axıska türklərinin
faciəsi haqqında bizim ədəbiyyatda ilk əsər Zəlimxanın
poemasıdır" - deyə bildirirdi.
Bəzən
ədəbiyyatımızın sərhədlərimizdən o
tərəfdə təbliğ olunmamasından gileylənirik.
Bir anlığa Zəlimxanın timsalında bir Azərbaycan
şairini düşünün. Kimsə Təbrizdə yolunu
kəsib şeirini oxuyur.... Tiflisdə bir gürcü zabiti onu
görüb qarşısında farağat dayanır...
Karahisarda bir kitabçı onu bağrına basıb
poemasından misralar deyir... Türkiyənin böyük bir
şairi hamının gözləri qarşısında ona təzim
edir...
Bir az əvvəl,
bizi Xəlil Rzanın tanış etdiyini yazmışdım.
Səksəninci illərdə Ulutürk hardaydısa, Zəlimxan
da mütləq onun yanında olardı. Səksəninci ildə
Aktyor Evində görkəmlilərdən birinin
yaradıcılıq gecəsi keçirilirdi. Tədbiri
İsmayıl Şıxlı aparırdı. Rəyasət
heyətinin arxasındakı pərdə qəfil
dalğalanmağa başladı. Hiss olunurdu ki, kimsə pərdəni
dalğalandırmaqla keçirilən tədbirə müdaxilə
edir. Rəhmətlik İsmayıl Şıxlı salona müraciət
etdi: Xəlil Rza söz istəyir - dedi. Alqış qopdu və
əlinə narıncı çanta götürmüş Xəlil
səhnədə göründü. İlk sözünü
xatırlayıram. Üzünü zala tutub soruşdu:
- Zəlimxan
burdadı? Niyə belə yaradıcılıq gecəsini Zəlimxan
üçün keçirmirsiniz. Nə üçün onun əsərləri
dərsliklərə salınmır. Eşq olsun Xalq şairi Zəlimxan
Yaquba.
Əgər
rəhmətlik İsmayıl Şıxlının təmkini
olmasaydı, Xəlil bəyin çıxışı, az
qala, tədbirin məramını dəyişəcəkdi.
O vaxt, Zəlimxanın
30 yaşı vardı və Xəlil onu Xalq şairi olaraq təqdim
edirdi.
O zaman, təbii
ki, Xalq şairi adı, hətta Xəlil Rzanın özü
üçün də əlçatmaz idi. Ədəbiyyat tədbirlərində
söz almaq üçün, necə deyərlər, pərdə
silkələməyə məcbur edilən Xəlil bəyin
Xalq şairi olması, hələ üstəlik, onun otuz
yaşlı Zəlimxana verdiyi fəxri adın rəsmən
gerçəkləşməsi üçün Azərbaycan
müstəqil olmalıymış.
Zəlimxan
bəy dediyim kimi, sonuncu görüşümüzdə
dinib-danışmırdı. Bitib-tükənmişdi. Elə
ordaca Günay xanım dedi ki, atam sentyabrda Almaniyaya müayinəyə
gedəcəkdi. "Azərin qızının toyunda
iştirak etməliyəm" - deyib getmədi.
Ağrılı
canı ilə toya gəlmişdi. Xeyir-dua vermişdi və həmin
toyda çəkilmiş şəklimiz mənim həm atamla,
həm də Zəlimxan Yaqubla çəkilmiş son şəklim
oldu.
Bunu isə
sonralar oğlu Bəhlul söylədi: "Nə qədər
etdiksə, nə qədər yalvardıqsa, sentyabrda Almaniyaya
getmədi. "Mütləq toyda iştirak etməliyəm"
- deyib durdu. Və bu toy Zəlimxan Yaqubun həyatında
iştirak etdiyi sonuncu toy məclisi oldu.
İndi
bu sətirləri yazdıqca hiss edirəm ki, xatirələrdən
ayrıla bilmirəm. Zəlimxanın poeziyası və ədəbi
görüşləri barədə fikirlərimi "Əzəl-axır
dünya türkün dünyası" adlı kitabımda
ifadə etmişəm. Kitab əvvəl 2007-ci ildə
Bakıda, sonra da 2009-da Türkiyə türkcəsində
İstanbulda nəşr edildi. Bakı nəşrinə Həzən
Əziz oğlu Həsənov, İstanbul nəşrinə
Nizaməddin Onk ön söz yazmışdı. Bakı nəşri
burda filarmoniyada, İstanbul nəşri orda - Bayburtda təqdim
edildi.
"Peyğəmbər"i
yazarkən, ya onun evində, ya bizim evdə, demək olar ki, hər
gün görüşər, həmin görüşlərimizdə
daha çox Mehmet Akif barədə, Akifin Peyğəmbər sevgisi
barədə danışardıq. İlk nəşrinin
redaktoru olduğum "Peyğəmbər"
poemasının "Peyğəmbər"i niyə
yazdım?" adlı hissəsində özünün də
qeyd etdiyi kimi, bu poemanı yazmağa onu sövq edən
"Əzəl-axır dünya türkün
dünyası" kitabımdakı "Hz. Məhəmməd
dastanını Tanrı özü sənə ilham edəcək.
Buna inanıram, Zəlimxan!" sözləri olmuşdu. Zəlimxan
Yaqub bildirirdi ki, "Azər Turanın arzusu ilə mənim
illərlə ürəyimdə gəzdirdiyim, ancaq heç kəsə
açmadığım istək yüzdə-yüz
üst-üstə düşürdü. Bu yerdə...
İbrahim Haqqı həzrətlərinin... şeirini
xatırlamalı oluram: Mövlam, görəlim neylər / Neylərsə
gözəl eylər".
İki dəfə
"Seçilmiş əsərlər"inə onun öz
istəyi ilə ön söz yazdım.
Bütün
kitablarımın təqdimatında iştirak və
çıxış etmişdi. "Cavidnamə"
kitabım barədə məqaləsini 2010-cu ilin 17
dekabrında İstanbulda yazmışdı.
Sağlığında nəşr olunmuş son kitabında
"Dünya çiçək, insan oğlu
arıdı" kitabında mənə ithaf etdiyi "Turan
Borçalıdadır" adlı gözəl bir poeması
da vardı.
2015-ci ildə
Zəlimxan Yaqub demək olar, "Ədəbiyyat qəzeti"nin
bəlkə də hər sayında ya şeirləri ilə,
ya haqqında yazılan yazılarla, ya xəbərlərlə
göründü. Bunu mənə irad tutanlar da vardı. Amma
irad tutanlar, bilsələr də, etinaya almırdılar ki,
çağımızın böyük şairi xəstədi
və "Ədəbiyyat qəzeti" bu davranışı
ilə onun ömrünə ömür qatmaqdadır. Qəribə
hallar yaşayırdıq. Zəlimxan "Təbiətə məktub"
yazırdı. Müəllifin səhifəboyu ayaq üstə
şəklini verib yazını çap edirdik. Zəlimxanın
şəklini fərqləndirib təqdim etdiyimizə görə
qınanırdıq. Növbəti sayımızda isə rəhmətlik
akademik Tofiq Hacıyevin "Səhifəni açan kimi, diqqətim
Zəlimxanın şəklinə sancılıb qaldı.
Çox mütəfəkkir görünürdü. Hörmətli
bir şəkildi. Azər Turanın ifadəsi ilə desəm,
bu portretdən kədərli bir ləzzət aldım" -
sözləri ilə başlayan, "Bu gün Zəlimxan heca
şeirimizi yenidən ucaltdı, heca şeirimizin yolunu
rahatladı. Heca şeirinə intellekt ədəbiyyatı kimi
bayatının fəlsəfi dərinliyini qaytardı... Bu
gün güneyli-qüzeyli aşıqlarımızın
sazında Aşıq Ələsgərdən, Aşıq
Alıdan, Molla Cumadan çox Zəlimxanın qoşmaları
oxunur" sözləri ilə davam edən, "Tanrı Zəlimxan
istedadda, Zəlimxan iradədə yenə bir şair
yaradacaqmı, nə vaxt?" sözləri ilə bitən
"Zəlimxan Yaqubun "Təbiətə məktub"una
bir cavab" yazısını dərc edirdik. Məni
qınayanlar, təbii ki, Tofiq Hacıyevi qınamağa cəsarət
etmirdilər, etməzdilər. Beləcə gündən-günə,
həftədən-həftəyə Zəlimxan... Hətta bir
gün Zəlimxandan xəbərsiz Borçalıya gedib
eyvanından Yel dağının göründüyü ata
yurdu barədə iki səhifəlik yazı hazırladıq.
Və bütün bunlar əziz Zəlimxanı hədsiz məmnun
edirdi. "Ədəbiyyat qəzeti" Zəlimxan Yaqubun son
tribunası oldu. Qəribədir, ömrünün son
aylarında yaradıcılığında, sanki yeni bir mərhələ
başlamışdı. Yazdığı və "Ədəbiyyat
qəzeti"ndə dərc etdirdiyi son şeirləri irfanla
dopdolu və birmənalı şəkildə misilsiz idi...
"Ağrısını, acısını qeyrətlə
çəkən, namusla daşıyan insanlara salam olsun!"
deyib mənə verdiyi şeirləri də "Ədəbiyyat
qəzeti"ndə dərc olundu. Yəni avqustun 5-dən 6-a
keçən gecə Almaniyanın Hannover şəhərində
xəstəxanada yazdığı şeirlərini
sentyabrın 5-də "Qoşmaların
nağılı" başlığıyla təqdim etdik və
bu, Zəlimxan Yaqubun mətbuatda dərc olunmuş son şeirləri
oldu. Sonra deyəsən, daha şeir yazmadı.
..."Ədəbiyyat
qəzeti"ndə özü ilə bağlı oxuduğu
son yazı Elnarə Akimovanın "Ün"ün həqiqəti
və poeziyası" məqaləsi və mənim
"Göydə avazın qalsın" essem oldu.
Dünyasını
dəyişdiyi həftə isə qəzetin birinci səhifəsində
Zəlimxan Yaqubun səhifəboyu şəklini, yas yerindən
fotoreportaj, barəsində Nizaməddin Şəmsizadənin və
Rüstəm Kamalın yazılarını dərc etdik. Və
bitdi...
O, öz
şəxsində Azərbaycanın yeni bir şair
obrazını yaratmışdı...
Onun səsini bu ölkədə hamı - Zəlimxan
Yaqubu ədəbiyyatımızın canlı klassiki
adlandıran ölkə başçısından tutmuş,
sıravi vətəndaşa qədər hamı eşidirdi...
Vaxtilə
Vaqif Səmədoğlu onu "öz səsində üzən
şair" adlandırmışdı. Zəlimxan Yaqub öz
səsiylə üzə bilmədiyi çağlarda
yazdığı şeirlərlə Vaqif Səmədoğlunun
həmin fikirlərini "korrektə" etdi. Öz səsində
üzən şairin səsində taqət qalmasa da, şeirinə
mistik bir hüzur, bir qürub avazı çökdü. Səs
dəyişildi. Və bu, sanki yeni bir Zəlimxan idi. Əbədiyyət
səfərinə hazırlaşan Zəlimxanın səsi.
Azər
TURAN
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.2-3.