Bahar xəstəliyi
Yeddi ildən sonra Rusiyadan evə qayıdırdım. Qatar səhər Bakıya çatanda, hardasa, saat 8
olardı. Vağzalda məni qardaşım Rəşad
gözləyirdi. Onu perronda görəndə, az qala,
tanımadım. Saçları
çallaşmışdı, bir az da kökəlmişdi, getdikcə
atama oxşayırdı. Eynək taxırdı, deyəsən,
bahar xəstəliyi hələ də
sağalmamışdı. Görüşdük, hal-əhval
tutub maşına tərəf addımladıq. Hara gedəcəyimizi
soruşdum. Dinmədi. Mən də üstünü
vurmadım.
Biz iki
qardaşıq. Mən ailənin ilk övladıyam.
Aramızda dörd yaş fərq var. Uşaq vaxtı heç
nədən Rəşadı elə hey döyürdüm,
qabağıma qatıb qovurdum. Çünki Rəşad
ağıllı, tədbirli, düzdanışan uşaq idi.
Bu da məni cin atına mindirirdi. Gizlində tutub onu döyəndə
üzümə qayıtmır, sakitcə ağlayır, balaca
yumruqlarını sıxır, ağız-burnunu əyə-əyə
gözlərini ovurdu. Gözlərini o qədər ovmuşdu,
axırda bahar xəstəliyinə tutulmuşdu. Xəstəliyin
adını ilk dəfə eşidəndə sevinmişdim, elə
bilirdim, bahar adında xəstəlik adamı kor eləməz.
Bizim
uşaqlığımız çətin keçmişdi.
Atam orta məktəb müəllimi olduğu üçün
maaşı evi dolandırmağa bəs eləmirdi. O da bibimin
əri İdrislə Krıma nar satmağa gedirdi. Atamdan
eşitmişdim ki, orda narın dənəsi beş
manatdır. Bunu biləndə ərinməyib həyətimizdəki
nar ağaclarını saymışdım. Qırx doqquz nar
ağacı... Atam narın hamısını Krıma apara
bilsəydi, ömürlük kasıblığın
daşını atardıq.
Atam
Krıma gedəndə dolanışığımız
çətinləşirdi, ümidimiz həyətdəki
heyvalara qalırdı. Anam heyvaları bazarda satıb atam gələnə
kimi bizi birtəhər keçindirirdi. Satdığı
heyvaların pulunu sayanda əziyyət çəkirdi,
çünki əli pul görməmişdi. Pulları yanbayan
düzüb hesablayırdı.
Atam gələndə
bizə həm də əyin-baş alıb gətirirdi. Bir dəfə
Rəşada aşırmalı şalvar, mənə də
cins şalvar almışdı. Kənddə tək-tük
adam cins şalvar geyinirdi. Cins şalvarı, ya Rusiyadan alıb
gətirirdilər, ya da Bakıda xarici tələbələrdən
tapmaq olurdu. Bu da hər kənd uşağına qismət
deyildi.
Rəşadın
pal-paltara marağı yox idi, təzə şalvarıma fikir
vermirdi. Bu da məni hirsləndirdi. Onu qabağıma qatıb
şumluqla meşəyə tərəf qovdum. Tutsam, möhkəm
əzişdirəcəkdim. Meşəylə şumluğu
ayıran balaca kanala çatanda Rəşad tullandı, mən
tullananda kanala düşdüm. Rəşad suya
düşdüyümü görüb dayandı,
qayıtdı, mənə əl uzadıb kanaldan
çıxartdı. Təzə cins şalvarım
palçığın içindəydi. Evə belə getsəm,
anam bizi öldürərdi. Rəşad şalvarı qurutmaq
üçün ətrafdan oduncaq yığıb qaladı.
Şalvarı çıxarıb ocağın üstünə
tutdum. Rəşad çırpı gətirmək
üçün bir də meşəyə tərəf gedəndə
gördüm, şalvarı qısa, sandalı da
ayağına balacadı.
İndi də
yolboyu Rəşadın üzünə baxanda
uşaqlığımızdan elə şeylər yadıma
düşürdü ki, sonradan baş verən hadisələr
mənə aydın olurdu...
Qürbətdə
olanda Bakıya qayıtmağımı çox
düşünürdüm. Qatardan düşəcəm,
köhnə iş yoldaşlarım, qrup yoldaşlarım,
sinif yoldaşlarım - hamı məni qarşılamağa
çıxacaq, hərə bir tərəfə çəkəcək,
zarafat edib, deyib-gülüb, qucaqlaşıb sevinəcəyik.
İntəhası, gözlədiyim kimi olmadı. Bakı məni
bumbuz, sopsoyuq qarşıladı, elə Rəşad da.
Əhmədliyə
çatanda doqquzmərtəbəli binanın həyətində
maşından düşdük. Rəşad həyətdəki
dükandan iki çörək aldı, bloka girdik. Liftə
minən kimi səkkizinci mərtəbənin düyməsini
basdı. İkimiz də liftin düymələrinə zillənib
susmuşduq. Nədənsə söhbət sala bilmirdik. Səkkizinci
mərtəbədə liftdən çıxıb
sağdakı tünd-qəhvəyi qapıya tərəf getdik.
Qapının rəngindən evin kirayə olmadığı
bilinirdi. Rəşad zəngi basdı. Bizi Rəşadın
yoldaşı qarşıladı. Toylarından heç iki il
keçməzdi. Həmən gün Ufada möhkəm
şaxta vardı. Atam zəng eləyib demişdi ki,
qardaşının toyudur, sən də dostlarına
qonaqlıq ver. Mən isə qonaqlıq verməyə adam
tapmamışdım, çilingər sexinin yanında yatan
alkaş başqırdla oturmuşdum. Öz dilimizdə
başıma gələnləri danışırdım, o da
səssiz içirdi. Danışdıqlarıma fikir vermədən
sakitcə içməyi birdən məni özümdən
çıxartdı. Durub onun başına bir yumruq vurdum. Onun
da başı Rəşadınkı kimi bərk idi. İndi
qardaşımla yoldaşını görəndə həmin
hadisə gözümün qabağından keçdi.
Gəlin
mənimlə elə bil Bakıda yaşayan qaynı kimi
görüşdü, hal-əhval tutmamış Rəşadın
əlindən çörəkləri alıb mətbəxə
keçdi. Rəşad da mənə əliylə qonaq
otağını göstərib mətbəxə -
arvadının yanına getdi. Bildim ki, məndən
danışacaqlar. Bu evdə uşağın
olmadığı səliqə-səhmandan hiss olunurdu. Rəşad
mətbəxdən əlində çay qayıtdı.
Çayı stolun üstünə qoyub dedi:
-
İşdən icazə almışam, qayıtmalıyam.
İndi sənə də yeməyə bir şey
hazırlayacaq, - qurcalandı, saatına baxıb qapıya tərəf
getmək istəyəndə dilləndim:
- Gələndə
bir dənə Bakı arağı alarsan.
Cavab vermədi,
koridorda ayaqqabısını geyinəndə gözüm rəngli
qalstukuna sataşdı.
Rəşadı
məktəbdə yaxına buraxmazdım. Məktəb
stadionunda böyüklü-kiçikli, hamı
bölüşüb futbol oynayardı, Rəşad isə mənim
qorxumdan stadiona yaxınlaşmazdı. Məktəbdən sonra
da məhəllə uşaqlarıyla oynayar, onlarla gəzib-dolaşardım.
Rəşadı bizimlə gəlməyə qoymazdım. O da özünə
təkadamlıq oyunlar fikirləşərdi.
Məktəbimizə
gələn fotoqrafın da qənimiydim. Atam müəllim
olduğuna görə bizə bir rəngli şəkil
havayı idi. Rəşad utandığından heç o bir
şəkli də çəkdirməzdi. Amma hər dəfə
fotoqraf gedəndən sonra xəbər tutardılar ki, mənim
on-on beş şəklim var.
Bunları
düşünə-düşünə durub pəncərəyə
yaxınlaşdım. Səkkizinci mərtəbədən Xəzər
öz ehtişamıyla görünürdü. Bu yerlərin
adamının qürbəti həm də Xəzəri
görməyəndə başlayır. Dənizi görən
kimi bütün varlığımla dua etmək,
bağışlanmaq istədim. Mənə elə gəldi ki,
Bakıya indi yox, yayda qayıtsaydım, hər şey başqa
cür ola bilərdi. Rəşadla Xəzərin qumunda
uzanardıq, təmizlənərdik,
doğmalığımızın üstünü örtən
hər şey Xəzərin sularında yuyulub gedərdi. Heyif,
indi payızdır...
***
Rəşad
araq almamışdı. Yemək yeyəndən sonra gəlin
qabları yığıb bizə pürrəngi çay gətirdi.
Rəşad əllərini yumaq üçün hamama
keçdi. Pultu götürüb televizorun səsini
artırdım. Rus kəndindən bəhs edən köhnə
sovet filmi gedirdi. Rəşad otağa qayıdan kimi kanalı dəyişdi.
Çayımızı içə-içə dinməz-söyləməz
boksa baxmağa başladıq. Bütün axşamı Rəşad
məndən heç nə soruşmadı. Nə Rusiya barədə,
nə ordakı yaşayışımdan. Nə də öz
işlərindən bir şey dedi. Hamı Rusiyadan qayıdanda
ev, maşın alırdı, qardaş-bacısına əl
tuturdu, mənsə son illər Rəşadın göndərdiyi
pulla dolanırdım.
Səhəri
hamıdan qabaq dirigözlü açdım. Qonaq
otağına keçəndə gözüm komodun
tutacaqlarına bağlanmış qırmızı lentlərə
sataşdı. Lentlərin qırmızısı hələ
solmamışdı. Komodun üstündə iki açar və
futbol üzrə yığma komandanın bugünkü oyununa
iki bilet vardı. Bir azdan Rəşad geyinə-geyinə
otağa girdi. Salamlaşan kimi:
- Mən
axşam saat 10-da futbola gedəcəm, o da atası evinə, -
başıyla o biri otağı göstərib dedi, - sənin
nə işin var? Harasa gedəcəksən?
- Bilmirəm,
şəhərlik bir işim yoxdu, deyirəm, bəlkə,
rayona çıxım?
- Onda elə
bir azdan çıxarsan. Rayona taksilər indi 15 manata
aparır. Kəndə də təzə yol çəkilib, dəyirmanın
yanında düşürsən, ordan keçən yol
maşınlarının birinə minib gedirsən, - deyib
cibindən iki onluq çıxardı və komodun
üstünə yanbayan düzdü. Pullara baxdım. Anamı
xatırladım.
Heç
on dəqiqə keçmədi ki, Rəşad dilucu
sağollaşıb evdən çıxdı. Onun verdiyi
pulları götürüb cibimdə qalan rublların
arasına qoydum. Koridora keçib gödəkcəmi
götürəndə gəlin otaqdan çıxdı:
- Nə
tez gedirsiz? Bir azdan çıxardız da. Heç olmasa
günortanı yeyin...
- Sağ
ol, gəlin bacı, sizə də əziyyət verdim. Yolum
uzaqdı. Daha mən gedim, -gödəkcəmin
qabağını bağlaya-bağlaya dedim.
Binadan
çıxıb siqaret yandırdım. Kəndə səhər-səhər
getmək istəmirdim, amma şəhərdə də veyillənib
vaxt öldürmək ürəyimdən deyildi. Həyətdəki
dükanın yanında üstündə şahmat olan
"Jiquli" dayanmışdı. Qarnının yekəliyindən
pencəyinin qabağı bağlanmayan bəstəboy,
keçəl bir kişi maşına söykənib siqaret
çəkirdi. Yolpulundan əlavə, cəmi, beş
manatım qalırdı, fikirləşdim, elə aparsa, məni
Lökbatana bu aparar.
- Salam,
qardaş. Beş manat pulum var, məni Lökbatana apararsan?
Kişi
siqareti sümürüb kötüyünü yerə
atdı:
- Kruqa?
Rayona gedəssən?
- Hə, rayona
gedəcəm.
-
Keç otur, siftə səndən.
İlham
ƏZİZ
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.7.