Zəlimxan Yaqubun son şeirləri
Zəlimxan YAQUB-75
Salam ver
Gördüyün yerləri kökündən tanı,
Cığıra salam ver, izə salam ver.
Üzün dar günündə
dərmanın olsun,
Yanağa
salam ver, üzə salam ver.
Zərif
gözəlliyi həyat
çox sevir,
Həyatın başına üzərrik
çevir.
Yaxşılığı ucalt, pisliyi devir,
Doğrunu salamla, düzə
salam ver.
Göylərin hər yeri torpağa əziz,
Torpağa baxırsan, dalğalı
dəniz.
Dünyanın hər yeri müqəddəs, təmiz,
Birə
hörmət göstər,
yüzə salam ver.
Təzə niyyətlərlə açılır sabah,
Təzə duyğularla əriyir
günah.
Hər şeyi bizimçün yaradıb Allah,
Tanrını qucaqla, bizə salam ver.
Ətrafa,
çevrəyə, çərəyə
and iç,
Ürək and yeridi, ürəyə
and iç.
Zəlimxan yediyi çörəyə
and iç,
Zəlimxan dediyi sözə
salam ver.
Sən ol
Səni
dönə-dönə salamlayıram,
Sən qoşmam, sən laylam, sən bayatım ol.
Dünyaya gəlməyim getmək
üçündür,
Mənim
ilk sevincim, son saatım
ol.
Düzləri dolaşam, dağları
aşam,
Gərək çaylar kimi qaynayam, daşam.
Yerlərə sığmayan toyum,
tamaşam,
Göylərə sığmayan büsatım
sən ol.
Düşünüb, daşınıb
dərinləşərəm,
Kölgəndə dincəlib sərinləşərəm.
Şirin
şeylər görüb
şirinləşərəm,
Şəkərim, şərbətim, nabatım
sən ol.
Həm yağdı, həm baldı, həm duz, həm çörək,
İlhamlı təbiət, nəğməli
ürək.
Mənasız bir dünya nəyimə gərək,
Mənası bol olan həyatım sən ol.
Sən gül, qoy üzümə
gülən dan olsun,
Canımın üstünə gələn
can olsun.
İstəsən Zəlimxan Zəlimxan
olsun,
Mənim
uçmaq üçün
qanadım sən ol!
Mən və dünya
Canımdan qəlbimə bir
işıq düşə,
Nur meydan oxuya ulduza,
Aya.
Mən də şükür deyəm, şükür oxuyam
Ulu Yaradanın verdiyi paya.
Dünya
dolaşmaya ayağa, ələ,
Nə yüküm daş ola, nə dərdim şələ.
Tanrının qüdrəti içimdən
gələ,
Səsimdən titrəyə hər
daş, hər qaya.
Qızınar od-ocaq, isinər
otaq,
Şirin
nəğməsini oxuyar
dodaq.
Halaldan kök olsa, halaldan budaq
Qurtarmaz
bərəkət, tükənməz
maya.
Bezdim yarımçıqdan, qaçdım
yarımdan,
Nə həyatdan doydum, nə də yarımdan.
Saraylar qurardım arzularımdan
İllər zəhmətimi verməsə
zaya.
Doğru
əyilməyə, düzlər
düz ola,
Həqiqət, məhəbbət üzbəüz
ola.
Sağlam
can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən
bu dünyaya.
Ulu Tanrım
Ulu Tanrım, artır mənim dərdimi,
Kərəm kimi yandır, yandır, kül eylə.
Həm alışım, həm tutuşum, həm yanım,
Külümü də küləklərə
dil eylə.
Can hayında xəstə bir can görəndə,
Nahaq yerə tökülən qan görəndə,
Bir yananı, bir yandıran görəndə,
Göz yaşımı dəniz eylə, sel eylə.
Ulu Tanrı, sən işində peşəkar,
Məni
duymaz, qaya laldı, meşə kar.
Dərd
sarıdan məni qoyma boş-bekar,
Harda olsam mənə sarı əl eylə.
Sənin
işin dərdlərimlə
yaşamaq,
Mənim
işim bu dərdləri daşımaq.
İşim düyün, bəxtim
qara, saçım ağ,
Qəbrimi qaz, sinəm üstdən yol eylə.
Çiçəyini, qanqalını
dərəndə,
İki gözüm nələr gördü viranda.
Əsirgəmə, Zəlimxanı görəndə
Qəmini
də, qəhrini də bol eylə.
Həyatı duymaq
Ürək də, baxış
da, könül də,
göz də
Dünyanı dərindən duymaq
üçündür.
Öpüb bu torpağı
duz-çörək kimi,
Gözünün üstünə qoymaq
üçündür.
Sevdiyin nə varsa, sənin yarındı,
Ətək çiçəyindi, zirvə qarındı.
Allah nə veribsə, insanlarındı,
Hamısı el üçün,
oymaq üçündür.
Qızıl boza çalır, yaşıl
sarıya,
Dünənin gözəli dönür
qarıya.
İllər ömrümüzü bölür yarıya,
Günlər vaxtımızı saymaq
üçündür.
Yüz
il qan axsa da qanlı yaradan,
Həqiqət canlıdı, çıxmaz
aradan.
Boşa
yaratmadı sözü
Yaradan,
Səs,
dərdi dünyaya yaymaq üçündür.
Minnətli çörəyi heç
zaman yemə,
Sevgiyə, sevincə bəsimdir
demə.
Zəlimxan, torpaqdan can əsirgəmə,
Canlar bu torpağa qıymaq üçündür.
Can deyib, can eşitmişik
Dadıb
meyvəsini, görüb
sehrini,
Budağa
can deyib, can eşitmişik.
Qızınıb odunda, hərarətində,
Ocağa
can deyib, can eşitmişik.
Ömür səsli olub, soraqlı olub,
Sorağı olanlar maraqlı
olub.
Evimiz həmişə qonaqlı
olub,
Qonağa
can deyib, can eşitmişik.
Fikri, düşüncəni, duyğunu
yığır,
Həyat
qəlbimizə gör
necə sığır.
Dönüb ziyarətə hər
yol, hər cığır,
Bulağa
can deyib, can eşitmişik.
Arzular müqəddəs, diləklər
təmiz,
Böyüklük önündə diz
çökmüşük biz.
Sözü əlifbamız, səsi
himnimiz,
Uşağa can deyib, can eşitmişik.
Zirvə
şöhrət tapır
qarlı başıyla,
Vətən vətən olur
vətəndaşıyla.
Ulu tarixiylə, qədim yaşıyla
Torpağa can deyib, can eşitmişik.
Gedənlərə
Torpaq yön çevirib üzünə baxmaz,
Əlində zəhərli aş
gedənlərə.
Şeytan
şərik olar, iblis yol verər,
Həqiqət yolunu çaş
gedənlərə.
Yüz yandan çıxsa da, bulaq neyləsin,
Min nəğmə oxusa, dodaq neyləsin.
Həyat
nə danışsın,
torpaq neyləsin,
Gözü də, könlü
də daş gedənlərə.
Eninə,
boyuna qalxır, yüksəlir,
Mənasız hay-küylər qulağı
dəlir.
Mənim
bu dünyada yazığım gəlir,
Dünyadan əlləri boş
gedənlərə.
Üyüdər az dəni, çox unluq eylər,
Kəsməz sularını, axınlıq
eylər.
Allahın özü də
yaxınlıq eylər,
Allahın özünə xoş
gedənlərə.
Boşuna
getməsin zamanın,
anın,
Həqiqət yolunda qoy çıxsın canın.
Canı
qurban olsun qoy Zəlimxanın,
Həyatda baş gəlib,
baş gedənlərə.
Dünya gözəlindi,
gözəlliyindi
Dağların döşündə açan gülə bax,
Dünya
gözəlindi, gözəlliyindi.
Bir könül istəsən,
min könülə bax,
Dünya
gözəlindi, gözəlliyindi.
Qayası
hündürdü, çəkisi
ağır,
Yer göyün üzünü
süd kimi sağır.
Bir gün Günəş doğur, bir gün qar yağır,
Dünya
gözəlindi, gözəlliyindi.
Yayılır hər kəndin,
şəhərin üstə,
Hər gün səhər gəlir səhərin üstə.
Atın,
üzənginin, yəhərin
üstə,
Dünya
gözəlindi, gözəlliyindi.
Sənindi, mənimdi çörəyi,
suyu,
Zövqü, ehtirası, bayramı,
toyu.
İncə gözəlliyin qoynunda
uyu,
Dünya
gözəlindi, gözəlliyindi.
Ağası, nökəri, bəyi,
xanı var,
Gözəllik uğrunda çıxan
canı var.
Nə qədər bu yurdun Zəlimxanı var,
Dünya
gözəlindi, gözəlliyindi.
Gəlir
Hər yerdən görünən
uca bir dağam,
Günəşim doğulur, dumanım
gəlir.
Məni
ucada tut, hündürdə
saxla,
Min il yaşamağa gümanım
gəlir.
Həyatda nə qədər
dəyişmələr var,
Ağır imtahanlar, döyüşmələr
var,
Qarşıda qıfılbənd, deyişmələr
var,
Sazım
meydan açır, kamanım gəlir.
Bir addım irəli, bir addım geri,
Şirindi nəğməsi, şirindi
şeri.
Keçən günlərimin boş
qalmaz yeri,
Həyatda ikinci zamanım
gəlir.
Əsrin
iki payı yaşıma düşdü,
Ağrılar, acılar başıma
düşdü.
Sular zəhər oldu, aşıma düşdü,
Təzə bir səliqəm, sahmanım gəlir.
Boyu özü kimi bəstə Zəlimxan,
Sözləri güllərdən dəstə
Zəlimxan,
Sabah sağalacaq xəstə Zəlimxan,
Mənim
bu sözlərə imanım gəlir.
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub
Üçündə də ruh sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi,
Üçündə də qaya səbri, gül zərifliyi -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Üçünün də saçlarına vaxtsız
yağıb qar,
Başlarına oyun açıb
candakı azar.
Üçünün də yazısını fələklər
yazar -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Şair
qəlbi nə deməkdi, bax gör nələr var,
Orda neçə yanmış
kənd var, batmış
şəhər var.
Üçündə də titrəmələr, əsməcələr
var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Bir də gördün, səyyah kimi zirvələr aşdı,
Bir də gördün, çaylar kimi qaynadı, daşdı.
Üçünün də təbiətlə bağrı
badaşdı -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Başımızda dostlar vardı,
indi hardadı,
Toyuq kimi ya hindədi,
ya da tardadı.
Bir millətin üç şairi bu gün
dardadı -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Saza döndü, neyə döndü, rübaba döndü,
Hər misrası eşqə döndü, əzaba döndü.
Nağıl kimi şirinləşdi,
kitaba döndü -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Hər üçünün ürəyində
ağrı-acı var,
Hər üçünün şeriyyətdən
qızıl tacı
var.
Hər üçünə bu torpağın ehtiyacı
var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Sözlərində görünməmiş
silah gücü var,
Ruhlarında min sel gücü,
min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Yazmışam
Nə yazdımsa səninkidir, sənindir,
Saya-saya tellərini yazmışam.
Dodağından bal süzülüb
dilinə,
Şirin-şirin dillərini yazmışam.
Min sual var hər dolaşıq cavabda,
Yazdıqlarım kitabdadı, kitabda.
Bu dəftərdə, bu qələmdə, bu canda,
Ömrün ötən illərini
yazmışam.
Sirdaşısan hey axşamın, hey danın,
Həmi
boldu, həmi dardı meydanın.
Aramızda fitva salan şeytanın,
Fəndlərini, fellərini yazmışam.
Bu şərəfdi, bu şöhrətdi, bu şandı,
Çiçək-çiçək toplamışam
bu andı.
Məni
sevən bir dünyadı, cahandı,
Səni
sevən ellərini yazmışam.
Cəfa
çəkmək nə
zülümdü, nə
zəhmət,
Göz nurudu, can südüdü
bu sənət.
Zəlimxandan Zəlimxana məhəbbət,
Çiçək-çiçək tüllərini
yazmışam.
Şirindi
Neçə rəngdə neçə
qoşma yazmışam,
Doqquzu
da bir-birindən dərindi.
Bir ağacdı hər birinin kölgəsi,
Gün altında yarpaqları sərindi.
Aydan işıq, Günəşdən
zər istəyir,
Nələr varsa, ruh təzə-tər istəyir.
Qoşma
yazmaq bir az hünər istəyir,
Meydan burda igidindi, ərindi.
Özümündü nahamarı, hamarı,
Hər birinin öz naxışı, tumarı.
Sevgidəndi, kədərdəndi damarı,
Hər saatı bir sədadı, bir ündü.
Bir də gördün, dumanları saçıldı,
Bir də gördün, qaş-qabağı açıldı.
Hər birində ilahidən pıçıltı,
Bir də gördün, ağ duvağa büründü.
Hər birinin ayrıca bir dadı var,
Qohumu
var, doğması var, yadı
var.
Hər birində Zəlimxanın
adı var,
Dadı-tamı yağdan-baldan şirindi.
İnam
Hələ çoxlarına şərəf
olacaq,
Hələ çoxlarına şan
verəcəksən.
Qanı
qaçmışların qolundan
tutub,
Sağlam
damarından qan verəcəksən.
Çiçəkli aranın, güllü dağın
var,
Çiçəyi burnunda yaşıl tağın
var.
Hələ Günəş kimi
parlamağın var,
İşıq paylayacaq, dan verəcəksən.
Çaylardı dolaşan coşqun
qanında,
Əbədi ömür var bircə
anında.
Min ilin suyu var sənin
canında,
Hələ çox cansıza
can verəcəksən.
İşıq kimi yayıl, nur kimi paylan,
Yarası
olanın hoyuna hoylan.
Çıx bir az millətin içinə, boylan,
Nə qədər döşəkdə
yan verəcəksən.
Böyük ağrıların əzabı
səndə,
Zəlimxan, dünyanın hesabı
səndə.
Bütün sualların cavabı
səndə,
Bütün cavabları sən
verəcəksən.
Bulaq qədər
Hələ bu dünyaya lazım olacam,
Ürəkdə çatılan hər
ocaq qədər.
Yaşamaq haqqı var mənim
ömrümün,
Allahın verdiyi halal haq qədər.
Tanrıdan bəndəyə nemətəm,
payam,
Könüllər isidən baharam,
yayam.
Elə bilərəm ki, dənizəm,
çayam,
Axsam hər ürəyə bir bulaq qədər.
İşlərim düşsə də,
tərsə, düyünə,
Düşmədim zamanın yersiz
küyünə.
Yaxınam Allahın böyüklüyünə
Can qədər, göz qədər, həm qulaq qədər.
Dünyada nə var ki, həyatdan
şirin,
Başımı istəsə, canımı
verin.
Başına mən dönüm
anamız Yerin,
Yerim var
qoynunda bir qucaq qədər.
Zəlimxan, ayrılıq aranı
vursa,
Günlər güllərimi kültək
qovursa,
Küləklər odumu göyə
sovursa
Yenə
yaşayacam bu torpaq qədər.
Bəstələnmişəm
Sözlərim heç kəsin
çıxmaz yadından,
Qədim
nəğmə kimi bəstələnmişəm.
Neçə baxışları kama
yetirib,
Neçə qucaqlarda dəstələnmişəm.
Mən ev sahibiyəm, deyiləm qərib,
Gözüm hər yamacdan bir çiçək dərib.
Məni
yer üzünə Tanrı göndərib,
Üst qatda üst olub üstələnmişəm.
Sirri olanlara sirdaş olmuşam,
Gedənə, gələnə qardaş
olmuşam.
Həm ağac olmuşam, həm daş olmuşam,
Duzlu dodaqlarda püstələnmişəm.
Sözdən mayalanıb adətim,
peşəm,
Sözdən qanadlanıb ağacım,
meşəm.
Nə qədər dodaqdan söz götürmüşəm,
Nə qədər ürəkdə
istilənmişəm.
Mənim
sıramdadı Adəmim,
Nuhum,
Uzun ömürlərə qohumam,
qohum.
Zəlimxan, cavandı ürəyim,
ruhum,
Heç
kəs deməsin ki, xəstələnmişəm.
Var olsun
Ay ana,
yeni bir Zəlimxan yetir,
Səsi
saza düşsün,
tarda car olsun.
O, elin qəlbini eşidə bilsin,
El onun qəlbindən xəbərdar olsun.
Gülməz gözlərində nə
yaşıl, nə
al,
Budaq çürükdürsə, meyvələri
kal.
Sözü anlamırsa, ürək
laldı, lal,
Səsi
eşitməyən qulaq
kar olsun.
Kimi yavaş gedər, kimi də yeyin,
Yolçular yolundan olmasın,
deyin.
Yolundan qalmasın nə baş, nə beyin,
Ürəyi olana ürək
var olsun.
Onu qorxudammaz nə qar, nə külək,
Həm yerdə insandı, həm göydə mələk.
Ürəkdən danışan şairin
gərək
Axçası, boxçası da dolu
bar olsun.
Zəlimxan, dənizdə dalğa
var demək,
Dalğası var isə, hava
var demək.
Şairin
səsində dünya
var, demək,
Şairi
var olan dünya var olsun!
Bir-bir
Mənim
yazdıqlarım yerdə
qalarmı,
Hamısı düşəcək kitaba bir-bir.
Böyük mətləbləri, böyük dərdləri
Düzənlər düzəcək hesaba
bir-bir.
Nələri gətirdim, nələri
yada,
Uzağa,
yaxına saldım səs-səda.
Ağrılar, acılar çox-çox
olsa da,
Dözdüm hər ağrıya,
əzaba bir-bir.
Yaralı
nəğmətək dodaqda
yandım,
Gövdədə alışdım, budaqda
yandım.
Kömürdə alışdım, ocaqda
yandım,
Döndüm köz üstündə
kababa bir-bir.
Kimini sürdürüb, kimini sürüb,
Kimini daş kimi divara
hörüb.
Allah, bir ömürdə gör nələr görüb,
Baxıram günaha, savaba
bir-bir.
Heç
bir şey çevrilib, hər bir şey oldu,
Göyüm yerə döndü,
yerim göy oldu.
Zəlimxan saz idi, döndü ney oldu,
Düzüldü dərdlərim rübaba
bir-bir.
Olmalıydı
Söz
var idi, göz var idi nə qədər,
Olacaqlar
olmalıydı, oldu
da.
Qan görünüb anaların
saçında,
Tellərini yolmalıydı, yoldu
da.
Bu ömürdü, kim yıxıla, kim yıxa,
Nərdivandı, kim dırmaşa,
kim çıxa.
Yaman gözlər qoyardımı
gün çıxa,
Gül yanaqlar solmalıydı, soldu da.
Tanıyıram bircə-bircə adını,
Mən bilirəm ağrıların
dadını.
Sevinc nədi, yorğa sürə atını,
Ağrı cana dolmalıydı,
doldu da.
Öz qanını hortum-hortum hortladıb,
Paxılların çiçəyini çırtladıb.
Dəli
könlüm ürəyimi
çartladıb,
Yarıyolda qalmalıydı, qaldı
da.
Ay Zəlimxan, pərdələnib,
tellənib,
Gözəlləşib, göyçəkləşib,
güllənib.
Sənin
sazın qəm üstündə dillənib,
Qəm havası çalmalıydı,
çaldı da.
Kimliyim
Dünənə heç zaman güllə
atmadım,
Keçmişi hörmətlə ananlardanam.
Duydum tarixləri bir tarix kimi,
Hər şeyi incədən qananlardanam.
Heç
vaxt baş vermədim divanəliyə,
Öyrətdim özümü pərvanəliyə.
Düşmənəm əzəldən
biganəliyə,
Soyuq baxışlardan donanlardanam.
Budaq ucadadı, kök dərindədi,
Ömür gah bürküdə, gah sərindədi.
Poladım, dəmirim öz
yerindədi,
Zaman deməsin ki, sınanlardanam.
Nə qədər dastandı, nə qədər əsər,
Gözümdə həvəs var, sözümdə
kəsər.
Xalqın
varlığına saldıqca
nəzər,
Özümü bəxtəvər sananlardanam.
Zəlimxan, həmişə haqqa
sarıyam,
Həqiqət balını çəkən
arıyam.
Ulu babaların yadigarıyam,
Onlar məndən olub, mən onlardanam.
Əbədiyyət
Oyur qayaları, oyur daşları,
Sular dərələrdən axır
beləcə.
Bulud göy üzünə çəkir qamçını,
Şimşəklər şığıyır,
çaxır beləcə.
Tüstü fəryadıdır, duman ahıdır,
Torpaq yer Tanrısı, yer Allahıdır.
Günəş göy üzündə
sevgi şahıdır,
Yandırır beləcə, yaxır
beləcə.
Ürəyə yerləşib dodağa
sığmır,
Ağac
bar verəndə budağa
sığmır.
Dənizlər sahilə, yatağa
sığmır,
Çaylar yatağından çıxır
beləcə.
Yerdən
qüvvət alar, göydən
pay alar,
Uzun yaşamağa haqqı-say
alar.
Ərimir,
çürümür məğrur
qayalar,
Gözünün yaşını sıxır
beləcə.
Keçmişi düşünür, sabahı anır,
İncə hisslər ilə
alışır, yanır.
Bəndə yer üzündən
göyə boylanır,
Allah göy üzündən baxır beləcə.
Sən mənim qolumdan
tutursan indi
Sən mənim qolumdan tutursan indi,
Gör gözüm önünə
haralar gəlir.
Qismətim qırıldı, yarıda
qaldı,
Fikrimə bütövlər, paralar
gəlir.
Əl aşa yetməmiş, baş daşa yetdi,
Boz yellər ömrümü
apardı, getdi.
Mənmi
tez qocaldım, zamanmı ötdü,
Qəlbimə şübhələr, qaralar gəlir.
Əsa istəyirəm, səndən
bir əsa,
Yeriyə
bilmirəm yol basa-basa.
Bu gün toydan çıxıb gedirəm
yasa,
Yadıma
sağalmaz yaralar gəlir.
Ürəyim yenə də çıxır çətindən,
Güc alır torpağın bərəkətindən.
Otların, suların təravətindən,
Çarasız dərdimə çaralar
gəlir.
Zəlimxan, minmişəm xəyal
atıma,
Təkcə xəyallardı çatan
dadıma.
Ağlıma, hissimə, xəyalatıma
Talanmış bostandan uralar gəlir.
5-6 avqust, Almaniya
Zəlimxan YAQUB
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.4-5.