Birini də
mən yazım:
"Hər şey yaxşı olacaq".
Narahat olma, qızım,
Hər şey yaxşı olacaq.
Səngiyəcək küləklər,
Açılacaq çiçəklər,
Bayraqlar
və mələklər
Enib, yenə qalxacaq,
Hər şey yaxşı olacaq.
Həyat
yoldu, desinlər,
İnsan
yolçu, bilsinlər,
Hörmətli sərnişinlər,
Sabah günəş doğacaq,
Hər şey yaxşı olacaq.
Görən, niyə, nədəndi,
İnsan
ruhdu, bədəndi?
Bilirəm ki, vətəndi
Növbəti dayanacaq,
Hər şey yaxşı olacaq.
Ölüm haqdı, qorxudu,
Bip-bip nəğmə oxudu,
Həyatımız yuxudu,
Hər insan oyanacaq,
Hər şey yaxşı olacaq.
Bir gün hər şey bitəcək,
Amma dünya dönəcək,
Hamı
ölüb gedəcək,
Qəhrəmanlar qalacaq,
Hər şey yaxşı olacaq.
Bu qılıncım, bu sazım,
Adına
dastan yazım,
Narahat olma, qızım,
Hər şey yaxşı olacaq.
Elşad BARAT