Bəhlul YAQUBOV: O, heç vaxt heç nəyi
cavabsız qoymayıb. Fitrəti, yaradılışı belə
idi.
Kulis.az-ın "Atamın xatirəsi"
layihəsi
— Biz Zəlimxan bəyi həmişə
deyib-gülən, şən, şux görmüşük. Bəs
evdə necə idi?
— Çox yaxşı ata, çox yaxşı dost idi. Köhnə kişilər necə idisə elə. Elə evdə də efirdəki kimi idi. Saza-sözə, folklora bağlı adam idi. Müasirliyə yox, xalqımızın adət-ənənələri ilə yaşamağa meyilli idi.
— Yəni mühafizəkar idi.
— Bəli. Amma çox qadağalar qoymaz, bizi sıxmazdı. Bu mühafizəkarlıq dədə-babalarımızdan gördüyümüz mühafizəkarlıq idi. Əlbəttə, biz özümüz də bilirdik ki, nə olar, nə olmaz. İki qardaş, iki bacı - hamımız onun dediklərini qanun kimi qəbul eləyirdik. Məsələn, mən klassik tərzdə geyinməyəndə acığı tuturdu. Deyirdi ki, camaat arasına çıxırsan, bir az səliqəli ol, bu nə geyimdi geyinmisən? Özü də elə geyinirdi, istəyirdi ki, biz də onun kimi səliqəli olaq. Həmişə səmimi idi. Tək bizə yox, hamıya qarşı. Şair səmimi olmasa, yaza bilməz.
— Hansınızla arası yaxşı idi?
— Böyük oğlu mən olduğuma görə mənimlə arası daha yaxşı idi. 2009-cu ildə səhhətində problemlər yaranmağa başladı. Biz altı il həm də yol yoldaşı olduq. O vaxt bir-birimizi sanki yenidən tanıdıq.
— Valideynləriniz necə tanış olub?
— El-oba qaydası ilə. Deyiblər ki, Novruz kişinin qızı var, gedib istəyiblər.
— Heç şair evliliyinə oxşamır.
— Bizdə evliliklərin hamısı bu qaydada olub. Qohum-əqrəba da belə evlənib. Baxmayaraq ki, atamla dost idik, ancaq belə məsələlərdən çox danışmazdıq. Özünü biləndən onun yarı da, sevgilisi də saz-söz olub.
— O,
ölkənin ən populyar şairi idi. Ətrafında
qadınlar çox idi. Ananız qısqanmırdı onu?
— Qətiyyən!
Anam o baxımdan çox böyük qadındır. Heç
vaxt görməmişəm ki, belə məsələləri
problem eləsin, evdə dava salsın. Heç atamda da
olmayıb.
— Hansısa
mövzunu rahat müzakirə eləyə bilirdiniz, yoxsa
çəkinirdiniz?
— O mənə
çox sərbəstlik vermişdi. Ancaq mən də qaydalara
riayət eləyirdim. Müzakirələr eləyirdik, əlbəttə.
Ancaq mən cümlələrimi elə seçirdim ki, sərhədi
keçməyim.
— Ən
yaxın dostları kimlər idi?
— Qəzənfər
Paşayev, Nizami Cəfərov, Azər Turan, Elşad Həsənov
və başqaları. Bizim evimiz həmişə
qonaqlı-qaralı olub.
—
Çox məşhur idi. Özü narahat olmurdu buna görə?
— Xeyr. Məşhurluq
iki cür olur: süni və təbii. Qəfildən məşhur
olan adamlar narahat olurlar. Mərhələ-mərhələ məşhur
olan adamlarda o narahatlıq olmur.
— Yolunu
davam etdirən oldu?
— Yox,
olmadı. Özü istəyərdi, əlbəttə. Ancaq Zəlimxan
Yaqubdan sonra onun yolu ilə getmək çox çətindir.
Onu, həqiqətən,
çox sevirdilər. Ta gəncliyindən. Bu da ailədən
gəlirdi. Müəllim ailəsində böyüyüb.
Onun toy məclisində Borçalının azman sənətkarları
iştirak eləmişdi.
İnanın,
şöhrət qazanandan sonra kəndə gedirdi, orada bir-bir
hamının qapısını döyürdü.
Ölüsü olanlara başsağlığı verirdi.
— O
sevildiyi qədər də tənqid olunurdu. Tənqidlərə
münasibəti necə idi?
—
Sağlam tənqidə normal yanaşırdı. Bilirsiniz, bir
adam çox populyar olanda istər-istəməz böhtan
atanlar, ayağının altını qazmağa
çalışanlar da çox olur. Onun
yaradıcılığını tənqid eləyənlərə
rast gəlməmişəm. Daha çox tutduğu vəzifəyə
görə tənqid oluna bilərdi. Deyirdilər ki,
villaları, bağ evləri var. Hamısı böhtan idi.
Halbuki o villaların, bağ evlərinin heç biri atamın
deyildi. Bunlar da onu çox incidirdi. Atam on il Sabunçu
rayonunun deputatı olub. Bizim orada yaşadığımız
evdən başqa heç nəyimiz yoxdur.
— Şeirlərini
necə, harada yazırdı?
— Gecələr
yazırdı. Ya şam, ya da lampa işığında.
Əvvəlcə gecə yazırdı, sonra şamı
söndürüb yatırdı. Səhər durub başqa yerə
köçürürdü şeirləri, sonra da
maşinkaya keçirdi. O, beş-on bəndlik şeiri bir
neçə günə yox, bir saata yazırdı.
—
Heç çap eləmədiyi şeirlər var?
— Yox.
Şeirlərinə çox həssas yanaşırdı.
Şeirlərini yazdığı dəftərlərin
hamısını saxlayıb. Haqqında yazılan
yazıların olduğu qəzetlər, jurnallar hamısı
durur. Çox planlı adam idi. Həftəlik, aylıq və
illik plan tuturdu. Bilirdi ki, hansı gün nə etməlidir.
Yaradıcılığına da belə yanaşırdı.
İlhamı
gələndə özünü saxlaya bilmirdi. Almaniyada xəstəxanada
yatanda dəftər-qələmi göstərib mənə
dedi ki, götür bunları, ağrıyıram, dözə
bilmirəm. Götürüb qapıdan çıxanda dedi ki,
yox, qoy qalsın. Səhər gələndə dedi ki, ay bala,
bu gecə iyirmi dənə şeir yazmışam. Həmişə
deyirdi ki, yaradıcılıq yollarında ləngimək
olmaz.
Kənddə
iki böyük ağsaqqalımız olub: Rəşid müəllim
və Hacımurad müəllim. Bunlar atamla bağlı
bir-biri ilə mübahisə eləyirlərmiş.
Hacımurad müəllim deyirmiş ki, az yaz, keyfiyyətli
yaz. Rəşid müəllim isə deyirmiş ki, sən yaz,
onların içindən keyfiyyətlisi çıxacaq.
Bizim
heç vaxt kompüterimiz olmayıb. Həmişə dəftərə
yazırdı.
—
Hamı tanıyır, hörmət eləyirdi ona. Sizə
görə kiməsə ağız açıb?
— Təbii
ki, bizə görə çox adama ağız açıb.
Ancaq gərək çox ciddi məsələ olaydı ki,
ağız açaydı. Heç çox vaxt ehtiyac olmurdu.
Biləndə ki, Zəlimxan Yaqubun oğluyam, məsələ
həll olunurdu.
— Biz
onu həmişə deyib-gülən görmüşük.
Onu nə özündən çıxara bilərdi?
— Mənasız
söhbətlər. O əsəbiləşəndə şir
kimi kükrəyərdi. Deyirdi ki, kişi gərək güləndə
şaqqanaq çəksin, ağlayanda hönkürüb
ağlasın. Çox çılğın adam idi.
O deyirlər
ee, bir baxışı bəs eləyir, bax, Zəlimxan Yaqub elə
adam idi. Bir qıyqacı baxışı var idi, başqa nəyəsə
ehtiyac olmurdu.
—
Heç vurub sizi?
— Hə.
Bir dəfə evə gec gəlmişdi. Ona görə mənə
bir şillə vurdu. Şiddətə meyilli adam deyildi, yəqin,
çox bezdirmişdim. Mübahisələrimiz olmurdu,
çünki o, nə deyirdisə, bizim üçün əsas
idi. Düzdü, bəzən etiraz eləyirdim, ancaq sonra
görürdüm ki, düz deyir. Hə, bəzən mən
haqlı olanda razılaşırdı, deyirdi ki, düz deyirsən,
nahaq elədim o hərəkəti.
O, sakit təbiətli
adam olmayıb. Xəstələnəndən sonra səssizləşmişdi.
Səssizliklə də razılaşa bilmirdi. Güzgüyə
baxıb, saçına sığal çəkib deyirdi ki,
bax, ay Zəlimxan, gör nə günlərə qaldın?
Cəmi
iki dəfə həyəcanlandığını
görmüşəm. Bir dəfə Dövlət Təhlükəsizlik
Xidmətinin 80 illiyində. O tədbirdə Heydər Əliyev
iştirak eləyirdi. Mənə dedi ki, dəvət eləyiblər,
ancaq bilmirəm, orada nə danışacam. Bir dəfə də
bir universitetin yubileyinə şeir yazmışdı.
Gördüm ki, evdə o şeiri əzbərləyir. O vaxta
qədər mən onun hansısa tədbirə
hazırlaşdığını görməmişdim.
—
Gördüyümüz qədərilə çox
hazırcavab adam idi. Heç cavab verə bilmədiyi vaxtlar
olub?
— Yox. O,
heç vaxt heç nəyi cavabsız qoymayıb. Fitrəti,
yaradılışı belə idi. Həm də çox
mütliəli adam idi. Eşidirdim, deyirdilər ki, bəs Zəlimxan
Yaqub mütaliəli adam deyil. Ancaq mən onun gecə
üçə, dördə qədər kitab oxuduğunu
görmüşəm.
—
Qarabağ problemi onun yaradıcılığında
qırmızı xətt kimi keçir. Nələr
danışırdı Qarabağdan?
— Ona
çox pis təsir eləyirdi. Yazdıqları da bunun
sübutudur. Son dövrlərdə ümidini üzmüşdü.
Heyif ki, bu günləri görmədi. Yaşasaydı, qələbəmizlə
bağlı gözəl əsərlər yazardı.
— Heydər
Əliyevlə necə tanış olmuşdu?
— Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə gələndən
sonra filarmoniyada tədbir keçirilmişdi. Atam da o tədbirdə
çıxış eləmişdi. Heydər Əliyev də
öz çıxışında atamın adını
çəkmişdi. O görüşdən sonra aralarında
bir doğmalıq yarandı.
48
yaşında heç bir titulu olmamasına baxmayaraq, Heydər
Əliyevlə görüşündə Filarmoniyada tədbir
təşkil eləmək, xalqa hesabat vermək arzusunu dilə
gətirmişdi. Heydər Əliyev də demişdi ki, gözəl
düşünmüsən, ancaq sən ora
sığışmazsan, sarayda elə. Atam, əlbəttə,
razılaşıb: "Tədbiri özüm açacam,
özüm aparacam, özüm də bağlayacam. Axırda da
bir saz – “Ruhani” havası olacaq."
Ulu
Öndər cavab verib ki, saz Azərbaycan tarixində iki ictimai
xadimin sinəsinə qalxıb: bir Xətainin, bir də sənin.
Get, təşkil elə, mən də gələcəm.
Və
doğrudan da, gəldi, indiki kimi yadımdadı, üç
saat iyirmi dəqiqə oturub qulaq asdı...
— Son
vaxtlar çox çökmüşdü, səssizləşmişdi.
Necə oldu ki, səhhəti pisləşdi?
— Xalq
şairləri iki dəfə Mərkəzi Klinik Xəstəxanda
müayinədən keçməlidirlər. Bununla
bağlı da Prezident aparatına məlumat verilməlidir.
2009-cu ildə atama dedilər ki, gəl sən də müayinə
olun. Onda bir böyrəyində şiş
aşkarlanmışdı. Kəskinləşəndən
sonra böyrəyi cərrahi yolla götürüldü. Sonra
biz müalicələrlə onu altı il yaşada bildik.
Almaniyada həkim ona dedi ki, səndəki şiş tibb elmində
nadir rast gəlinən şişdir. İcazə verirsənsə,
biz bu şişi götürüb beynəlxalq simpoziumlarda,
konfransla müzakirə edək, görək bu necə
şişdir, necə aradan qaldırıla bilər. Atam
razı olmadı.
Altı
il ildə dörd dəfə Almaniyaya gedib-gəldik. Qəriblik
ona çox pis təsir eləyirdi. Çünki dövlətinə,
millətinə bağlı adam idi. Azərbaycanda ötrü
burnunun ucu göynəyirdi.
—
Axırıncı dəfə Almaniyadan qayıdanda bilirdiniz
ki, hər şey bitib?
— Mən
bilirdim. Professor mənə dedi ki, 4-6 ay arası yaşayacaq.
Ta gəlməyin. Atam əlil arabasından qalxıb həkimlə
görüşmək istəyəndə gördüm ki, həkimin
gözündən yaş gəlir. Qucaqlaşdılar, sağollaşdıq
və beş ay sonra dünyasını dəyişdi.
Son dəfə
dedi ki, vətənim üçün layiqli ömür
yaşadım. Siz də belə yaşayın.
— Gələndən
sonrakı beş ay necə keçdi? Yataqda idi, yoxsa gəzirdi?
— Son iki
aya kimi gəzirdi. Sonra yataqdan qalxa bilmədi. Daim hərəkətdə
olan adam üçün dəhşətli idi.
— Özü
bilmirdi?
— Yox,
öləcəyini son nəfəsinə qədər bilmədi.
Mətbuata elə açıqlama verirdim ki, hərlənib-fırlanıb
ona informasiya çatmasın. Ancaq yəqin ki, hiss eləmişdi.
— Axırıncı
görüşünüz necə oldu?
— Zəng
elədilər, gəldim evə. Öskürüdü. Elə
bildim, adi öskürəkdi. Sən demə, son nəfəsi
imiş. Əlimi başının altına saldım, son nəfəsini
qollarımda verdi.
Onun
yoxluğunun ağrısını bu gün də çəkirəm.
Tək mən yox, hamımız.
—
Ən çox sevdiyiniz şeiri hansıdır?
—
Hökmü sənə yar ola dəqiqənin, saatın,
Nuruna
çevriləsən bu nurlu kainatın.
O qədər
şirinləşə ömrün, günün, həyatın,
Nə sən
doymaq biləsən, nə səndən doyan ola.
Bəhlul
YAQUBOV
Söhbətləşdi:
Ülvi BAHADIR
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, ¹2.- S.6.