Mabudun yolu
HEKAYƏ
O bərədən keçmək
mənim üçün
zülm idi, ona görə də əvvəlcə bu üzdə dayanıb, onu çağırardım.
- "Xədicə nənə,
ay Xədicə nənə,
şirnini gətirmişəm!"
Özü götürməyə gələndə sevinərdim,
amma son zamanlar qulağı eşitmirdi, məcbur qalıb bərəni keçməli
olurdum. Xədicə nənəm dədəmgildən
xeyli aralıda, yolun o biri üzündəki
yuxarı bağçada
yaşayırdı. Onun
evinə getmək üçün daş yolu üzüyuxarı qalxmaq lazım idi. Kənd camaatı bu yola "Xədicənin bərəsi" deyirdi. Hər dəfə buradan keçəndə çır-çırpı paltarıma
keçər, yöndəmsiz
çəpərdən uzanan
tirişkələr əl-
ayağımı cızardı.
Yay yenicə girmişdi. Yenə anam Xədicə qarıya sovqat qoyub, məni
onun yanına yollamışdı. Qapı
aralıydı, o, canamazın
üstündən qalxmadan,
əli ilə dayanmağımı işarə
etdi. Xədicə qarı babamın xalası, kəndin bütün uşaqlarının
nənəsi idi. Anamın bərk-bərk tapşırdığı azuqəni
qucağımdan yerə
qoymadan canamazın arxa uc tərəfində
diz çöküb gözləməyə başladım.
Başındakı yaşıl
butalı örpəyin
kənarlarından ağ
tükləri çıxmışdı,
əllərinin üstündə
açıq-qəhvəyi seyrək yayılmış
çillər var idi.
Onun hara baxdığını
sezə bilmirdim, arabir dodaqlarını tərpədir, dərindən
nəfəs alıb-verirdi.
Hər dəfə onu gözləyəndə
divarın küncündəki
sandığa gözüm
sataşırdı. Birotaqlı
daxmada, demək olar ki, bundan başqa əşya yox idi. Bir də
pəncərənin qarşısında
iki lampa var idi. Birinin şüşəsi
rəngli idi, gün düşəndə
adamın gözünü
qamaşdırırdı, o biri isə sadə
və başı sınıq idi. Nənə həmişə
sınıq lampanı
işlədirdi. Keçən
il bircə çarpayısını
da mədrəsədəki yetim uşağa bağışlamışdı. İndi döşək salıb yerdə yatırdı. Anam da yarızarafat deyirdi ki, nahaq çarpayını verdin, davdavalar
gecə gəlib burnunu yeyəcək. Amma Xədicə qarı özünü eşitməməzliyə
vururdu. Həmişə
onun ibadətinin bitməyini gözləyəndə
sandığın kənarlarındakı
qırmızı butaları
sayırdım. Beşi
sağda, beşi də solda idi.
Ortada da sapsarı açılmış qızılgül
çəkilmişdi. Ən
qıraqlarda isə mavi rombşəkilli fiqurlar var idi. Düşünürdüm ki, sandıq
satanların işi çox maraqlıdır. Neçə dəfə Xədicə nənədən
onun içindəkiləri
soruşmuşam. O, - mən
ölənə yaxın
xəbər edərəm,
gəlib baxarsan, - deyərdi. Nənəm başını sağa-sola
çevirib çiynindəki
mələkləri salamlayanda
anlayırdım ki, ibadətin
sonudur, qalxıb tez qənşərində
dayanardım. O da belini
dikəldib canamazı
yığa-yığa deyərdi
ki, yenə tələsdin,
ay bala, mən durmamış sən durma, duam bitməmiş
dəllək kimi başımın üstünü
kəsdirmə. Allah səbirli
olanları sevir, onları çox gözlədir. Cənnətdən
pay gözləyənlər gözləməyi bacarmalıdırlar,
oğul, - deyərdi.
Mənsə, - Ay nənə, qorxuram
ki, birdən burada olduğumu unudarsan, - deyib onu qucaqlayardım.
Bu dəfə onun kefi həmişəkindən
yaxşı idi. Canamazı sandığın
üstünə qoyub
dedi:
- Hə, nə yollayıbdı ciyin?
- Bilmirəm, ondan-bundan yığıb. Sən bax, qoy mən
də arxa bağçadakı cücələrinə
baxım.
Hin tərəfə qaçıb
cücələri əlimə
alıb oynatdım, ördək balalarını
həyətdəki balaca
yumru hovuza atdım. Xeyli üzməklərinə tamaşa
etdim. Qəfil yadıma düşdü
ki, anam tapşırıb
ki, ləngiməyim, hamam
günüdür.
- Xədicə nənə,
ay nənə! Mən
gedirəm, gələn
dəfə nə gətirim? - anam soruşur.
- A bala, dayan, yanğından
mal qaçırmırsan ki, dayan, Mabudumun armudundan qoyacağam, yoxsa, küsər. Meyvə yetişib tökülür, ay oğul!
- o tələsik üçcə
dədiyi olan pilləkəndən enib ağaca sarı getdi.
Kənddə heç kimin həyətində bu armud növündən yox idi. Sanki qonşular da bilərəkdən
armud ağacı göyərtmirdilər, onlar
Mabudun payını gözləyirdilər.
Xədicə nənə əlində
balaca zənbillərlə
gəldi, - bala, üç paydı. Biri yolun başındakı qırmızı doqqazın,
biri Əfəndilərin,
o biri də dədəngilin, yaxşımı?
Di, get, sağ-salamat!
- Ay nənə, ağırdı
axı?!
- Bala, Mabudumun ehsanıdır. Ehsan ağır
olmaz.
- Ay nənə, hər dəfə Mabud, Mabud deyirsən, bəs nə vaxt gələcək Almaniyadan?
- Gələcək, a bala, yoxsa, sən də elə bilirsən ki, ölüb?!
Bax, bu armud
hər yaz ona görə göyərir. Hamının
qara kağızı gəlib, Mabuddan savayı. Bu armud da onun ehsanıdır, özü də sevinər. Di, get vaxtında.
Mən də Çinarın altındakı
ziyarətçilərə yığım balamın
ehsanından. Yesinlər,
oğluma dua desinlər, yol üstədir, Allah qoysa, bu il gələcək.
Xədicə nənə çubuğunu
da alıb arxa bağçada gözdən
itdi. Adamlar onun ağlının azışdığını sanırdılar, düz iyirmi il, iyirmi yaz idi ki, oğlunun
payını dağıdırdı
hər evə, hər dəfə də deyirdi ki, yol üstədir, bu il toyunu edəcəyəm.
Bir dəfə yenə onlara getdim, bu dəfə satılda nehrə yağı aparırdım.
Gəlməyəcəyini bilsəm
də, onu bərədən çağırdım,
sonra adladım. Bağçadan keçib,
evə girdim, canamaz açıq olsa da, özü yox idi. Oturub
gözləyəndə yenə
gözüm sandığı
aldı, ürəyim
döyünməyə başladı,
onu elə açmaq istəyirdim ki, heç qıfılı
da yox idi, yavaşca o sirli qutuya tərəf süründüm, küncündən
bir az araladım,
əyilib diqqətlə
içinə baxdım,
qəribə şirin
bir qoxu yayıldı ətrafa, bu qoxunu içimə
çəkdim. Ən
üstdə toxunma körpə corabları və beşikdən asılan cıkcıklar
var idi. Cıkcıkın
birini əlimə götürdüm, taxtalar
bir-birinə dəyib səs çıxartdı.
Elə bu vaxt arxamda hıçqırıq
səsi eşitdim. Xədicə nənə divara söykənib üzünü yaşıl
örpəyinin ucu ilə örtüb ağlayırdı. Qorxudan
sandığın qapısını
əlimə saldım,
ağrını hiss etsəm
də, cəld o biri əlimdəkini yerinə qoyub nənəmin üstünə
atıldım, onu qucaqlayıb, - bağışla,
nənə, bir də eləmərəm, dədəmə deməyərsən,
ay nənə! Ağlama,
nolar...
- Ay oğul, yaxşı daha (nənəm qızlara da oğul deyirdi). Sən o cıkcıkları cınqıldadanda
balalarım yadıma düşdü. Torpaqları
sanı yaşayasan. Çoxdandır, ağlamırdım,
yaxşı oldu, ürəyim boşaldı,
qorxma. On bir baladan bircə təsəllim Mabuddur, axı onun ölümünü
görməmişəm. Mən
onu toyla, çal-çağırla göndərdim
əsgərliyə. Andıra
qalsın müharibəni
də, onu çıxaranları da...
- Nənə, bəs o biri balaların necə öldülər?
- Tif vurdu onları,
ay oğul. Bax, on bir uşaq tapşırdım
torpağa, hamısı
da bu otaqda boyunlarını büküb
cücə kimi qırıldılar. Mən
gözümü qırpıb
açınca onlar bir-birinin dalınca yumdular gözlərini. İkisini evdən qaçırmaq istədim,
hərəsini bir qucağıma alıb bax o bərəyə qaçdım ki, verəm
qardaşımgilə ki, heç
olmasa, bu tifillər yoluxmayalar. Ayağımı addamaq istəyəndə gördüm
ki, biri sağ qolumda başını qoydu, o birinə baxdım ki, tezcə onu ötürəm, o da
sol qolumda başını
qoydu. Eləcə iki əlim göydə,
bərənin dibində
diz çökdüm,
ondan sonrası yadıma düşmür,
ay oğul... indi Allahdan bir narazılığım
yoxdur, Mabudumdan ki, qara kağız gəlməyib, şükürlər
olsun!
- Bəs niyə həkim çağırmadın?
- Həkim nə gəzirdi, a bala, onda?! İndi hər dərdə çara var.
O cıkcıkları rəhmətlik
baban yonmuşdu. Baban Mabudun Almaniyadan
qayıdacağına inanmadı,
köçdü dünyadan.
Mən köçəmmirəm,
ay oğul, bəs birdən gəlsə, mən də olmasam, kim qarşılayacaq
balamı?!
Mən köks ötürdüm.
Nənəm, - dağa-daşa,
a bala! - deyib ayağa qalxdı, sandığı açıb
uzun-uzun xəyala daldı, sonra qapağını bağlayıb
dedi:
- Di, qalx, gedək, bir işin qulpundan
tutammadım bu gün, qalan armudları da yığaq
yoldakı taxçaya
qoyaq, uşaqlar məktəb yolundan keçəndə götürüb
yesinlər. Əvvəlcə
o qabı da götür,
adam canamazın üstünə hər şeyi qoymaz.
Mən yadımdan çıxmış
satılı cəld qaldırıb, pəncərənin
artırmasına qoydum,
canamazı da sandığın
üstünə sərib
nənəmin dalınca
çölə çıxdım.
Ona axşama kimi kömək edib, evə yollandım.
Payız
lap tezdən gəlmişdi.
Yağış çiskinləyirdi,
anam qaça-qaça
gəlib qapıdan nəsə dedi, evdəkilər çölə
qaçdılar, mən
yerimin içindəydim,
qonşunun, - anan ölsün, dərdli Xədicə! - qışqırıq
səsinə dik atıldım. Qaloşları
ayağıma keçirib
bərəyə qaçdım,
bir göz qırpımında onu aşdım. Nənəm öz yerində can verirdi. Başının üstdən çəkilmirdim.
Anam yaxınlaşıb
qulağıma dedi ki,
çıx çölə,
qoy rahat can versin, üzünə baxırsan, ağlayırsan,
canını tapşıra
bilmir. Bu zaman nənəm
dikəldi, onun kürəyindən tutdum
ki, yıxılmasın o əvvəlcə
mənə, sonra diqqətlə pəncərəyə
baxdı. Bu vaxt onun sağ gözünün
içində insan şəkli gördüm,
gözlərini zillədiyi
yerə baxdım, orada heç kəs yox idi.
Yenidən qayıdıb
nənəmə sarı
çönəndə o gözlərini
yummuşdu, başı
arxaya getmiş, üzündə təbəssüm
donub qalmışdı.
Onu ehmalca yerinə uzatdım və otaqdan çıxdım. Niyə
tələsirdim, heç
özüm də bilmirdim. Bağçanın
ayağına çatdım,
qarşımda bərə...
Armud ağacının
saralmış yarpaqları
üstümə yağırdı.
Xədicə nənə
kimi oradaca dizlərim büküldü.
Çökdüm... sonra
üzümü göyə
tutub pıçıldadım:
"Mabud, sən idinmi gələn?"
Nurlana İŞIQ
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.11.