Füzulini oxuyanda

 

Füzulini oxuyanda

Sözlər bir-bir çiçək açır.

Ulduz kimi parıldayıb,

Şimşək kimi işıq saçır.

Füzulini oxuyanda,

Hər sözün öz rəngi olur,

Sözün sözlə cəngi olur,

Sözün sözlə rəqsi olur.

Füzulini oxuyanda,

Füzuli çox nəhəng olur.

Füzulini oxuyanda,

Çox şairlər yazıq olur.

Bir qəzəli beş şairdən,

On kitabdan ağır olur,

Füzulini oxuyanda

Adam yaman fağır olur.

 

Ümidsiz ölmək də

istəmir adam

 

Bir ağlın budağından yapışıb,

Neçə-neçə ağlıdayaz yaşayır.

 

M.Araz

 

Ağlın budağı kəsilib, Məmməd!

Dəniz boy vermir ağlıdayaza.

Biz öz əlimizlə gor qaza-qaza,

Ümid bağlamışıq olar-olmaza.

 

Yenə köhnə mərəz, köhnə vərdişlər,

Din-məzhəb hamısı itib ortada.

Yenə köhnə oyun, köhnə vərdişlər,

Təzə oyunçular bitib ortada.

 

Yenə cığır itib, yollar dolaşıb,

Yenə qarışıb ağıllı başlar.

Yenə gədiklərdə qurdlar ulaşır,

Yenə davası salıb qardaşlar.

 

Oba bölük-bölük, el bölük-bölük,

Kimin kimə borcu qalıb bilmirəm.

İrsi xəstəlikdir üzüdönüklük,

Belə dərdin əlacını görmürəm.

 

Dərd çəkən çoxalıb, yaman çoxdu, çox,

Bu da xəstəlikdi, yoluxar adam.

Xəstə çoxdu, amma təbib yoxdu, yox,

Ümidsiz ölmək istəmir adam.

 

Müharibə

 

Müharibə -

Tankın, topun, təyyarənin

İnsan üstə kişnəməsi.

Müharibə -

Siyasətin zor vasitəsi.

Torpaqların kobud əllə

Biçilməsi.

Bəzisinin böyüməsi,

Bəzisinin kiçilməsi.

Müharibə -

Böyük-böyük dövlətlərin

Çeşid-çeşid bazarlığı.

Hərəsinin öz şum yeri,

Məzarlığı.

Məzarlıqda yüz minlərlə,

Milyonlarla başdaşları.

Məzarların üzərində,

Tökülən göz yaşları.

Səbəbkarı -

Siyasətin quzğunları.

Onlar salır

Bu dəhşətli qırğınları.

Dünya  nizamını

Pozan da onlar,

Məhkəmə hökmünü

Yazan da onlar.

İnsanlıqdan nəsibini

Almamışlar.

Siyasətçi olsalar da

Hələ insan olmamışlar .

Kim onların əlindən,

Ala bilsə sükanı.

O, da xilas edər,

Bu bəladan dünyanı.

Müharibə -

Gülən gözün qapanması.

Bir ürəyin

Bir patronla dayanması .

Müharibə,

Bundan artıq 

De, nəsən, ?!

 

Yerə baxıb

 

Hər şey torpaq altında,

O da ayaq altında.

Göydə axtarırsız?

Yerə baxıb tapın da.

 

Öz ata-anasına

 

Kim daş olmaq istəyir

Bu Vətən qalasına?

Qoy əvvəl oğul olsun

Öz ata-anasına.

 

Bilmədim

 

Aman Allah!

Aman, aman.

Xırdalandı dağlar yaman.

Güvəndiyim sal qayalar

Çınqıl-çınqıl ovuldular.

Darvazadan girməyənlər.

Qapılardan qovuldular.

Zirvələrdən enməyənlər

Bir tikəyə boğuldular.

Kaş öləydim,

Mən bunları görməyəydim!

Ağlım kəsdi,

Gözüm gördü,

İnam öldü,

Mən ölmədim.

Öləmmədim.

Bundan sonra

Yaşamağın mənası ?

Anlamadım, billəmmədim?!

 

Vəfalı it

 

Sahibi gəlməmişdi,

İt hürürdü o ki var.

Qonşular görməmişdi

Onu belə davakar.

Biri dedi, acdı o,

Biri dedi, susuzdu o.

Biri dedi, xəstədi,

Bəlkə quduzdu o.

Başladı ulamağa,

Zənciri yalamağa.

Onun gücü çatmırdı

Gedəni qaytarmağa.

Birdən zəncir qırıldı,

Yığılanlar dağıldı.

Vəfalı it son dəfə

Var səsiylə bağırdı.

 

Zeynalabdin Novruzoğlu

 

Ədəbiyyat qəzeti.- 2025.- 17 yanvar, №2.- S.31.