"Güllər
açılsın, güllələr
açılmasın..."
Böyük şairimiz Rəsul
Rzanın 115 illiyi ərəfəsində düşüncələr
İkinci
Cahan savaşı dövründə sovet-alman
müharibəsi sovetlərin
qələbəsi ilə
bitdi. Sovetlər Birliyi hamımızın
"Böyük Vətən"i
hesab olunurdu. Bu səbəbdən adına
Böyük Vətən
müharibəsi dedilər.
Tarixdə də
1941-1945 savaşı bu
adla xatırlanır.
Bu savaşda Azərbaycanın
600 mindən çox döyüşçüsü iştirak edib, onlardan 300 mini həlak olub. Azərbaycanlılar
da sovetin tərkib hissəsi olaraq onunla eyni taleyə
şərik olub. Bu mənada, həmin müharibə həm də Azərbaycan üçün həlledici
əhəmiyyətə malik idi. "Hər şey cəbhə üçün" şüarı
şüurlara hakim kəsilmişdi.
Elə bir azərbaycanlı ailəsi yoxdur ki, onun nəslində bu müharibədə iştirak edən olmasın. Mənim atamın əmisi Stalinqrad (indiki Volqoqrad) uğrunda gedən döyüşlərdə
həlak olub, elə orada da dəfn edilib. İki dayım Böyük Vətən müharibəsində iştirak
edib, bir dayım cəbhədən
yaralı qayıdıb.
Azərbaycan əsgərlərinin
şücaəti, hünəri
dillərdə dastan olmuşdu.
Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala
Əliyev və digər qəhrəmanlarımızın
döyüş yolu neçə-neçə nəsil
üçün örnəyə
çevrilmişdi. Bu gün
də onları minnətdarlıq hissilə
xatırlayırıq.
Əlbəttə, Azərbaycan ədəbiyyatı
bu savaşdan kənarda qala bilməzdi. Abdulla Faruq, İsmayıl
Şıxlı, Hüseyn
Abbaszadə, Bayram Bayramov, Süleyman
Vəliyev və o dövrün digər gənc qələm sahibləri müharibənin
odundan-alovundan keçdilər.
Abdulla Faruq gənc yaşında
həlak oldu. Sağ qalanlar sonralar öz əsərlərində bu
müharibəni təsvir
etdilər. Povestlər,
romanlar, hekayələr
yazıldı.
Bu, öz yerində. 1941-ci ilin sonunda Azərbaycandan
bir qrup siyasi işçi Krım cəbhəsinə
göndərilmişdi. Onların
içində yazıçılar
da vardı. Rəsul Rza və Abbas Zamanov da həmin qrupun tərkibində idilər. Onlar Azərbaycan diviziyasında,
"Döyüşən Krım"
adlı cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyət göstərirdilər.
Qələmlərini süngüyə
çevirmişdilər. Dəfələrlə
ölüm təhlükəsi
ilə üz-üzə
qalmışdılar. Xalq
yazıçısı Anar
böyük şairimiz
Rəsul Rzanın həyat və yaradıcılıq yolundan
bəhs edən "Mübarizə bu gün də var" kitabında bu barədə geniş və müfəssəl yazıb. Yeri gəlmişkən, bu
kitab Anarın "Sizsiz"
xatirə-romanından sonra
məni riqqətə
gətirən və dəfələrlə oxuduğum,
oxuduqca zövq aldığım ikinci düşüncələr kitabıdır.
Ümumiyyətlə, Rəsul
Rzanın cəbhə
dövrü yaradıcılığı
məni həmişə
cəlb edib. Xüsusən, uzaq Krımda sevimli ömür-gün yoldaşı
Nigar xanıma həsr etdiyi şeirlərin həzinliyi,
kövrəkliyi hər
oxuduqca ürəyimi titrədib.
Bilirəm, sadiqsən anda,
ilqara,
Qoy çəkməsin fikrim könlünü dara.
O böyük eşqinlə
sağalacaqdır
İnan
ki, aldığım ən
dərin yara.
Oxşa
körpəmizi, dik
tut başını!
Çatılmış görməsin düşmən qaşını.
Namərdlər içindən sorağı
gəlməz
Könül həmdəminin, can sirdaşının.
Bəlkə bir gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş
bir sarı yarpaq.
Bil ki,
son şeirimin ilk sözü
sənsən,
Bir də can verdiyim bu ana torpaq.
Rəsul
Rza bu şeiri
1942-ci ildə Krımda
yazıb. Amansız döyüşlərin getdiyi
bir zamanda... Unudulmaz Abbas Zamanovun xatirələrinə nəzər
salaq:
"Vaxtilə Rəsul mənə demişdi ki,
1919-cu ildə ağacdan
yıxılıb, ayağına
ilan sümüyü batıbmış, türkəçarə
müalicə nəticə
vermədiyi üçün
anası onu Bakıya gətirmiş, doktor Mirəsədulla Mirqasımov ayağında
cərrahiyyə əməliyyatı
aparmışdır. Rəsulun
sol ayağının pəncəsi
kəsik-kəsik idi.
O, nə qaça bilir, nə də sürətlə yeriyə bilirdi. Hətta azca axsayırdı da. Buna görə
Rəsul cəbhəlik
deyildi. Qəbulda mən Rəsul ilə yanaşı oturmuşdum. Adamlardan səhhətinin vəziyyəti
soruşulduqda mən yavaşcadan Rəsula dedim ki, ayağının
şikəst olduğunu
de, yoxsa, cəbhədə
sənin üçün
çətin olacaqdır.
Ola bilər ki, oradan geri də qaytarsınlar.
O, başı ilə
"yox" işarəsi
verdi. Mən dedim ki, onda mən deyəcəyəm.
Rəsul mənə tərəf əyilərək
özünəməxsus təkəbbürlə
yavaşcadan dedi:
"Yalanını çıxardar,
ölüncə səni
danışdırmaram".
Mən susdum. O, belə cavab verdi:
"Mən tamamilə sağlamam. Səhhətimdən
şikayətim yoxdur".
(Anar, "Mübarizə
bu gün də var", Bakı,
"Nurlan" nəşriyyatı,
2002. səh. 125)
Bu, o zamanlar idi ki, Rəsul Rza nüfuzlu şair kimi kifayət qədər tanınırdı.
Mühüm vəzifələrdə
çalışmışdı, Azərbaycan Yazıçılar
İttifaqına rəhbərlik
etmişdi. İstəsəydi,
ayağındakı nasazlığa
görə cəbhəyə
getməyə də bilərdi. Dörd-beş
il idi ki, ailə qurmuşdu, körpə övladı vardı. Onda gələcəyin böyük yazıçısı
olacaq Anarın cəmi üç yaşı varmış. Vətəndaş qeyrəti,
mərd xarakteri onu bu şansdan
imtina etməyə vadar etdi. Beləcə,
Əli Vəliyevlə,
Abbas Zamanovla, Süleyman
Vəliyev və
İbrahim Novruzovla birlikdə
Krım cəbhəsinə
yollanırlar. Şairin
vəfalı ömür-gün
yoldaşı Nigar Rəfibəyli onun bu qərarını mətanətlə qarşıladı
və dünya durduqca yaşayacaq ölməz misralarla əziz Rəsulunu cəbhəyə yola saldı:
Heç
gözlərim yaşarmadı
sən ayrılıb gedən
zaman.
Get, sevgilim, uğur olsun,
sən mərd vuruş, sən mərd dayan!
Qoru təmiz eşqimizə
gülümsəyən al səhəri,
İlk gəncliyin şən çağında
çiçək açan bu yerləri.
Böyük yazıçımız Anarın sonsuz övlad məhəbbətilə
yazdığı "Mübarizə
bu gün də var" kitabında Rəsul Rzanın Krım cəbhəsindəki
xidmətləri ilə
bağlı qələmə
aldığı məqamları
həyəcansız oxumaq
mümkün deyil. Çox istərdim ki, gənc nəsil bu kitabı oxusun. Rəsul Rza və Nigar
Rəfibəyli sevgisi
bütün nəsillər
üçün vəfa,
sədaqət nümunəsidir.
Onların hər ikisi Böyük Vətəndaş və Böyük Şair ömrü yaşadılar.
Onların taleyi heç zaman xalqın taleyindən ayrı olmadı. Rəsul Rza Krım cəbhəsində,
odlar-alovlar içində
qəzetə yazılar
yazır, əsgərlərimizi
döyüşə ruhlandırır,
onlara mübarizə ruhu aşılayırdı.
Bəs o bu gücü, qüvvəti
haradan, kimdən alırdı? Əlbəttə,
Nigar xanımın böyük sevgisindən!
Nigar xanımın zərif qadın ruhu Rəsul Rzanın mərd, yenilməz xarakterindən qidalanırdı. Rəsulun
sevgisi bu ayrılıq günlərində
ona dözüm verirdi.
Amma Nigar xanım bütün ruhuyla Rəsuluna doğru can atırdı. 1942-ci ilin martında almanlar Krıma hücuma keçmişdi, sovet qoşunları geri çəkilirdi. Radioda bu xəbəri eşidən Nigar xanım artıq dözə bilmir, özünü Yazıçılar
İttifaqına yetirir.
Səməd Vurğunla
görüşüb deyir
ki, "mən cəbhəyə
getmək istəyirəm,
Mərkəzi Komitə
ilə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burada
qala bilmirəm".
Səməd Vurğun Nigar xanımın halını
görüb vəziyyəti
yumşaltmaq üçün
zarafata keçir. Deyir ki, "mən indi iki batalyonu
hardan tapım ki, səni cəbhəyə göndərsin? Get şeirini
yaz, uşağını
saxla. Axşam Pedaqoji İnstitutda şeir gecəmiz olacaq, ora gələrsən".
Rəsul
Rza Krım cəbhəsindən qayıtdı
və "Vəfa"
pyesini yazdı. Əslində bu yazının yazılmasına
təkan verən də məhz "Vəfa" pyesi oldu. Yaxın zamanların birində görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovla
yaradıcı söhbətlərimiz
əsnasında o, dedi
ki, bu il Böyük Vətən müharibəsinin
80 illiyidir, eyni zamanda böyük şairimiz Rəsul Rzanın 115 yaşı tamam olur. Bu münasibətlə şairin
"Vəfa" pyesini
Bakı Bələdiyyə
Teatrında səhnələşdirmək
fikrimiz var. Çox yaxşı olar, həm də bu pyesə ikinci
həyat bəxş etmiş olarsınız, dedim. "Vəfa" pyesini gənclik illərində oxumuşdum
və bu söhbətdən sonra yenidən oxudum. Rəsul Rzanın 1942-ci ildə Krımda yazdığı "Vəfa"
şeirini xatırladım.
Demək, pyesin rüşeymləri hələ
cəbhədə ikən
şairin düşüncəsində
yaranmağa başlayıbmış.
Mən yollar ayrıcında səni gözləyən
zaman,
bəlkə indi qan gedir sənin təzə yarandan.
Həsrətinlə axırkən gözlərimin gümüşü,
bəlkə dodağındadır gəncliyimin gülüşü.
"Vəfa" şeirindən.
"Mübarizə bu gün də var" kitabında "Vəfa"
pyesi ilə bağlı olduqca qiymətli, maraqlı məqamlar var. Bu pyesin yazılması ilə bağlı Rəsul Rza dostu, teatrşünas
Cəfər Cəfərovla
fikirlərini bölüşürmüş.
Cəfər Cəfərovun
dostuna yazdığı
məktub bunu təsdiqləyir. O, məktubunda
"Vəfa"nın taleyi
məni yaman maraqlandırır" yazırdı
və əlavə edirdi ki, sentimentallığa
qapılmadan həm məzmun, həm də stil etibarilə
yaxşı bir əsər yazmalısan. Məktubdan o da bəlli
olur ki, rejissor Adil İsgəndərov Rəsul
Rzanı tələsdirirmiş
ki, pyesi tez tamamlayıb teatra təhvil versin.
"Vəfa" pyesi
1943-cü ildə Akademik
Dram Teatrında tamaşaya
qoyulur və böyük uğur qazanır. Cəfər Cəfərov pyesi müharibə haqqında yazılmış ən yaxşı əsərlərdən
biri adlandırır.
Pyesdə
düşmənə əsir
düşmüş kapitan
Bahadırın alman zabiti
ilə fəlsəfi mükaliməsi olduqca düşündürücüdür və incə mətləbləri özündə
ehtiva edir.
Mayor əsir düşmüş
kapitana deyir: - Siz ağıllı adamsınız, kapitan. Mənim sizə heyfim gəlir. Bu dava böyük millətlər arasında
gedən amansız bir mübarizədir. Siz azərbaycanlılar kiçik bir millət olaraq bu davada nə
qazana bilərsiniz? Siz qolunu daha
bərk bağlamaq üçün zəncir
hazırlayan bir qula bənzəyirsiniz.
Bahadır isə ona belə cavab verir: - Millətin böyüklüyü
sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz almanların
babaları vəhşi
dəstələrlə basqın
edib Roma mədəniyyətini
dağıdanda kiçik
millət dediyiniz azərbaycanlılar sənət
sarayları yaradırdı.
Müharibənin hələ bitmədiyi
bir zamanda Azərbaycan səhnəsində
bu fikirlər səslənirdi. Rəsul Rza azərbaycanlıların
guya döyüşmək
istəmədiyi fikrini
də bu əsərlə alt-üst
edir. Bu yalan, iftira dolu fikirlərə
də əsərdə
qəhrəmanın dilindən
tutarlı cavablar verilir. Pyesin bütün personajları
azərbaycanlılardır. Müəllif bunu düşünərək bu
formada qələmə
alıb. Yazımızın
əvvəlində qeyd
etdiyimiz kimi, Azərbaycan bu müharibədə 300 min itki
verib. 42 nəfər azərbaycanlıya göstərdikləri
igidliyə görə
Sovet İttifaqı Qəhrəmanı adı
verilib. Onların qəhrəmanlığı ədəbiyyatımızda
da əbədiləşib.
Düşmən bütün zamanlarda
düşməndir. 44 günlük
Vətən müharibəsində
Zəfər qazanan xalqımızın böyük
şairi Rəsul Rza "Vəfa" pyesini bütün müharibələrə etiraz
olaraq qələmə
alıb. Necə ki, illər sonra yazacaqdı:
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı,
ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı,
ya amansız...
"Vəfa" pyesini yenidən Azərbaycan səhnəsində görmək
ümidilə...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.10-11.