65 yaşdan
görünənlər
"Əlindədir
hələ qələm"...
Tehran Əlişanoğlunu necə
təqdim etsəm düzgün olar? AMEA-nın müxbir üzvü, şöbə
müdiri, ədəbiyyatşünas
alim... Nədənsə mən
onu daha çox tənqidçi statusunda qəbul edirəm. Ona görə yox ki, bu gün
də "əlindədir
yenə qələm"!
- rəhbərlik etdiyi
Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı
şöbəsində keçirdiyi
kitab müzakirələrində səbatlı, əsaslı
fikir və mülahizələri ilə
tənqidçi kimi mötəbər kürsünü
heç kimə güzəşt etmədiyini
sərgiləyir. Həm
də ona görə ki, olduğu bütün çevrələrə,
cızdığı dairələrə,
təmsil etdiyi instansiyalara baxmayaraq, Tehran
Əlişanoğlu özü
də özünü
məhz bu sahədə rahat, "evin yiyəsi" kimi hiss edir. Niyə də yox? Buna hamıdan çox haqqı çatanlardandır Tehran Əlişanoğlu!
1990-cı illərin ədəbiyyatının,
akademik Nizami Cəfərov demiş,
"kimisinin cəmiyyətə,
kimisinin siyasətə
üz tutduğu" ən gərgin, ən dramatik zamanında bu sahəni ölməyə
qoymayanlardan, yükünü
çəkənlərdən oldu Tehran müəllim. Poeziyadan yazdı, əsrdən doğan nəsrin poetikasına vardı, dramaturgiyanın problemlərini
aktuallandırdı, ədəbi
mühit qovğalarının
daim içində oldu, cari məsələlərin
heç bir nüansından yan keçmədi. Klassikanı
çağdaşlığa daşıdı, çağdaşlıqda
modern tendensiyaların izini
aradı, sənəti
psevdosənətdən, peşəkarı
diletantdan ayırmaqda təcrübəsi, biliyi,
düşüncə və
zəka arsenalı ilə iştirak etdi. 1995-1997-ci illərdə
"Press-fakt" qəzetindəki
"Ədəbiyyat söhbəti",
1996-1998-ci illərdə "Ədəbiyyat qəzeti"ndəki
"Məqamlar", 1998-1999-cu illərdə "Rezonans"
qəzetindəki "Gündəlikdən",
2000-2001-ci illərdə yenə
"Ədəbiyyat qəzeti"ndəki
"Tənqidçinin dəftərindən",
1999 və 2002-ci illərdə
"Bizim əsr" qəzetində
"Tənqid meridianları",
"Polemik" və
"Tənqid" sırasından
olan məqalələri,
"Ekspress" (1999) və
"Yeni Azərbaycan" (2003) qəzetində silsilə yazıları,
"Həftəiçi" qəzetindəki məsul olduğu ədəbiyyat səhifəsi, yaradıcısı
olduğu, Azərbaycan
ədəbi internetinin
əsasını qoyan
"YeniSi" www.yenisi.net saytı
(2002), təsis
etdiyi "Tənqid.net" jurnalı (2006), müəllifi
olduğu monoqrafiyalar,
kitablar, dərsliklər, habelə yüzlərlə məqalələr...
Ustad Yaşar Qarayev yazırdı ki,
"tənqid - ədəbiyyata
məhəbbətin adıdır"!
Həqiqətən belədir.
Bunu bu peşənin
içində olmadan anlamaq mümkün deyil. Tənqidçisənsə
çariliyi də izləməlisən, yenilikləri
də zamanında duyub dəyərləndirməlisən,
habelə üstünə
yağan qınaq və ittihamların predmeti olmaq əzabına da qatlanmalısan.
İçində ancaq
böyük məhəbbət
gəzdirənlər yolundan
sapmaya bilir. Tehran Əlişanoğlu tənqidin
təkcə yükünü
çəkənlərdən yox, həm də
təəssübünü çəkənlərdən olub.
Onun "Rezonans" qəzetində bir zaman ədəbi mühitdə olub, geri çəkilən tənqidçilərlə müsahibələrini
xatırlayıram. O müsahibələr
1980-90-cı illər ədəbi
tənqidinin keçdiyi
yolun mənzərəsini
görmək üçün
necə böyük
material verirdi. Yaxud
"Bizim əsr" qəzetində ədəbiyyat
tariximizin elə bir dövrü, şəxsiyyəti, prosesi
yox idi ki, Tehran müəllim bunları elmi-nəzəri analizin predmeti etməsin. Həm də yeni dövrün reallıq və meyarları müstəvisindən. Ədəbiyyat
tarixi bu yazılarda həm yeni epoxanın yanaşması
ilə nəfəs alır, dolğunluq qazanır, həm də onun tənqidçi
düşüncəsinin nəzəri
və xronoloji hüdudlarını, bu hüdudlara məxsus geniş və qlobal vüsəti meydana qoyurdu. Yəni, o illərdə
Tehran müəllim ancaq
yazmadı, həm də maarifçi bir missiyanı üzərinə götürdü.
Bu missiyanın mötəbərliyi
bu gün "Tənqid.net"
jurnalının saylarında
yetərincə dolğun
əks olunur. Əslində "Tənqid.net" jurnalının özü
də bizim elmi-nəzəri düşüncədə
maarifçi missiyanı
gerçəkləşdirən mətnlər toplusudur. Müstəqillik dönəmindən
bu yana mən
xüsusilə, klassika,
modernizm, postmodernizm sənət cərəyanlarını
ardıcıl, sistemli
diqqətdə saxlayan,
həqiqi ədəbiyyatın
yönünü, izini
nişan verən ən yaxşı çalışmaları jurnalın
içinə cəm edib mənzərə yaradan "Tənqid.net"dən
yaxşı məxəz,
qaynaq tanımıram.
Qəribədir, 1990-cı illər ədəbiyyatımızda
daha çox boşluq mərhələsi,
keçid dövrü
kimi səciyyələnir.
Amma görünür, boşluq
mərhələsi kimi
xarakterizə olunan bəzi dövrlər şəxslərin yaradıcılığında
ən məhsuldar dövrü hasilə gətirir. Necə ki,
Tehran Əlişanoğlunun həmin dövrdə yazdığı məqalələrə,
ordakı ümumiləşdirmə
və müşahidələrə
nəzər yetirəndə
bu qənaət hasil olur. Çünki
Tehran müəllim ən
çətin, ən kritik məqamlarda boşluğun özünü
tədqiq predmetinə
çevirdi, nəzəri
bazası ilə meydana girib prosesi
canlandırmağa müvəffəq
oldu. "Analiz yazıları"! Bu yazılarda
milli ədəbi-bədii fikrin
tarixi inkişafına
xas olan qanunauyğunluqlar tənqidçinin
nəzəri marağının
əsas hədəfində
olan amil kimi mənalanırdı. Tehran Əlişanoğlu
ədəbi-ictimai-fəlsəfi fikrimizin yeni inkişaf mərhələsində yalnız
müasir ədəbiyyatımızın
bütün cərəyanlarını
və yaradıcılıq
metodlarını təhlil
etmir, həmçinin
bu yeniliklərdə Azərbaycan klassiklərinin,
milli folklor bazasının
gücünü arayır,
rus, Avropa və Şərqlə olan fikir əlaqələrini
üzə çıxarmağa
çalışırdı. Bu yazılarda milli ədəbi
keçmiş elmi-nəzəri
inkişafın yeni mərhələsində
nəzərdən keçirilir,
yeni epoxanın başlıca
yaradıcılıq prinsipləri
olan modernizm, postmodernizm cərəyanlarına münasibət
konseptual nəzəri
fikrin və elmi-filoloji strukturun təməli üzərində
şərhini tapırdı.
Xüsusilə, 90-cılar, 2000-cilər ədəbi nəslinin ədəbiyyata qatdığı
- davalarından tutmuş
mətnlərinə qədər
hər şey tənqdiçinin o dövr
yazılarında mənalanır,
ümumiləşir, yenilik
adı ilə iddia edilənlərin doğru istiqaməti müəyyənləşdirilir və əsaslandırılırdı. Bu gün həmin məqalələr
dövrün tərcümeyi-halının
oxunmasında böyük
və güclü bir arsenalı təşkil etməklə
bərabər, Tehran Əlişanoğlunun
özünün də
alim, tənqidçi tərcümeyi-halının
ən şərəfli,
ən qaynar dövrünün qaynağı
kimi dəyərlidirlər.
Müəllifin bu dövr ərzində çap edilən yazılarında
ədəbiyyat tarixçiliyi,
realizm, romantizm, ənənə və novatorluq, irs və varislik kimi ədəbiyyatımızın
köklü nəzəri
problemlərindən tutmuş
çağdaş prosesimizin
inkişaf meyllərinin
öyrənilməsinə, cari bədii təsərrüfatın təhlilinə
qədər yeni kontekstdə
yanaşma, fərqli baxış bucağı nəzərə çarpır.
Sonralar, zaman etibarilə
daha öncələrə,
"Press-fakt" qəzetindəki
"Ədəbiyyat söhbəti"
başlıqlı ədəbi-tarixi
esselərin çap olunduğu 1995-1997-ci illərə
gedib çıxan yazılarını 2020-ci illərdə
"Alatoran" yayınlarında
kitab kimi çap elədi Tehran müəllim.
Həm də elə T.Mustafayi adı ilə. Nədən məhz T.Mustafayi? Tənqidçinin
şərhində oxuyuruq:
"T.Mustafayi bir obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd
Füzuli - Məcnunu,
Migel de Saavedra Servantes
- Don Kixotu. Məqsəd
nədir; guya T.Mustafayi dağılmış,
dağınıq vəziyyətdə
olan ədəbi prosesin strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa
edəsiymiş. Yəni
təkbaşınamı?"
Tənqidçinin iddiası yerində
idi. 1990-cı illəri
- keçid dövrünü
xarakterizə edən bu gərgin, dramatik, xaotik dönəmin ədəbi
prosesi o qədər ağır idi ki, meydanda olan azsaylı
tənqidçinin fəaliyyəti
bir ordunun işini görməyə
bərabər idi.
Tehran Əlişanoğlunun kitabı da məhz
"1990-cı illərdə böyük epoxal sınmalar içrə olan milli ədəbiyyatın
iç durumunu təsvir və tərənnüm etmək
cəhdi"dir. Əsər
boyu - bütün tarixi ədəbi-nəzəri
təcrübəni mənimsəməklə
yanaşı, sənət
kriteriyaları, bədii
zövq və dünyagörüşü, eləcə
də dəyərləndirmə
prinsipləri baxımından,
istər yeni rakursdan araşdırdığı klassik
mətnlərə, istərsə
də müstəqilliyin
ilk dönəmlərinin ədəbi
proseslərində gedən
yeni təmayül və
axtarışlara kongenial
olan müəllif - obraz danışır. Öz imkanlarını tükətməkdə olan
milli ədəbi-nəzəri fikrin yeni metodoloji prinsiplərə, təhlil
və qiymətləndirmə
üsullarına ehtiyac
duyduğu 90-cı illərdə
ərsəyə gələn
bu söhbətlər
iki uğurlu cəhəti özündə
ehtiva edir: yeni epoxanın bəxş etdiyi azad, müstəqil,
ədəbiyyat haqqında
ehkamsız, buxovsuz mühakimə səriştəsi
və müasir dünyanın ədəbi-nəzəri
fikri kontekstində düşünmək və
milli dəyərlərə bu zəmində nəzər yetirmək meyli, məsələlərin
dünya ədəbiyyatı
kontekstində dərki,
"çağdaş Dünyayla,
Zamanla ayaqlaşmaq ideyasının təzə
təzahürü" ki, kitabın
bütün estetik platforması bu iki qayənin, xəttin üzərində
qərarlaşır.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm.
Tehran Əlişanoğlunun qələmində mətn
bölünməyib. AYB-Alatoran,
yaşlı-cavan, ənənəvi-avanqard,
klassik-novator - meydanda mətn adına predmet olubsa, bu bölgülərə yer qalmayıb. Əsas qayə yaradıcı prinsipiallıqla
dəyər və meyarları müəyyənləşdirmək,
üzə çıxarmaqdırsa
burda xırda maraqlar deyil, ədəbiyyatşünaslıq elminin təcrübə və bilikləri danışıb.
***
Hər alimin ədəbiyyatşünaslıqda
vizit kartı sayılacaq tədqiqatı
olur. "XX əsr Azərbaycan nəsrinin poetikası" monoqrafiyası
Tehran Əlişanoğlunun alim obrazının, onun hermenevtik çalışmalarının
bəhrəsidir. Bu kitab nəsrimizin
konseptual dərki, sistemli öyrənilməsi
istiqamətində mühüm
addımı ifadə
edir. Elmi-nəzəri
səviyyəsi, mütaliə
genişliyi, faktoloji zənginliyi ilə seçilən "XX əsr
Azərbaycan nəsrinin
poetikası" monoqrafiyası
həm bütün dövrlərin, həm də böyük mənəvi, milli-əxlaqi
və bədii yaddaşın nəsr əsərləri kontekstində
açılması, dərki
baxımından tutarlı
material verir.
Müstəqillik dönəmindən sonra
meydana çıxan bu tədqiqatda nəsrin mövzu və problematikası ilk dəfə olaraq, bu qədər dolğun və konseptual səciyyədə,
həm "Azərbaycan
mədəniyyəti və
ədəbi ənənələrinin
gəlişməsi", həm
də ümumdünya
nəsri kontekstində
araşdırılır. "Azərbaycan nəsrinin yaddaşında klassik poetik irs, klassik
ədəbi təfəkkür
genetik olaraq yaşasa da, çağdaş
Azərbaycan nəsrinin
formalaşması tədricən,
yeni dövr mədəniyyəti
daxilində, XVIII-XIX əsrlərdə
baş verən ardıcıl estetik-janr çevrilmələri ilə
gəlir", - yazan tədqiqatçının baxışında
tarixi trayektoriya mərhələli şəkildə - XX əsrin əvvəllərində yaranmış
nəsrə, daha sonra 20-50-cu illərə, daha sonra yeni nəsr hadisəsi olmaq baxımından
60-80-ci illərin prozası
müstəvisinə adlayır.
Müəllif tarixi-müqayisəli
müstəvidə təhlilə
geniş imkanlar yaradaraq - cəmiyyət, mənəviyyat, məişət,
psixoloji durum mənasında
- elə bir məqam qalmır ki, milli nəsrin lokal təzahürlərinə qədər
enərək problemi incələməkdən yan
keçməsin.
Monoqrafiyada daha mühüm
cəhət, nəsrdə
insan ruhunun aranması ilə bağlı meylin ən üst sırada qərarlaşmasıdır.
Bu, artıq sovet şablonlarından, sosialist
realizmin ikili yanaşmasından tam arınmış,
sırf estetik mündəricə ilə
yazılan tədqiqatdır.
"Dəyişən dünyanın
insanı"! Müəllifin
"X.Orteqa - i-Qasset"in
1930-cu ildə yazdığı
"Roman haqqında düşüncələr"
əsərindən sitat
çəkdiyi "yeni insanın
özü ilə bahəm gətirdiyi yeni spontan dəyərlər sistemi həm də elə bu insanın məzmununu təşkil edir" - qənaəti tədqidat boyu aktuallığını qoruyan
problem kimi müxtəlif
dövrlərin nəsr
nümunələrində şərhini
tapır.
***
2018-ci ildən Tehran Əlişanoğlunun
tərcümeyi-halında yeni bir estetik dönəm
başlayır. Ümummilli
lider Heydər Əliyevin ədəbiyyatdakı
obrazını elmi-nəzəri
düşüncənin predmetinə
çevirmək, bu böyük liderin gördüyü işlərə
dəyər vermək!
Əslində, bu dəyər amilinin əsası alimin 2005-ci ildə yazdığı
"Azərbaycan, Azərbaycan"
elmi-publisistik oçerkində
qoyulmuşdur. Fikir həyatımızda qiymətini
hələ lazımınca
almayan bu kitab milli dövlətçilik ideyasının
tarixini izləmək,
milli düşüncəyə söykənən milli mənlik
şüurunun yaranmasının
aspektlərini öyrənmək,
bədii və ictimai-siyasi təfəkkürdə
təşəkkül tapan
müstəqillik amilinin
rolunu üzə çıxarmaq baxımından
mühüm araşdırmalardan
biridir. Həmçinin
Heydər Əliyevin şəxsində qorunan
milli ideallar, onun əməyi ilə qurulan, qorunan siyasi birliyin və tarixi təfəkkür bütövlüyünün
vəhdəti, bütün
bunların elmi-nəzəri
yekunu olaraq azərbaycançılıq ideologiyasını
yaradıb inkişaf etdirməsi Tehran Əlişanoğlunun
kitabında nüans səhihliyi ilə araşdırılır, ədəbi
talelərin və əsərlərin şəxsində
izahına varılırdı.
2018-2019-cu illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik
İsa Həbibbəylinin təşəbbüsü
ilə Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə
hazırlanan "Ədəbiyyatda
Heydər Əliyev obrazı - tarixi gerçəklikdən milli ideala"
ikicildliyində yer almış sanballı bir oçerkin müəllifi olan Tehran Əlişanoğlu Heydər
Əliyevin nəsrdə
və folklorda bədii təcəssüm
tapan obrazını araşdırmaqla ədəbiyyat
və siyasət tandemini estetik vəhdət, bütöv
sistem kimi çevrələyirdi. Və
belə geniş tarixi fon və
əhatəli kontektlə
ədəbi düşüncənin
inkişafında Heydər
Əliyevin rolunu və mövqeyini dəqiq təyin etməyə, bu mövqenin hərtərəfli
tədqiqi və nəzəri ifadəsi üçün elmi-filoloji
vəzifələrin də
proqramını müəyyənləşdirməyə
imkan yaradırdı.
Sonra yenə bu sıradan
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun hazırladığı
"Vətən və
dövlətçilik məfkurəsinin
intibahı - Heydər
Əliyevdən İlham Əliyevə"
kitabı ilə (müəlliflər: İsa Həbibbəyli,
Tehran Əlişanoğlu, Elnarə
Akimova, Əlizadə Əsgərli, Aygün Bağırlı, Lalə
Həsənova) davam tapan yolçuluq və ötən il Ümummilli liderin 100 illiyinə həsr etdiyi üç kitabın - "Mənim Prezidentim (Ulu Öndər Heydər Əliyevin 100 Yaşına)", "Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında Heydər
Əliyev" və
"Azərbaycançılıq oçerkləri. Ulu öndər
Heydər Əliyevin
100 illiyinə" kitablarının
işıq üzü
görməsi...
Hər üç kitab Heydər Əliyev və ədəbiyyat mövzusunu
geniş kontekstdə və bütün çalarları, əhatəliyi
ilə tədqiq predmetinə çevirir. Ümummilli liderin kolossal zəhmət qoyduğu işlər dövlətçiliyin simasını
müəyyən edən
tarixi xidmət olaraq araşdırılır,
onun yeni Azərbaycan dövlətinin qurucusu, bu yolda milli məfkurəyə istinadı
bütün yönləri
ilə meydana qoyulur. Bununla müəllif həm tarixi yaddaşın bərpasına xidmət edir, həm də bu böyük
liderin misilsiz xidmətlərinə dəyər
qazandırmaq, onu yeni epoxanın düşüncə
kontekstindən incələməyə
imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın
məxəzinə çevirmək
niyyəti daşıyır.
***
Mərhum
alimimiz Şirindil Alışanlı haqqında
yazdığı vida
sözündə Tehran Əlişanoğlunun
belə bir qeydi diqqətimi çəkmişdi: "Professor Şirindil Alışanlı
çağdaş Azərbaycan
ədəbiyyatşünaslığının
sütunlarından biri,
ədəbiyyatşünaslığımızın
yüz illik bilik və təcrübəsini
özündə cəmləmiş,
bu xəzinəyə
sahib çıxan, onu
daim sabahkı nəslə, tələbələrinə,
doktorantlarına ötürməyə
can atan, ədəbiyyatşünaslığımızın
təkcə bugün deyil, sabah qayğıları
ilə yaşayan nadir
alim və şəxsiyyət
idi". Bu fikri oxuduğum zaman elə
Tehran müəllimin özünə
də aid eləmişdim. İrsə
sahib çıxmaq, humanitar
düşüncənin qayğıları
ilə yaşamaq, bütün filoloji fəaliyyəti buna yönəldərək
elmin intişarına xidmət göstərmək
mənasında. Əslində,
getdikcə daralmaqda olan bu çevrənin
- həqiqi alim ünvanlarımızın
sayının azaldığı
indiki zamanda qəribə bir xiffətin də ağrısını hiss etməyə
bilmirəm.
***
"Mən elmi və
ədəbi-tənqidi prosesi
müntəzəm izləyənlərdənəm",
- məqalələrinin birindən
belə bir cümlə keçir
Tehran müəllimin. Yaradıcılığının
bütün dövrlərinə
baxanda bu qənaət özünü
doğruldur. O, ən qaynar, ən dinamik şəkildə fəaliyyət göstərəndə
də prosesin içindədir, azacıq
kənara çəkilib
müşahidə etmək,
izləmək yolunu tutanda da. Onu bu ruhda saxlayan
içindəki mətn
duyumudur. Ədəbiyyat
şövqü, gücü,
bilgisi və sevdası. Bu sevda yolu ilə irəliləmək,
yaşa dolmaq isə hər qələm adamına nəsib olan ucalıq deyil.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.12-13.