Dəmir Yumruq

Sərkərdəmiz

 

Hörmətli Hafiz Paşayevə

 

Bir səadət mehi əsir

əsrin yeni havasından.

Dəmir Yumruq Sərkərdəmiz

doğulubdu artıq, şükür!

O dərs alıb Atasından, Babasından,

bir Ulu Babasından.

Qucaqda yox, arzularda,

istəklərdə o böyüyür,

zaman adlı müəllimi,

açıq-aydın, düşüncəli,

əsən yelə, daşan selə

o, siyasi bir ad verir.

Onun uzaqgörən gözü,

duyan qəlbi, yazan əli

ölkələrin tarixinə

tarixi məlumat verir.

Cilvələnir, rəngə girir

dünya bəzən röya kimi.

Dəmir Yumruq Sərkərdəmiz

Dan yerinə - bir şeh gəlib.

Qarşısında Yer üzünün

xəritəsi - dünya kimi.

Bəşərin taleyinə

yeni bir cavabdeh gəlib.

 

Türkiyədən həkim gəlib

 

Uzman həkim Musa Kılıça

 

(Nəğmə mətni)

 

Türkiyədən həkim gəlib,

gör kim gəlib -

Musa Kılıç.

 

Bir eşq gəlib, həvəs gəlib.

Ərdoğanın nəfəsindən

isti, doğma nəfəs gəlib.

 

Musa Kılıç İlham dedi

ilk dəfə bu dostluğa

mən bir carçıyam dedi.

Bəndlərə tale yazmağa

haqdan araçıyam dedi.

 

Yer işıqlı, hava gözəl,

Həkim məlhəmi tər-təmiz.

Qoşulun, qoşulun bizə,

Musa Kılıç nəğməmizə.

Nəğmə bizə,

Məlhəm sizə!

 

Arif Mehmandosta

 

Nəğmə oxuyurdu Arif yolboyu,

məni ovsunlayan o səsdə nəydi?!

Oğlu Atillanın mübarək toyu

Araz sahilində

bir təntənəydi.

Onda Günay xanım bir ana kimi

oynadı, yorulub doyana kimi.

Fatimə xanım da -

qalxdı nənəsi

qoşulub oynadı ona nəvəsi.

Hamı sevinirdi - dost, qohum olan,

öpürdü Arifin saçlarından.

Mənim saçlarıma bənzər o saçlar

mənim

ruhumu oxşayırdılar.

 

Muğanlı əfsanəsi

 

Qasım Abdullayevə minnətdarlıq

 

Qasım müəllimə hörmət, ehtiram,

o, qardaşəvəzi, dostəvəziymiş.

Bir mühəndis kimi mən tanıyıram,

sən demə,

Muğanlı əfsanəsiymiş.

 

Şəxsi büdcəsindən kəsib bir qədər

qəbristan yoluna yetirib nəzər.

Bir hasar çəkdirib yollar uzunu,

yerdən təmizlədi yerin tozunu.

Yağışdan, palçıqdan aman yoxuydu,

kənd atasına rəhmət oxutdu.

 

Bəs sonra?

Muğanlı xəstəxanası! -

deməyib xərcini hələ bir kəsə.

- Heç kəs naxoşlayıb, xəstə olmasın, -

deyirlər,

deyibmi kənddə kiməsə?

 

Sadə bir insandı Qasım müəllim,

dərsdə - tələbələr ürək açırlar.

Kafedra müdritək - müdrik, mülayim,

professor, - deyib, suallaşırlar.

Qasım müəllimə hörmət, ehtiram,

o, qardaşəvəzi, dostəvəziymiş.

Bir mühəndis kimi mən tanıyıram,

sən demə,

Muğanlı əfsanəsiymiş.

 

Xatirə qızıma

 

Qızım mənə zəng vurur:

- Ata, necəsən? - deyir.

Dünyanın ən müqəddəs

səsini bəxş eləyir.

Mən öz aləmimdə

qoruyuram o səsi.

Ata ziyarətidi, -

yaşa, övlad Töhfəsi!

 

Bakı şəhəri,

12.12.2024

 

Günəşi gətirən qız

 

Günəşi aparan qız!

Günəşi gətirən qız!

Dibçəklərdə gül əkib,

günəşi bitirən qız!

Yorulmasın o əllər,

günəş ilə bərabər,

şüşələri silən qız!

Günəşin rəfiqəsi,

günəşə çevrilən qız!

 

Şairlər oyaq qalır

 

- Bir işin varmı, şair,

necə keçir günlərin?!

Elə ki, yerimi

öyrəndilər, bildilər, -

-Yenə başın qarışar,

yaxşıdı, - deyirlər.

Təbrik eləyirlər.

Xəbərsizdi, təəssüf, -

bir para oxucular, -

oxuduğu misranın

neçə variantı var.

Şairlər oyaq qalır, -

bir vərəq qalır, -

bir sözün arxasınca

düşürsən tapanacan.

Tapa bildinmi, haçan?!

Pozursan yaza-yaza,

yazırsan poza-poza.

Soruşma nədən, niyə?

Qayıt görüm geriyə,

hardaydı, o qafiyə...

 

Bir dekan varıydı

 

Baş laborant Güldanə xanımın

xatirəsinə

 

Bir Dekan varıydı, belə, birtəhər,

gözü seçməyəni ayaqlayardı.

Müəllim, tələbə görəndə şişər,

rektoru görəndə arıqlayardı.

 

Hərdən stoluna yumruq vurardı,

deyərdi, Dekanam, o da təzəydi.

Oxlov udan kimi dimdik durardı,

daimi bir nida işarəsiydi.

 

Bir prorektorun keçər yanından,

biz birik, desə , ayrı gəzərdi.

Göstəriş verərdi onun adından,

gedib əl tutanda, dizi əsərdi.

 

Bizə gah toxunar, gah ilişərdi,

bir az əsəbiydi, bir az da qıvraq.

Fənnini bilmirəm, necə bilirdi,

şərikli dərslik yazmışdı bir vaxt.

 

Hamıdan ağıllı, hamıdan təmiz,

hamıdan fərqlənən inadkarıydı.

O da tələbədən almağa həris,

köhnə yerindən adətkarıydı.

 

Tez-tez yoxlayırdı Baş laborantı,

yerində yoxdursa, təcili iclas.

Yuxarı-aşağı xəbər çatardı,

telefon əlində müsbət bir obraz!

 

Rektorun əmrilə getdi o dekan,

gördük hər üzünü zalım həyatın.

Bizə salam verdi, salam almayan,

Dekan insan oldu, gözünüz aydın!

 

Yanvar, 2002-ci il

 

Şəlalə gülüşlər

 

Mən yeniyetmə bir cavan,

sən bir az uşaq olaydın.

Mən ayıq, təmkinli, filan,

sən yenə şıltaq olaydın.

O şəlalə gülüşünə

qataydın bu "Can!" səsini.

Açaydın sən o gözləri,

o Tanrı pəncərəsini!

Hərdən mənə baxaydın,

yandıraydın-yaxaydın.

Yuxum gəlir, deyəydin,

məni sehrləyərdin.

Laylayını çalaydım,

uçaydın, ucalaydın.

Budaqları əyəydim,

gündən kölgələyəydim.

Gözdən, nəzərdən uzaq,

sən yuxulu, mən oyaq.

Deyəydim, ay durnalar,

oxumayın, oyanar...

 

Nəvəm Nəriman Həsənzadəyə

 

Oğlum, cəmiyyətdə bir az ayıq ol,

bilirəm, həyatda onsuz da paksan.

Məni tərifləmə,

mənə layiq ol,

sən onda mənsiz tanınacaqsan.

 

Onda deyəcəklər, filankəsdi bu,

şair Nərimanın oğul nəvəsi.

deyim,

başqa bir yolun da yoxdu,

axı, babanın da sənsən əvəzi.

 

Məni danan olsa yanında sənin,

sus, səbr deyiblər aparar, oğlum.

Üzü qara olsun bu zəmanənin, -

mən kiməm,

Tanrını danan var, oğlum.

 

Kiminsə gözündən qaçıb yuxusu,

kimsə, narazıdı öz taleyindən.

Qoy sənin sabahın uğurlu olsun,

gələcək günlərə,

salam indidən!

 

Ay gülərüz

 

Saat 5-ə işləyir,

bir az qalır səhərə,

günəşin şəfəqləri

yayılacaq şəhərə.

Dünya öz yuxusundan

oyanacaq bir azdan,

sonra sən gələcəksən,

qapını açacaqsan.

Üzündə bir təbəssüm,

girəcəksən içəri,

süfrəni açacaqsan,

sonra da dərmənləri...

Bax, beləcə başlayır

hər günümüz, ay SEVİNC!

Mən sənə minnətdaram,

ay gülərüz, ay SEVİNC!

 

16 iyul, 2024

 

Gecə saat 05:40

 

Dərdiş

 

(Nəğmə mətni)

 

Səndən nigaran qalmışam,

insafın hardadı, dərdiş?!

Sən hardasan, mən ordayam,

canım da ordadı, dərdiş.

 

Sən əzizim, mehribanım,

necə susum, necə danım?!

Sənsiz günüm-güzəranım

gözə bir pərdədi, dərdiş.

 

Sözümü saxla yadında,

ovsun var sənin adında.

Kölgəm ayağın altında,

yanında - yerdədi, dərdiş.

 

Sənin

 

Yanında deyiləm, gələm görüşəm,

könlünü könlümcə oxşayam sənin.

Əlindən yapışam, qolundan tutam,

nazını çəkməyə başlayam sənin.

 

Təbiət dəyişə nola, birtəhər,

tökülən qayıda, dola birtəhər.

Payızı vermişəm yola birtəhər,

bu qışı qoynunda qışlayam sənin.

 

Kəkliklər oxuyur daşda, qayada,

səni kəkliyin səsi oyada.

Bir qəm görməyəsən qəmli dünyada,

mən sağlığına yaşayam sənin.

 

Üç qardaş nağılı

 

Uşaqlar üçün

 

Onlar üç qardaşıydı,

böyük qardaş - başıydı.

Ortancıl - ortadaydı,

kiçiyinə - ataydı,

sağ salamatıydı.

Kiçiyi - sadə, həssas,

yoldaşı - darda qoymaz...

 

Hansı alicənabdı?

Hansı sadədi, safdı?

Varmı bir xeyirxahı?

Bu dünyadan agahı?

Seçin, deyin özünüz,

desəniz, yüzə-yüz!

Şərikəm mən sizə,

Gələn söhbətimizə

gələn dəfə başlayaq,

Qalibi alqışlayaq.

 

Nəriman Həsənzadə

 

Ədəbiyyat qəzeti.- 2025.- 17 yanvar, №2.- S.16-17.