Çılpaqlıq
Romandan parça
"Üç gün əvvəl saatımı
satdım. Babamın mənə verdiyi, illərdi əqrəbləri
yeddiyə qalmış
iyirmi altı dəqiqədə duran saatı. İndi cibimdə
qalan son üç dənə 5 manatımın
birinə 2 paket siqaret almaq keçir
ağlımdan. Məni
hələ ki, Y, ya da
X olaraq ağlınızda
saxlaya bilərsiz. Məndən soruşsaz, daha çox X olmaq xoşuma gəlir. Məktəb vaxtından tənliklərdə
də həmişə
X-in tapılmamasını istəyirdim.
İçdən-içə bütün rəqəmləri
səhv yazıb X-i hər kəsdən
uzaqda tutmağa çalışırdım. Bir insan niyə tənlikdə gizlənən
nəyisə tapmağa
çalışsın axı,
bəlkə həyat nəyinsə tapılmağı
və nəyinsə gizlədilməsindən savayı
bir şey deyilmiş, deyə düşünürəm tez-tez.
Bütün sirr isə insanın gizlətdiklərində yox,
niyə gizlətdiyində
gizlidir. Uşaqlıq
illərimiz, məsələn.
Məsum, təmiz olan illəri insan iki səbəbdən
gizləyir: birincisi ona görə gizlədir ki, o yaşlarda
safdı, çirkabsızdı,
təmizdi, gizlətməsə,
böyüklərin çirkabına
bulaşacaq. Elə
buna görə də
hamı öz uşaqlıq illərinin şəhərini sevir, ona aşiqdi, çünki o şəhərdə
hər şey təmiz qalıb xatirəsində. Böyüdükcə
uşaqlar oxumağı,
yazmağı-filan yox,
çirklənməyi öyrənirlər.
Hər kəs ürəyinə qədər
çirkaba boğulduqdan
sonra təmiz qalan günlərini hamıdan, özündən
belə uzaq tuturlar. İkinci səbəbi isə, başqa vaxt deyərəm sizə. Əhməd Cəmil şeirində necə deyirdi:
"Ömrüm-günüm, yat
daha,
Hamsını indi desəm,
Nağıl qalmaz sabaha".
Nənəm də həmişə
belə edirdi. Çox nağıl da bilməzdi rəhmətlik,
üç-dörd nağılı
çək-çevir edər,
hər dəfəsində
hansısa yerini unudub ağlına gələn cür danışardı. Mən
də sobanın ağzından otağa düşən işıqlarda
təsəvvür edərdim
əzbər bildiyim şeyləri. İndi təsəvvür
də edə bilmirəm heç nəyi. Nənəm ölüb, babam ölüb, atam mən dünyaya gəlmədən ölmüşdü
onsuz da, anamı da babam öldürüb deyilənə görə.
Bilmirəm... Deyilənlərə
inansam, ölümünün
səbəbkarı da mənəm
anamın. - Yaşar sonuncu cümləni 2 dəfə oxuyub dəftəri bağladı.
Beynində dönən
sualları susdurmaq istədisə belə alınmadı. Bu dəftər
kimindir, kim kimi öldürüb, mən ümumiyyətlə
burda yazılanları
niyə oxuyuram?! Suraxanı bazarına kitab
almaq üçün
getmişdi bu gün. Kitabların arasında qalın, dəri üzlüklü dəftər diqqətini çəkmiş, heç
içini açıb
baxmadan almışdı.
Əvvəllər köhnə
kitablar üçün
İçərişəhərə üz tuturdu, daha sonra Cofeshop-a
sonuncu kitab qalası
da məğlub oldu, Yaşar kimi kitabsevərlər məcbur
üz tutdular uzaqlara. Ayda iki-üç dəfə
Suraxanı bazarına
gedir, marağını
çəkən əntiq
əşyalar və ikinci əl kitablar axtarırdı. Bəzən burda tapdığı dəyərli
kitab, ya da əşyaları
şəhərdə fərqli
dükanlara satırdı.
Dəyərli dediyimə
baxmayın, oradan 3 manata aldığını
şəhərin mərkəzi
küçələrində 10-15 manata satırdı. Bir az bu işdən
pul götürürdü,
az da olsa, pensiyası da əlindən
tuturdu. Ömrünün
ahıl vaxtlarında evini ondan boşanan
gənc arvadına və pensiyasının böyük bir hissəsini 7 yaşındakı
oğluna uduzan Yaşar hər səhərini fırtınadan
parça-parça olmuş
yelkənə yamaq vuran gəmiçi ümidiylə açırdı.
Cavanlığında polis işçisi
olmuşdu, o qatil sənin, bu oğru mənim, ömrünün 30 ilini ora-bura qaçaraq keçirdikdən sonra təqaüdə çıxmışdı.
Son 2 ildə isə hardan baş qaldırdığını başa
düşmədiyi kitab yazmaq
istəyi yaranmışdı
özündə. Təqaüdə
çıxdığı gündən 2 ay sonra ilk detektiv romanını yazmışdı. Heç
bir nəşriyyatın
üzünə açılmayan
qapılarına inad, ondan sonra 2 roman daha yazmışdı bir il ərzində. Yenə qıfıllı qapılarla üzbəüz
gələn Yaşar,
inadının ətəyindən
əl çəkməmişdi,
bu dəfə daha hərtərəfli Bakıda yaşanan cinayətləri ələ
alan bir kitab üzərində işləməyə
başlamışdı.
Gününün böyük bir
hissəsini bu kitaba ayırırdı. Bəzən gücdən düşəndə güzgünün
qarşısında Nobel mükafatı
alarkən çıxış
etdiyini canlandırıb
gözünün önündə,
bütün dünyaya
təşəkkür edir,
xüsusən də,
ilk oxucularına sevgilərini
göndərirdi. Yaddaşının
boz dumanında itən cinayətlər üçün köhnə
iş yoldaşlarına
yığır, telefonun
digər tərəfindəki
adam yuxuya gedənə qədər yaxasından əl çəkmirdi.
90-cı illərin qaranlıq Bakısında, bəlkə
yüzlərlə işıq
üzünə çıxmayan
cinayətlər yatırdı.
Bir yandan müharibə,
bir yandan şəhərə insan axını, bir yandan maddi problemlər
Bakını çox
dəyişmişdi. İnsanlar
iki yerə bölünürdü həmin
illərdə, ya qurban, ya qatil.
Bunu Yaşar deyirdi hamıya. İnsanları inandırmağa
çalışırdı ki, 30-35 il bundan əvvəl Bakıda hanniballar və silsilə şəkildə cinayət
işləyənlər vardı.
Ard-arda iki siqaret yandırdı Yaşar, daha sonra acı çifirdən bir qurtum alıb yazı masasının üstünə səpələnmiş
vərəqləri səliqəyə
saldı. Qələmi
barmaqlarının arasından
keçirərək, uzaqda
olan nəyəsə baxırmış kimi gözlərini qıyıb
bir az fikrə
getdi və bayaqdan barmaqlarının arasından keçirərək
oynadığı qələmi
ağ vərəqlərin
sinəsinə sancdı:
"- Bu gün yeni bir qətl xəbəri daha gəlib. 40 pilləkəndə qadın
cəsədi tapılıb.
Üzü tanınmaz
haldadır. Bədəni
yarıçılpaq. Siz
hara baxırsız axı?
- rəis söyüş
söyməmək üçün
özünü güclə
ələ alaraq sözünə davam etdi: - Ovuc içi
boyda şəhərdə
hər həftə kimisə öldürüb
atırlar küçəyə.
Biz də uşaq kimi düşmüşük
dalıyca, görən
deyər ki, gizlənqaç
oynayırıq.
Hamımız başımızı aşağı salıb, dinməzcə qulaq asırdıq. Bu qatil bizi yaman yormuşdu.
Son 4 ayda yeddinci cinayət işi idi. Biz isə hələ birincisində bir addım yol almamışdıq. Rəis anidən şəhadət barmağıyla
məni göstərib:
- Kapitan Əliyev! - dedi, - bu gündən etibarən bu qadın cinayətləri məsələsini sənə verirəm. Axtar, araşdır başqa işlə məşğul olma. Mənə bu işlə bağlı bir şey gətir.
- Baş üstə, cənab polkovnik-leytenant, - deyib bir yandan üstümdə olan yükün ağırlığı ilə əzilərkən, digər tərəfdən mənə göstərilən bu inamdan güc alırdım.
Bütün hadisə yerini, sənədlərini oxuyub özümə vacib bildiyim şeyləri qeyd eləməyə başladım. Öldürülən qadınların hamısının üzü tanınmaz halda olub və hər birinə təcavüz edilib. Yaş aralığı 20-30 yaşlardadı hər biri. Cəsədlərin hamısı Oktyabrski rayonunun ərazisində tapılıb. Öldürülən qadınlardan cəmi ikisinin kim olduğunu bilirik: Şəhla Babayeva Musa qızı - 23 yaşı var, 6 saylı doğum evində tibb bacısı işləyirmiş, ərindən 8 ay əvvəl boşanıb ailəsi ilə yaşayırmış. Digəri isə Qənirə Qədimova Tələt qızı - 20 yaşı var, "Narxoz"da sonuncu kursda oxuyurmuş. Atası ölüb, anası və bacısı ilə yaşayırmış. Biri Ələsgər Ələkbərovda, biri Nərimanov prospektində yaşayır. Evlərinin məsafəsi 15 dəqiqəlik yoldu. Cəsədləri də elə 15 dəqiqəlik məsafədə tapılıb. Şəhla şüşəli bazarın arxasında, Qənirə Qurd qapısında.
Qeydlərimi özüm üçün asta səslə bir neçə dəfə oxudum. Bu iki qadının nə kimi əlaqəsi ola bilərdi, bəlkə heç bir əlaqəsi yoxdu, sadəcə, dəlinin biri kimi gördü öldürür. Yaxşı, bəs dəli üçün olduqca ağıllı davranır axı. Nə bir iz qoyur geridə, nə hadisələri görən var. Elə bil bütün şəhəri yuxuya verib qurbanını öldürür və rahat tapılması üçün göz önünə, bir yerə qoyur. Bəlkə belə edir ki, dalınca düşək, - deyə düşündüm öz-özümə - dalınca getməyimizi istəyirsə gedək də, - deyib, masadan qalxıb sonuncu cəsədin tapıldığı 40 pilləkənə sarı getməyə başladım.
Yolboyu fərqli fikirlər beynimdən qatar sürətilə keçirdi:
- Görəsən, digər qadınlar nə işlə məşğul olurdular? Necə olub ki, itkin elanı-filan da verilməyib heç biri barədə? Xaricdəki kimi bizdə də manyaklar peyda olur, yoxsa?!
Nə qədər fikirləşsəm
də, daşlar yerinə oturmurdu, siqaret yandırdım. Hadisə yerini izləməyə və hadisə zamanı yaşananları özüm
üçün canlandırmağa
çalışdım:
"Deməli belə, birinci səhnədə qatil qızı öldürür. Harda öldürdüyünü bilməsək
belə, hara gətirdiyini
bilirik. Yaxşı e,
bəs qızın cəsədi demək olar ki, pilləkənin ortalarında tapılıb,
öldürdüyü birini
niyə daşıyıb
ki, bura qədər? Mən qatil olsam, lap elə manyak olsam, birini
öldürüb niyə
bura qədər daşıyardım? Niyə
məhz birinci pilləkənin qabağında
qoymamışam, bura qədər gətirmişəm
ki? Bəlkə istəyirəm
ki, kimsə görsün
məni?!" - deyə
düşünüb sağa-sola
boylandım. Bura baxan bir çox pəncərə var idi. Deməli, bir xeyli sorğu-sual edə biləcəyim insanlar bu şüşələrin
arxasında gözləyirdi
məni. Artıq üçüncü qapını
döyürdüm, amma
heç kimdən səs çıxmırdı,
nə olmuşdu bu küçədə, hamı yatıb, yoxsa hamı ölmüşdü? Bu dəfə
başqa bir qapını döydüm".
Elə bunu yazarkən Yaşarın qapısı
döyüldü. Gecə
saat 3-ü keçmişdi.
"Artıq bu saatda qapı xeyirli bir səbəblə
döyülməz", - deyə
düşündü Yaşar.
Asta addımlarla qonaq otağından dəhlizə keçib, işığı yandırdı
və qapını açdı. Qapının
qarşısında dayanan
polis əməkdaşı özünü təqdim edib bir neçə
sualının olduğunu
dedi. Yaşar əməkdaşı evə
dəvət etmədən
qapıda bütün
suallara cavab verməyə hazır olduğunu deyib susdu.
Polis əməkdaşı bir neçə kağıza
baxandan sonra:
- Ağsaqqal, yan qonşunuz öldürülüb,
2 gün əvvəl,
elə bu saatlarda. Tanıyırdız
mərhumu?
Yaşar
çiyinlərini çəkib:
- Belə üzdən görmüşəm bir neçə dəfə, amma tanışlığımız
yox idi...
Malik
ATİLAY
Ədəbiyyat qəzeti.- 2025.- 17 yanvar, №2.- S.19.