Postmodern kaleydeskop: sələfi –
manyerizm, xələfi - hörümçək torunda
ədəbiyyat
XVI əsr Qərb ədəbiyyatının istiqamətlərindən biri olan manyerizm təbiət və insan, daxili və zahiri, maddi və mənəvi arasındakı harmoniyanın itirilməsi ilə və birləşə bilməsi qeyri-mümkün olanların birləşdirilməsi ilə xarakterizə olunur. Postmodernist poeziya ilə bağlı maraqlı faktlardan biri, Rus ədəbiyyatının postmodernist fenomeni də, "Cəngavər manyerizm ordeni" də adlandırılan poetik məclisi öz postmodernist fəaliyyətini manyerizm adlandırır. Bu orden XX əsrin 80-ci illərində meydana çıxaraq günümüzə qədər fəaliyyət göstərməkdədir.
Rus ədəbiyyatının postmodernist
fenomeni adlandırılan
"Cəngavər manyerizm ordeni"
P.A.Kovalyovun fikrincə,
"bu qızğın
fəaliyyətin müvəffəqiyyətinin
sirri müasir manyeristlərin öz oxucularına Rusiyada çoxdan unudulmuş təmiz incəsənət
estetikasına əsaslanan
ədəbiyyatın parodik
versiyasını "ədəbiyyatı
anlama"nın postmodernist tendensiyaları kontekstində
təqdim etmələri
ilə bağlıdır".
XVI-XVII əsrə aid olan
bir cərəyanla - manyerizmlə postmodernizmin nə əlaqəsi ola bilər? Maraqlıdır
ki, Umberto Eko da manyerizmlə
postmodernizmi paralelləşdirir:
"Ümumən mənim
fikrim budur ki, postmodernizm - heç bir ayrıca, müəyyən zaman kəsiyinə
aid edilə bilməyən
bir təmayüldür.
Bu, necə deyim, daha çox mənəvi-ruhi bir kateqoriyadır, daha doğrusu, sənətə
cəhdetmə, onun yolunda özünü fədaetmə üsuludur.
Demək, mümkündür
ki, hər bir dövrün özünəməxsus
postmodernist ovqatı olur,
necə ki, hər bir dövrün özünün manyerizmi mövcuddur (belə deyək, məncə, postmodernizm manyerizmin bir metatarixi kateqoriya kimi sadəcə addəyişməsidir)".
D.Zatonski "Postmodernizm
tarixi interyerdə"
adlı məqaləsində
postmodernizmin qlobal və tarixüstü anlayış olması fikrini araşdırır və bu fikri
əsaslandırmağa çalışır.
Lakin D.Zatonski adıçəkilən məqaləsində
bir məqamı da xüsusi qeyd etməyi vacib sayır: "Beləliklə,
Ekonun "hər epoxanın öz postmodernizmi var" - sözlərinə
ehtiyatla yanaşaraq onları bu və ya digər
dərəcədə təxmini,
məcazi anlamda qəbul etmək lazımdır. Hər şeydən öncə ona görə ki, öncəki "postmodernizmlər"
həmişə yetərincə
lokal hadisə olmuşlar. Yeni postmodernizm
isə ilk dəfədir
ki, öz qloballığı
ilə seçilir və buna görə də bu anlayışı
dırnaqda yazmağa ehtiyac yoxdur Y.A.Yemelin isə
postmodernizmə belə
qlobal bir fenomen kimi yanaşılmasının
səbəbini izah edərək yazır:
"Bu cür qənaət
əsasən, postmodernizmə
yaradıcılığı zamanlarının hakim qaydalarına
münasibətdə "marginal" xarakter daşıyan yazarların aid edilməsindən
doğur".
Məsələ burasındadır ki, tədqiqatçıların bir
çoxu tərəfindən
manyerizm sabit bir dövrə aid ədəbi istiqamət və ya cərəyan
kimi deyil, tarixin müxtəlif dövrlərində meydana
çıxan dünyagörüşü
kimi xarakterizə edilir. Qeyd edək
ki, postmodernizmlə bağlı
da belə bir fikir mövcuddur ki, postmodernizm qlobal bir anlayışdır və hər tarixi dövrün öz postmodernizmi var.
Postmodernizm və manyerizmin
ortaq cəhətləri:
- Manyerizm klassik irsi imitasiya edir və onun
təhrif edilmiş, istehza effektli yeni variantını təqdim edir.
- Postmodernizm də özündən öncəki
irsə istinad edir, dekonstruksiya, oyun effektləri və ironiya ilə yanaşır.
- Hər iki cərəyan
oxucunu qeyri-adi yanaşma, fərqli baxışla cəlb etməyə çalışır.
- Hər iki cərəyan
özündən öncəki
irsə istinad etməklə individual əsərlər
təqdim edir.
Hörümçək torunda ədəbiyyat. Postmodernin
mətn anlamı geniş, sonsuz, müxtəlif tellərlə
bir-birinə birləşən,
dolaşıq bir labirintdir. Postmodern estetikaya
görə mətn ancaq hipertekst formasında mövcud ola bilər. Nədir bu hipertekst? "Hipermətn" (ingiliscə
"hypertext") anlayışı elmə XX əsrin 60-80-ci illərində Teodor Nelson
tərəfindən daxil
edilmişdir. Onun fikrincə, "hipermətn"in
əsas xüsusiyyəti
ardıcıllığın olmaması və istifadəçinin mətndə
gözlənilməz keçid
etməsindən ibarətdir.
Sonralar, 1981-ci ildə
"Literary machine" kitabında o hipermətnə daha dəqiq tərif vermişdir: ""Hipermətn"
deyəndə, mən
budaqlanan və oxucuya seçim imkanı verən mətn başa düşürəm. Sadəcə
olaraq bu linklərlə birləşmiş,
oxucuya müxtəlif yollar təqdim edən mətn parçalarıdır." Nelsonun
təklif etdiyi və hipertekst adlandırdığı informasiyanın
təşkili forması
əslində yeni bir şey deyildi. Qədim dövrlərdən
qeyri-xətti yazı dini yazılar üçün olduqca xarkterik bir forma olmuşdur. Buna misal olaraq İncili göstərmək olar. İncil iki hissədən ibarətdir.
Əhdi-cədid və
əhdi-ətiq. Kitablar
şeirlərdən ibarətdir
və bu şeirlər hər kitabın tərkibində
təkrara yol verilmədən nömrələnmişdir.
Hər şeir hansısa bir mikrotemanın açılışına
xidmət edir. Bir çox şeirlərdə
digər şeirlərə
və ya digər kitaba istinad verilir və beləliklə, oxucu istinadlara əsasən İncili qeyri-xətti oxuya bilir. XXI əsrin incəsənətinə, mədəniyyətinə
və ədəbiyyatına
"hipermətn" anlayışı
aktiv surətdə daxil olub. Müasir
elmi leksikaya "hipermətn" anlayışı
kompüter - elektron incəsənətinin və
eləcə də, kompüter kommunikasiyasının
inkişafı ilə
əlaqədar aktiv daxil olmuşdur. Hiperədəbiyyat postmodernizm
üçün xarakterik
olan yeni ədəbi mövcudluqdur və bu ədəbi mövcudluqda hipertekst elementləri - daxili istinadlar, qeyri-xətti nəqletmə, oyun effekti özünü bariz şəkildə göstərir. Artıq ədəbi postmodern "hipermətn"in
inkişafı prosesində
yalançı "hipermətn"lər də yaranmağa başlayıb.
Yalançı "hipermətn"lərdə
mətn mövcud olmayan altmətnlərə
istinad edir. Məsələn, polyak fantastı Stanislav Lemin
"Mütləq boşluq"
toplusunda uydurma müəlliflərin mövcud
olmayan kitablara rəyləri toplanıb.
Elektron kommunikasiya olan internet ən möhtəşəm
"hipermətn"dir. O, hər
zaman yenilənən və
dəyişilən, saysız-hesabsız,
ierarxik səhifələrdən
ibarətdir. Həmçinin
internet aktiv mətndir,
hər bir istifadəçiyə onun
inkişafında iştirak
etməyə imkan verir və nəticədə
gələcəyin ədəbi
məkanı - hiperədəbiyyat
yaranır, inkişaf edir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.23.