İkinci Dünya müharibəsində bir tarixçi
Bu il altı yüz min azərbaycanlının cəbhəyə
göndərildiyi İkinci
Dünya müharibəsinin
başa çatmasından
80 il ötəcək. Azərbaycanlılar
bu savaşda böyük rəşadət
göstərib, Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülən soydaşlarımız
olub. Eyni zamanda taleyin hökmü ilə almanlara əsir düşüb, qarşı
cəbhədə mübarizə
aparan insanlar da vardı ki, "vətən
xaini" kimi damğalanan bu insanların həyat hekayələri olduqca maraqlıdır. Şübhəsiz
ki, rus bolşevizmi ilə alman faşizmi arasında qalan azərbaycanlıların könüllü
seçim etmək imkanları olmadıqları
üçün istər
cəbhəyə göndərilənlər,
istərsə də döyüşdə və
ya könüllü şəkildə əsir düşən soydaşlarımızın
hər birinə tərəfsiz yanaşaraq
onların bioqrafiyalarını
işıqlandırmaq gərəklidir.
Bu şəxslərdən biri
də tarixçi Məcid Musazadədir.
Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində yerləşən
mərhum diplomat, tarixçi
Ramiz Abutalıbova aid fondda
Məcid Musazadə barədə qiymətli materiallar mövcuddur. Həmin materiallar arasında Musazadəyə
aid məqalələr, məktublar
yer alıb, müxtəlif sənədlər
toplanıb.
27 iyun 1963-cü ildə Münxendə qələmə
aldığı tərcümeyi-halında
Məcid Musazadə bunları yazıb: "Mən 1914-cü ildə Bakı şəhərində
anadan olmuşam. Yeddiillik məktəbi bitirdikdən sonra Bakı İqtisadi Texnikumuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişəm. Bundan sonra üç il yarım mühasib işləmişəm. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1941-ci ildə oranı bitirmişəm. Hələ tələbə
ikən, 1939-cu ildən
1941-ci ilə qədər
Nizami adına muzeyin tarix və
orta əsrlər tarixi şöbəsində
elmi işçi vəzifəsində çalışmışam.
İkinci Dünya müharibəsi illərində
Berlində Azərbaycan
dilində nəşr
olunan "Azərbaycan"
həftəlik qəzetinin
redaktoru olmuşam. Müharibədən sonrakı
illərdə Azərbaycan
mühacirətinin publisistik
fəaliyyətində fəal
iştirak etmiş və təxminən, on il
bundan əvvəl
"Azadlıq radiosu"nun
Azərbaycan şöbəsinə
daxil olmuşam, hazırda burada redaktor vəzifəsində
çalışıram. Mən
çoxsaylı radio-ssenarilərin
və bəzi nəşr olunmamış
tədqiqat materiallarının
müəllifiyəm".
Azərbaycan legionunun həftəlik
qəzetinin məsul redaktoru olan Məcid bəy mühacirətdə həm
də "Qarsalani"
soyadından istifadə
edib. Onun müharibədən sonra Azərbaycan mühacirət
mətbuatında da məqalələri
işıq üzü
görüb. 1963-cü ildə
"Mücahid" dərgisində
onun "Mərhum Ceyhun bəy Hacıbəyli" adlı
məqaləsi dərc
olunub. Musazadə C.Hacıbəylinin həyat və fəaliyyəti haqqında
mühüm xülasə
qələmə alıb. O, Ceyhun bəylə həm də mütəmadi məktublaşıb.
Ömrünün son illərində M.Musazadə 20 Yanvar qırğını, Qarabağ
münaqişəsi ilə
bağlı BMT-yə,
digər qurumlara, Türkiyə prezidenti Turqut Özala məktublar göndərib.
Təəssüf ki, Məcid
Musazadə Azərbaycanın
müstəqilliyini görə
bilməyib. 1990-cı il iyulun
17-də Münxendə vəfat
edib, 20 iyulda bu şəhərin Nordfriedhof ərazisində
dəfn edilib. Dəfnində həyat yoldaşı İren, iki qızı, yüzə yaxın azərbaycanlı
iştirak edib. Dostlarından biri məzarına Azərbaycandan
gətirdiyi torpağı
səpib.
Bir daha "Əli və Nino" haqqında
Məktublardan və dövrün
şahidlərinin verdiyi
məlumatlardan açıq
şəkildə aydın
olur ki, Qurban Səidin məşhur əsərini Azərbaycan
türkcəsinə ilk dəfə
Məcid Musazadə çevirib. Məsələn,
1987-ci ildə Nyu-Yorkda
Amerika-Azərbaycan "Vətən"
Mədəniyyət Mərkəzini
təsis edən Rufa Odyurdlu (Əzizova) mətbuata müsahibəsində bildirib:
"Münxendə qeyrətli
bir azərbaycanlı ziyalı yaşayırdı:
Məcid Musazadə. Qarabağ məsələsi
ilə bağlı çox işlər gördü. "Əli və Nino" romanını
da o tərcümə etmişdi.
Ancaq nədənsə
"Azərbaycan" jurnalında
Mirzə Xəzərin
tərcüməsi adı
altında nəşr
edildi. Halbuki əsər Mirzə Xəzərin Amerikaya gəlişindən (1977-ci il) çox-çox
əvvəl - 1972-ci ildə
tərcümə edilmişdi.
Əsərin tərcüməsindən
bəzi parçalar o
vaxt "Amerikanın səsi" radiosunda da verilib. Rəhmətə getməmişdən bir az əvvəl Məcid bəy mənə məktub da yazmışdı: "Hörmətli
Rufa xanım! "Əli və Nino" romanının birinci və son iki səhifələrinin surətini
çıxartdım. Tərcüməsi
mənimdir (M.M. - Məcid
Musazadə), buna şübhəniz
ola bilməz. Allaha çox şükür olsun ki, hələlik bir neçə şahidim həyatdadır.
Mən Mirzə Mixailidən doğrusu, belə bir hərəkəti
və ədalətsizliyi
gözləməzdim. Bunu
da əlavə edim ki,
Mirzə bəyin bura gəldiyi zaman (1997-ci ildə) alman dilindən, ümumiyyətlə, xəbəri
yox idi. Və bu günün
özündə də
onun almancadan azərbaycancaya roman tərcümə
edəcək qədər
almancası yoxdur. Nə isə...""
Radionun əməkdaşı, Məcid
bəylə eyni qədəri bölüşən
Əli Həsənzadə
digər legioner Qədir Süleymana yazdığı 30 yanvar
1989-cu il tarixli məktubunda
bildirib: "Bu kitabı
vaxtilə biz radioda Məcidin tərcüməsində
azəricə yaydıq.
Görünür, Qurban
Səid İslamı qəbul etmiş yarım yəhudi, yarım almandır. Onun haqqında başqa fikirlər də var".
Göründüyü kimi, "Əli və Nino"nun ilk tərcüməçisi
Məcid Musazadədir.
Məcid Musazadənin müraciətləri
24 yanvar 1990-cı ildə Musazadə Azərbaycan
Milli Birliyi təşkilatı
adından Münxendən
azərbaycanlılara müraciət
edib. 20 Yanvar qırğınından sonra
edilən bu müraciətdə o, birlik
və diriliyə hər zamankından daha çox ehtiyac olduğunu bildirib. Qərb mətbuatının Cənubi
Qafqazdakı hadisələrə
təktərəfli yanaşdığını
detallı izah edən Musazadənin təsbitləri o dövrdə
ölkəmizin necə
təkləndiyinin göstəricisidir:
"Qərb məlumat
vasitələrinin, müxtəlif
istiqamətli təşkilat
və cəmiyyətlərin,
görünür, erməni
lobbisinin təsiri altında vətənimizə
münasibət sahəsində
ögey yanaşma tərzi açıqca
hiss olunmaqdadır. Onlar
Qarabağ ixtilafında
göz görə-görə
təktərəfli, təəssübkar
mövqe tuturlar".
O, daşnak mətbuatı ilə yanaşı sovet məlumat bürolarının da Azərbaycanın
əleyhinə fəaliyyət
göstərdiklərini qeyd
edib, Qarabağ hadisələrinin Qərbdə
dini amillə izah edilməsinə qarşı çıxıb:
"Təəssüflə qeyd etməliyik ki, Qərbin məlumat vasitələri də Qarabağ və onun ətrafında cərəyan edən hadisələrə dini səciyyə verməyə
meyil göstərməkdə
davam edirlər. Onların elə bir şərhi olmur ki, azərbaycanlıların
müsəlman (əksəriyyəti
şiə), ermənilərin
isə xristian olmasından bəhs edilməsin. Beləliklə,
onlar ixtilafın məsuliyyətini, necə
deyərlər, fundamentalistliyin
boynuna yükləməyə
çalışırlar. Axı
kimsə xatırlamır
ki, beş il bundan əvvələ qədər
Sovet İttifaqındakı
bütün xalqlar özlərinin ateist olduğunu əhəmiyyətlə
qeyd edirdilər. Bildiyimiz kimi, Qarabağ ixtilafının
dinlə hər hansı bir əlaqəsi yoxdur. Çünki ermənilərin
davası dini deyil, torpaq, ərazi davasıdır".
O, müraciətində Azərbaycan
Cümhuriyyətini devirən
gücləri açıq
şəkildə xalqa
bildirib: "1918-ci ilin
mayında İslam ölkələri
arasında ilk müstəqil
cümhuriyyət quran,
sərbəst seçkilər
yolu ilə müsəlman məmləkətləri
içərisində ilk dəfə
parlament quran (onda müxtəlif partiya və qruplaşmaların, milli əqəliyyətlərin
nümayəndələri də
iştirak etmişdir)
Azərbaycan xalqı elə yenə rusların və ermənilərin təhriki,
düşmən münasibəti
nəticəsində yalnız
iki il müstəqil ömür sürə bilmişdir. Milli birliyin təmin edilməməsi, siyasi cərəyanlar arasında hakimiyyət uğrunda didişmələr,
dartışmalar bu gənc cümhuriyyətin
süqutuna aparıb çıxarmışdır".
Buna görə də Məcid bəy bir tərəfdən, baş qaldıran erməni fitnəsinə, bir tərəfdən də, Qərbdəki anti-Azərbaycan cərəyanlara
qarşı xalqı
milli birliyə səsləyirdi.
M.Musazadə Azərbaycan xalqına
etdiyi digər müraciətində vaxtilə
üçrəngli bayrağı
Nyu-Yorkda necə dalğalandırmasından danışıb:
"1956-cı ilin 23 oktyabrında
macar xalqı Kreml rəhbərliyinin təzyiqinə qarşı
ayağa qalxdığı
zaman Nyu-Yorkda yaşayır,
sovet özbaşınalığından
cana doyan digər xalqların mühacir qrupları ilə əlaqə saxlayırdım. Təxminimə
görə, noyabrın
başlarında Macarıstandakı
xalq üsyanının
sovet tankları və süngüləri zoruna boğulmasına etiraz əlaməti olaraq şəhərin məşhur Ruzvelt hotelində kütləvi yığıncaq keçiriləcəyi
xəbərini aldım.
Təbii, bu toplantıda Azərbaycanın
yerini boş qoymaq olmazdı. Dərhal bütün ölkələrin bayrağını
satan bir dükana getdim. Fəqət, o zaman Amerika Birləşmiş
Ştatlarında Azərbaycan
adında bir məmləkətin mövcud
olduğunu çox az adam bilirdi.
Bu səbəbdən dükanda
hazır Azərbaycan bayrağı yox idi. Sifariş vermək lazımdı. Fəqət, vaxt da çox dar idi. Dükan sahibinə dərdimi anlatdım, məsələni
qavradıqdan sonra onu iki günə
hazırlayacağına söz
verdi. Üçüncü
gün bayrağı alıb, oradan da toplantı yerinə getdim. Yığıncaqda
məndən başqa
10-12 azərbaycanlı mühacir
vardı. Beləliklə,
toplantının rəyasət
heyətində müxtəlif
xalqların milli bayraqları
ilə yanaşı bizim milli bayrağımız
da asılmışdı".
Musazadə tikdirdiyi bu bayrağı 33 il ərzində
Azərbaycanla bağlı
müxtəlif yığıncaqlarda
ucaldıb, nəhayət,
Azərbaycan Xalq Cəbhəsinə hədiyyə
edib.
Ramiz Abutalıbova məktub
Qeyd edək ki, R.Abutalıbovun şəxsi fondunda Məcid Musazadə ilə yanaşı, Qədir Süleyman, Əli Həsənzadə kimi şəxslərə aid də materiallar mövcuddur. Ramiz bəyin bir müsahibəsində verdiyi məlumata görə, Musazadə 1942-ci ildə əsir düşüb, Fuad Əmircandan sonra "Azərbaycan" qəzetinə redaktor təyin olunub. Çünki Azərbaycan Cümhuriyyətinin maliyyə nazirinin oğlu olan F. Əmircan Türkiyədə yetişdiyi üçün Azərbaycan türkcəsində yaxşı bilmirdi, qəzeti Türkiyə türkcəsində nəşr edirdi. Bu isə legiondakı yeni nəsil azərbaycanlılar tərəfindən anlaşılmırdı. Ona görə də tarixçi olduğu üçün bu vəzifəyə Məcid bəy təyin edilib. Müharibənin getdiyi dövrdə baş tutan Azərbaycan Milli Qurultayında Musazadə də iştirak edib. Müharibədən sonra Amerikaya gedib, orada qədərdaşı Ənvər Sultanzadə ilə birlikdə "Amerika-Azərbaycan Cəmiyyəti"ni yaradıb. Ramiz Abutalıbovla Musazadəni Qədir Süleyman tanış edib. Sonuncu dəfə onlar Türkiyənin Kayseri şəhərində keçirilən 1-ci Millətlərarası Azərbaycan Konqresində görüşüblər. Məcid bəy 15 iyun 1990-cı ildə Münhendən Ramiz Abutalıbova göndərdiyi məktubunda bu konqresdəki xoşuna gəlməyən bəzi təəssüratlarını bölüşüb: "... Mənə elə gəlir ki, 1942-ci ildən bəri ziyalılarımız əməlli-başlı "ruslaşmışdır". Bir gün (siz Kayseridən getdikdən sonra) avtobusla şəhərə gedərkən bir dəstə nümayəndə - qadınlı-kişili bütün yolboyu aralarında rusca danışdılar. Axı bunun heç yeri deyildi".
O, məktubunda həmin tədbirdə iştirak edən mərhum akademik, cəbhə yoldaşı sayılan Ziya Bünyadovun sinəsində bürünc ulduzla iştirak etməsini də qınayıb.
Məcid Musazadənin həyatı və irsi ilə bağlı həm silahdaşları, həm ailə üzvləri, həm də tədqiqatçılar bir sıra yazılar qələmə alıblar. Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli onun vəfatı münasibətilə geniş bir məqalə yazıb, Abbas Zamanov, Maarif Teymur kimi görkəmli alimlərimiz onunla bağlı mətbuatda çıxış ediblər.
Düşünürük ki, onun bütün yazıları, çıxışları bir kitabda toplanılmalıdır və hazırda bu iş üzərində çalışırıq.
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti.-
2025.- 17 yanvar, №2.- S.29.