Ana dilim
Dilim laylay, dilim ağı,
bayatı,
Dilim muğam, dilim "Segah", "Heyratı",
Dilim ustad - nəzmə çəkər həyatı,
Ahəstə-ahəstə qandırar səni.
Dilim tarix, dilim yaddaş,
dilim yad,
Dilim kökdür, dilim soydu, dilim ad,
Dilim atəş, dilim alov, dilim od,
Kəc baxma dilimə, yandırar səni.
Dözdü, əyilmədi dillər
içində,
Əsrlərə şahid illər
içində,
Gizlənib, mənalar, sirlər
içində,
Salar tilsiminə, sındırar
səni.
Demə
dilim tükənəndi,
bitəndi,
Mənim
dilim dünyamız ilə təndi,
Vətən dilim, dilim elə vətəndi,
Çox
ucadan getmə, endirər səni.
Dağlar
sevər dumanını,
selini,
Sev obanı, sev yurdunu, elini,
Mikayıl, vəsf eylə
ana dilini,
Öz dilin hörmətə mindirər səni.
Sözlə zarafat eyləmə
Zamanını, yerini seç,
Sözlə zarafat eyləmə.
Uyğun
gələn birini seç,
Sözlə zarafat eyləmə.
Yersizliyə etmə meyil,
Nə sın sözlə, nə də əyil.
Dildən
çıxdı sənin
deyil,
Sözlə zarafat eyləmə.
Söz haradan hara çəkər,
Dostluq üstdən qara çəkər.
Söz adamı dara çəkər,
Sözlə zarafat eyləmə.
Söz duadır, söz alqışdır,
Söz nifrətdir, söz qarğışdır,
Bahardır, payızdır, qışdır,
Sözlə zarafat eyləmə.
Duyan qəlbin, görən gözün,
Bozal, sən arifsən özün,
Boynuna ip salma sözün,
Sözlə zarafat eyləmə.
Şuşam, gəlmişəm
Həsrətin gül açıb
bağrım başında,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Gözlərim yuyunur sevinc yaşında,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Şəhid tabutları döyən
qapıyam,
Üçrəngli bayrağı
"geyən" qapıyam,
"Qoy vətən sağ olsun!", deyən qapıyam,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Qartaltək zirvəndən baxım
- görüşək!
Bu ağır həsrəti yıxım - görüşək!
Gəl səni köksümə sıxım - görüşək!
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Bu şirin görüşün
adı başqadır,
Ləzzəti başqadır, dadı
başqadır.
Yanğısı başqadır, odu
başqadır,
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Bu sevinc çətin ki, azala, senə,
Könlüm çırpınır ki, fəxrlə dinə.
Daha sən azadsan!
Şükür, bu günə.
Gen aç qollarını, Şuşam, gəlmişəm.
Dönənim
Bir quzu qırpımı biçənək idin,
Çəmənə, çiçəyə,
gülə dönənim.
Dövrəmdə fırlanan kəpənək
idin,
Həsrəti aylara, ilə dönənim.
Yaman diksinərdin biqafıl səsdən,
Dodaq götürməzdin dodağın
üstdən,
Lal-dinməz keçərdin yanımdan qəsdən,
Şirin
nəğmə deyən
dilə dönənim.
Nə amana baxdın, nə də ki, aha,
Tanrı,
özün yazma bunu günaha,
Yadına
düşməyir Mikayıl
daha,
Demirsən, hardadır külə
dönənim...
Sən mənə tanış
gəlirsən
Salam, tənha dolaşan ruh,
Od tutan ruh, alışan
ruh,
Ay pəjmürdə, pərişan
ruh,
Sən mənə tanış gəlirsən.
Salam, sahibsiz göz yaşı,
Can yanğısı, dərd
sirdaşı,
Ay bağrımın qara daşı,
Sən mənə tanış gəlirsən.
Gözü yolda qalan ana,
Yola layla çalan ana,
Canıma
od salan ana,
Sən mənə tanış gəlirsən.
Yaxşılığı ayıb sayan,
İnsanlıqdan cana doyan,
Dayan, ay gedən, bir dayan,
Sən mənə tanış gəlirsən.
Günahlar var, qucaq-qucaq,
Kim oxuyub, kim baxacaq?
Cəhənnəmdə yanan ocaq,
Sən mənə tanış gəlirsən.
Ürək adamlar
Şərə düşmənsiniz, xeyrə yarsınız,
Yıxılan evlərə dirək
adamlar.
Yaxşı ki, dünyada hələ
varsınız,
Hər
zaman, hər yerdə gərək adamlar.
Qaranlıq komaya işıqlı
baca,
Son ümid yeridir hər an möhtaca,
Əl tutar kasıba, əl tutar aca,
Bərəkət adamlar, çörək
adamlar.
Saflardan
safsınız, sulardan
duru,
Günəşin atəşi, istisi,
nuru,
Dostların ərk yeri, fəxri, qüruru,
Ay başdan ayağa ürək adamlar.
***
Dünyaya gələndə gözündə
yaşı,
Ölüm saatına qurulur
adam.
Daşlardan daşlara dəydikcə
başı,
Çökür öz dibinə,
durulur adam.
Elə səhra keçir, dağlar aşır ki,
Elə sevinir ki, elə çaşır ki...
Elə şirinləşir, doğmalaşır
ki,
Dərdə, kədərə də
vurulur adam.
Mikayıl, ömür-gün bir
növ adətdir,
Nə şumu bəllidir, nə şərti şərtdir...
Daim adam olmaq - o da bir dərddir,
Adam olmaqdan da yorulur adam.
Adam
Adam, qürrələnib sinənə
döymə,
Açılan hər səhər
yeni səsdir, səs.
Çox
da ətrafınla özünü
öymə,
Üzünə ağ olar dost dediyin kəs.
Tamahı
güc gəlib yenənləri gör,
Tutduğu düz yoldan dönənləri gör,
Namərd
ayağına enənləri
gör,
Öyrən bu həyatı,
həyat dərsdir, dərs.
Böyük-kiçik gözlə, həddini aşma,
Bir az ədəbli ol, çalış ki, çaşma,
Hərəyə bir cürə şunquruq qoşma,
Şərəf gətirməyən həvəsdir,
həvəs.
Nəfsinə təp, deyib doymağı öyrən,
El-oba sayanı saymağı öyrən,
Dilini boğaza qoymağı öyrən,
İçində qaralan nəfəsdir,
nəfəs.
Bozal dünya görmüş adil hocadır,
Nə huşu azalıb, nə də qocadır,
Dövləti sözüdür - sözlə
ucadır,
Sözü sevənlərə bəs
eyləyər, bəs...
***
Döysə də yağış,
qar, əssə də külək,
Susar məğrur-məğrur qaya
adamlar.
Yolundan döndərməz min hiylə,
kələk,
Seçilər ağlıyla saya
adamlar.
Bilər
dəyərini zəhmətin,
tərin,
Qatı
düşmənidir, zülmətin,
şərin.
Ərlik
- peşəsidir ər
oğlu ərin,
Kökü, soyu bilməz paya adamlar.
Bilər
hər söhbətin,
sözün yerini,
Halalın yerini, düzün
yerini,
Boş tərif eyləməz əsla birini
Namus, qeyrət, abır, həya adamlar.
Sözü, söhbətiylə məclislər bəzər,
Alnıaçıq gəzər, üzüağ gəzər.
Dözər hər ağrıya,
acıya dözər,
Yağına şor qatmaz
maya adamlar.
***
Haray, dəlilərim, haray,
Bu gün yenə saz günüdür.
Könülləri abad edən
Şirin
bir avaz günüdür.
Meydan sula, qara sazım,
Bu meydanda itim, azım,
Havalanım, göydə süzüm,
Könlümün pərvaz günüdür.
Dostlarım səf-səf düzülsün,
Badələrə mey süzülsün,
Ruhum bədəndən üzülsün,
Dərd-sərimin az günüdür.
Kim simi saza bağladı,
Kim kövrəltdi, saz ağladı?
Ürəyim coşdu, çağladı,
Taledən muraz günüdür.
Yetişməsən, dost, incimə,
Nə hacət daha him-cimə,
Vaxt itirməynən seçimə,
Nə minnət, nə naz günüdür.
Bu gün yenə saz günüdür.
"Dilqəmi" dinlədim
elə indicə
Hanı
dəli ozan, girə meydana,
Basa sinəsinə, çala könlümü.
Son bahar ömrümün halını ana,
Alova, atəşə sala könlümü.
Ənlikli, kirşanlı yüz
mələk gələ,
Ovsunçu, cadugər yüz
kələk gələ,
Yeriyə
üstümə, lap fələk
gələ,
Sazsız
ala bilməz qala könlümü.
Bozalam, vermərəm ömrümü
boşa,
Təslim
eyləmərəm ruhumu
yaşa.
Mizrab tellər ilə verə baş-başa,
"Dilqəmi" üstündə
ala könlümü.
Qalıb hələ
Səngiyən ocağam, amma sönməmiş,
Külümün altında köz
qalıb hələ.
Təbim
öz yerində, üzü dönməmiş,
Neçə deyilməmiş söz
qalıb hələ.
Səyyahın könlünü gəzməkdi
alan,
Gəzməsə, görməsə - varlığı
yalan.
Yoluma baxmaqdan gözü dörd olan,
Neçə dərə qalıb,
düz qalıb hələ.
Dupduru ruhumdur eşqə bələnən,
Yaş deyil, sevgimdir gözdən ələnən.
Dostları görəndə nur
səpələnən,
Mehriban, gülərüz üz qalıb hələ.
Mikayıl Bozalam, uğurum
xeyir,
Hər gələn yeni gün, yeni
bir şeir.
"Ay
baba, ay baba", nəvələr deyir:
"Yetmiş, səksən nədir, yüz qalıb hələ".
Öyrətdi
Xeyir - hərdən şərə
qatdi, söz dedi,
Xeyrə-şərə qarışmağı
öyrətdi.
Dərd
içimdə ocaq çatdı, döz, dedi,
Dərdə-qəmə alışmağı
öyrətdi.
Naşı duymaz hər pərdəni, hər simi,
Ölüm ömrün davamımı,
tərsimi?
Başdaşları yaxşı verdi dərsimi,
Ölənlərlə danışmağı
öyrətdi.
Nə şitətdi, nə də elə üz verdi,
Nə verdisə, həyat mənə düz verdi.
Ağıl verdi, kamal verdi, göz verdi,
Taleyimlə barışmağı öyrətdi.
A başdaşı
Xoş halına, a başdaşı,
Baş üstündə baş olubsan.
Çıxıb gedib qardaş, bacı,
Sən qalıb qardaş olubsan.
Görülməzi görməz idi,
Dərilməzi dərməz idi,
Bu adam sirr verməz
idi,
Sirrinə sirdaş olubsan.
Telə bax
qaşın üstündə,
Üşüyür daşın üstündə.
İndicə başın üstündə,
Kim ağlayıb, yaş olubsan?
Bir ürəkdə
iki canı
Bozaltək gəzdirən hanı?
Qarşında görüb Elmanı,
Nə yaman çaş-baş olubsan?
Mikayıl BOZAL
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.28.