Qorxulu həqiqətlər
Hərdən yuxu janrında yazan tənqidçi və esseistlər ədəbiyyatımızın tarixini ələk-vələk
edərək qəribə
(əslində ciddi - !) suallar verirlər.
Dünya ədəbiyyatı
və incəsənətində,
ümumən mədəni
fikirdə belə bir ayrıntı var ki, dünyada yalnız öyrəniləsi dühalar
bizdən nə qədər uzaqlaşsalar
da, onlardan öyrənmək
zərurəti heç
zaman arxa plana keçmir.
Öyrənə bilsən,
udarsan, yazıların,
düşüncələrin xüsusi çəkisində,
yaddaşının ən
önəmli yerində
həmişə, bəlkə
durğun və qüssəli vaxtında sənə nəfəs almağı öyrədən
bir-iki kəlmə qalmış olar.
Çexovun hekayələrində elə məqamlar, yaxud bu kimi
məqamların elə
ardıcıllığı - silsiləsi var ki, əvvəllər
dediyimiz kimi, süjet anidən "gözdən qaçır",
yəni sən bir anda elə
indicə "eşitdiyin"
çox kədərli
mənzərənin təsiri
altına düşürsən.
Ən yaxşı süjet transformasiyasında
reallıq hadisələrlə
bağlı deyil, onsuz bütün bədii mətnlərdə
reallıq əslində
"olmayanlardır", yazıçı,
yaxud şair bu olmayanlara can verir (Mirzə Ələkbər Sabir hadisəsi
- !), içində doğan gerçəkliyi
hər şeyin fövqündə təsvir
etməyə çalışır.
Çexovun bir
neçə ən yaxşı hekayəsində
təhkiyənin hansı
məqamındasa, "ekranda"
nəyisə görmüş
kimi olursan, bundan sonra hər
şey o görüntünün
təsiri altında qalır, beləliklə, vizuallıq effekti beynində, şüurunda
elə şırımlar
açır ki, bunların
sayəsində insanın
daxili dünyasının,
xarakter və xasiyyətinin onun özünə də açılmayan sirrinə
bələd olursan.
"Qara rahib",
"At familiyası" və
sair hekayələrdə,
gənc yaşlarında
qələmə aldığı
"Çöl" povestində
bu dediyimiz mənzərələr bütün
duyumlu oxucuların haçansa görüb şahidi olduğu nəsnələrdir.
Mirzə
Cəlilin hekayələrində
ironiya güzgüləri,
bizim baxdığımız,
üst-başımıza nizam verdiyimiz güzgünü
çatladan nəsnələrdir.
Hər şey onun qələmə aldığı əhvalatlarla
yox, içində qətrə-qətrə doğan
ironiya şırnağı
ilə bağlıdır
(bununsa mənbəyini
harda axtarırsan-axtar,
yenə cavab təxmini olacaq...). Bu hadisələrin və hekayələrin yaranma,
"boy göstərmə" metodunu bilmədən Mirzəcəlilşünas olmaq
mümkün deyildir. Yaxud bütün bunları bilmədən hekayə yazmaq xam xəyaldır.
Bədii
ədəbiyyatda ənənə
əslində nə deməkdir? Kimisə yamsılamaqmı? Ondan, yaxud onlarla müəllifin
yazdıqlarından dərs
götürməkmi? Dərs
almaq öz yerində, amma "Molla Nəsrəddin"in
özü əsrlər
boyunca bədii təfəkkür saxlancına
yığılan nüansların
yenidən doğuluşu,
əks (bəlkə də onu təkzib
edən - !) nəsnələrlə birləşib,
onlarla qovuşaraq yeni
tendensiya yaratmasıdır.
Bu mənada, yenilik, novatorluq həmişə gələcəkdən çox,
keçmişə dönüşdür,
keçmişdə gözdən
qaçan, qələmə
alınması mümkün
olmayan olayları
"oğurlamaqdır". Bunun ən dərin analizini M.F.Axundzadənin
"Aldanmış kəvakib"
nəsr mətnində
tapmaq mümkündür. Axundzadə təsadüfi demirdi bu sözləri: "roman
da dram fənninin bir növüdür..."
İndi
"dram fənnində roman" yazılırmı?
Bu barədə gələn dəfə danışacağıq.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.27.