Xalq ruhunun təzahürü
"Füzuli
şeiri - bütün zamanların sehri" silsiləsindən
Mənsub
olduğu xalqı həmişə üstün tutmağa
çalışan, şirin ana dilinin şəhdi-şirəsində,
əski şəcərəsində xarüqələr yaradan
Məhəmməd Füzuli dövrün aparıcı ərəb-fars
dillərilə müqayisədə Azərbaycan türkcəsində
işlənən söz ehtiyatının məhdudluğunu,
azlığını qətiyyən qəbul etmir və ən
sərt şəkildə belə cılız
düşüncə sahiblərinin cavabını verir, ittiham
edir. Göründüyündən daha artıq şairin
"yaddaş lüğət tərkibi" zəngindir. Onda
daimi hər sözün 3-4, bəzən 5-6 alternativi var və
o, çətinlik çəkmədən bu ehtiyat fonddan
barlanır, fikrini tammalamaq üçün təzədən
söz axtarışına çıxmır. Daha doğrusu,
"ceyran belinə çıxmış söz"ün
övu Füzulini heç maraqlandırmır.
Ol səbəbdən
farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik
türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki
qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən
əlfazı namərbutü, nahəmvar olur.
Məndə
tövfiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar
olğac tikəndən bərgi-gül izhar olur.
(Rəməl
bəhri, II növ, I variant)
Bu qitədə
Füzuli daha bir pünhan sirrini bəyan edir, faş edir,
doğma ana dilinə məhəbbətinin izharını
çəkinmədən sətirbəsətir bildirir. Kəsəsi,
yəni nə olsun ki, qoca Şərqdə fars dili musiqi-poeziya
dili imicini qazanıb, bu yöndə formalaşıb. Və ya ərəb
dili müqəddəs Quranın, sevgili Peyğəmbərimiz
Həzrəti-Məhəmmədin (ə.s) dilidir. Guya zərif
şeir nümunəsi yalnız türkcə yazmaq çətindir.
Hər kəs bu dilin imkanları daxilindı yazıb-yaratsa,
heç bir istəyinə nail olmayacaq, əksər ortaya
qoyduğu misra və beytlərin kələ-kötürlüyü
könül küsdürəcək, rəvanlığı,
dürüstlüyü ruhlarını oxşamayacaq.
Füzuli
özünəinamla, əminliklə döşünə
döyür: "Məndə tövfiq olsa" - yəni,
İlahi güc-qüdrət varsa, bu ramedilməz çətinliyi
asanlaşdıraram. Bəs necə asanlaşdırmaq istəyir
Füzuli bu çətinliyi? Hansı ifadə forması ilə
ki, nəzm ustadlarına bu yol bəlli deyil? Şübhəsiz,
istedadı və zəkası hesabına, tükənməz
idrakı sayəsində. (Novbahar olğac tikəndən bərgi-gül
izhar olur). Şair istər-istəməz bədii təsvir
vasitələrinə müraciət eləməklə
göstərir ki, mən təcrübəsiz, cavan
saydığınız doğma türkcəmdə sözə
elə rəng qataram, duyğu-düşüncə qəlibində
elə naxış, bər-bəzək vuraram, hamı heyran
qalar - hünərim bu çətinliyi ram edər, aradan
qaldırar. Necə fəsil dəyişəndə ilk bahar təşrif
gətirəndə ən ətirli gül-çiçək
rəngbərəng bərq vurur, mənim də incə, poetik
detallarım, misra və beytlərim bətnində
işıldayacaq, ulduz-ulduz fəsli yaraşığa mindirəcək...
Füzulinin
xas şeirə münasibətdə özünəməxsus
bir qınağı və sınağı da var. Vay o günə,
kimsə bu giley-güzarı və imtahanı anlamaya, qulaq
ardına vura, həmin şəxsin qınaq hədəfinə
çevrilməsi labüddür. O, nəzmdə
özünü kamil insan hesab edən, əslində
zövqü olmayan, aşağı səviyyəli meydangirləri,
özündənrazı bixəbərləri, dayazları
ittiham edir. Yaxasından tutub əl çəkmir. Xudbinliyi,
xudpəsəndliyi, kobudluğu sevmir Füzuli və bu kimi
naqis cəhətlər poeziyasına və xarakterinə
yaddır. Qafası boş olan, ağlı azlar, talantı kəmlər
durub, yekə-yekə el arasında sözdən dəm vuranda,
od tutmuş Füzuli dözmür, hövsələsini basa
bilmir, nadana təpinir, cahilin başından basır:
Şeir
zövqündən olmayan agah,
Əhli-nəzmi
məzəmmət eyləməsin!
Kəndi
cəhlinə etiraf etsin,
Hər kəramətə
sehr söyləməsin.
(Xəfif,
XII variant)
Qitədən
göründüyü kimi, bəsitliyi qəbul etmir Məhəmməd
Füzuli, tövsiyyəsi yaxşı zövq yiyəsinə
malik olmağı təlqin eləmək, bu səmtdə
öndə durmağı təvazökarcasına bildirməkdir.
"Xəlqə ağzın sirrini hərdəm qılar izhar
söz" anlamı sözə bəslənən ən uca
ehtiramdır. Dil - ən yüksək milli-mənəvi
varlıqdır və söz-söz, ifadə-ifadə
arıtlanır, cümlədə, misra daxilində pərvəriş
tapır, mənalanır, dincini alır. "Oyadar xəlqi əfqanım,
qara bəxtim oyanmazmı?" nidası hara və kimə
ünvanlanıb? Bəs onda "Məcnun deyib, tən eyləyir
xəlayiq" qınağı. Bəli, Füzuli kimlərisə,
el tənəsi ilə qorxudur, şəxsən özü də
bu qınaqdan çəkinir, Allah xofu köməyinə
çatır. Bu
Cismimi
yandırma, rəhm et yaşıma, ey bağrı daş!
Ehtiyat et,
yanmasın ta ki quru odunda yaş.
(Rəməl,
II növ, I variant)
- qənaətində
bulunur. Bəlkə də qəzəlin qızıl beytidir. Bu
misrlar həm də o anlamı ifadə edir ki, Füzuli nə
təkə-türkmandır, nə də digər türk
elatlarından. O, xalis Azərbaycan türküdür,
babası həqiqətən Boyat tayfasındandır (Vətənimizdəki
Boyat və ya qismən adları təhrifə məruz
qalmış başqa 7-8 kəndi yada salaq) və Azərbaycandan
indiki İraq ərazisinə köçüb. Orta əsrlərdə
xəritəmizin xeyli genişliyini xatırlasaq, vətənin
bir guşəsindən digər guşəsinə
köçmənin mümkünlüyünə şübhə
yeri qalmır. Yəni, zəmanə üçün adi hal
idi, kim harda istəyirdi, orda gedib yaşayırdı.
Beyt
başdan-ayağa sadə söz birləşmələrindən
ibarətdir: "cismimi yandırma" tələbi, "rəhm
et yaşıma" yalvar-yaxarı, "ey bağrı
daş" müraciəti, "ehtiyat et, yanmasın ta"
yalvar-xahiş minnəti, "ki" bağlayıcısı,
"qurunun odunda yaşın yanması" zərb-məsəli.
Füzuli forma xatirinə sözləri yan-yana düzməyib,
yana-yana onlara qol-qanad verib. Diqqət kəsiləndə
görürsən, hamısı hərəkətdədir,
ayrıca bir cazibə yükü altındadır. Füzulinin
işlətdiyi misradaxili sözlər qətiyyən
maneçilik törətmir, biri digərinə yol
açır, dayaq funksiyasını yerinə yetirir.
Çünki kəlmələr bir-birinə çiyin verə-verə
hikmət yükünün daşıyıcısına
çevrilir.
Aşiq məşuquna
yalvarır ki, ay vəfasız, cismimi şam kimi
yandırıb əritmə (hicran odunda, cəhənnəm əzabında),
yaşımın çoxluğuna (və ya
azlığına) rəhm qıl, bağrını daşa
döndərmə. Yoxsa birdən ehtiyatsızlığa yol
verərsən, qurunun odunda yaş da yanar. Cinas yaş kəlmələri
barədə. Yaş - nəmişlik, göz yaşı mənasında.
Yaş - insan sinni, yaşının neçəliyi mənasında.
Füzulinin yaratdığı cinas qafiyələr, mətndaxilidir,
sözlər gəraylıda, təcnisdə, qoşmada
olduğu kimi misraların sonunda deyil, ortasında təmas
qurub. Şeirə bu cür yeni, modern münasibət ancaq Məhəmməd
Füzuliyə məxsusdur. Ikincisi, o, beş yüz il öncə
türkdilli xalqlardan yalnız Azərbaycanlıların indi də
dillərində qoruyub saxladığı "qurunun oduna
yaş da yandı" məsəlini qəzəlində
işlətməyə müvəffəq olmuş, bununla nə
qədər folklora, şifahi xalq ədəbiyyatına
yaxınlığını, birbaşa
bağlılığını təsdiqləmişdir.
Bağrıdaş, ehtiyat et və s. sözlər də həmin
bulağın gözündən su içmişdir.
Deyilsən
çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm
olsa qəddin, səndən artıqdır mənim
yaşım.
(Həzər,
I növ, I variant)
Füzulinin
ən ləngərli, hər sözü batman gələn
yığcam qəzəllərindən biridir. Azərbaycan
dilində çarxın çönməsin fələk, qələmin
sınsın və s. kimi qarğışlar mövcuddur, necə
deyərlər, Adəm oğlunun həyatda bəxti gətirmədi,
işi pozuldu, başlayır qarğışa, ah-naləyə.
Ən çox günahkar qismində fələk
suçlanır. Şair isə "ey grdun" (ey fələk)
çağrışı ilə fələyi yaşla
bağlı mədəni surətdə mübahisəyə dəvət
edir, ondan nə incikdir, nə küskün. Özü də
aralarındakı dialoqda haqlıdır. "Deyilsən
çoxdan, ey gərdun, cahan seyrində yoldaşım" - yəni,
mənim yaşım sənin yaşından çoxdur, səndən
böyüyəm, nə olsun ki, belin ikiqat, donqar olub, qəddin-qamətin
əyilib. Rəbbin məsləhətilə mən səndən
əvvəl yaranmışam. Daha konkret və dəqiq
mühakimə yürütsək, insanlığın
yaşı və təcrübəsi fələklərin
yaşından və təcrübəsindən
artıqdır.
Tarazıyi-əyari-möhnətəm
bazari-eşq içrə,
Gözüm
hər dəm dolub, min daşa hər saət dəyər
başım.
"Eşq
bazarında möhnət əyarlı tərəziyəm"
fəlsəfəsi ruhi qabarmanın ən yüksək
sarsıntısıdır, bu bədbin dəmimdə
gözüm tez-tez dolur, hər saat başım
daşdan-daşa dəyir. Tərəzinin də
insansayağı iki gözü var, təəssüf, bu
gözlər dərd-bəla, möhnət yükü çəkmək
üçündür. Eşq bazasında gedən alverə
bax, İlahi! Pərsəngin pozulmaması naminə çəki
daşları mütəmadi dəyişir. Tərəzinin
gözləri gah dolub-boşalır, gah da başı
daşdan-daşa dəyir. Və beləliklə, cansız məişət
əşyası insanlaşır. Çünki gerçəkdən
tərəzinin gözləri çəki daşları ilə
dolur, guya əşya "ağlamaq" dərəcəsinə
çatır. Başın daşdan-daşa dəyməsi kimi
el deyim tərzi metaforik düşüncənin təsirini
gücləndirir, məzmuna təravət qatır. Budur,
Füzuli beytinin alt qatlarından birinin müxtəsər
izahı, xalq ruhunun təzahür forması.
Üçüncü
beyt obrazın halının təsvirilə başlanır.
Gözlərindən axan yaş al qırmızı rəngə
boyanıb, bağrının başı paralanıb... Hər
kəsə məlumdur ki, dağda yazın-baharın
ortasında, istilər torpağı qızdıranda,
pünhan lalə mövsümü başlanır. Bəla
dağında isə bu təbiət hadisəsi bütün fəsilləri
- o cümlədən, sərt sazaqlı-şaxtalı
qışı, payızı, yayı belə əhatə
edir. ("Dağlardır sinəmdə qarası
qopmamış" misrası yenə qidasını xalq təfəkküründən
alır, söyləsək, yanılmarıq. Axı, dilimizdə
"sinəmə dağlar çəkilib" birləşməsi
həmişə hallanıb. Ustad aşıq Ələsgərin
"çəkildi sinəmə bu dağlar mənim" məşhur
misrası da yükünü bu bəlli mənbədən
götürüb).
Sirişkim
al, bağrım parə, bir kuhi-bəlayəm kim,
Həmişə
laləvü ləl ilə rəngindir içim,
dığım.
Qədim əyyamlarda
dəli olmuş, divanə həyata alışmış
şəxslərə dağ basmaq adəti varmış və
xəstə tədricən təsirindən
sağalırmış. Eyni zamanda yazılan və oxunan
duaları Allah-Təala hasilə
çatdırırmış. Mərasimə qatılmayan
divanə cəzalanırmış, əbədi nəqqaş
haqqında dua yazarkən, rəsmini çəkərkən qələm
sınıb ikiyə bölünürmüş. Qəzəlin
dördüncü beyti əbəs yerə "Mənə manənd
(bənzər) bir divanə surət bağlamaz, guya. Qələm
sındırdı təsvirim çəkəndən sonra nəqqaşım"
fikriylə tamamlanmır. "Qaradan tünd rəng yoxdur"
inamı şeirin kulminasiya nöqtəsidir.
Füzuli,
xazini-gənci-vəfayam, ol səbəbdəndir,
Gühərlər
tökdü israf ilə bu çeşmi-gühərpaşım.
Açması
qısaca: Füzuli, vəfa-etibar xəzinədarıdır, o
(oyaq ol, kiyə kim, deyirlərə der, dünənənə
dün müraciətləri klassik poeziyamızın
xüsusiyyətlərindən doğur) səbəbə
görə, gözlərim sel kimi göz yaşlarını
axıtdı (gövhər, inci qiymətli bəzək zinət
əşyaları) tökdü, böyük
israfçılığa yol verdi, xəzinə tükəndi,
şair şəxsi kədərini ictimai kədərə səriştəylə
çevirməyi bacarıb. Bunun əks-sədası
çağdaş poeziyamızda eşidilməkdədir. Yeri gəlmişkən,
təhlil etmək istədiyimiz beytin birinci misrası (deyilsən
çoxdan, ey gərdun, cahan seyrində yoldaşım),
Əli Kərimin "Dünya səni qocaltdı
yaşıdın olsun deyə" (şeir Füzuliyə həsr
olunub) misrasını yada almırmı? Eləcə də
qırx il əvvəl qələmə aldığım
(qeyri təvazökarlıq kimi çıxmasın, üzr istəyirəm)
Gözümdən
o qədər axar göz yaşı,
Axırda
gözlərim əliboş qalar
- beyti bu
xırdalamağa çalışdığımız qəzəlin
son misralarının təsirini xatırlamırmı?
İmamların
qanı töküldüyü müqəddəs Kərbəla
torpağını, eləcə Nəcəfi, Bağdadı vətən
seçən Məhəmməd Füzuli (Mövlanə
Bağdadi) İslam peyğəmbərinin şərəfinə
mərsiyələr yazsa da, "Hədiqətüs süəda"nı
("Xoşbəxtlər bağçası" mütəfəkkir
şairin ilk bədii nəsr əsəridir) ərsəyə
gətirsə də, "Su" qəsidəsi kimi möhtəşəm
abidəni ucaltsa da, ilkin yerini-yurdunu unutmamış, haray-həşiri,
sədası göyə bülənd olmuşdur. İndi nəzər
yetirdiyimiz qəzəlin ayrı-ayrılıqda bir neçə
beytini oxuyaq. Sezdiyimiz vətən həsrətli Füzulinin
ürək dağlayan misralarından hansısa faciəvi aqibətin
izləri görünməkdədir.
Kərəm
qıl, kəsmə saqi, iltifatın binəvalardan,
Əlindən
gəldiyi xeyri dirig etmə gədalardan.
Əsiri-qürbətiz,
bir səndən özgə aşinamız yox,
Ayağın
kəsmə başınçün bizim möhnətsəralardan.
Səba,
küyində dildarım nədir üftadələr, halı?
Bizim yerdən
gəlirsən, bir xəbər ver aşinalardan.
(Həzəc,
I növ, I variant)
Əlbəttə,
bəşəri duyğuları ehtiva edən Məhəmməd
Füzuli lirikası başqa, hər cür giley-güzar, qeybət
bambaşqa. Şeirdə işarənin əlamətlərinə
baxın; "əsiri-qürbətiz". Hansı
könüllü əsarətdir müdrik şairi incidən,
tərpədən? Səbaya niyə üz tutur, torpağı
uğrunda özünü həlak etmiş, yolunda
yıxılmış kəsin, halı necədir? "Bizm
yerdən gəlirsən, bir xəbər ver" - təəccübü
oxucunu çaşdırmırmı? Füzuli "bizim
yer" dedikdə qədim, Şirvanmı, yoxsa Qarabağ
elatınımın həsrətini çəkir? Ümidini hər
yerdən üzən Mövlanə səhər yelini
çağırır, ona bel bağlayır, doğru xəbər
umur.
Yaradıcılığında
zərb məsəllərin, xalq ifadə və ibarələrin,
idiomatik sözlərin zənginliyi baxımından heç
bir klassik şair Məhəmməd Füzuli ilə müqayisə
oluna bilməz.
Mərhəm
qoyub onarma sinəmdə qanlı dağı,
Söndürmə
öz əlinlə yandırdığın
çırağı.
(Müzare, II növ, II variant)
Beytdəki
"mərhəm" ifadəsi bəlkə də orijinalda
"məlhəm"dir, bununla işim yoxdur. Dərhal diqqət
şəkən söz ilk misrada qədim türkcəyə məxsus
"onarma"dır. Mahmud Kaçqarlının "Divani
lüğəti-it türk" kitabının məxsusi
seçmə özəl siyahısında yer alan
"onarma" indiki "sağaltma" kəlməsinin
eynidir, bu tərtibatda əhəmiyyət daşıyır.
Ikincisi, maraq doğuran misra "söndürmə öz əlinlə
yandırdığın çırağı"
misrasıdır. Bu gün Azərbaycanın müxtəlif
bölgə və kəndlərində naşı işin
qulpundan yapışan, özünə, ailəsinə ziyan
vuran şəxslər haqda, öz əlinlə öz
çırağını söndürdü" zərb məsəli
çəkilir.
Qəzəlin
ikinci beyti heç birincidən
geri qalmır. Füzulinin bu misralarında poetik kəşflər
kifayət qədərdir. Deyir könlüm bir dəliyə
uyub, qaşının əyriliyinu göydə bərq vuran
ayın növü hesab edir. Daha sonra xeyli təəssüf
hissiylə təəccübünü gizlətmir: "nə
etibar ona kim, seçməz qaradan ağı". Azərbaycanda
əgər bir görülmüş işin sərraf kimi qiymətini
verməsən, onu tələm-tələsik, xala xətrin
qalmasın icra etsən dalınca deyərlər: filankəs
ağı qaradan seçə bilmədi. Görürsünüz, şair
xalq dilinin hansı dərin qatlarının
soraqçısıdır?
El ifadəsi:
min canım olsaydı, hamısını sənə qurban edərdim.
Bu mətləbin mahiyyəti Füzuli qəzəllərinin
birində bu şəkildə ifadə formasını
tapıb - min can olaydı kaş mən - dilişikəstədə.
Ta hər birilə bir gəz (uzunluq ölçü vahidi)
olaydım fəda sənə". Bəzən şeirə elə
aludə olursan, ən çətin tərkib,
qarmaqarışıq xaos yaddan çıxır, beyində və
ürəkdə yalnız poeziyanın şirəsi qalır.
Onda isə nə doğma sözlərin axtarışına
çıxırsan, nə də yabançı ərəb-fars
kəlmələrinin ahənginə aldanırsan. Füzuli
şerinin İlahi qüdrəti sənin yaxandan
yapışır, səni qeyri-adi gözəlliyin mənbəyinə
dartır. Elə bil təşnə qəlbin abi-kövsər
içir. Məsələn:
Ey mələksima
ki, səndən özgə heyrandır sənə,
Həq
bilir, insan deməz, hər kim ki, insandır, sənə.
(Rəməl,
II növ, II variant)
Bəli,
bir mələk simalıya, mələk üzlüyə
vurulmaq olar. Aşiqlərin işidir bu. Ancaq onun özündən
başqa hamının mələk üzlüyə
heyranlığını təkcə Füzuli görür. El
arasında gözəl, yaraşıqlı biri barədə
adətən deyərlər: hayıf ondan, öz qədrini
bilmir. Həq (haqq Allahın adıdır, hətta o da söyləməz,
çünki əyandır ona) bilir, insan deməz, hər kim
ki, insandır sənə. Ədəbi obrazını
Yaradanın fövqünə qaldırmaq, mələyə tay
tutmaq,ondan üstün saymaq cəhdi adi heyranlığın
atributu deyil. Bu hiss eyni zamanda Tanrıya qovuşmaq, ona
qayıtmaq ehtirasıdır. Beytə hansı prizmadan
yanaşsaq, sözlərin ahəngi pozulmaz, mənası
şaxələnər, haçalanar, ruhuna
damğasını vurar. Ucaltmaq Ulu Tanrıya yaraşır.
Qəzəlin
bir beytində həmun vəsf olunan mələksimalı
peyğəmbər səviyyəsinə yüksəlir. Özü
də İsa peyğəmbərə oxşadılır.
"İncil"də (həmçinin, "Quran"da) vaqe
olunur ki, əzablara mətanətlə sinəgərdiyi
üçün Allah İsa Məshihi
mükafatlandırmış, cəfakeş peyğəmbərə
ölünü diriltmək sirrini öyrətmiş, onu səmaya,
yanına
qaldırmışdır.
Aşiqə
şövqülə can vermək sənə
müşkül deyil,
Çün
Məsihi-vəqtsən, can vermək asandır sənə!
Yalnız Füzuliyə xas üslub xüsusiyyəti göz-bəbəyi kimi görünür. Sən ha aşiqini nazu-qəmzəylə, işvəylə öldür. Bu ölüm ən xoş ölümdür, vüsala gedən yolun başlanğıcıdır. Çünki sən mənim İsa peyğəmbərimsən, ölünü diriltmək sirrinə vaqifsən, haçan bədənimdəki canımı qopartsan, istədiyin vaxt yenə həmin canı qaytararsan, yerinə qoyarsan. Təcrübən, bələdliyin var. Məhz bu fərdi dəst-xəttinə görə cəfa - səfadır, bəla - can rahatlığıdır, qaranlıq - işıqdır, zəhər - şəkərdir, ölüm - olumdur, ayrılıq - vüsaldır və s. və i.a. Hikmətanə münasibət mətnlərin civarında deyil, daxili qatlarındadır. Torpaq necə lay-laydır, şeirlər də çoxlaylıdır. Haçan mütaliə edib oxcusan, bu mətnlər günün həmin vaxtında uyğun məzmun daşıyır. Möcüzədir, eləmi?
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.26-27.