Dövlət-i Nadiriyyə və Nadir şah
Topqapı
sarayına hər gələndə ilk görmək istədiyim
qiymətli əşya Nadir şahın taxtıdır. Nadir
şahın 1739-cu ildə Hindistan yürüşü
zamanı Babürlərin xəzinəsindən alaraq Kabilə
apardığı və daha sonra Osmanlı Sultanı I Mahmuda
hədiyyə olaraq İstanbula göndərdiyi
"Tahtı-Tavus" kimi də tanınan taxt saraydakı ən
nadir əsərlərdən biridir. Həmin taxt uzun illər
ictimaiyyətə Şah İsmayılın taxtı kimi
tanınırdı. Hər dəfə taxtı görəndə,
ağlıma həm Babürlərin, həm də Nadir
şahın şərəfli dövrləri haqqında məlumatlar
gəlir. Osmanlı qaynaqlarında "Dövlət-i Nadiriyyə"
kimi yazılan Əfşar İmperatorluğunun qurucusu Nadir
şah xarici tarixçilər tərəfindən İkinci
İskəndər və ya Şərqin Napoleonu kimi
xatırlanır. Doğrudan da, sıfırdan dövlət
qurmaq və bu dövləti 17-18 il ərzində imperiyaya
çevirərək, Hindistandan Omana qədər genişləndirmək
çox az hökmdarın qisməti olub.
Xüsusən
də, xarici mənbələrdə rastlaşdığım
zaman Nadir şah haqqında məlumat toplayırdım. Bir
alman mənbəsi yazırdı ki, Nadir şah
öldürüldükdən sonra onun oğlu və ya nəvələrindən
biri Avropaya qaçaraq Habsburq imperatriçası Mariya Teresaya
sığınmış və daha sonra vəftiz olunaraq
Semlin baronu kimi Avstriya ordusunda xidmət etmişdir. Bu məlumat
mənə mif kimi göründü. Amma son vaxtlar ustad
yazıçı Eyvaz Zeynalovun "Nadir şah"
romanını oxuyandan sonra bu məlumatı təsdiqləmək
üçün daha çox araşdırmalara
başladım.
Göründüyü
kimi, yazıçı Eyvaz Zeynalov da romanını yazmazdan əvvəl
müxtəlif mənbələrə müraciət etmiş
və romanın Nadir şahın əsl tərcümeyi-halına
əsaslanmasında böyük xidmətləri olmuşdur. O,
romanın lap əvvəlində Nadir şahın
Avstriyadakı nəsli haqqında çox ətraflı məlumat
verərək oxucunu təəccübləndirir:
"Baron
İohann Cozef fon Semlin (Əli Mirzə xan) 13 fevral 1824-cu ildə,
təxminən, 90 yaşında Vyana
yaxınlığındakı Modlinq şəhərciyində,
Grosse Pfargasse kucəsindəki 19 nomrəli evdə
dunyasını dəyişir. Öz malikanəsindəki
bağında dəfn edilir. "Viener Zeitung" qəzetinin
18 fevral 1824-cü il tarixli sayında, 3-cu səhifədə
nekroloq verilir. Rəsmi sənədlərə Əli Mirzə
xan adı ilə imza atsa da, başdaşında
İsfahanlı Baron fon Semlin yazılır." ("Nadir
şah", s. 6)
Yazıçı,
təfərrüatlı və səlis dili ilə roman oxucunu
1688-ci ildə Vyananın Pffarqasse məhəlləsindən
Xorasandakı Dergez səhrasına aparır. Yayı Allahuəkbər
dağlarının Kebgen yaylasında keçirən
Əfşar tayfası vətənə qayıdarkən
İmamqulunun arvadı Həcər "iki
canlı"dır. Onun "iki canlı" olması o qədər
poetik dillə təsvir olunur ki, oxuyarkən o cümləni bir
neçə dəfə təkrarlamaq istəyir:
"İmamqulunun
arvadı Həcər ikicanlı idi. Bugün-sabah
doğmalıydı. İlk sancısı tutanda çox
qorxdu, səngiyəndə sakitləşdi. Ağrısı
artanda, arabanın yan dirəyindən yapışıb yerində
birtəhər dikəldi. Sonu görünməyən
köçdə, kişilərin arasında
baxışları ilə ərini axtardı, gözünə
dəymədi" ("Nadir şah", s.7).
Nadir
şah Qırxlı tayfasında böyüyərkən,
müəllif əlindəki lupa ilə dövrün Səfəvilər
dövlətinə, Osmanlı imperiyasına və
Rusiyasına uzanır. O, tarixi məlumatlarla oxucunu yormadan
siyasi-ictimai mənzərəni məharətlə izah edir:
"I
Pyotr bir əlində şərab piyaləsi, o biri əlində
erməni İsrail Orinin xəritəsi kabinetinin baş tərəfində
divardan asılmış dünya xəritəsinə
yanaşdı. Diqqətlə gah ona, gah da əlindəkinə
baxdı. Axtardığını tapmayanda geri qanrılıb
ermənidən soruşdu" ("Nadir şah", s.24).
Hər fəsildə
eyni həyəcanı, dil zənginliyini qoruyub saxlayan müəllif
o dövrün insanlarının təbiətini,
zövqünü canlı və rəngarəng təsvirlərlə
gözlərimizin önünə gətirir:
"Şah
Hüseynin bağındakı böyük, fəvvarəli
hovuzda xeyli yaşılbaş ördək vardı. Şah cox
vaxt istirahətini burda kecirirdi. Arabir ördəklərə
ehtiyatla bir ox atır, quşlar havaya qalxır, göydə bir
az ucduqdan sonra yenidən suya enir, nazlana-nazlana üzür,
hovuzun dibinə baş vurur, orada nəsə tapıb təzədən
üzə çıxırdılar" ("Nadir
şah", s.42).
Böyük
zəhmətin məhsulu kimi meydana çıxan 568 səhifəlik
"Nadir şah" romanı XVIII əsri bütün
çılpaqlığı ilə gözümüzün
qabağında açır. Nadir şahın boya-başa
çatdığı bölgələr, xalqları, mədəniyyətləri,
düşüncə tərzi, ictimai quruluşu, siyasi dəyişiklikləri
məharətlə təsvir edilmişdir.
Nadir
şahı dünyaya gətirən şərait romanın
axarını pozmadan realist şəkildə
araşdırılır və nəql edilir. Nadir şahın
Osmanlı dövləti ilə hesablaşması, bu iki müsəlman
dövləti arasında sülh səyləri, ən əsası
isə, Nadir şahın əsrlər boyu davam edən məzhəb
qarşıdurmalarına son qoymaq istəyi kimi real tarixi məlumatlar
romanda diqqətdən kənarda qalmır. Çoxyönlü
hökmdar olan Nadir şah və onun sıfırdan yuxarıya
doğru yürüşü ancaq çox zəhmətkeş
və mahir yazıçının səyi nəticəsində
bu qədər səlis və canlı yazıla bildi.
Əsərini
yüzə yaxın tarixi-ədəbi mənbədən
istifadə edərək qələmə alan Eyvaz Zeynalov
romanda bu böyük hökmdarın zəif tərəflərini,
hətta qəddarlıqlarını, yanlış
davranışlarını göstərə bilmişdir. Belə
bir mürəkkəb dövr yaşayan, ziddiyyətlərlə
dolu ömür sürən Nadir şahı romanda təsvir
etmək heç bir yazıçıya mümkün deyil. Bu
baxımdan, müəllifi təbrik etmək lazımdır.
Uzun illərdir
əsərlərini yaxından izlədiyim Eyvaz Zeynalov son
dövrlər Azərbaycan ədəbiyyatının ən
çox oxunan və məhsuldar
yazıçılarındandır. Onun almanca nəşr
olunan əsərlərinə görə Alman Kitab Sərgisində
iştirak edərkən göstərdiyi zəhmət və
canlılıq indi də gözümün önündədir.
Onun dünyaya açılan bir yazıçı kimi
uğurları ilə yanaşı, səmimiliyi, dostluğu,
bir insan kimi insani həssaslığı çox diqqətəlayiqdir.
Eyvaz
Zeynalovun Türkiyədə və Almaniyada nəşr olunan
"Bələdçi", "Köhnə velosiped",
"Ömrə atılan daş" romanları,
"Qonşunun qonağı", "Borc dəftəri"
kimi hekayələri, oxucular tərəfindən heyranlıqla
qarşılandı.
Ümid edirəm
ki, onun son əsəri olan "Nadir şah" da öz layiqli
qiymətini tapacaq və xarici dillərə tərcümə
olunmaqla Azərbaycan ədəbiyyatına mühüm töhfə
verəcək.
Bu ay
yetmiş beş yaşı tamam olacaq ustad
yazıçımıza, köhnə dostumuza
cansağlığı, uğurlar arzulayıram.
Orxan
ARAS
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.25.