Müəmma sıldırımlardan, qoşma gədiklərdən,
dodaqdəymaz, dildönməz aşırımlardan
"Ələsgər zirvəsi"nə
Cəmiyyətin yaşaması və inkişafının ən mühüm amillərindən biri də
onun milli-mənəvi dəyərlərimi,
adət-ənənələrini, musiqisini,
incəsənətini və hər şeydən əvvəl mədəniyyətini gələcək nəsillərə çatdırmaqdır. Keçən əsrin
mədəniyyətini bu
gün yaşadığımız
dəyərlərlə birləşdirmək
bizə gələcəyimizi
formalaşdırmağa və
mədəni irsimizi zənginləşdirməyə imkan verəcək. Şair Yusif Nəğməkarın "Ələsgər
zirvəsi" poeması
adından bəlli olduğu kimi, keçən əsrin əvvəllərində aşıq
poeziyasında yeni dövr
yaradan ustad Aşıq Ələsgərə
həsr olunub. Kitab maraqlı və fərqli formatda hazırlanıb. Belə
ki, kitabın cüt rəqəmli səhifələrinə
mənim "Aşıq
Ələsgər yaradıcılığında
sufizm" kitabım
da daxil olmaqla, ustadın yaradıcılığını
təhlil edən üç alimin elmi tədqiqatlarından nümunələr verilib.
Bu, kitabı həm maraqlı edib, həm də nəzmlə nəsr bir arada olduğu
üçün oxucunu
yormur.
Kitabın əvvəlindən başlayaraq
bir neçə yarpağına ürəyindəki
insani sevgi və ilahi eşq
alovu ilə diyar-diyar, el-el, kənd-kənd gəzən,
getdiyi hər yerə yaxşılıq,
iman, inam, hörmət, mərhəmət,
xeyirxahlıq, sevgi paylayan Dədə Ələsgərin özünün
şirin çeşməsindən
də bir neçə damla damlayıb:
"...Kişi gərək zəhmət çəksin,
dər salsın, / Süfrə açsın,
ad qazansın, dər salsın, / Dərsi azlar Ələsgərdən
dərs alsın, / Altı min altı yüz ayə məndədir. "A yəməndədi",
"Öldürür" (s.83),"Qabaqda" (s.93-95), "Dəli
Alı" (s.105), "Dağlar"(s.171-177)
və s.
Belə
nəsihətamiz, hikmətli
ifadələrlə zəngin
ustadnamə ilə başlayan kitabın məzmunu elə müəllifin özünün
də ustadnaməsi ilə davam edir:
Könül, bulaq üstə
salavat çevir,
Batində nə dərdi-sərin
var, devir.
Dua et
ki, o saf zikri ruh sevir,
Könlündəki havacatı telə yaz -
Ələsgərdən yazırsansa, belə yaz.
...Boy
boyla ki, dürr saçsın
boylama,
Ustadnamə, öyüdnamə, soylama.
Qəlb
yanmasa sözü soyuq söyləmə,
Axtar söz tap, canda atəş ilə yaz,
Ələsgərdən yazırsansa, belə yaz.
(Ən ön ün. Ustadnamə)
Poemanın ilkin başlanğıcında
şairin Aşıq Ələsgərlə sanki
qarşılaşma səhnəsini
görürük - elə
ustadın öz üslubunda - "müəmma"
ilə, "hərbə-zorba"
növündə. Və
Aşıq Ələsgərin
tərifini (burada təqdimini) Y.Nəğməkar
öz sözünün
"mənəm-mənəmliyi" ilə verir.
O kimdir ki Allaha qul, bir ağa?
Bənzər sənət meydanında
o dağa.
O kimdir ki, balı qatmış qaymağa?
Döndəribdir hər kəlamı
lələ, yaz.
Ələsgərdən yazırsansa belə yaz.
Poemaya ümumilikdə diqqət etsək, görərik ki,
əsər xronoloji ardıcıllıq daşıyır.
Aşıq Ələsgərin
doğulduğu Göyçə
mahalından, bu mahalın adının Dədə Qorquddan gəlməsi təsəvvüründən
söhbət açılır,
bu qədim Oğuz yurdunun coğrafi ərazisi təsvir, mövqeyi vəsf olunur, Azərbaycan aşıq sənətinin qüdrətli
sənətkarı Aşıq
Qurbani, Abbas Tufarqanlı, Şah
İsmayıl Xətai,
Xəstə Qasım,
Ozan Heydər, Miskin Abdal,
Seyid Bayram, Ağ aşıq, Aşıq Alı, Aşıq Nəcəf, Növrəs
İman xatırlanır.
Azərbaycan və Ermənistan
arasında Zəngəzur
probleminin hazırda ölkəmizin gündəmində
olduğu bir vaxtda əsərdə Azərbaycanın zəngin
tarixi keçmişə
malik olan ərazilərinin
- Kiçik Qafqazın
uzun dağ silsiləsi, hazırda Azərbaycan sərhədlərinin
cənub-qərbini, Ermənistan
sərhədlərinin cənub-şərqini
əhatə edən Zəngəzur silsiləsi,
o bölgədə yerləşən
dağların, düzlərin,
çayların, meşələrin
adlarının çəkilməsi
poemanın aktuallığını
bildirir. Bunlar "Keyti", "Acdağ",
"Dərəçiçək",
"Kötük dərəsi",
"Xan güney bulağı",
"Aşağı Şorca",
"Çalmalı dağ",
"Qumlubulaq", "Dolay
arx", "Qaraqoyunlu
dərəsi", "Qazangöl",
"Camışdağ", "Qapıcıq dağı",
"Ağkilsə", "Zod",
"Böyük Məzrə",
"İrəvan çuxuru"
və s. adlardır ki, hamısı
qədim türk boylarından (məmlük
türkləri, qıpçaq
tayfaları) zəngilərə
məxsus adlardır və buğun həmin coğrafi bölgələrimiz də
daxil olmaqla yaşayır.
Əlbəttə ki, poemada bu dağlar Aşıq Ələsgər sözünün
ucalığının, zirvəsinin
bədii-poetik müqayisəsi
kimi də özünü göstərir.
Alp çəmənliklərdə al-əlvan "xalı",
quzey qayalardan axan çeşmələr,
nəğməli şəlalələr,
kəkliklərin qaqqıltısı,
arıların halallıqla
topladığı bal
və s. xalqımızın
özünəməxsusluğu hopmuş təbiətinin xüsusiyyətlərinin təsvirlərdir
və bu, poemanın canlılığını
qoruyur.
Y.Nəğməkarın "Ələsgər
zirvəsi" poemasını
Aşıq Ələsgər
haqqında antologiya və yaxud ustadın
həyat və yaradıcılıq tarixi
adlandırmaq olar. Çünki poema Ələsgərin dövrünü,
doğuluşunu, bütün
şəxsi və yaradıcılıq həyatını,
sonda adının əbədiləşdirilməsini - ("Dədə Ələsgər
ocağı" İctimai
Birliyi, Birliyin yaradıcıları və
fəaliyyəti, həmçinin
bir neçə ay öncə Bakıda Aşıq Ələsgərin
heykəlinin qoyulması)
əhatə edir. Aşıq Ələsgərin
doğumu, uşaqlığı
və gənclik həyatı ətrafında
davam edən hekayə onun əfsanəvi həyat yaşaması kimi anlaşılmasa da, əfsanə
anlayışına yeni ölçülər
gətirəcək maraqlı
bir yanaşma sərgiləyir. Kitabın
Ələsgərin Səhnəbanu
sevgisi bölümündə
ustadın yaradıcı
və fəhm gücünün sevgisindən
irəli gəldiyinə
işarə edilir:
Sevdi,
ilk eşqi ilə,
O, düşdü dildən-dilə.
Onu vəcdə gətirdi
Səhnəbanu sevdası...
...Ələsgərin taqəti,
Gücüydü Səhnəbanı.
...Əsl ilham pərisi,
Ruhu, qol-qanadıydı.
Yeri gəlmişkən, müəllifin
özünü "söz
kökləyib, dastan deyən"
şair olaraq qələmə verməsini
də Ələsgər
sevdalısı olmasına
bağlayır.
Saz kökləyib, dastan deyən
Ələsgər sevdalısıdır.
Namərd
qovub mərdi öyən
Ələsgər sevdalısıdır.
...Vəfalı dostdan yar olan,
Adı ellərdə car olan,
Yusiftək Nəğməkar olan
Ələsgər sevdalısıdır!
Poemanın "Dönərək" bölmələrində ustad
aşığın aşiqlik
(Dədəlik, övliyalıq)
dönəmləri ilə
qarşılaşırıq. Bu bölümün adı belə bizə ərəbcə "semi" sözündən
olub məcazi mənada "mahnı, saz, musiqi, rəqs"
anlamını verən,
sufilərin vəcd içində, dini və mistik şövqlə dönərək
ifa etdikləri dönmə (səma) rəqsini xatırladır.
Sözlər, səslər nizamlı,
Könül səsi - Ələsgər.
Həqiqəti mizanlı,
Haqq pərdəsi - Ələsgər.
Hər mətləbi qananın,
Eşq oduna yananın,
Fikrin, məğzin, mənanın
Cəm
- hər dəsi Ələsgər.
Ruhuyla təzə-tərdi,
Kəlməsi kərəm zərdi,
Mənalar əsgərlərdi,
Sərkərdəsi Ələsgər.
(Rücu - ricət (dönmə) - dönərək)
Burada da
şair özünəməxsus
üslubuna sadiq qalaraq xeyli yeni sözlər, söz birləşmələri, təptəzə
bədii ifadələr
işlətmişdir. Xüsusilə
bu bölümdə
hiss olunur ki, həm Aşıq Ələsgər,
həm də Yusif Nəğməkar İlahi sevgi mövzusunda ortaq terminologiyadan istifadə etmişlər. Zər, tül, köynək, tila, düzüm, toxuş, təb, sehr, ataş, rüzgar, dar, təvan, çağlama, mizan, nizam, eşq və s. sözlər hər iki sənətkarın
şeirlərində keçir.
Y.Nəğməkar ustadın
işlətdiyi sözlərin
enerjisindən güc almaq məqsədilə onları təkrarlayır
və beləcə Dədə Ələsgər
sözünün sehrinə
vaqif olmaq istəyir. Şair bəlkə bilərəkdən,
bəlkə də qeyri-ixtiyari olaraq bu söz və
ifadələrin sehrini
açmaqda israr edir, hətta bunu poemada dilə
gətirir:
...Hikmət cövhərinə
hopmaqdan ötrü,
Fikirdən, xəyaldan necə
sapmışam?!.
Bir cinas yolunu tapmaqdan
ötrü,
Min yol cin atına
minib, çapmışam.
...Düşüb o zirvənin
qəfil bəndinə,
Qurtulmaq
eşqilə sinəm
dağlanıb.
Elə vurulmuşam qıfılbəndinə,
Nitqim qıfıllanıb, dilim bağlanıb.
Aşıq Ələsgər yaradıcılığında
mühüm yer tutan müəmmaları açmağın bəxtəvərlik
olduğunu deyir, qıfılbəndləri keçilməz
dağ, dildönməzı
aşırım, dodaqdəyməzi
silsilə qaya adlandırır:
Könüllər yandırıb dağlamaların
-
Sənət civarında bir təxt-təvəzlik.
Nə vaxt açılacaq bağlamaların -
Kimin şansındadır o bəxtəvərlik?!
...Sıldırım müəmma,
zirvə bağlama,
Cığalı təcnislər yarğandöyməzdir.
Gədiklər-qoşmalar, aşrım - dildönməz,
Silsilə qayalar dodaqdəyməzdir.
Qeyd etdiyimiz kimi Y.Nəğməkarın yazdığı
kitab təfərrüatlı və əhatəli - ensiklopedik işdir, yəni çoxcəhətli təhlilə
imkan verir.
Şairin
Qarabağlı olması,
Göyçə-Zəngəzuru, Aşıq Ələsgərin yaşadığı
bölgələri yaxşı
tanıması, həm
ustad kimi saz sənətinin sirlərini bilməsi, həm də bədii-poetik fəaliyyətlərlə
məşğul olması
ilə bilavasitə bağlıdır və yazdıqları bildiklərinin,
tanıdıqlarının məhsulu kimi əsəri dəyərli edir. Poemanın "Ünaxar. Köç gedir uşaqlığım"
bölümündə dediyi
kimi:
Hər
yay tətilində gəzdiyim
yerlər
O Göyçə, Kəlbəcər
dağları idi.
...Nə fikrim, xəyalım, nə qəmim, dərdim?!
Arandan yaylağa köçlə
gedərdim.
...Yamaclar elə bil göy qurşağıydı,
Onda körpə Yusif çöl uşağıydı.
Poemanın "Aşıq Alının
kəndin koxası Böyükağa tərəfindən
toya çağrılması",
"Koxanın evində
məclis" bölümləri
Aşıq Ələsgər
yaradıcılığına poetik baxışdır. Ustadın yaşadıqlarının,
yazdıqlarının, xüsusilə
"Aşıq Alı
ilə Aşıq Ələsgərin deyişməsi"
dastanının poetik
şərhidir.
Ozanlıq və aşıqlıq
ənənəsində olduğu
kimi Aşıq Ələsgər şeirlərində
də sevgi, təbiət, insan mövzusu ilə yanaşı "deyişmə"lər
də vardır ki, bu janr ilhamın
və sənətkarlıq
gücünün tərəzisidir.
Y.Nəğməkar bu
tərəzidə Ələsgərin
böyüklüyünü onun övliyalığına
bağlayır. Müəmmalarını
fəhmlə dediyinə
işarə edir ki, bu Dədə Ələsgəin bütövlükdə
həyat və yaradıcılığının, əvvəldə də qeyd etdiyimiz kimi əfsanəviliyini, yaradıcılığının alt qatındakı İlahi gücə bağlılığını
təşkil edir. Onu da qeyd edək
ki, müəllif öz
əsərində heç
bir mənbəyə istinad etməsə də, əsərdə istifadə olunan əksər məlumatlar buraqədərki elmi tədqiqatlara, publisistik məqalələrə
- faktlara, yazılı
və şifahi mənbələrə əsaslanır.
Y.Nəğməkar öz poetik qələmimin gücü ilə Dədə Ələsgərin
müsbət məziyyətləri
ilə də xalqın ürəyi, dili, nəğməsi oldununu ustalıqla oxucuya ötürə bilir. Ələsgər elə bir zirvədir
ki, oraya qalxmaq üçün "diləyi
dirək edib o çağlara yetmək"
gərəkdir, - deyir.
Ancaq yetmək çətindir,
Bir zirvə yetəyinə.
O, Ələsgər zirvəsi
-
Qalx görüm ətəyinə!
Qalx görüm yüz beş illik,
Ömrün bir anlığına.
Gəl tutun təcnislərin
Cinas əlvanlığına!
Aşıq Ələsgərin həyatı
və yaradıcılığı
əsrlər keçsə
də xalqın qəlbindən çıxmır,
aşıqların dilində
yaşamağa, qələm
adamlarının mövzusuna
çevrilməyə haqq
qazanır. Ona görə
ki, şairin poemanın
"Ən son ün. Sonu sonsuz ünümün..."
bölümündə dediyi
kimi Aşıq Ələsgər yaradıcılığı
daim öyrədir.
Bəs demirəm bu son sözə, ünə də,
Qopammıram sənət adlı
çabamdan:
Yetmişimə nə qalıb
ki, yenə də
Öyrənirəm yüz-beş yaşlı
babamdan...
Şifahi
və ya yazılı şəkildə
inkişaf edən aşıqlıq ənənəsi
həm də belə dolğun əsərlərin sayəsində
cəmiyyəti yaşadan
mədəni yaddaş
keçmişdən bu
günə köçərək
bu gün yaşadığımız mədəniyyətin
müəyyənedici elementinə
çevrilmişdir. Şair
Y.Nəğməkar bu
poeması ilə Aşıq Ələsgər
sənəti ilə yanaşı ictimai dəyərləri, tarixi hadisələri, Azərbaycan
türklərin yaşadığı
qədim yer adlarını və aşıq sənətində
yeri olan digər mühüm şəxsiyyətləri nəsildən-nəsilə
daşımışdır. Bu əsər Aşıq Ələsgər sənətinin
mədəni və ictimai ünsiyyət vasitəsilə ötürülməsinin,
keçmişdən bu
günə dəyərlərimizi
və mədəni kimliyimizi necə qoruyub inkişaf etdirə biləcəyimizin
parlaq nümunəsidir.
"Ələsgər zirvəsi"
bir daha sübut etdi ki, Haqq yolun yolçusu Dədə Ələsgər
aşıq-ozan sənətinin
zirvəsində öz-özünə
açan gül kimidir. Y.Nəğməkar
bu əsərlə haqqın, ədalətin, mərhəmətin, təbiətin,
gözəlin, işığın
ən gözəl şeirlərini yazan, torpağına, kökünə,
Allahına, mayak bildiyi Hz.Əliyə aşiq olan ustadın tərtəmiz ruhunu mükəmməl təsvir etmiş və göstərmişdir
ki, o, yüz il əvvəl
bizimlə vidalaşsa
da, öz təsirli bədii gücü, nəfəsi, hikməti ilə aramızda yaşamağa, dünyamızı
işıqlandırmağa davam edir.
İnanıram ki, Y.Nəğməkarın "Ələsgər zirvəsi"
poeması quruluş və mövzu baxımından hələ
çox araşdırılmalara
cəlb olunacaqdır.
Adilə NƏZƏROVA
Ədəbiyyat qəzeti.- 2025.- 17
yanvar, №2.- S.24-25.