Arzu
Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı
qanadlar, qırıldı
ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu
ki...
Fikir kimi şütüyən bir arı qədər
sevinmək istəyirəm,
Hanı,
arılar şəkərlə
aldadıldı ki...
Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək
istəyirəm,
Hanı,
bütün balıqlar
tordadı ki...
Yarpaqlar
çiçək olanda
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı,
bu il meyvələr olmadı ki...
Təzad
Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad
deyilmi?
olum və ölüm kimi.
Və yaxud
Əlil
arabasında əyləşən
qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən
ayaqlarının
yaddaşını yandırır indi.
Bəzi
adamlar bilmir,
əlil
arabası ilə qolboyun olan
həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.
Xatirəm
"Xatirə" parkında xatirəm qalıb,
Ağaclar içində ağlar
bir uşaq.
Orada bir oğlan, bir qız qocalıb,
Gəl gedək, onların əlindən tutaq.
"Xatirə" parkında xatirəm qalıb,
Təklikdən darıxıb ağac
olubdu.
Xatirəm daşların gözünə
dolub,
Binaya hörülüb, uca olubdu.
"Xatirə" parkında xatirəm qalıb,
Yeriyir, yüyürür, yıxılır
hələ.
Körpə dodağında lalələr
solub,
Təzə sevgisindən sıxılır
hələ.
"Xatirə" parkında xatirəm qalıb,
Özünə ev tutub, yurd salıb təzə.
Burda ürəyimiz yanaşı
durub,
Bu parkı salıblar xatirəmizə.
Əgər...
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla.
Quşlar və mən
Quşlar
darıxdığından
Uçdular,
Mən də darıxdım,
Şeir
yazdım...
Quşlar
qanadlarıyla
Göyü təmizlədi,
Mən də sevdim,
Qəlbimin
Aynasını sildim.
Quşlar
lələklərini saldılar,
Mən də kitab çap elədim,
Sən oxuyasan deyə.
Quşlar
yuva qurdular,
Mən də yuvalarının altında
Dərin
bir nəfəs aldım,
Sən dincələsən deyə.
Səhərisi quşlar görünmədi,
Və mən də öldüm,
Məni
axtarasan deyə.
Çəpəri yıxırsan
yaraşığınla
Gözü yuxudan bulaşıqlı,
Ayağı kol-kosdan sarmaşıqlı,
Haylı-küylü, qarmaqarışıqlı,
Ayağı səkilli it,
Üz-gözü şəkilli it,
Sən ölsən,
Kəndimiz öləcək, ölmə.
Kəndimizi sən oyadırsan
səsinlə,
Çəpəri yıxırsan
Yaraşığınla.
Sən
lap gözəl olursan
Zəncirin dolaşığıyla,
Ulamağınla Ayı
Yuxarı
qaldırırsan,
Sən ölsən,
Ay yerə düşəcək,
ölmə.
Qarın
üstündəki ayaq
izlərin,
Özündən qabaqda olur həmişə.
Yad kimi qoxlayırsan
Ayaq izini,
Bir az qayıdırsan,
Sanki keçmişə.
Ayaq izlərini gün əritmədi,
Vaxt əritdi,
Zəncir
səni öldürmədi,
Zəncir
səni diriltdi,
Zəncirini yaxşı qoru,
Heç
vaxt onu itirmə,
İtim!
Allahşükür Ağa
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.11.