Qəmiş qoyma
Hekayələr
Peşman
oluram ağzımı
açıb bir kəlmə söz deyirəm, yaxud əlimə qələm alıb eyiblərdən yazıram, o saat deyirlər, "sən qəmiş qoyma".
Yazıram ki, müxalifət qoymur
sakit yaşamağa, bir müxalifətçi çıxır qarşıma,
deyir, "sən qəmiş qoyma".
Deyirəm ki, bəzi vəzifəlilərə
heç dana otarmaq da tapşırmaq olmaz, həmin vəzifəlilərin
qohumları qabağımı
kəsir, deyirlər
ki, "sən qəmiş
qoyma".
Yazıram ki, balaca bir ölkəyə bu qədər partiya lazım deyil, başqanlardan biri mənə zəng vurub salam-kəlamsız deyir, "sən qəmiş qoyma, özümüz bilərik".
Deyirəm ki, bu qədər
qəzet buraxmazlar, heç camaatın pulu da çatmır bu qəzetləri almağa, qəzetçilərdən
biri öz qəzetində məni
"yıxıb-sürüyür", ağzına gələni
yazır, başlığını
da qoyur "Sən qəmiş qoyma".
Yazıram ki, haqsızlıq, ədalətsizlik
baş alıb gedir, deyirlər, "sən qəmiş qoyma, qoy işimizi
görək. Haqsızlıq,
ədalətsizlik insan
cəmiyyəti yaranandan
var".
Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim
bəyə o zamanlar çox "qəmiş qoydular", indi onları tərifləyirsiniz,
niyə? Cavab verirlər, "ata-babalarımız
bilər, biz bilərik,
sən qəmiş qoyma".
Mən isə deyirəm, yazıram ki, sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə
də keçəcəyəm!
Sizin də balalarınız gələcəkdə
məndən danışarlar,
bəsimdir!
Gözlərim
Uşaqlıqdan gözü qıpığam,
yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır.
Böyürdən biri
"pık" eləyən
kimi bağrım yarılır. Yəqin maraqlanırsınız, bu
nə qorxudur belə mənim canımı tir-tir titrədir?!
O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım,
onlar da üstümə
qışqırırdılar, az qala, iki
barmaqlarını gözlərimə
soxurdular ki, "gördüyün
hər şeyi danışma, yoxsa, iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur,
hər şeydən qorxuram. Gördüklərimi
görməməzliyə vururam.
Məsələn, görürəm ki, təzə-təzə siyasətin
əlifbasını öyrənənlər
ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm
ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü
göstərmək üçün
kimdənsə "qəhrəmanlıq
nidası" gəlir,
tay-tuşları da ona
qoşulub verirlər səs-səsə, ağız
deyəni qulaq eşitmir, özümü
vururam görməməzliyə.
Düşünürəm, hər "qəhrəmanam"
deyəndən qəhrəman
olmur ki! Görürəm,
gözümün qabağında
bəzi vəzifəlilər
xalqa "ot yondururlar", guya görmürəm, özümü
vururam görməməzliyə.
Çünki binayi-qədimdən
belə olub, nə qədər müsəlmançılıqdı, yəqin həmişə də belə olacaq. Görürəm
ki, əli qələm
tutan ağına-bozuna
baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə.
Deyirəm, mənə
nə var, kim-kimi söyür, kim-kimi "döyür". Görürəm
ki, yaltaqlar, məddahlar
ölkəni götürüb
başına, dinmirəm,
"mən dünya düzəldən deyiləm
ki" - deyə düşünüb,
özümü vururam
görməməzliyə.
Başağrısı olmasın, mənim gördüyüm,
görməməzliyə vurduğum
hadisələr, şeylər
çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı.
Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!
Reklam
Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər
ölür, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır
səsi eşidilir. Yaxınlaşır, görür
burada kefdir. Musiqi bir tərəfdə,
huri-qılmanlar bir tərəfdə, yemək-içmək
bir tərəfdə.
Quşlar cəh-cəh
vurur. Gül bülbülü
çağırır, bülbül
də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, "bura haradır?" - deyirlər cəhənnəmdir.
Ömrünü bizlərə
bağışlayıb gedən
də fikirləşir
ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək,
elə cəhənnəm
də pis deyil. Odur ki, dillənir:
- Məni göndərin cəhənnəmə.
Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür
paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək,
nə də quşların cəh-cəhi.
Baxır ki, bədheybət
inkir-minkirlər mizan-tərəzi
qurublar, özlərinin
də əllərində
yekə-yekə toppuzlar,
kəsdiriblər bunun
başının üstünü,
haqq-hesab soruşurlar.
Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkir-minkirdən soruşur:
- Bəs bura cəhənnəm
deyil?
İnkir-minkir cavab verir:
- Özüdür ki, var!
Rəhmətlik soruşur ki, bəs
haradadır o gördüyüm
kef, huri-qılmanlar?..
İnkir-minkir daha qoymurlar kişi sözünü bitirsin, toppuzu təpəsinə ilişdirib,
cavab verir:
- Ay bədbəxt, sənin gördüklərin reklam
idi...
Prokurorun söhbəti
Rayonların birinə prokuror
təyin olunmuşdum.
Birinci gün işə çıxmışdım.
Təzəcə oturmuşdum
ki, qəbul otağından
səs eşitdim. Katibəni çağırıb
soruşdum, "bəlkə
qəbuluma gələnlər
var?" Katibə bildirdi
ki, "bəli, hörmətli
prokuror, gəliblər".
Dedim, "bir-bir burax, keçsinlər içəri".
Heç
demə, onlara da elə bu lazım
imiş: bir-bir içəri girib, "ürək söhbəti"
eləmək istəyirlərmiş...
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi.
Döş cibindən
bir zərf çıxarıb qoydu masamın üstünə.
Soruşdum:
- Kişi, şikayətin nədir?
Nə cavab versə, yaxşıdır?
- Allah eləməsin biz şikayət-zad
yazaq, hörmətli prokuror!
- Bəs masamın üstünə qoyduğun
şikayət məktubu
deyil?
- Əşi, yəni düşünürsən mən
bu ağsaqqal vaxtımda şikayətə
gəlmişəm? Şirkət
başçısıyam, gəldim
sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər
ayın başında
yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi
çıxdı. Qəbuluma
gələnlər bir-bir
masamın üstünə
zərflər qoydular,
mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci
gün yenə təzəcə işə
başlamışdım, katibə
bildirdi ki, "hörmətli
prokuror, dünənki
ağsaqqal yenə gəlib". Fikirləşdim,
yəqin üzr istəməyə gəlib.
Kişi
içəri girər-girməz,
köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə
döş cibindən
bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə
soruşdum: "a kişi,
bu nədir?" Kişi yazıq-yazıq dilləndi:
- Üstünü düzəltdim,
hörmətli prokuror!
Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı.
Kişiyə necə qışqırdımsa, zərfi
götürüb, o gedən
getdi.
Sonradan mənə bildirdilər
ki, bu adamlar hər ayın başında məndən
əvvəl işləyən
prokurorlara beləcə
"baş çəkirlərmiş"...
İndi gəl, belə
rayonda işlə görüm, necə işləyirsən?!
"Əsas
mənəviyyatdır..."
Ömrüm boyu kasıb yaşadım. Özümü
ha ora-bura çırpdımsa,
xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə,
elə hey dedilər:
- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah,
mənəvi zənginlik
hər şeydən üstündür.
Doğrusu, belə sözləri
uşaqlıqda çox
eşitdiyimdən bir müddət deyilənlərlə
razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin
mənəviyyatla" dolanmaq
olmur. Yəni "zəngin mənəviyyatla"
bazarlıq eləmək
olmur, uşaqlara paltar almaq mümkün
deyil, ad gününə
əliboş getməli
olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən
və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş
başa düşürdüm
ki, "zəngin mənəviyyat"
yaxşı şeydir,
amma gərək bir az da pulun-paran
olsun.
Məni
yandıran o idi ki,
"zəngin mənəviyyat"
yolunu tutmağı məsləhət görənlərin
hamısının vəzifəsi,
ev-eşiyi, maşını,
bağı, nəhayət,
xərcləməyə çoxlu
pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun
olması üçün
vəzifə tutmaq lazımdır.
Belə-belə, ömrümün çoxu
getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa
baxmağa başladım.
Yan-yörəmdəkilərin hamısının hər
şeyi oldu, təkcə məndən başqa.
Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm.
Söz dolanışıqdan-zaddan
düşdü. Dedim,
mən də vəzifədəyəm, amma
elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?
- Qardaşoğlu, əlli
il belə yaşamısan,
bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..
Bu sözləri eşidəndə
hirsimdən ağlım
başımdan çıxdı.
Dəli kimi qışqırdım:
- Zalım balası, məni ələ salmısan? Mənəviyyat
yaxşı şeydirsə,
özün yaşa da
mənəviyyatnan! Elə
acından ölmək
mənə qalıb?!
Hərənin öz yeri
Uzunqulaqla it təzəcə dostlaşmışdılar,
"can" deyib, "can" eşidirdilər. Aralarından
su da keçmirdi. Bir gün it uzunqulağa dedi:
- Gəl, biz də torpağı əkib-becərək,
ona-buna möhtac olmayaq.
Uzunqulaq
anqırıb razılığını
bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:
- Nə əkək, it qardaş?
- Məsələn, buğda.
Uzunqulaq
fikrə getdi:
- Onda məhsulun torpağın üstünə
çıxan hissəsi
mənim olsun, kökü sənin, razısan?
İt hürərək razılığını
bildirdi.
Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü,
kökünü də
it. İt başa düşdü
ki, uzunqulaq onu aldadıb. Öz-özünə
fikirləşdi: "Borclu
borclunun sağlığını
istər".
O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...
İt dostunun sözünü ağzında qoydu:
- Onda məhsulun torpağın üstünə
çıxan hissəsi
mənim olsun, altında qalan hissəsi də sənin, razısan?
- Razıyam, - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.
Əkdilər, becərdilər. İt yenə aldandığını
görüb, əllərini
göyə qaldıraraq
dedi:
- Ay Allah,
məni yaratmışdın,
bəs uzunqulağı
niyə yaradırdın,
hə?! Məni ona möhtac etməsəydin, olmazdı?
Qeybdən bir səs gəldi:
- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.8-9.