Başqalarının tanrısı
Qadınlar həyatda
da, sənətdə də kiçik, minor, dekorativ, duyğusal gözəllikləri ifadə edirlər. Kişi-qadın, mədəniyyət-təbiət,
ağıl-intuisiya, sənət-sənətkarlıq
feminist sənətin dəyərləri
kimi üzə çıxmışdır. Təbiət
və mədəniyyət
qadın kultunun mərkəzində dayanır.
Esxilin "Evmenidlər"
faciəsində Klitemnestra
əri Aqamemnonu öldürür. Çünki
Aqamemnon qızı İfigeniyanı tanrılara
qurban vermişdi. Bundan sonra, başda
Apollon olmaqla, tanrılar
Orestin qulağına şeytani bir istəklə pıçıldayırlar
ki, anan atanın qatilidir. Öldür onu. Orestin anası
Klitemnestranı öldürməsi
qadınlığa qarşı
şiddətdir. Analıq
və təbiət
ana kultuna son qoymağa
çalışmaqdır. Qadınları gizli, lənətli bir duyğuyla qısqanan kişilərin hücumudur.
Fiziki şiddət acizliyin göstəricisidir.
Şekspirin "Hamlet" faciəsi
"Orestiya" tragediyasının
daha modern fiqurasiyasıdır.
Hamlet anası Gertrudanı
öldürmür. Ancaq
daha böyük faciə baş verir. Bütün krallıq və iqtidar qadına - qadınlığa qarşıdır.
Gertruda özünə
qəsd etməklə
patriarxal dəyərlərin
qəddarlığına üsyan
edir.
"Dəli Kür"də Cahandar ağa Mələyin evli ola biləcəyini düşünmədən
qaçırır. Mələyi
və mahaldakı hər şeyi özünün malı-mülkü
kimi görür. Axı kişi kultunun və psixologiyasının nümayəndəsidir
o. Çünki babalarından
elə görmüşdü.
Zərnigar əzilmiş,
basdırılmış qadınlığın
simvoludur. Mələklə
Zərnigar eyni tale və həyatı fərqli repertuarlarda ifa edirlər. Şahnigar isə qadın inqilabının carçısıdır. Mələk-Zərnigar-Şahnigar
eyni adamdır. Yəni qadının və qadınlığın
müxtəlif tale versiyalarıdır.
İsmayıl Şıxlı
onlara xarakter yükləməklə fərqləndirməyi
bacarmışdır. Əslində
xarakter klassik mənada burjuaziya mifidir. Xarakter kapitalizm ideologiyasına güc və dəstək verən illüziyadır.
Qadın
bədəni və ona aid metaforlara xüsusi maraq göstərən feminist sənət
bu gün də aktual olan bir problemə
incə sənətlər
vasitəsilə estetik
etiraz edir. Qadınlar həm gözəllikləri daşıyırlar,
həm də məhsuldardırlar. Ona görə
də kişilər tərəfindən qısqanılırlar.
Qısqanclıq aşağılıq
kompleksinin ifadə vasitələrindən biridir.
Kişi qadını məişət hadisəsi
kimi görəndə
uduzur, onu tamamlayan dəyər qalmır. Məişətləşən
qadın-kişi münasibətləri
cansızlaşır. Hər
cür psixoloji və fiziki təzyiq üçün
"səbəblər" yaradır.
Minə Söğütün "Dəli
qadın hekayələri"ndə
cansız, donmuş hadisələrə "can" verilir. "Anamın o gözəl saçları"
hekayəsində ata,
ana və qızları
arasında gizli bir ünsiyyət var, bunun adı ölümdür. Kişi
həyat yoldaşının
saçını kəsir,
öz doğma qardaşını isə
öldürür. Çünki
falçının dedikləri
reallaşır. Falçı
kişinin aşiq, dəli olmuş qardaşı haqda deyir: "Bu kişi şabalıdı və buruqsaçlı bir qadına aşiq olmuşdur". Hekayədə
uşaqların dünyası
və qadına, anaya qarşı münasibətin fərqli
detalları işlənmişdir.
"Dəli qadın hekayələri", təəssüf
ki, müasir həyatın
özündən doğur.
Hətta fərqlənmir.
Bəlkə də, həyatdan daha rəhmlidir. Məişət
zorakılığının üç ölçüsü
var: fiziki, psixoloji və cinsi. Ailədaxili zorakılıq
dedikdə, daha çox fiziki zorakılıq yada düşür.
Axı söymək, təhqir etmək, qışqırmaq, hədələmək
kimi məsələlər
də zorakılıqdır.
Bu gün zorakılıqlar
rəqəmsal mətbuatda
bir neçə saniyəmizi alır. Və daha çox
saytların baxış
sayına xidmət edir. Sözlər söz olmaqdan çıxır. Mənadan
da imtina edirlər sözlər. "Tükətim"
toplumunun fiksiyasıdır
sözlər, məişət
xəbərləri və
sənət. Həmin
xəbərlərə baxarkən
tükümüz də
tərpənmir heç.
"Dəli qadın hekayələri"ndə fiziki
və metafiziki zorakılığa məruz
qalan qadınların
son seçimləri intihardır.
"Anamın o gözəl
saçları" hekayəsində
ana obrazı siluet kimi var. Onun varlığını müəllif
qəsdən bir kölgə, siluet kimi vermişdir. Məhzun talelər və qadınlara qiymət verilmir. Varlıqları ilə yoxluqları arasında ciddi bir "fərq yoxdur". Zorakılıqlarla keçən
bir ömür üçün intihar və ya ölüm
xilas yoludur. Söğütün hekayələrində
feminizmin minor notları
aparıcıdır. Saxtalaşan
sözlərin və həyatların major notları
qulaq batırır. Ən gözəl söz və ifadə belə obrazlı səslənmir,
estetik və semantik məna ifadə etmir. Fiktivdir.
Rotterdamlı Erazm "Dəliliyin tərifi" əsərində
olduqca dəqiq bir müşahidə aparır. Dəli adlanan insanların müdrik, müdrik olan insanların da hədsiz dərəcədə
dəli olduğu qənaətinə gəlir.
Hətta onu dinləyənləri dəli
adlandırır: "Bəs
indi mən necə deyim? Dəli dinləyicilər?
Niyə də yox? Bu, dəlilikdir. Peşəsini bilənlərə
verilə biləcək
ən şərəfli
addır". Minə
Söğüt də
"Daxilində atəşə
yaxın bir şey olan qadın"
hekayəsində Erazmla
əlaqə yaradır.
Minə Söğütün
qəhrəmanları dəli
və qadın olmaqdan imtina etmirlər. Lakin onlar olduqları kimi yaşamağa qoymayan, zorakılıq edən insanlara və həyata etiraz əlaməti olaraq intihar edirlər. Bəzən də Edipin qadın formasına çevrilib özlərinə işgəncə
verirlər. "Daxilində
atəşə yaxın
bir şey olan qadın" hekayəsində Erazmın
dəliliyə verdiyi təriflə üst-üstə
düşən bir hissə var: "Dəli olduğunu bilir? Bunu bilmək mümkündür? Hə,
bilir. Dəlilikdən
xilas olmaq istəyib heç? Sağalmaq istəyib heç olmasa? Yox, o çox sevib dəliliyini". Hekayənin qəhrəmanı
qadınlıq travmasını
uşaqkən alır.
Evə onu müalicə etməyə
gələn qoca həkimin cinsi zorakılıqlarına məruz
qalır. Utanc və qorxusundan susur. Yetkin yaşlarında
isə güvəndiyi
və ünsiyyətə
girdiyi yeganə insan, kişi olan gənc şair tərəfindən
zorlanır. Artıq şair və dəli kişilərə
də güvənin olmadığı bir dünyada yaşamağın,
var olmağın mümkünsüzlüyünü
dərk edir və qollarını kəsir: "Damarlarından
boşalan və hələ də qıpqırmızı olan
qan qapıya çatmadan laxtalanıb donmuşdu. Artıq gülümsəmək istəyirdi.
Hara? Hər yerə".
Bu ölü və dəli qadının hər yerə qarşı son və acı gülüşüdür.
Normal bir adam yoxdur. Ona görə də hər kəsə yox, hər yerə gülümsəyir. Cansız
varlıqlara, məkanlara
gülümsəməyi seçir.
Bu qadın Minə Söğütün "Başqalarının
tanrısı" romanının
qəhrəmanı Əfsunu
xatırladır. Əfsun
yeganə inandığı
və sevdiyi kişi tərəfindən
cinsi istismara məruz qaldığı
üçün ayaqlarını
dibindən kəsir. Kəsir ki, sevdiyi kişi onu başqa
kişilərə bir
daha sata bilməsin. Minə Söğütün adsız
və kimliksiz qadın qəhrəmanı
ögey atası tərəfindən zorlanır.
İnsanın insanlığa
özgələşməsidir ögey atanın etdikləri. Tanrı belə başqalarınındır
bu dünyada. Bəs təklənmiş
insanların tanrısı
varmı?
Bəs
"Dəli qadın hekayələri"nin məqsədi
nədir? Sənətin
məqsədi yoxdur. Ancaq bir məqsəd
qoysaq qarşısına.
Xatırlamaqdır. Yada salmaqdır.
Cinsiyyət ayrı-seçkiliyinin
qarşısına sədd
çəkməkdir. Kişini
qadına yaxınlaşdırmaqdır.
Bir almanın yarısı
deyil, eyni budaqda iki fərqli
alma olmağı bacarmaqdır.
Esxildən İsmayıl Şıxlıya,
ordan da Minə Söğütə qədər
idealizə olunan xarakterlərin qürub çağıdır artıq.
Qadını da, kişini
də qüsurları,
əskik cəhətləri
ilə göstərmək
və sevməyin zamanıdır.
Ülvi BABASOY
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, ¹3.- S.7.