Artur Rasizadənin atası

 

"Həyatdan parça" adlanan şeirdəki poetik lövhənin polifonik çoxrəngli ifadəsi ədəbiyyat tariximizi yazanların diqqətini cəlb etməsə , o, 1920-ci illərin ədəbiyyatı üçün tamamilə yeni hadisədir:

 

Mən eşitdim neçə qar çöhrəli alimlərdən

Ki, yerin çox yaşı var.

Sonra öyrəndim əcəb, fitnəli bir dillərdən

Yer vurulmuşdur, onun oynaşı var.

Məni son kəlmə düşündürdü bir az,

Qoca dünyaya sevişmək yaramaz...

Qız dəlillər töküb izhar etdi,

Cəl güdək onları birlikdə, dedi.

Gəzdik, ətrafı dolandıq, səssiz,

Sonra sahil... ikimiz...

Arabir dalğalanan xoş səslər

Sığınıb mən ona qəlbimdə bilinməz həyəcan.

Nerdə gizlənməliyik, yer göstər, -

deyə, ahəstə soruşdum ondan.

Qız gülümsündü yer verdi öz ağuşunda

Məni gizlətdi qız ağuşunda.

Gün uzaqlardaki dağdan aşdı,

Göldə mavi suların rəngi qaranlıqlaşdı.

Bürünüb örpəyə Yer gizləndi,

Bir qədər keçmədi, Ay görsəndi:

O zaman Yer çıxıb örpəkdən,

Gülərək qız dəxi bərkdən-bərkdən

Mənə göstərdi Yerin Ayla görüşdüklərini.

Mən gördüm oların gizli öpüşdüklərini.

Bu ilahi gecədə bircə təsəlli buldum,

Başqa bir söz demədən, gənc qıza təslim oldum.

 

"Həyatdan parça" adlanan bu şeiri Artur Rasizadənin atası yazıb. Misradan-misraya sayrışan metaforalar müəllifinin - 26 yaşlı Tahir Rasizadənin ədəbi kimliyindən soraq verir. Onun belə gözlənilməz şeirləri çoxdur. Amma mən bilərəkdən bu parçanı fərqləndirdim. Bu barədə bir az sonra...

Bir dəfə Turan Cavid mənə əmisi oğlu Tahir Rasizadənin dəftərlərini göstərmişdi. Beş dəftər idi. Sarı, ümumi dəftərə iki hissəsi yazılmış pyes, üzərinə "Külliyyat" I cild. 1940. "Azərnəşr" yazılmış şagird dəftərində 7 şeir, pedaqogika dəftəri, "Xalq ədəbiyyatı barədə mülahizələr" yazılmış nazik dəftər Osmanlı sultanlarının şəcərəsindən bəhs edən ümumi bir dəftər, bir "Romanın ümumi sxeması" başlıqlı balaca bir vərəq. Vəssalam.

O zaman diqqətimi daha çox "Romanın ümumi sxeması" adlı qeydlər cəlb etmişdi. Qeydlərdən görünürdü ki, ötən əsrin iyirminci illərində Tahir Rasizadə avtobioqrafik məzmunlu roman yazmağa hazırlaşırmış. Həm necə roman? Qəhrəmanı ictimai həyatın rəzalətlərinə nifrət edir. Həm milli qəhrəman olmaq istəyir. Türkiyə şairlərinin, filosof ruhlu türk ədiblərinin əsərlərini, şeirlərini oxuyur, üstəlik, özü milli ruhda şeirlər yazır...

1920-ci illərdə Bakı Darülmüəlliminində təhsil alan bu gənc qəhrəmanın milli qəhrəman olmaq istəyi, milli ruhlu şeirlər yazması, Türkiyə şairlərini oxuması təbii ki, Darülmüəllimində müəllim işləyən milli şeirin böyük yaradıcısı Hüseyn Cavidin təsirilə baş verə bilərdi. İctimai həyata nifrət edən, asi olan gənc qəhrəman Hüseyn Cavidin tələbəsi, yaxud Cavid əfəndinin nüfuz dairəsində olan bir məktəbin yetirməsiydi. Amma gənc romançı həm Cavidin qardaşı oğluydu. Cavidlə çox yaxın, hədsiz dərəcədə doğma, məhrəm münasibətləri vardı. Naxçıvandan Bakıya gələndə bir müddət əmisigildə qalmış, ailənin üzvünə çevrilmiş, hətta Hüseyn Cavid 1926-cı ildə gözlərinin müalicəsi üçün Almaniyaya gedərkən ailəsini, uşaqlarını Tahirə əmanət etmişdi. Bu sətirlər isə Tahir Rasizadənin 1926-cı ilin aprelində atası Şeyx Məhəmmədə yazdığı məktubdandır: "Pək möhtərəm pədərim əfəndim! Əmim ailələri eyidirlər. Bu günlər əmimin gözü bir qədər ağrıyır. Get-gedə eyiləşmək üzrə. Əmim bu mayda Berlinə gedəcək. Zahirən bir taqım xəstəliklərini tədavi üçün... Əmimin söyləməsi üzərində ürəyi xəstəymiş. Ailəsi burada qalacaq. Məni isə onlarla bərabər bağa göndərəcək..."

Beləcə mütəfəkkir müəllim milli ruhlu ədəbiyyatı gənc qəhrəmana məktəb auditoriyasında, milli mücadilənin məşqini isə öz doğma qardaşı oğluna evində, ocağı başında aşılaya bilərdi.

Bunu isə Tahir Rasizadənin əlyazısından köçürmüşdüm. Yazacağı romanın ümumi quruluşunu bu şəkildə qələmə alıb:

"Romanın ümumi sxeması:

Əsərin qəhrəmanı, ruhani ailəsində doğulmuş, dini milli hisslərlə yetişmişdir...

Ananın ölümü.

Atasının bu işə qarşı laübalılığı.

Az müddət keçəndən sonra evlənməsi məsələsi.

...Könlündə eşq münasibətləri bəsləyir...

Qəlbində Sona xanıma qarşı məhəbbət bəsləyir.

İbtidai təhsili tamamladıqdan sonra Bakıya göndərilir.

Daxil olduğu məktəb - Darülmüəllimin başqa bir sahə açır.

O daha çox oxumağa, düşünməyə, çalışmağa başlayır.

Üç il özünü tamam kitaba verir. Fəqət, özünü göstərə bilmir...

Son sinifdə ... parlayır. Dərin ... biliklər qazanır.

Hamının məhəbbətini qazanır.

Həqiqətən, qızlar ona qarşı çox hörmətkar davranırlar.

O bir çox eşq macərası keçirir......İlham pərisi, gözəllik ilahəsi......fəqət, bunlar hamısı...

Darülmüəllimində bulunduğu müddətdə o, Türkiyə şairlərinin əsərlərilə maraqlanır. Xüsusən, Türkiyə filosof şairlərinin yazıları...

O milli bir qəhrəman olmaq həvəsi ilə çırpınır. Onun bütün ruhani varlığı bu xəyal ətrafında çırpınır.

Milli şeirlər yazmağa başlayır.

O, ictimai həyata küffardır. Özünü oxuduğu kitablardakı qəhrəmanlara bənzədir.

Məktəbi qurtarıb geri qayıtdıqdan sonra Sona ilə görüşür. Sona fəqət, heç ... sevimli deyil.

...Qəlbindəki həyəcan sönmüşdür. Qəhrəman həyat səhnəsinə atılır. Daima kitablardan oxuduğu həqayiq sifətləri təsvib edən T. ...özünü itirir..."

Bu qədər. Yazacağı romanın sxemi belədir.

Tahir Rasizadənin dəftərlərinin birində nəzmlə yazdığı bir parçada isə T.in atasından - N. şəhərində doğulmuş, İranda təhsil almış rindanə xislətli laübalı bir simadan söhbət gedir. "Olduqca qayğısız, olduqca laqeyd. / Rindanə xislətli, həm laübalı / bir simaydı... Onun zahiri halı - / Bənzərdi sadə bir din adamına. / Fəqət, kim riqqətlə baxsaydı ona / Geniş qabarıq alnında zəka, / Yorğun gözlərində dərin bir məna / əsəri duyardı, şübhəsiz, hər an. / "Şərqli bir filosof" deyilsə əlan / Pək doğru söylənmiş olurdu sözsüz... / Bir kiçik hücrədə zöhdə dalaraq, / Dindən, fəlsəfədən, elmi-hikmətdən / Başqa hər varsa, həpsini bütün, / Uzunmu, qısamı bir zaman üçün / Atmışdı lüzumsuz nəşələrini".

Şübhəsiz ki, bu qeydlərdəki rindanə xislətli, laübalı şərqli filosofun, zöhdə dalmış sufinin həmin romana bilavasitə dəxli var. Söhbət sonda özünü itirmiş T.nin atasından gedir. O da Tahirin atası Şeyx Məhəmməd kimi, N. şəhərində, yəni Naxçıvanda doğulub. O da Tahirin anası rəhmətə gedəndən sonra ikinci dəfə evlənib. (Tahirin anası Bəni xanımdan sonra Şeyx Məhəmməd Zərri adlı qadınla ailə qurub).

Tahir Rasizadənin yazılmamış romanında (daha doğrusu, romanın sxemində) adı keçən Sona xanımın kimliyini qohumlarından öyrənmişdim. Sona Naxçıvanda orta məktəbdə oxuyarkən ona dərs demiş Asəfə qoşulub Bakıya qaçıb. Asəf Cəmo Cəbrayılbəylinin yaxın qohumu idi. Bunu mənə Cavidin bacısı Xurşid xanımın nəvəsi, Sona xanımın Asəfin oğlu Rəşid Fətəliyev danışmışdı.

Sonralar Tahir Rasizadə ikinci ali təhsil aldığı Gəncədə Tamara xanımla evlənib. Turan Cavid deyirdi ki, Tamara xanımın atası Albert belçikalıydı, ona görə sənədində belçikalı yazdırırdı. Atasının atası belçikalı, anası isə fransızdı. Tamaranın anası Anastasiya ana tərəfdən rus, ata tərəfdən polyakdı. Deməli, dörd millət: fransız, rus, polyak, belçika. Tamara xanımın qızlıq familiyası Geesbergendir. Övladlarına isə Artur adını Tahir verib. Ovoda görə. İstəyib ki, oğlu Ovod kimi iradəli mübariz olsun. Tamara isə onun adını Teymur qoymaq fikrindəydi. Tahir əsgər gedəndən sonra Arturu məktəbə qoyanda Tamara xanım istədi ki, bu adı dəyişsin. Artur da çox inadkardı, atasının verdiyi adın dəyişdirilməsinə razı olmadı.

Rasizadə türk tarixinin dərin bilicisiydi. Onun əski əlifba ilə yazdığı bir dəftəri başdan-başa Osmanlı tarixindən - Osman Qazidən Sultan I Əbdülhəmidə qədər türk sultanlarının tərcümeyi-halından ibarətdir. Qeydlər 1928-ci ilin avqustunda qələmə alınıb. O, türklərin inanc sistemini tədqiq edir. Milləti yaşadan amillərin sırasında dilin, dinin ədəbiyyatın varlığını həlledici əsas amil olaraq görür. Türk özünüdərkinin sivilizasiyasının təməlində dayanan Oğuz Xandan, Göy Tanrı inancından danışır. "Millət özünün yaratdığı bir dillə təşəkkülə başlamışdır", - deyə düşünən , "millət varlığını kimliyini isbat etmək üçün öz fərdi - milli dilinə malik olmalıdır", - söyləyən , "Yüz minlərlə insan bir dildə danışarsa, bu zaman millət vahid bir şəxsə çevrilmək hökmündə olar" - deyən odur.

Cavidin qardaşı oğlu inanırdı ki, bir millət öz dilini itirdiyi, unutduğu gündən adı bəşəriyyət tarixindən silinmiş olar.

"Əski türk tarixində türklərin birinci xaqanı Oğuz xanın Dəniz xan, Dağ xan, Ay xan, Gün xan, Yer xan deyə yad olunan oğlanlarının hər birinin tayfalarına Tanrının namını vermələri dəxi türklərin təbiətə pərəstiş etdiklərinə dəlildir". Yaxud, "Türk qövmü Tanrını sevdiyi kimi, böyüklərinin ehtiramlarını saxlardı. Böyüyünü tanımayan tanrısını da tanımaz".

Tahir Rasizadə türklərdə varis məsələsinin, qadına ata münasibətin qaynaqları ilə maraqlanmışdı: At türklərin övladı kimidir. Atı minər, südünü sevə-sevə içərlərdi. Türklərdə qadınlar sərbəst idi. Onlar yalnız ev xanımı deyil, müharibə işlərində ərləri ilə bərabər iştirak edərdilər.

Turan Cavidə yaxın olanlar bilir ki, o, uzun illər, atasının ev-muzeyini ərsəyə gətirənəcən vaxtilə evlərində olmuş güllərin soraqçısı olub nəhayət, həmin ev güllərinin çeşidini dəqiqləşdirərək, onları Cavid muzeyində sərgiləmişdi; əzvay, sırğagülü, ətirşah... O güllərin arasında bir quşqonmaz var idi... Elə Tahir Rasizadə "Quşqonmaz" şeirini əmisinin evindəki quşqonmaz gülünə xitabən yazmışdı:

 

Mən bir quşam, sən quşqonmaz,

Vücuduna əl toxunmaz.

Gönül yaxınlaşmaq istər,

Qırılırsın deyə qonmaz.

 

Yarpaqların incə-incə,

Yaşıl tül zənn edər öncə.

Sən uzaqdan görününcə

Qayğılı qış, nəşəli yaz.

Qarlı qış, odlu yaz olsun,

Yarpaqlar sararsın, solsun.

Kiçik sular axmaz olsun,

Vücudun bir qətrə donmaz.

 

Şən saraylar, büllur şamlar,

Təntənələr, ehtişamlar,

Səni məst edən axşamlar

Mənə bir badəsin sonmaz...

 

Tahir Rasizadənin adsız bir pyesi var. Daha doğrusu, dramın yalnız iki hissəsi bəllidir. Əsər yarımçıqdır. Onun zaman, hansı ildə yazıldığını bilmirəm, amma Suquşunun acı taleyindən bəhs edən pyesin 1937-1940-cı illərdə qələmə alındığı şəksizdir. Personajlar o illərdə deyilməsi mümkün olmayan cəsarətli, dövranın siyasi-ictimai iqliminə yabançı olan fikir düşüncələri dilə gətirirlər:

"Sizdən gizlədim, zəmanənin ayrı cürə tələb etməyinə baxmayaraq, bəzi məsələlərdə mən hələ öz təşəbbüskarlığımdan əl götürə bilməmişəm. Yenə öz millətimdən olanları dərin bir məhəbbətlə sevirəm".

"Həyatımızda elə namussuz vicdansızlar da var ki, ən yaxın adamlarına bir bədbəxtlik üz verəndə onları xatırlamaq belə istəmirlər... Eşitdim, sizin yeznəni ailəsilə birlikdə sürgün ediblər, bu necə məsələdir?"

"Hökumət bir neçə ailənin başqa cümhuriyyətdə yaşamasını lazım gördüyündən onları, o cümlədən, mənim yeznəmgili başqa yerə köçürmüşdür..."

"Hər şey bir yana, ancaq hökumətin bir para işləri adamın heç xoşuna gəlmir. Deyək ki, sənin yeznən keçmişdə dövlətli olub, istismar eləyib, günahkardır. Yaxşı, onun ailəsinin təqsiri nədir?"

Keçmişdə dövlətli olan elə Tahirin yeznəsi Məşədi İsmayıldı. Qazaxıstana sürgün edilən günahsız ailənin xanımı Zəhra isə Tahir Rasizadənin doğma bacısıydı. Tahir əslində bunu yazırdı. Ailənin sahmanını pozan zəmanəyə, hökumətin xoşagəlməz işlərinə dirsək göstərirdi. Etiraf etməliyik, ədəbiyyatımızda repressiya illərinin qara qutusundan çıxan belə qəhrəman cümlələr yalnız yenə Cavidin ocağında pərvəriş tapa bildi.

 

***

 

Tahir Rasizadə 1907-ci ildə Naxçıvanda anadan olmuşdu. Yazmağa hazırlaşdığı romanın qəhrəmanı kimi, o da Bakı Darülmüəllimində təhsil almış, sonra Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu, Gəncədəykən, yuxarıda xatırlatdığım kimi, belçikalı Albertin qızı Tamarayla evlənən Rasizadə Lənkəranda Subtropik Bitkilər Texnikumunun direktoru vəzifəsində çalışmışdı.

Haşiyə: Mircəfər Bağırovun Cavidin qohumlarına münasibəti ilə bağlı kifayət qədər açıq suallar var. Necə olurdu ki, repressiya illərində Cavid ailəsinin ən yaxını Tahir Lənkəranda Subtropik Bitkilər Texnikumunun direktoru vəzifəsində çalışmışdı?

Cavidin digər qardaşının - Əlirzanın oğlu Şamil Naxçıvanda Nazirlər Kabinetində məsul vəzifədə işləmişdi.

Yaxud Sona xanımın qardaşı, Cavidin bacısının, Tahirin isə bibisinin oğlu Abbas Gülməmmədov Mircəfər Bağırovun yaxın çevrəsində olub. Marksizm klassiklərinin siyasi əsərlərinin nüfuzlu tərcüməçisi kimi tanınıb. Kommunistlərin əsas kitabını - Marksın "Kapital"ını tərcümə edib. 1937-ci ilin iyul ayında - yəni Cavidin həbsindən bir ay sonra "Kommunist" qəzeti baş redaktorunun tərcümə məsələləri üzrə müavini təyin edilib. 1938-ci ildə "Azərnəşr"də siyasi ədəbiyyat şöbəsində redaktor, 40-cı illərdə isə radiokomitənin xarici verilişlər redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Rəşid Fətəliyev deyirdi ki, bir görürdün, gecədən keçmiş Abbas dayı Mircəfər Bağırova təcili üçünsə lazım olurdu, dalısınca maşın göndərirdilər. Bayramlarda Partiya Tarixi İnstitutunda Abbas dayıya bayrampayı verirdilər. Mən gedib gətirirdim, Turangilin adlarını çəkməsə , evlərinə getməsə , hər halda, bayram sovqatlarını bölüşdürəndə "onların da payını ayırın" deyirdi. Paylarını biz - anamla mən aparardıq.

Tahirin bacıları - Cavidin qardaşı Şeyx Məhəmmədin bir qızı sürgün olunur. Digər qızı Şəfiqə isə, o illərdə prokuror işləyən Fərhad Rəsulovla ailə qurur. Bunu isə mənə Şeyx Məhəmmədin qızı Rəna xanım söyləmişdi. Fərhad danışırmiş ki, Goranboyda prokuror işlədiyi vaxtlarda bir gün Bağırov onu qəbuluna çağırtdırıb. Heç bir söz demədən bir-iki dəfə otaqda var-gəl edir. Qəfil uca səslə soruşur: - Sən niyə xalq düşməni Hüseyn Cavidin qardaşı qızı ilə evlənmisən? Fərhad özünü itirib: "Evlənməmişəm, yoldaş Bağırov, qaçırmışam, icazə verin, gedim boşayım", - deyir. Bu zaman Bağırov mülayim səslə ona sual verib: "Uşaqdan-zaddan nəyin var?" Fərhad bir oğlum var - deyəndə Bağırov yavaşca onun boynunun dalına vurub üstünə qışqırıb: "Qurumsaq, bəs uşaq necə olsun?"

Tahir haqqında yazdıqca Rasizadələr ailəsi ilə bağlı bu epizodları sövq-təbii xatırladım...

Bu isə Tahirin son məktubudur. 1942-ci il fevralın 12-də Ərtoğrol Cavidə yazıb: "Qardaşım Ərtoğrol. Salam. Çoxdandır ki, sizə yazmadım. Məzurəm. Səfər üzrə bu bir-iki sətri yazdım. Rəhbərin Krımı nemes işğalçılarından azad etmək uğrundakı göstərişini yerinə yetirməkdə iştirak etmək üçün bu gün-sabah Novoros. yola düşürük. Sağlıq olsa, görüşüb danışarıq. Siz Tamara ilə tez-tez yazışın. Uşaqlardan xəbər tutun. Krımdan adresimi yazaram. Tamaradan teleqramma aldım, salamatdırlar.

Məndən anana, Sonagillərə, Abbasa, Şamilə hamı tanış-bilişlərə salam de! Öpürəm səni Turanı. Tahir Rasizadə".

Elə həmin günlərdə Tahir şəhid olur. 1942-ci ildə Krım uğrunda döyüşlərdə - Kerçdə.

O, Cavid məktəbinin idealpərvər davamçısıdır. Tahir Rasizadənin yazdıqlarını oxuduqca inanırsan ki, ötən əsrin 30-cu illərində ideoloji sapmalara uğramadan hər şey barədə açıq yazmaq olmasa da, estetcəsinə düşünmək, hökumətin qəribə işlərinə, hətta dərc edilməsə belə, yazılı sözün vasitəsilə təəccüb etmək olarmış...

 

***

 

Tahir Rasizadənin şeirlərindən biri belə tamamlanır:

 

Tale özüməm, baxt mənim öz hünərimdir,

Zira ki, bu dünyada baxt var, tale.

 

O, öz taleyini qurub-yarada bilmədi. Amma Tahir Rasizadədən maraqlı bir irs qaldı biz bu irsi gələcək nəsillərə ötürməyə borcluyuq. Həm ona görə ki, Tahir Rasizadə tariximizin ən məsuliyyətli bir dövründə - 1990-cı illərdə hökumətin etibar edildiyi Artur Rasizadənin atasıdır...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.4-5.