Adil Babayev və Azərbaycan soneti
Adil
Babayev-100
Atası
güllələnəndə o, ikiaylıq uşaq idi. Qafar Əliqulu
oğlu Babayev o zaman (1925-ci ildə) Naxçıvan Muxtar
Respublikasının daxili işlər komissarıydı. Ondan əvvəl
də Hərbi komissar, Fövqəladə komissiyanın sədri
vəzifələrində çalışmışdı və
mənsub olduğu bolşevik partiyasına, Lenin ideyalarına
sədaqətli idi. Amma uydurma sənədlər və
üzünə duran adamların yalançı ifadələri
əsasında Qafar Babayevi ölümə məhkum etdilər.
İyirminci illər repressiya tufanının ilk zərbəsinə
düçar olanlardan biri idi o komissar. Yalnız otuz ildən
sonra - 1956-cı ildə Qafar Babayevə bəraət verdilər.
O
ikiaylıq uşaq - gələcəyin istedadlı şairi
Adil Babayev isə anası Xeyransa xanımın
qayğısı, mehr-məhəbbətiylə
böyüdü, yaşa doldu. Adil Babayev Naxçıvanda
yeddiillik məktəbi, Tbilisidə orta məktəbi bitirdi.
Orta məktəbi bitirəndən sonra elə Tbilisidə
ikiillik Müəllimlər İnstitutuna daxil oldu. Ədəbi
yaradıcılığa da elə o illərdə
başladı. İlk şeirləri "Yeni qüvvə"
jurnalında, "Sovet Gürcüstanı" qəzetində
və "Gənc nəsil" almanaxında dərc edildi.
Tbilisidə yaşayarkən, "Sovet
Gürcüstanı" qəzetində ədəbiyyat
şöbəsinə rəhbərlik elədi. Sonra Bakıya
köçdülər. Yenə mətbuatda
çalışdı. Daha sonra İncəsənət
İnstitutunun teatrşünaslıq fakültəsini bitirdi.
Və
günlərin bir günü "Çinar" şeirini
yazdı. Bu şeirdə o, Vətənə dönən bir
qürbətçinin duyğularını ifadə edirdi. O
qürbətdən dönən qoca üzünü cavanlara
tutub gənclik illərini yada salır:
O anıb
öz gənclik macərasını,
Deyir
oğlanlarım, şirindir vətən.
Ondakı
hər soyuq daş parçasını
Minlərlə
gövhərə dəyişmərəm mən.
Mən də
cavan idim, mən də sevirdim
Zərif
bir afətin gülüşlərini.
Min
şirin xəyala dönərdi dərdim
Onunla gəzdikcə
dağ döşlərini.
Daddıqca
aləmin hər nemətini,
Dilbər
guşələrdə ötdüsə ömrüm,
Dünyanın
ən böyük səadətini
Bu boylu
çinarın altında gördüm.
Bu
şeiri oxuyan ustad Səməd Vurğun onun təsiri
altında "Mənim arzum" şeirini qələmə
aldı və 20-21 yaşlı cavan şairi ürəkdən
alqışladı:
Şair,
nə incədir rübabın sənin,
Uçurdu
ruhumu çaldığın o saz!
Vətən
torpağında bitən gülşənin
Yarpağı
saralıb, çiçəyi solmaz!
Səməd
Vurğunun bu cavan şairə belə ehtiram və
qayğısı Adil Babayevin həyatında bir
dönüş nöqtəsi oldu. Hansı cavan şair istəməzdi
ki, ustad Səməd Vurğun onun haqqında söz deməsin?
Adil Babayev tezliklə Azərbaycan Yazıçılar
İttifaqına üzv qəbul olundu, amma tərcümeyi-halında
atasını inkar etmədi, güllələndiyini gizlətmədi.
Atası bəraət alandan sonra isə Sov.İKP
üzvlüyünə qəbul olundu.
Daha rahat
nəfəs almaq olardı. Artıq üzərindən
"xalq düşməninin oğlu" nəzərləri
götürülmüşdü.
Adil
Babayevin şəxsiyyəti ilə şeirləri arasında
heç bir ziddiyyət yox idi. Təbiətən saf, təmiz,
işıqlı bir insan idi və bu xasiyyət onun şeirlərində
də gözə çarpırdı. Nə yazırdısa,
səmimi yazırdı. Onun şair səciyyəsi barədə
hamının gəldiyi bir qənaət bu idi ki, Adil Babayev
lirik şairdir. Sağlığında onun iyirmi kitabı
çap olunmuşdu. Vəfatından sonra da neçə
şeirlər kitabı işıq üzü görüb.
Oğlu Etibar Babayevin tərtibi ilə çapdan
çıxan "Fəsillər dəyişəndə"
şeirlər kitabı fikrimizcə, ən sanballı toplu kimi
diqqəti cəlb edir. Etibarlı oğul Etibar Babayev bu kitaba
Adil Babayev sənətini və şəxsiyyətini
işıqlandıran gözəl bir müqəddimə
yazıb.
Adil
Babayevin poetik yaradıcılığı həm mövzuca, həm
də bədii sənətkarlıq baxımından zəngin
və çoxcəhətlidir. Görkəmli tənqidçi-ədəbiyyatşünas,
akademik Kamal Talıbzadə "Şair, nə incədir
rübabın sənin!" məqaləsində
yazırdı: "Onun şair rübabının sədaları
rəngarəngdir. Həyatın, təbiətin hər hadisəsi
onun şair könlünü həyəcana, riqqətə gətirə
bilir. Onun üçün böyük, kiçik mövzu,
böyük, kiçik hadisə yoxdur. O, Vətəndən də,
onun yollarından da, xalqlar dostluğundan da, evlərinin
qabağında ucalan qarağacdan da, siyasi hadisələrdən
də, küləkdən də, alma ağacından da,
ulduzlardan da eyni hərarətlə, eyni ilhamla yaza bilir. Lakin
bütün bunlar əsas bir mövzu ətrafında cəmləşir
- insana, onun arzularına, gələcəyinə xidmət!
İnsan şairin ölçü vahididir:
Adım -
insan,
XX əsr
adlanır
yaşadığım
zaman.
Beynimdə
təfəkkürün çırağı.
Əlimdə
zəhmətin
şəfəq
rəngli bayrağı...
Qismətim
sevincdir, həyəcan, intizar".
Adil
Babayev həm də teatr aləmi ilə bağlı bir insan
idi. Onun "M.Əzizbəyov adına teatr", "Şərəfli
yol" monoqrafiyaları Azərbaycan teatrının tarixinə
həsr olunmuşdu.
Bundan
başqa, "Lütfəli Abdullayev", "Leyla Bədirbəyli",
"Ağahüseyn Cavadov" kitabçaları görkəmli
aktyorlar haqqındaydı. Onun teatrla
bağlılığı "Dağlar qızı",
"Yarımçıq portret", "Mənim məhəbbətim",
"Qız görüşə tələsir" pyeslərinin
müxtəlif səhnələrdə tamaşaya
qoyulmasıydı.
Bu
yazıda Adil Babayevin Azərbaycan ədəbiyyatında
müstəsna yeri olan sonetlərindən söz açmaq istəyirik.
Məlumdur
ki, sonet dediyimiz şeir formasının ilk nümunələri
italyan ədəbiyyatında yaranmışdır. Onun
yaradıcısı şair - vəkil Yakopo da Lentini
olmuşdur. Sonralar bu şeir forması bütün
Avropanı, Rusiyanı, Şərq ölkələrini gəzib-dolaşmış,
XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatına
"müsafir" olmuşdur. Amma bu "uzaqdan gələn
qonaq" illər keçdikcə bizim poeziyada öz yerini
möhkəmlətmiş və digər şeir formaları
kimi populyarlıq qazanmışdır. İndi Azərbaycan
sonetindən söz açmaq olar.
Adil
Babayevdən, onun yaradıcılığından söz
açanda sonet janrı yada düşür və bu söz
olmadan ümumiyyətlə, ondan danışmaq
yarımçıq təsir bağışlayar. Qətiyyətlə
deyə bilərik ki, Azərbaycan ədəbiyyatında sonetin
- bu Qərb ədəbiyyatının (italyanların, ingilislərin,
fransızların) bizim ədəbiyyatımıza "təşrif"
buyuran şeir formasının poeziyamızda özünəməxsus
yer tutmasında, milliləşməsində Adil Babayevin xidmətləri
böyükdür. O, Azərbaycan sonetinin formalaşmasında
böyük rol oynamışdır. Hərçənd ki, Azərbaycan
poeziyasında sonet janrı artıq XX əsrin əvvəllərində
təşəkkül mərhələsi keçirmişdi,
1920-1950-ci illərdə axtarış mərhələsinə
qədəm qoymuşdu. Filologiya elmləri doktoru Hüseyn Həşimlinin
"Azərbaycan poeziyasında sonet və terset" (Bakı,
2003) və filologiya elmləri namizədi Elşad Səfərlinin
"Sonet janrı və Azərbaycan soneti"
monoqrafiyalarından öyrənirik ki, Azərbaycan ədəbi
mühitinə sonet bir janr kimi, öncə qeyd etdiyimiz kimi, XX əsrin
əvvəllərində vəsiqə almışdır. Həmin
dövrdə Osmanlı ədəbiyyatında bir sıra Qərb
mənşəli lirik janrlarla bərabər, sonetə də
müraciət olunurdu, T.Fikrət, M.E.Yurdakul, C.Sahir, Ə.Kamal
kimi şairlər bu sahədə uğurlu nümunələr
yaradırdılar. Bu müəlliflərin əsərləri
o zaman Azərbaycan dövri mətbuatında da özünə
yer tuturdu. H.Həşimlinin yazdığına görə,
bizdə ilk soneti Seyid Səlmasi qələmə
almışdır. Sonralar H.Cavid, Əlipaşa Səbur, Ə.Abid
də bu janrda bəzi nümunələr yaradırlar.
İyirminci-əllinci illərdə isə A.Şaiq, H. Cavid,
S.Rüstəm, S.Vurğun, A.Əlirza, M.Müşfiq,
A.Yıldırım, Ə.Cəmil, Ə.Kürçaylı
- biri az, biri çox - sonetlər yazırlar. Amma Azərbaycan
soneti altmışıncı illərdən başlayaraq hərtərəfli
yüksəliş yoluna qədəm qoyur və onun ən məhsuldar
yaradıcısı Adil Babayev olur. Adil Babayev bir müsahibəsində
deyir ki, mən İtaliyada Petrarka, Dante, İngiltərədə
Şekspir, Rusiyada Puşkin, Fet, Bryusov kimi böyük sonet
ustalarının yaradıcılıq təcrübəsindən
bəhrələnərək öz poeziyamızda bu
formanın yeni nümunələrini yaratmağa
çalışdım.
Adil
Babayev 240-a yaxın sonet müəllifidir. Bunların
böyük bir qismi italyan soneti formasındadır (iki katren -
hər biri dörd misra və iki terset - hər biri üç
misra). Müəyyən sxemə, quruluşa tabe olsa da, sonetdə
şairin söz deməyə, fikrini poetik şəkildə
ifadə etməyə imkanları çoxdur. Adil Babayevin
şairlik istedadı buna yetirdi və Xalq şairi Bəxtiyar
Vahabzadə bir məqaləsində qeyd etmişdi ki, Adil
Babayevin sonetləri Avropa sonetinin qaydalarını saxlasa da,
Şərq qəzəli ruhundadır, bir növ, sonetlə qəzəl
sintez olunur. Adil Babayev Qərb şeiri şəklinə yeni
ruh gətirmişdir.
Onun sonetlərini
mövzular üzrə nəzərdən keçirsək,
şairin daha çox bu formanın fəlsəfi məzmununa,
həyat, ölüm, ömür yolları, dünya, zaman,
sevgi haqqında düşüncələrinə diqqət
yetirdiyinin şahidi olarıq. Sonetdə vəsf və tərənnüm
də var, təbiət mənzərələri də öz əksini
tapır, sevgi də tərənnüm olunur, amma fəlsəfi
ahəng onun başlıca xüsusiyyətlərindən
biridir.
İnsan
gəlir dünyaya, yaşayır, bir gün
köçür,
Sağ ikən
ölən də var, ölüb sağ qalan da var.
Günlərin
əllərindən gah şirin şərbət içir,
Gah
acı zəhər içir dünyada yaşayanlar.
Mənə
də bəxş edilib adi bir insan ömrü,
Ya tez, ya
gec, bir gün çatacaq sona.
Ana torpaq,
bəlkə də dərindən köks ötürüb,
Alacaq
övlad kimi məni də öz qoynuna.
Ölüm
müdhiş deyildir, yaşamaq çətin işdir,
Onun hər
dəqiqəsi enişdir, yüksəlişdir.
Gəlin,
əziz dostlarım, yaşamağı öyrənək.
Əlçatmaz
üfüqlərə toxunsun qanadımız,
Coşğun
nəğmələr kimi səslənsin həyatımız,
Öləndə
də yaşayaq ölümsüz nəğmələrtək!
Bu, Adil
Babayevin kitablarında ilk sonet kimi təqdim edilir. Daha
sonrakı sonetlərdə şair gözəllikdən, onun
insana bəxş etdiyi sonsuz sevinc və səadətdən,
sözün "fikrin sərkərdəsi, xəyalın zinəti"
olmasından, riyakarlığın, xəyanətin "zəhərli
bir qan" kimi insanların mənəvi aləmini puç etməsindən,
keçmişin gələcəyə körpü
olmasından, təbiətin "ən böyük rəssam"
kimi insanlara zövq və səfa bəxş etməsindən
("Əzəldən riyakar deyil təbiət"),
ömrün qısalığından ("Əbədidir
dünyamız, ötəridir ömrümüz"),
şeirin əvəzolunmaz missiyasından ("Şeir - oyuncaq
deyil, oynadasan, qırasan, Şeir - çiçək deyil ki,
tullayasan solanda"), təzadlı dünyamızdan, sevgidən
doğan həsrətdən ("Nə vaxtdır məhəbbət
qürbətindəyəm, Mənə yad görünür
doğma şəhərim") və s. bəşəri məsələlərdən
söz açır. Bütün sonetlərin qəhrəmanı
şairin özüdür və o öz dünyasından
böyük dünyaya boylanır, XX əsr insanının
duyğu və düşüncələrini izhar edir. Sərbəst
şeirdən başqa bütün şeir formaları müəyən
qəliblə diqqəti cəlb edir, amma hər hansı şeir
qəlibinə görə deyil, məzmununa, "o dar qəfəsdə"
ifadə etdiyi fikirlərə görə oxunur, yayılır,
sevilir. Bir nümunə gətirək:
Axıdın
çayları damarlarıma
Səpin
şimşəkləri sinirlərimə.
Fikrimi,
duyğumu çəkin tarıma,
Alov
qarışdırın alın tərimə.
Ürəyim
hayqırsın sellər içində,
Darda, can
verəndə uzansın əlim.
Tufanda,
yağışda, boranda, çəndə
Tək
qalan bir dostu qurtara bilim.
Dərələr,
yarğanlar olsun yatağım,
Yansın
susuzluqdan dilim-dodağım.
Çəkim
yollar boyu əzab, əziyyət,
Günlərim
bənzəsin burulğanlara,
Gah zəfər
qazanım, gah alım yara;
Axı,
düşmənimdir süstlük, ədalət.
Və
sonuncu sonetinin iki terseti belə bitir:
Qoy
yapışsın əlimdən günəşin şəfəqləri,
Yenə
qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın
varlığımda işıq dolu bir ilham.
Mən
ömür istəmirəm riya, xəyanət
üçün;
yurduma gərək
olan söz üçün, sənət üçün -
Ömürdən
doymamışam,
həyatdan
doymamışam.
"Ömürdən
doymamışam, həyatdan doymamışam" deyən Adil
Babayevin təəssüflər ki, ömrü qısa oldu, cəmi
əlli iki il yaşadı. Amma bir şair kimi unudulmadı.
Onun sonet yolu elə sağlığında və
ölümündən sonra poeziyamızda davam elədi
(Abbasağa Azərtürk, Şəkər Aslan (ilk sonetlər
çələnginin müəllifi), Abbas Abdulla, Sabir Mustafa,
Vaqif Hüseynov, İltifat Saleh, Balayar Sadiq, Elşad Səfərli,
Əli Nasir, Əhməd Haqsevər, Mirhaşım
Talışlı və b.).
"Təzədən
doğulur şair ölən gün" - bu misra da Adil
Babayevindir və onun ölümündən ötən bu 48 il
ərzində o həmişə bizim üçün təzədən
doğulub. Çünki əsl şairlər
ölümündən sonra bir daha doğulurlar...
Vaqif
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.2-3.